Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Avqust 2012 - №33

 

Elmin zirvəsini fəth etmiş Nobelçi ailə

 

Onlar haqqında ayrı-ayrılıqda danışmaq və yazmaq düzgün olmazdı. XX əsrin görkəmli fransız tədqiqatçıları, süni radioaktivliyi kəşf etmiş Jan  Frederik Jolio və İren Kürilər ailəsi haqqında danışanda istər-istəməz dünya şöhrətli böyük fiziklər, iki dəfə Nobel mükafatı laureatı  Mariya Skladovskaya  və Pyer Kürilər yada düşür. Frederik və İren Kürilər öz tədqiqatları və ictimai fəaliyyətləri nəticəsində ötən əsrdə elmin varisliyini öz həyatları və tədqiqat işləri ilə nümayiş etdirdilər.   

Uşaqlıq illəri  

İren Küri 1897-ci il sentyabrın 12-də  Parisdə Mariya Skladovskaya Küri və Pyer Kürilər ailəsində  anadan olub. Uşaq öz yaşına görə qeyri-adı dərəcədə hər şeyi bilmək, öyrənmək marağına görə yaşıdlarından seçilirdi və  zehni cəhətdən tez böyüyürdü. 1906-cı ildə atası Pyerin vəfatından sonra İren və onun bacısı Yevanın tərbiyəsi anaları Mariya Skladovskaya  Kürinin üzərinə düşdü. İren ibtidai təhsilini Sorbonn Universitet müəllimlərinin öz uşaqları üçün təşkil etdikləri məktəbdə almışdı. Məktəbin müəllimləri Fransanın ən məşhur alimləri idilər. Onlar uşaqları fiziki cihazlarla, kimyəvi reaktivlərlə tanış edirdilər. Uşaqlar universitetin laboratoriyalarında aparılan elmi işlər  mühitində  yaşayırdılar. Təbiət elmləri ilə yanaşı, onlara  tarix, ədəbiyyat, xarici dillər, rəsmxətt tədris edirdilər, idmana da böyük diqqət ayrılırdı. Bu məktəbdə iki il oxuduqdan sonra Sevine şəhərində kollecə daxil olan İren orta təhsil haqqında diplom alıb. Uşaqlıqdan İreni alimlər əhatə etmişdi və onlar elmi mübahisələr aparırdılar. İren 1913-cü ildə Fransada turist səfərində olmuş dahi fizik Albert Eynşteynlə də tanış idi.  Birinci Dünya müharibəsi illərində Mariya Skladovskaya Küri ölkənin hospitallarında rentgen və radioloji xidmət təşkil etmişdi. Anasından nümunə götürən İren də hospitalda rentgenoloq işləyirdi. Müharibədən sonra 21 yaşlı İren universitetdə məşğələlərə başladı. Yeva Küri anasına həsr etdiyi biblioqrafik kitabında İren haqqında yazırdı:  "...sakit təbiətli, təmkinli İren heç vaxt öz qabiliyyətinə şübhə etmirdi. O, fizik olmaq niyyətində idi və bu da dəqiq idi ki, o, radiumu öyrənmək istəyirdi". Universiteti bitirdikdən sonra (1920) İren anasının laboratoriyasında müəllim işləyir. O, polonium elementinin buraxdığı alfa zərrəciklərini öyrənirdi. 1925-ci ildə İren doktorluq dissertasiyası müdafiə edib. Bir neçə il elementlərin radioaktivliyini öyrənən İren elmi qənaətlərini "Radioaktiv elementlərin təbiəti" adlı kitabında ümumiləşdirib. 1926-cı ildə İren Frederik Jolio ilə evlənib.  Frederik Jolio 1900-cü ildə Paris Kommunasının keçmiş əsgəri Anri Jolionun ailəsində anadan olmuşdu. O, ailənin 6-cı - ən kiçik övladı idi.   1910-cu ildən Frederik Lakanal liseyində oxuyub. 1917-ci ildə atasının vəfatından sonra Lavuazye adına pulsuz bələdiyyə orta məktəbində təhsilini davam etdirib. Ali sənaye  fizikası və kimya universitetinə Frederik 1920-ci ildə daxil ola bilib. Bu məktəb əsasən sənaye üçün mühəndis kadrları hazırlayırdı. Təhsil illərində Frederik kimya, fizika və mexanikaya böyük maraq göstərib. 1922-ci ildə o, P.Lanjevanın (sonralar Nobel mükafatı laureatı)  təsiri ilə fizika ixtisasını seçmişdi. Jolio özü haqqında sonralar yazırdı: "Mən təbiət etibarı ilə zehni əmək üçün yaranmadığımı düşünürdüm. Alim olacağıma inanmırdım. Lakin mən buna öyrəşməli oldum. Ziyalı olmağım məni hər zaman təəccübləndirirdi". Onu  daha çox balıq ovu, idman cəlb edirdi. 17 yaşı tamam olanda onu futbol komandasına daxil etdilər. O, az qala peşəkar futbolçu olacaqdı. Onun taleyində məktəb müəllimi, görkəmli fizik Pol Lanjevan həlledici rol oynamışdı. "Bir gün Lanjevan dedi ki, mən xanım Küri  ilə danışacam, siz onun yanında laborant işləyəcəksiniz...", - deyə Jolio sonralar xatırlayırdı.     

Kəsişən yollar 

Mariya Skladovskaya Kürinin laboratoriyası Frederik və İrenin birgə iş yeri oldu. Onların elm yolları məhz burada kəsişdi. Artıq o illərdə kifayət qədər elmi nüfuza malik olan Mariya Kürinin laboratoriyasında işə başlayan İren və Frederik bir sıra diqqətəlayiq elmi tədqiqatların əsasını qoydular.  1925-ci ildən Frederik Mariya Kürinin laboratoriyasında laborant kimi işləməyə başlayır.  Onun "Radioaktiv elementlərin elektrolitik çöküntülərinin öyrənilməsi haqda yeni metodika" adlı ilk kitabı 1927-ci ildə işıq üzü görüb. Gənc Frederikin parlaq mühəndis bacarığına Mariya Küri ilk gündən heyran olmuşdu.  Frederik nəinki nazik metallik lövhələr və hətta öz əli ilə müasir laboratoriya qurğuları hazırlamışdı. Frederikin ilk məqalələri elm aləmində hadisəyə çevrilmişdi. Məşhur ingilis fiziki Tomson Frederikin nazik qızıl lövhələrin hazırlanması metodundan yararlanmışdı. Məşhur alim bu qurğuya görə Mariya Küriyə minnətdarlıq məktubu göndərmişdi. Radium İnstitutunda Frederik öz atasına çox oxşayan, hündürboylu, düz qamətli, radioaktivlik sahəsində ilk Nobelçi ailənin qızı İren ilə tanış oldu. Nobel laureatları ailəsində böyümüş İren radioaktivlik haqqında hər şeyi bilirdi. O tez-tez Frederikə dəyərli məsləhətlər verirdi. Bundan əlavə, İren Frederiki incəsənət sahəsində bilikləri ilə heyran qoymuşdu. O, şeirlər yazırdı, hətta Kiplinqin əsərlərini fransız dilinə tərcümə edirdi. İren musiqidən də yaxşı  baş çıxarırdı.  1926-cı il oktyabrın 4-də Parisin 4-cü dairəsində İren Küri və Frederik Jolionun nikahı bağlanıb. Bir-birini dərindən sevən və anlayan gənclər sanki sələfləri Pyer və Mariya Kürinin böyük məhəbbətini yenidən yaşadırdılar.  Nikahdan sonra İren və Frederik ömürlərinin axırlarına kimi birlikdə işləməyə, bir-birini dəstəkləməyə əhd etmişdilər. Onların hər biri ayrılıqda şəxsiyyət, dünya miqyaslı alim, böyük elmi kollektivlərin rəhbərləri oldular. Bütün elmi karyerası ərzində Frederik 120 elmi iş dərc etdirib. Onların yarıdan çoxu İrenlə birgə əməyin məhsulu idi. Əvvəllər onlar "İren Küri və Frederik Jolio" kimi imza atırdılar. Daha sonra onlar elmi işlərini sadəlik üçün "İren və Frederik Jolio-Kürilər" kimi imzaladılar. Onların soyadları da belə birləşdi. 1928-ci ildə Frederik İrenin yaxından iştirakı ilə nüvə fizikası sahəsində tədqiqatlar aparmağa başlayıb. 1930-cu ildə poloniumun radiokimyası sahəsində uzunillik tədqiqatların nəticəsi olaraq doktorluq dissertasiyası müdafiə edib. 30-cu illərin əvvəllərində Frederik və İren Kürilər 3 istiqamətdə - elektron cütlərin yaranması, pozitronun annihilizasiyası və nüvə çevrilmələri istiqamətlərində tədqiqatlar aparırdılar.  Berillium atomunun alfa zərrəciklərlə bombalanması nəticəsində alimlər müəyyən etmişdilər ki, şüalanma böyük keçiricilik qabiliyyətinə malikdir. Tezliklə C.Çedvik müəyyən etdi ki, şüalanma neytral hissəciklərdən - elektronlardan  ibarətdir.  Beləliklə də Frederik-İren cütlüyü neytronun kəşfinə yaxınlaşdılar. Onlar 1934-cü ildə sübut etmişdilər ki, neytronun kütləsi protonun kütləsindən artıqdır, bununla da onlar neytronun radioaktivliyini əvvəlcədən xəbər verdilər. Bu ehtimal 1951-ci ildə eksperimentlər gedişində təsdiq olundu.  1933-cü ildə Frederik tərəfindən P.Dirakın müəllifi olduğu annihilizasiya hadisəsi eksperiment gedişində sübuta yetirildi.  

Elmin zirvəsində 

Nəhayət, 1934-cü ildə Frederik və İren tərəfindən süni radoaktivlik hadisəsi kəşf olundu. Nüvə reaksiyalarının məhsullarını öyrənən alimlər müəyyən etmişdilər ki, yaranan fosfor radioaktivdir. Bəzi yeni radioaktiv izotoplar müsbət zərrəciklər - pozitronlar buraxırdı. İren və Frederik nəinki dünyada ilk dəfə olaraq süni və radioaktiv maddələr aldılar, eyni zamanda yeni radioaktivlik növü - pozitron radioaktivliyi kəşf etdilər.    Bu kəşf onlara Nobel mükafatının təsis olunması ilə nəticələndi. Süni radioaktivliyin kəşfi dərhal bütün dünyada əsrin ən böyük kəşflərindən biri hesab olundu. O vaxta qədər bəzi elementlərə xas olan radioaktivlik insan tərəfindən dəyişdirilə, məhv oluna və ya ayırd edilə bilmirdi. Frederik və İren ilk dəfə olaraq süni radioaktivliyi yarada bildilər. Yeni radioaktiv izotoplar alan alimlər fizika elmində inqilabi dəyişikliyə imza atdılar. Dünya elm ictimaiyyəti bu kəşfin böyük nəzəri əhəmiyyətini qeyd edərək biologiya  və tibb  sahəsində radioaktivliyin praktiki aktuallıq kəsb etdiyini vurğuladılar.  Nobel mükafatını alarkən Frederik demişdi: "Bizim planeti təşkil edən bir neçə yüz atomun hamısının eyni vaxtda yarandığını və onların əbədi olaraq mövcud olacağını düşünmək düzgün deyil".

Artıq onların adları  elmi dairələrdə ən nüfuzlu alimlərlə yanaşı çəkilirdi.  Elmin zirvəsində olan Frederikə Fransa Kollecində nüvə kimyası kafedrasına rəhbərlik təklif olundu. 1934-cü ildə İren Küri Radium İnstitutunda Mariya Skladovskaya laboratoriyasının direktoru və Sorbonn Universitetinin təbiət elmləri fakültəsinin professoru oldu.  1937-ci ildən İren və Frederik müxtəlif elmi müəssisələrdə çalışırlar: İren Sorbonnda, Frederik isə Fransa Kollecində. Alimlər bir neçə laboratoriyaya rəhbərlik edirdilər. İndi elmi işlərin mövzuları da müxtəlif idi. Frederik nüvə fizikası sahəsində tədqiqatlarını davam etdirir, İren isə radiokimya ilə məşğul idi. Artıq yeni mərkəzdə Frederik çoxdankı arzusunu - atom nüvəsinin tədqiqində fizika və kimyanı birləşdirmək arzusunu həyata keçirə bilərdi. Frederikin rəhbərliyi ilə Avropada ilk siklotronun tikintisi aparılırdı.  Uranın neytronlarla bombalanması nəticəsində İren nüvə reaksiyaları  məhsullarında radioaktiv maddələrin varlığını müəyyən etmişdi, onlar kimyəvi xassələrinə görə lantanı xatırladırdı. Bu təcrübələrdə yeni transuran elementləri əldə olundu. Onlar uranın parçalanma məhsulları idi.  İrenin tədqiqatları atom nüvəsinin parçalanması reaksiyalarının kəşfində və onların öyrənilməsində böyük rol oynadı.  1935-ci ildə Frederik Jolio-Küri deyirdi: "Elementləri öz istədikləri kimi   parçalamağı və əldə etməyi öyrənmiş tədqiqatçılar nəticədə zəncirvari kimyəvi reaksiyalara bənzər  partlayış tipli maddə çevrilmələrini həyata keçirə bilərlər". Alimin uzaqgörənliyi bir qədər sonra öz təsdiqini tapdı. Fransanın işğalı zamanı Frederik müqavimət hərəkatının iştirakçısı oldu.  Frederik Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin nüvə laboratoriyasının və ölkənin bir sıra digər elmi-tədqiqat mərkəzlərinin təşkilatçısı idi.  

Xalq maarifi naziri 

Süni radioaktivliyin kəşfindən sonra İren praktiki olaraq eksperimental fizika ilə məşğul olmağı dayandırır, o, uzun illər ərzində kifayət qədər yüksək şüa dozası almışdı. Buna baxmayaraq, o, Sorbonn Universitetində aktiv müəllimlik fəaliyyəti ilə məşğul olurdu, eləcə də Radium İnstitutuna rəhbərlik edirdi.  İrenin sonuncu əhəmiyyətli tədqiqat işləri uranla bağlı olub. 1936-cı ildə İren Küri Fransanın xalq maarifi naziri təyin olunub. O bu vəzifədə ölkədə aparılan bütün elmi tədqiqat işlərinə rəhbərlik edirdi. Tezliklə İkinci Dünya müharibəsi başlayıb.  Fransanın almanlar tərəfindən işğalı zamanı İren Frederiklə birlikdə Parisdə qalır. 1944-cü ildə alman kəşfiyyatı müqavimət hərəkatının fəal üzvlərindən olan Frederikin izinə düşür. O, gizli şəraitdə yaşamalı olur. İren isə uşaqları ilə birlikdə İsveçrəyə qaçır. Müharibədən sonrakı dövrdə İren Paris Universitetinin ümumi fizika və radioaktivlik kafedrasına rəhbərlik edir, eyni zamanda Radium İnstitutunun direktoru vəzifəsini də davam etdirir. O, əri Frederiklə birlikdə sülh uğrunda fəal mübarizə aparır, sülh tərəfdarlarının çoxsaylı konfrans və konqreslərində iştirak edir. 

Elm naminə fədakarlıq 

1938-ci ildə alman fiziki Otto Qann uran atomunun parçalanmasını kəşf etdi. Frederik Jolio ilk olaraq bəyan etdi ki, bu proses neytronların ayrılması ilə müşayiət olunur və deməli, zəncirvari nüvə reaksiyasının baş verməsi  mümkündür. 1939-cu ildə alim öz qənaətlərini    Paris Elmlər Akademiyasının iclasında səsləndirib.  Məruzə "Uran və torium nüvələrinin neytronların təsiri ilə partlayışlı parçalanmasının eksperimental sübutu" adlanırdı. Uran qazanının konstruksiya işlərinə başlayan Frederik  Norveçdən böyük miqdarda ağır su alır. Lakin Fransanın almanlar tərəfindən işğalı  Frederikin planlarını alt-üst etdi. Frederik öz həyatını böyük risk altına qoyaraq ağır su ehtiyatını  və nüvə reaktorunun tikintisi üzrə sənədləri gizli yolla İngiltərəyə göndərə bilib. İngiltərədə nüvə sahəsində çalışan fiziklər bu qiymətli tədqiqat işindən öz eksperimentlərində yararlandılar. 1939-cu il sentyabrın 30-da Frederik Jolio olduqca xüsusi məxfilik şəraitində partlayıcı zəncirvari reaksiyanın mənzərəsinin təsvir olunduğu konverti Fransa Elmlər Akademiyasına təhvil verir. Konvert 10 ildən sonra açılmalı idi.  Frederik Parisdə müharibənin bütün ağırlıqlarını yaşamalı olur. Çətinliklərə baxmayaraq, onun rəhbərliyi ilə Fransa Kolleci və Radium İnstitutu öz fəaliyyətini davam etdirirdi. Müqavimət hərəkatına qoşulan Frederik öz laboratoriyasını "hərbi rels" üzərinə keçirmişdi. Artıq bu laboratoriyada partlayıcılar hazırlanır, radioqəbuledicilər təmir olunurdu.  Parisin almanlardan azad olunmasından sonra Milli Elmi Tədqiqatlar Mərkəzinin direktoru postunu qəbul edən Frederik yenidən elmi tədqiqat və axtarışlara başlayır. 1948-ci ildə bilavasitə onun rəhbərliyi ilə Fransada ilk atom reaktoru işə salınıb. Bununla yanaşı, alim fəal ictimai iş aparır. Nüvə silahının bəşəriyyət üçün qorxulu olduğunu yaxşı anlayan Frederik Jolio atom enerjisindən hərbi məqsədlər üçün istifadə olunmasına qarşı çıxır. Bu, "soyuq müharibə"nin ən qızğın dönəminə təsadüf edirdi. 1946-cı ildə Frederik Jolio-Kürinin təklifi ilə Fransada atom enerjisi üzrə komissarlıq yaradıldı. Fransa hökuməti Frederiki komissarlığın rəhbəri təyin etdi. Frederik Jolio qeyd edirdi ki,  "...əldə olunmuş elmi nailiyyətlərə nəzər saldıqda görürük ki, tədqiqatçılar elementləri yaratmaqla və parçalamaqla partlayış tipli reaksiya doğura və elementlərin bir-birinə çevrilməsini təmin edə bilərlər. Əgər bu çevrilmələr baş verərsə, onda külli miqdarda azad olunmuş enerji əldə oluna bilər ki, ondan da istifadə oluna bilər". 10 il sonra isə Xirosima sakinləri bu azad olunmuş enerjidən qırılırdı. Frederik Jolio tez-tez "elm insanları aldadıb" kimi sərt ittihamlara cavab verməli olurdu. Onun sözlərinə görə, insanların aviasiya və atom bombaları ilə məhv edilməsi qorxulu simptomlardır və bu bizi narahat etməlidir. Elmin ikili xarakterindən - dağıdıcı və mərhəmətli xarakterindən danışan alim nüvə enerjisindən hərbi məqsədlər üçün istifadə olunmasını "elmi nailiyyətlərdən fırıldaqcasına istifadə" kimi qiymətləndirirdi.    Jolio heç vaxt elmi həyatdan ayırmırdı. O əmin idi ki, azad olunmuş atom enerjisi bəşəriyyəti xoşbəxt edə, ehtiyaclara qalib gələ, insan əməyini yüngülləşdirə, epidemiyalara son qoya bilər. Lakin həyat ona dəhşətli sınaq hazırlamışdı: onun kəşfindən kütləvi qırğın silahlarının hazırlanmasında istifadə olunmuşdu. Alim bunu özü üçün ən böyük faciə hesab edirdi. İngilis fiziki və yazıçısı Con Bernal dostu haqqında yazırdı: "Jolionun faciəsi mərhəmətin faciəsi idi". 

Elmə həsr olunmuş ömür 

50-ci illərdə İrenin səhhəti çox pisləşir. Radioaktivliyin yaratdığı şüalanma nəticəsində İren 1956-cı il martın 17-də kəskin leykemiya xəstəliyindən vəfat edib. Radioaktivliyin fəsadları onun orqanizmində dərin iz buraxmışdı. Frederik İrenin ölümündən sarsılmışdı, uzun illər birgə yaşayıb, birgə işlədiyi arvadının yoxluğundan  əzab çəkirdi. Bir neçə il əvvəl onun haqqında kitab yazmış  Mişel Ruzeyə Jolio belə demişdi: "Bizim İrenlə xarakterlərimiz müxtəlifdir, lakin onlar bir-birini tamamlayır, lakin bu müxtəliflik həm həyat, həm də iş üçün oxşarlıqlardan daha yaxşıdır".

İki il sonra Frederik hepatit virusuna yoluxur. O, uzun müddət bu xəstəlikdən əzab çəkdi. Onun qaraciyəri xəstə idi. Radioaktivliyin fəsadları onun orqanizmində də dərin iz buraxmışdı. Hər bir  şeyi müşahidə etmək və yoxlamaq vərdişləri ilə o, həkimləri də  təəccübləndirirdi. Jolio öz xəstəliyini də öyrənirdi. O, xəstəxanada kiçik otaqda yatırdı. Onun pəncərəsi bağa açılırdı, alim son günlərində də özünə məşğuliyyət tapmışdı. O, rəssamlığa  aludə olmuşdu, natürmort çəkirdi. Peyzajları da var idi. Həkimlər ona hərəkət etməyi qadağan etmişdilər. Lakin o, boş dayana bilmirdi. Buna görə də şəkil çəkirdi.

Yazıçı-publisist, alimin dəfnində iştirak etmiş İlya İrenburq "Frederik Jolio Küri" adlı kitabında yazır ki, o, az yaşayacağını bilirdi, bəzən bu haqda danışırdı da. "Mən öləndə yerimə başqaları gələcək... Sonda mən elmə və insanlara inamımı təsdiqləmək istəyirəm".  

1958-ci il avqustun 11-də gecəyarısı ağır daxili qanaxmadan sonra Frederik Parisdəki Sent-Antuan hospitalına yerləşdirilib. Uğurlu cərrahi müdaxilədən sonra hər şey yaxşılığa doğru idi.   Lakin ümumi sepsis öz işini görürdü. Buna görə də alimi xilas etmək mümkün olmayıb. Onun qanı radioaktiv şüalanma ilə zəhərlənmişdi. Avqustun 14-də alim vəfat edib. Onu Paris yaxınlığında kiçik bir qəbiristanlıqda İren Jolio-Küri, Pyer və Mariya Kürilərin qəbirləri ilə yanaşı dəfn ediblər.

Frederik Jolionun vəfatı bütün dünyada ümumxalq kədəri ilə müşayiət olundu. Fəlakətli İkinci Dünya müharibəsindən sonra sülh uğrunda mübarizənin başında dayanan Frederik Jolio bəziləri üçün görkəmli alim-fizik, nüvə fizikasının yaradıcılarından biri, bəziləri üçün azadlıq və xoşbəxtlik uğrunda mübarizə aparmış böyük dost, böyük insan idi.

İren və Frederikin uşaqları Elen (1927) və Pyer (1932) onların işlərini davam etdiriblər. Elen bir vaxtlar atasının məzunu olduğu fizika və praktiki kimya məktəbini "əla" qiymətlərlə başa vuraraq özünü nüvə fizikasına həsr edib. Pyer isə biologiyanı seçib. Onu xüsusən də fotosintez probleminin kimyası daha çox maraqlandırıb.     

Hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov