Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 İyul 2012 - №28

 

Mətbuat tariximizdən

Əhməd bəy Ağayevin "Dəbistan" və "Molla Nəsrəddin" məqaləsi və mətbuata dair fikirləri haqqında

 

Azərbaycan milli mətbuatı tarixində hər birinin özgün yeri olan, hərəsi yeni bir jurnalistik istiqamətin başlanğıcını qoyan "Molla Nəsrəddin" və "Dəbistan" jurnalları haqqında söz düşəndə elmi dairənin və geniş ictimaiyyətin yadına adətən Əlibəy Hüseynzadənin "Molla Nəsrəddin" və "Dəbistan" məqaləsi düşür. Həmin məqalə "Həyat" qəzetinin 18 may 1906-cı il tarixli nömrəsində çap edilmişdir. Ancaq ondan 32 gün əvvəl - "İrşad" qəzetinin 16 aprel 1906-cı il tarixli  nömrəsində Əhməd bəy Ağayevin yazıb çap etdiyi "Dəbistan" və "Molla Nəsrəddin" məqaləsinin adını yalnız professor Məmməd Məmmədov çəkmiş, bu sətirlərin müəllifi isə yazılarının birində həmin məqaləni xatırlamışdır. Halbuki, "Dəbistan" və "Molla Nəsrəddin" məqaləsi haqqında ətraflı və əsaslı söhbət açıb onu geniş ictimaiyyətə çatdırmaq həm elmi, həm mədəni, mənəvi, həm ideoloji, ictimai-fəlsəfi fikrin inkişafını izləmək, həm də mətbuat tarixi baxımından faydalıdır.

Məqalələrin adlarındakı yaxınlıq, bəlkə də, formal yerdəyişməni nəzərə almasaq, eynilik Ə.Hüseynzadənin öz qələm dostu Ə.Ağayevlə məslək və yaradıcılıq dostluğunun davamını göstərən fakt kimi maraqlıdır. Həm də "Molla Nəsrəddin" və "Dəbistan"  məqaləsində "Dəbistan" və "Molla Nəsrəddin"dəki bəzi tezislər inkişaf etdirilmişdir. Bu da təsadüfi deyil; belə ki, Ə.Ağayevin məqaləsi çapdan çıxanda "Molla Nəsrəddin"in cəmi iki nömrəsi işıq üzü görmüşdü (çox güman ki, "Dəbistan" və "Molla Nəsrəddin"i yazanda "Molla Nəsrəddin"in ikinci nömrəsi heç Bakıya çatmayıbmış). Məqalənin yığıldığı 15 aprel günündə "Dəbistan" jurnalının birinci nömrəsi də çap prosesində idi. Ə.Hüseynzadə "Molla Nəsrəddin" və "Dəbistan" məqaləsini yazanda isə hər iki jurnalın bir neçə nömrəsi artıq oxucuların ixtiyarında idi. Bu da, təbii olaraq, Əli bəyə öz fikirlərini əsaslandırmaq, "Molla Nəsrəddin" və "Dəbistan" jurnallarını müqayisəli şəkildə dərindən təhlil etmək üçün geniş imkan və zəngin material vermişdi.

Əhməd bəyin "Dəbistan" və "Molla Nəsrəddin" məqaləsində əsas diqqət XX əsrin əvvəllərində milli mətbuatın inkişafının səbəbləri, əhəmiyyəti və cəmiyyətin, yaradıcı şəxslərin bu yolla öhdəsinə düşən vəzifələrin müəyyənləşdirilməsi və onların həlli yollarına yönəldilmişdir.

Bəlli olduğu kimi, "Dəbistan" jurnalının ilk nömrəsi 16 aprel 1906-cı ildə çapdan çıxmışdır. "İrşad" qəzetinin həmin gün çıxan nömrəsinin birinci səhifəsində "Dəbistan"ın çapdan çıxan birinci nömrəsinin təqdimat mərasimi - rəsm güşadı keçiriləcəyi haqda elan verilmişdir. Ə.Ağayevin "Dəbistan" və "Molla Nəsrəddin" məqaləsi də həmin hadisə, yəni jurnalın nəşri ilə bağlı milli mətbuat mənzərəmizin bir qədər də zənginləşməsi ilə bağlı qələmə alınaraq, "İrşad"ın elə 16 aprel 1906-cı il tarixli nömrəsində (səh. 1-2-də) çap edilmişdir. Məqalə milli maarifin günü gündən inkişafından və ona nicat yolu göstərən mətbuatın şəbəkəsinin genişlənməsindən doğan şükranlıqla başlanır. Göstərilir ki, başqa xalqlarla müqayisədə elə bir böyük uğur olmasa da, "bir ilin müddətində (1905-ci ildə - A.B.) Qafqaz müsəlmanları arasında iki qəzetə - "Həyat" və "İrşad" - nəşr olunmağa başladı. Bu günlərdə Tiflisdə bir də bir müsəvvər (rəngli rəsmlərlə bəzədilmiş - A.B.) bir məsxərə qəzetəsi ("Molla Nəsrəddin" jurnalı nəzərdə tutulur - A.B.) zühur etdi.  Bu gün də Bakıda uşaq və şagirdlər üçün "Dəbistan"adlı cəridə veriləcək!!"

Sonda Əhməd bəyin "Dəbistan" və "Molla Nəsrəddin" məqaləsinin tam mətnini ərəb qrafikasından çevirərək oxuculara yenidən təqdim etməyi lazım bilirəm. 

Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru, professor

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov