Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

6 İyul 2012 - №26

 

Azərbaycan qanlı, Azərbaycan canlı aydınlarımız

Piterli alimlərimizin ağsaqqalı

 

Professor Fəhəm Paşa oğlu Kəsəmənlinin 80 yaşı tamam oldu 

Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Texniki Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru FƏHƏM PAŞA oğlu KƏSƏMƏNLİYƏ  

Əziz və hörmətli Fəhəm müəllim!

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan Sizi - Sankt-Peterburq azərbaycanlılarının ağsaqqalını,  elmi uğurları ilə millətimizə şərəf gətirən Azərbaycan ziyalısını anadan olmağınızın 80 illiyi münasibətilə  səmimi-qəlbdən təbrik edir, dərin hörmət  və ehtiramımızı bildirir, ən xoş arzularımızı yetirirəm!

Müstəqil Azərbaycanın təhsil işçiləri və ziyalıları mənalı və şərəfli həyat yolunuzun bu xoş günündə Sizin Vətəndən uzaqda elm və təhsilin inkişafı, yarımkeçiricilər fizikası sahəsində ardıcıl, gərgin, səmərəli elmi-pedaqoji və ixtiraçılıq fəaliyyətinizi yüksək qiymətləndirir, millətinizə şərəf gətirən elmi uğurlarınızı ürəkdən alqışlayırlar! 

Əziz və hörmətli Fəhəm müəllim!

Biz Sizi həyatının mənasını elmin, təhsilin inkişafına həsr etmiş aydın zəkalı şəxsiyyət, Azərbaycanın adını hər zaman uca tutan, millətimizin dünyada tanıdılması yolunda böyük əmək sərf edən, milli mədəniyyətimizi digər millətlərə tanıdan, qəlbi Vətən və millət eşqi ilə döyünən vətənpərvər ziyalı kimi tanıyır və dərin hörmət bəsləyirik.

Sevindirici haldır ki, Siz bacarıqlı elm və  təhsil təşkilatçısı, tanınmış ixtiraçı olmaqla yanaşı, bir sıra xarici ölkələrin akademiyalarının üzvü, Rusiyanın bir çox fəxri adlarının daşıyıcısı, Sankt-Peterburqda fəaliyyət göstərən "Azərbaycanın mədəni irsi" ictimai birliyinin əsas təşkilatçılarından biri kimi milli mədəniyyətimizin dünyada tanıdılması yolunda müstəsna xidmətlər göstərir, Rusiyada elm, təhsil və mədəniyyətin inkişafına öz layiqli töhfələrinizi verirsiniz. 

İftixar etməli haldır ki, Sizin elm və təhsil  sahəsindəki səmərəli fəaliyyətiniz istər beynəlxalq, istərsə də Rusiyada dövlət  səviyyəsində hər zaman yüksək qiymətləndirilmiş, "RF-nin ali peşə təhsili fəxri işçisi", "Əməkdar professor" fəxri adlarına layiq görülmüş, Beynəlxalq Ali Məktəb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişsiniz.

Əziz və hörmətli Fəhəm müəllim!

Şərəfli ziyalı ömrünüzün 80-ci ildönümü münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, elmi-pedaqoji və ictimai  fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

Hörmətlə, 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri

Bakı şəhəri, 05 iyul   2012-ci il
  

 

Bir neçə söz 

Dünyanın harasında yaşamasından və işləməsindən asılı olmayaraq hər bir ləyaqətli Azərbaycan oğlu Vətənimizin təmsilçisi, fəxrimiz, qürurumuzdur. Bu şərəfli soydaşlarımız xüsusən elm və təhsil adamı olduqda həmkar kimi onları özümüzə daha doğma, daha əziz sayırıq. Azərbaycanımızın adını uzaq Sankt-Peterburqda ucaldan, öz əməlləri ilə millətimizə qarşı başqa xalqlarda da hörmət yaradan, ümumən alim və müəllim adına şərəf gətirən yurddaşlarımızdan biri də Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçisi, Sankt-Peterburq Dövlət Texniki Universiteti (SPb. Dövlət Politexnik İnstitutu, SPb. Dövlət Politexnik Universiteti) fizika-riyaziyyat fakültəsi təcrübi fizika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Fəhəm bəy Kəsəmənlidir. Fizika və texnika sahəsində mürəkkəb almazabənzər yarımkeçiricilər, fizika tarixi, təhsil problemləri, nobelşünaslıq, eləcə də Sankt-Peterburq (Petroqrad, Peterburq, Leninqrad) şəhərlərində yaşamış azərbaycanlıların həyat və fəaliyyəti haqqında yazdığı dəyərli elmi əsərləri ilə məşhurlaşmış görkəmli alimin bu il 80 yaşı tamam olur.  

Dörd qardaşın ikincisi 

Fəhəm bəy Paşa bəy oğlu Kəsəmənli Azərbaycanın əski bəylərinin nəslindəndir (əlbəttə, sovet dövründə bəy mənşəyini gizlətməyə məcburdu). Doğrudur, o, 1932-ci ildə Gəncə şəhərində doğulmuşdu, ancaq atası - Paşa bəy Mahmud bəy oğlu Kəsəmənli (1903-1978) Ağstafanın Qıraq Kəsəmən kəndindəndi.

Paşa bəy Kəsəmənli 1926-cı ildə Bakı Piyada Hərbi Məktəbini bitirərək 1934-cü ilədək orduda xidmət etmiş, hərbi qulluğunu başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini bitirmiş, əvvəl Gəncədə, müharibədən sonra isə Bakıda baytar həkimi işləmişdi. O, müharibə illərində cəbhədə vuruşmuşdu. Öz sahəsinin bacarıqlı ustası olan Paşa bəy "Azərbaycan SSR-in əməkdar baytarı" adına və Dövlət mükafatlarına layiq görülmüşdü.

Fəhəm bəyin anası Ruhiyyə Məhəmmədəli qızı Kəsəmənli (qızlıq soyadı Cəfərova) (1909-1972) də savadlı bir qadındı; o, Qazax şəhərində doğulmuş, tibb məktəbini bitirmişdi.

Ailədə dörd oğuldan ikincisi olan Fəhəm bəy 1939-cu ildə məktəbdə oxumağa başlayır. 1942-ci ilin payızında o, ailəsi ilə birlikdə Qazax şəhərinə, 1944-cü ildə isə Bakıya köçür. 1949-cu ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil olur. 

Məktəbdə müəllim, institutda laborant 

O, ali təhsil almaqla yanaşı, 1952-ci ilin payızından Bakının Sabunçu qəsəbəsindəki 58 saylı axşam məktəbində fizika və riyaziyyat müəllimi işləməyə başlayır. 1954-cü ilin avqustundan Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun istilik fizikası laboratoriyasında baş laborant vəzifəsində çalışmağa başlayan tələbə F.Kəsəmənli həmin laboratoriyada diplom işini yerinə yetirir, 1955-ci ilin mayında həmin diplom işini "əla" qiymətlə müdafiə edir, universiteti yetkin bir fizik kimi bitirir.

1956-cı ildə Fizika və Riyaziyyat İnstitutunda kiçik elmi işçi vəzifəsinə götürülən F.Kəsəmənli həmin il elm tariximizə ilk imzasını atır - institutun "Əsərlər"ində onun diplom işinin bir bölümü olan ilk elmi məqaləsi nəşr edilir. 

Aspirant, elmlər namizədi 

Fəhəm bəy 1957-ci ilin noyabrında Azərbaycan EA-nın aspiranturasına daxil olur. Namizədlik imtahanlarını verdikdən sonra professor D.N.Nasledovun laboratoriyasında dissertasiya işini yerinə yetirmək üçün 1959-cu ildə o, Leninqrad Fizika-Texnika İnstitutuna (LFTİ) göndərilir. Bu institutda çalışdığı 3 ildə yarımkeçiricilərlə bağlı araşdırmalar aparır və burada yerinə yetirdiyi işlər əsasında 1962-ci ilin iyununda Azərbaycan Dövlət Universitetində uğurla namizədlik dissertasiyası müdafiə edir.

Müdafiəsindən az sonra elmi işini davam etdirmək üçün o, yenidən Leninqrad Fizika-Texnika İinstitutuna göndərilir və kiçik fasilələrlə 1969-cu ilədək orada binar almazabənzər yarımkeçiricilər üzərində araşdırmalar aparır.

F.Kəsəmənli 1964-cü ilin sentyabrından 1965-ci ilin mayınadək Leninqrad Politexnik İnstitutunun təcrübi fizika kafedrasında assistent işləyir. 1965-ci ildə onun elmi rəhbərliyi ilə yerinə yetirilmiş yarımkeçiricilər fizikası üzrə birinci dissertasiya uğurla müdafiə edilir və bundan sonra o, baş elmi işçi olur.

F.Kəsəmənli araşdırdığı yarımkeçiricilərlə bağlı aldığı nəticələr əsasında 1963-1969-cu illərdə müxtəlif beynəlxalq, İttifaq və respublika nəşrlərində 30-dan artıq orijinal məqalə çap etdirir, müxtəlif səviyyəli konfrans və simpoziumlarda 10-dan artıq hesabatla çıxış edir. Həmin dövrdə o, N.A.Qoryunova və D.N.Nasledovla birlikdə beynəlxalq nəşrlərdə iki böyük icmal məqalə çap etdirir, iki kollektiv monoqrafiya üçün bölmələr yazır.

1967-ci ildə o, yarımkeçiricilər fizikası üzrə IX Beynəlxalq konfransın (Moskva, MDU, 23-29 iyul 1968) Proqram Komitəsinin elmi katibi təyin edilir və konfrans proqramının hazırlanması, konfransın keçirilməsi və materialların nəşri ilə əlaqədar böyük elmi-təşkilati iş görür.

Fəhəm bəyin fəaliyyətində 1969-cu ildə yeni bir səhifə açılır - o, Kirovoqrad vilayətinin Svetlovodsk şəhərində yerləşən Təmiz Metallar Zavodunun laboratoriya müdiri təyin edilir. Burada çalışdığı müddətdə yarımkeçiricilərin xassələrini öyrənməkdə davam edir və LFTİ-nin əməkdaşları ilə birgə işlər yerinə yetirir.  

Elmlər doktoru, professor 

Mürəkkəb almazabənzər yarımkeçiricilər üzrə yerinə yetirdiyi bütün işləri ümumiləşdirərək 1969-1970-ci illərdə doktorluq dissertasiyası yazan F.Kəsəmənli 1971-ci ilin aprelində Leninqrad Dövlət Pedaqoji İnstitutunda onu uğurla müdafiə edir, 1972-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alır. LFTİ-də və Təmiz Metallar Zavodunda yerinə yetirdiyi işlərə görə F.P.Kəsəmənli SSRİ-də mürəkkəb almazabənzər yarımkeçiricilər fizikası sahəsində tanınmış alimlərdən biri olur.

1972-ci ildə Kirovoqrad Dövlət Pedaqoji İnstitutunda fizika kafedrasının professoru seçilən F.Kəsəmənli 1975-ci ilədək bu vəzifədə işləyir. 1974-cü ilin mayında SSRİ Ali Attestasiya Komissiyası ona professor elmi adı verir.

Təmiz Metallar Zavodundakı laboratoriyanın üç əməkdaşı onun elmi rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə edir. Zavoddakı 40-a yaxın tədqiqatçıya və qiyabi aspiranta kömək məqsədilə o, "Dissertasiya üzərində necə işləməli" adlı metodik vəsait hazırlayıb nəşr etdirir (1980).

F.Kəsəmənli araşdırdığı yarımkeçiricilər üzrə Payız Məktəbinin təşkili (2-11 sentyabr 1974), Beynəlxalq simpoziumun keçirilməsi (9-14 dekabr 1974)  ilə əlaqədar əsas təşkilati işləri həyata keçirir. 

SPb. Dövlət Politexnik Universitetində 

1975-ci ilin iyunundan Fəhəm bəyin həyatında ən mühüm mərhələ - Leninqrad Politexnik İnstitutu (LPİ) dönəmi başlayır (bu məktəbin tarixi adı Sankt-Peterburq Dövlət Texniki Universitetidir; indi SPb. Dövlət Politexnik Universiteti də adlandırılır). O, institutun fizika-mexanika fakültəsinin təcrübi fizika kafedrasına professor seçilir və bugünədək həmin vəzifədə çalışır. Burada o, ümumi fizikanın tam kursu üzrə mühazirələr oxuyur, təcrübi və laboratoriya məşğələləri aparır, 10 il Dövlət İmtahan Komissiyasının işində iştirak edir. F.P.Kəsəmənli Təmiz Metallar Zavodundakı tələbələri ilə əməkdaşlığı da davam etdirərək yarımkeçiricilər fizikası sahəsində fəal tədqiqatlar aparır, təhsil problemləri, elmi-təşkilati və elmi-metodik işlərlə də ciddi məşğul olur.

1976-cı ildə o, "Tələbə və elmi-texniki tərəqqi" Ümumittifaq olimpiadasının II (şəhər) turunun fizika üzrə münsiflər heyətinin sədri seçilir, 1990-cı ilədək hər il bu sahədə olimpiadaların təşkilinə böyük əmək sərf edir və əməyi yüksək dəyərləndirilir. 

"SSRİ ixtiraçısı" 

Təmiz Metallar Zavodunda istehsalata tətbiq edilən ixtiraları böyük iqtisadi səmərə verirdi. Bunu demək yetər ki, bu səmərə təkcə 1979-cu ildə 118 min manat olmuşdu (bu, o dövr üçün böyük rəqəmdi). 1980-ci ildə "SSRİ ixtiraçısı" adına layiq görülən Fəhəm bəy həm də LPİ-nin Elmi-Metodik Şurasının üzvü seçilir və orada 25 il fəaliyyət göstərir. Həmin il onun 4 elmi-metodik əsəri nəşr olunur.

Marksizm-Leninizm Universitetində təhsil aldığı 1978-1980-ci illərdə o, buraxılış işi kimi "Texniki ali məktəblərdə fizika kursunun öyrənilməsində tələbələrin müstəqil idrak fəaliyyətinin aktivləşdirilməsi yolları" mövzusunu seçir. Bu mövzunu işləyərkən, o, tələbələrin müstəqil işinə dair problemin gələcək inkişafının nə qədər mühüm əhəmiyyəti olduğunu dərk edir. Həmin zamandan F.Kəsəmənli bu problemlə bağlı müntəzəm məqalələr çap etdirir və hesabatlarla çıxış edir. 1981-ci ildə o, müəllimlərin ixtisasartırılması fakültəsinin dinləyiciləri ilə məşğələlər aparmağa başlayır, onların buraxılış işlərinə rəhbərlik edir, həmçinin kafedraya təcrübəyə göndərilmiş başqa ali məktəblərin müəllimlərinə rəhbərlik edir. 

Məhsuldar alim 

1978-ci ildən 2007-ci ilədək o, müxtəlif səviyyəli 20-dən çox elmi və elmi-metodik konfransın keçirilməsində təşkilatçılardan biri kimi fəal iştirak edir.

F.Kəsəmənli 2 kollektiv monoqrafiyanın, 8 tədris-metodik vəsaitin, 2 ixtiranın, 7 icmal və 100-dən artıq orijinal elmi, 150 elmi-metodik əsərin, 50-dən artıq nobelşünaslıq və fizika tarixi üzrə işin həmmüəllifidir.

Onu tez-tez başqa şəhərlərin ali təhsil müəssisələrinə mühazirələr oxumağa, elmi və elmi-metodik mövzular üzrə məsləhətlər verməyə dəvət edirlər.

Yüksəkixtisaslı elmi, mühəndis və pedaqoji kadrların hazırlanmasına böyük əmək sərf edən Fəhəm bəyin rəhbərliyi altında 6 fizika-riyaziyyat elmləri namizədi, 2 pedaqoji elmlər namizədi yetişib (onlardan 3-ü sonralar elmlər doktoru olub). O, 4 ixtisaslaşdırılmış müdafiə şurasının üzvü kimi də gənc alimlərin yetişdirilməsində yaxından iştirak edib. 

Elm tarixçisi 

Elm aləminə atıldığı ilk gündən F.Kəsəmənlidə fizika tarixinə böyük maraq yaranıb. Son illərdə bu maraq dairəsi bir az da genişlənib. O,  bu mövzuda tez-tez məruzələrlə çıxış edir və elmi məqalələr çap etdirir. Xüsusilə Leninqrad Politexnik İnstitutu (SPb. Dövlət Texniki Universiteti, SPb. Dövlət Politexnik Universiteti) fizika laboratoriyasının yaradıcısı olan professor B.B.Skobeltsının (2000-ci il) və təcrübi fizika kafedrasının bütün sabiq rəhbərlərinin: akademik A.F.İoffe (2000-ci il), professorlar D.N.Nasledov (1994-cü il), Y.İ.Uxanov (1998, 2000-ci illər) və V.F.Masterovun (1999-cu il) fəaliyyəti haqqında oçerklər çap etdirir, məruzələrlə çıxış edir. Təcrübi fizika kafedrasının tarixi haqqında böyük məqalə çap etdirir (2000-ci il). Onun şəxsi təşəbbüsü və bilavasitə fəal iştirakı ilə professorlar D.N.Nasledov (1994-cü il), K.K.Qomoyunov (1998-ci il) Y.S.Vasilyev (1999-cu il), B.B.Skobeltsın (2000-ci il) və Y.İ.Uxanovun (2000-ci il) biobiblioqrafiyaları hazırlanaraq nəşr etdirilir. Əslində o, SPb. Dövlət Politexnik Universitetində "Biobiblioqrafik seriya" adlı nəşrin banilərindəndir. Bu nəşrin gerçək qiymətini hələ gələcək tarixçilər verəcək.

2001-2006-cı illərdə Fəhəm Kəsəmənli "SPb. DPU-nun Elmi-Texniki Xəbərləri" jurnalında rusiyalı Nobel mükafatları laureatları İ.P.Pavlov, İ.İ.Meçnikov, İ.A.Bunin, N.N.Semyonov, P.A.Çerenkov, İ.M.Frank, İ.E.Tamm, L.D.Landau, A.M.Proxorov, N.Q.Basov, L.V.Kantoroviç, P.L.Kapitsa, J.İ.Alfyorov, A.A.Abrikosov, V.L.Ginzburq və b. haqqında tarixi tərcümeyi-hal oçerkləri nəşr etdirir. 2003-cü ildə o, Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş "Elm sahəsində Nobel mükafatı laureatları olan peterburqlular" adlı kitabını SPb. DPU-nun prezidenti, Rusiya EA-nın akademiki Y.S.Vasilyevin ön sözü ilə nəşr etdirir. Bu gün həmin əsər nadir kitablardan sayılır.

2008 və 2010-cu illərdə onun "SPb. DPU-nun məzunu olan məşhur fiziklər haqqında oçerklər""Təcrübi fizika kafedrası, onun rəhbərləri və müəllimləri haqqında oçerklər" adlı kitabları işıq üzü görür. Bu kitablarda akademiklər A.F.İoffe, D.B.Skobeltsın, İ.B.Obreimov, P.İ.Lukirski, Y.B.Xariton, A.İ.Şalnikov, İ.K.Kikoin, B.M.Tuçeviç və b. haqqında tarixi-bioqrafik oçerklər verilib. 

Azərbaycan sevgili araşdırmalar 

Rusiyada Azərbaycan ili elan olunmuş 2005-ci ildən başlayaraq Sankt-Peterburq elm, təhsil və incəsənət xadimlərinin yaratdığı "Azərbaycanın mədəni irsi" təşkilatının fəal üzvlərindən  olan Fəhəm müəllim Peterburqda (Petroqradda - Leninqradda - Sankt-Peterburqda) azərbaycanlıların fəaliyyəti haqqında məlumatların toplanması, sistemləşdirilməsi, ümumiləşdirilməsi və yayılması ilə məşğul olmağa başlayır.

Keçən 7 ildə o, tək və ya başqa müəlliflərlə birgə Peterburqda ("SPb. DPU-nun Elmi-Texniki Xəbərləri", "Peterburqun tarixi" jurnalları, "Politexnik", "Mütləqiyyət və pravoslavlıq naminə" qəzetləri), Bakıda ("Dirçəliş" jurnalı, "Elm" və "Vışka" qəzetləri) və Moskvada ("Azərbaycan konqresi" qəzeti) rus dilində 15-dən artıq oçerk nəşr etdirir. Fəhəm bəyin A.M.Artyomovla birgə yazdığı "Peterburq azərbaycanlıları - Rusiyanın əməkdar xadimləri" adlı dəyərli kitabı 2008-ci ildə Peterburqun "Leyla" nəşriyyatında 2 min tirajla nəşr edilir. "Azərbaycanlılar - Rusiya ordusunun görkəmli hərbi sərkərdələri" adlı kitabı isə nəşrə hazırlanır.

Hazırda Fəhəm müəllim öz işdaşları ilə birgə "SPb. DPU fizika-mexanika fakültəsinin məzunları - SSRİ EA (Rusiya EA) üzvləri" və "Azərbaycanlılar - Sankt-Peterburqun elm, təhsil, incəsənət və biznes xadimləri" (3-cü buraxılış) adlı iki bioqrafik məcmuəni nəşrə hazırlayır. "Azərbaycanlılar Sankt-Peterburqda. Kim kimdir?""Azərbaycanlılar Peterburqda -Petroqradda - Leninqradda. Ensiklopedik lüğət" adlı kitabları ortaya qoymaq isə Fəhəm bəyin ən böyük arzusudur. 

Əməyi dəyərləndirilir 

İşlədiyi ali məktəbin rəhbərliyi və Rusiya Federasiyası Ali Təhsil Nazirliyi prof. Fəhəm Kəsəmənliyə təhsildə, elmi-təşkilati, elmi-metodik, elmi, ixtiraçılıq və ictimai işlərində uğurlarına görə dəfələrlə təşəkkür elan ediblər. O, "Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçisi", "Sankt-Peterburq Dövlət Politexnik Universitetinin əməkdar professoru" (2002) adlarına layiq görülüb. Beynəlxalq Ali Məktəb Elmləri Akademiyasının həqiqi üzvü olan Fəhəm müəllimin 70 illiyi ilə əlaqədar 2001-ci ildə "SPb. DTU-nun görkəmli alimləri" silsiləsindən ona həsr olunmuş biobiblioqrafik məcmuə nəşr edilmişdi.

 Örnək ailə başçısı 

Fəhəm bəy gözəl alim olmaqla yanaşı, həm də örnək olacaq nümunəvi bir ailə başçısı, nəsil ağsaqqalıdır. Onun iki oğlu var. Böyük oğlu Mahmud Kəsəmənli Azərbaycan Dövlət Universitetini bitirib, kimya elmləri namizədidir, Azərbaycanda yaşayır və işləyir. Mikayıl isə Leninqrad Politexnik İnstitutunu bitirib, Sankt-Peterburqda yaşayır. Ali kateqoriyalı fizika müəllimi olan Mikayıl Kəsəmənli bir çox metodik yazıların, o sıradan "Lan" və "Spesliteratura" nəşriyyatlarının on min tirajla nəşr etdiyi "Məktəblinin fizikadan izahlı lüğəti""Fizika. Məktəbli və tələbənin fizikadan izahlı lüğəti" (Politexnik Universitetin nəşriyyatı, 2007) dərs vəsaitlərinin müəllifidir. Onun ikinci kitabını 2010-cu ildə Moskvada "Prospekt" və "Knorus" nəşriyyatları da yüksək tirajla nəşr edib.  Təbrik! 

Azərbaycan xalqının ləyaqətli oğlu, gözəl alim və şərəfli insan professor Fəhəm bəy Kəsəmənlini 80 yaşı münasibətilə ürəkdən təbrik edir, ona bundan sonra da uzun ömür, möhkəm cansağlığı və gördüyü çox faydalı işlərdə tükənməz uğur sevincləri arzulayıram!  

Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
[email protected]
Tel.: +994-50-612-68-13

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov