Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

31 Avqsut 2012 - №34

 

Yeni dərs ili, yeni vəzifələr

 

XXI əsrin "Təhsil əsri" olması cəmiyyətin bütün sahələri ilə yanaşı, bilavasitə təhsilə daha çox diqqət yetirilməsi, müasir dünyamızın qlobal problemi kimi onu bütün fəaliyyətlərin fövqünə qaldırılması ilə nəticələndi. İnsanlığın formalaşması üçün əsas əlamətlərdən biri sayılan təhsil indiki zamanda önəmli olmaqla daha qüdrətli cəmiyyət hadisəsinə çevrildi. Dünyanın, o cümlədən ölkəmizin təhsil həyatında keçirilən islahatlar, baş verən dəyişikliklər məhz bu zərurətdən yarandı. Artıq neçə illərdir ki, ölkəmizin təhsil məkanında həyata keçirilən islahatlar ulu öndər Heydər Əliyevin söylədiyi bu fikirlərdən qaynaqlanmışdır: "Mən belə anlayıram ki, indi bizdə təhsil sistemində islahatların məqsədi ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi dünya təhsil sisteminin standartlarına uyğunlaşsın. Yenə də deyirəm, Azərbaycan təhsil sistemi son on illərdə müsbət nəticələr veribdir". (Azərbaycan təhsil siyasəti (1998-2004), I kitab, Bakı, Çaşıoğlu, 2005, səh.101).

Ardıcıl və sistemli şəkildə həyata keçirilən islahat tədbirlərində təhsilin müxtəlif pillə və səviyyələri nəzərə alınmışdır. Müstəqil Azərbaycanın təhsil siyasətinə uyğun olaraq onun dünya təhsil sisteminə inteqrasiya olunması zəruri şərt kimi diqqət mərkəzində saxlanılmışdır. Burada əsas məsələlərdən biri təhsildə inkişafetdirici amilin nəzərə alınması və şəxsiyyətin formalaşdırılmasının ön planda saxlanılmasıdır. Məlum olduğu kimi, təhsilşünaslarımızın bəziləri çox düzgün olaraq Azərbaycan təhsilinin məhz şəxsiyyətyönümlü xarakterini humanistləşdirmə müstəvisində şərh etməklə həmin məsələlərin əlaqəli olmasını qeyd edirlər. Bu, Azərbaycan təhsilinin prinsipial dəyişikliklərindən biri kimi sentyabr konfranslarında geniş müzakirə obyektinə çevrilməlidir. Bundan başqa, ümumi təhsilin istər məzmun, istər texnologiya və istərsə də idarəetmə sahələrində humanistləşdirmə prinsipinə uyğun əldə olunmuş nailiyyətlərdən, eləcə də çatışmazlıqlardan bəhs olunmalı, faydalı təkliflər verilməlidir.

Azərbaycan təhsilinin inkişafında dünyanın qlobal təhsil problemindən biri kimi, inteqrasiyanın rolu və əhəmiyyəti, inteqrasiyanın mahiyyəti və məzmunu geniş müzakirə obyektinə çevrilməlidir. Dünya təhsilşünaslığı kontekstində inteqrasiyanın rəsmi və qeyri-rəsmi xarakterindən, şaquli və üfiqi növlərindən, fəndaxili və fənlərarası əlaqələrdən bəhs olunmalıdır. İnteqrasiyanın fənlərin sayının və şagirdlərin təlim yükünün azaldılmasında, təlim marağının artırılmasında, idrak fəallığının yüksəldilməsində, fənlərin praktik cəhətdən əhəmiyyətliliyinin artırılmasında rolu ilə bağlı fikir mübadilələri aparılmalıdır.

Ümumiyyətlə, müasir Azərbaycan məktəbinin hansı prinsiplər əsasında inkişaf etməsini, onun əldə etdiyi nailiyyətləri müzakirə etmək perspektivləri müəyyənləşdirmək, gələcək nailiyyətləri təsəvvür etmək baxımından əhəmiyyət daşıyır və müasir təhsil siyasətini ardıcıl davam etdirmək üçün onu aydın dərk etməyə kömək edir. Biz bəzən ümumi təhsil siyasətini, onun ümumi prinsiplərini Azərbaycan üçün xarakterik olan cəhətləri aydınlaşdırmadan, onları pedaqoji ictimaiyyətin marağına təqdim etmədən aralıq mexanizmləri öyrənməyə və ya izah etməyə can atırıq. Nəticədə həmin mexanizmlərin yaranma səbəbləri, şəraiti və onlardan istifadənin əhəmiyyəti ilə bağlı xeyli suallarla rastlaşmalı oluruq. Təbii olaraq yaranan bu suallar yenidən müasir Azərbaycan təhsilinin ümumi nəzəri məsələlərinə qayıtmağı, onlara aydınlıq gətirməyi tələb edir.

Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi təhsil quruculuğunda mühüm amillərdən biri kimi qiymətləndirilir. Məktəb binalarının, sinif otaqlarının tikilməsi təhsil şəraitinin yaxşılaşdırılmasında, keyfiyyətli təhsilin əldə olunmasında əhəmiyyətli rol oynayır. Ona görə də son illərdə müstəqil Azərbaycanın təhsil həyatında məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. "Son 10 ildə dövlət proqramları, eləcə də Heydər Əliyev Fondu və digər mənbələr hesabına 550 min şagird yerlik 2200 yeni məktəb binası tikilmiş, 800 məktəb binası əsaslı təmir olunmuş, 700 məktəbin istilik sistemi yenidən qurulmuş, 700-dən artıq məktəb müasir avadanlıqlarla, 400 məktəb müvafiq tədris laboratoriyaları ilə təchiz edilmişdir. Görülən tədbirlərin nəticəsində ikinövbəli məktəblərin faizi 73-dən 44-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 35-dən 21-ə enmiş, bununla da 1 milyonluq şagirdin təhsil şəraitinin yaxşılaşdırılması təmin olunmuşdur" (Mərdanov M. Ümumi təhsil sistemində əsas hədəflər və vəzifələr. "Kurikulum" jurnalı, 2012, 2, səh.8). Odur ki, ümumilikdə təhsil şəraitinin yaxşılaşdırılması, yeni məktəb binalarının istifadəyə verilməsi ümumi təhsilə, onun daha yüksək səviyyədə qurulmasına qayğılı münasibətin təzahürü kimi qiymətləndirilir. Bu işdə neçə onilliklər əvvəl heç vaxt görünməmiş irəliləyişlərin əldə olunması, günbəgün bir-birindən yaraşıqlı tədris ocaqlarının inşa olunaraq istifadəyə verilməsi fikrimizi bir daha əsaslandırmağa imkan verir.

Yeni təhsil proqramlarının (kurikulumların) hazırlanması istiqamətində görülmüş işlər müasir təhsilimizin nailiyyətlərindən biridir. Xüsusilə ümumi təhsilin məzmunu, texnologiyaları və idarə olunmasının müasir tələblər əsasında yenidən qurulması irəliləyişlərimizin mühüm göstəriciləri kimi diqqəti cəlb edir. İslahat Proqramından irəli gələn vəzifə kimi ilk dəfə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" dövlət sənədinin hazırlanması, "Təhsil haqqında" Azərbaycan Respublikasının qanununa əsasən onun " Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" adda yenidən işlənərək təsdiq olunması, eləcə də ümumi təhsil fənləri üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması bu işlərin mahiyyət və məzmun etibarı ilə yeni olduğunu, onların fəaliyyətimizin əsasını təşkil edən normativ-hüquqi sənəd kimi diqqətlə öyrənilməsini tələb edir. Tətbiqinə başlandığı dövrdən biz həmin sənədlərin xarakterik cəhətlərini öyrənsək də, bu gün bir daha əldə olunmuş ilkin təcrübələr əsasında onların şəxsiyyətyönümlü, nəticəyönümlü xarakterindən, praktik əhəmiyyətindən, həyati bacarıqların formalaşdırılması istiqamətində rol və əhəmiyyətindən bəhs etməliyik. Hər bir pedaqoji işçi, o cümlədən müəllim, tərbiyəçi təhsilin yeni məzmun və texnologiyalar əsasında qurulmasında onlara verilən tələblərin məsuliyyətini, tövsiyələrin istiqamətini və özlərinin səlahiyyət çərçivələrini aydın dərk etməli və pedaqoji fəaliyyətlərində onları nəzərə almalıdırlar. 

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, təhsilin,  o cümlədən ümumi təhsilin nəticəyönümlü olması pedaqoji fəaliyyətin yaradıcı (kreativ) xarakterdə qurulmasına imkan yaradır. Hər kəsin nailiyyəti onun işinin nəticələrinə əsasən dəyərləndirilir. Tədris zamanı hazır texnologiyalara müraciət etməkdə, yaxud müvafiq  texnologiyaları hazırlamaqda pedaqoji işçilər sərbəstdir. Bu, əslində pedaqoji prosesin demokratik əsasda qurulmasından irəli gələn bir yanaşma tərzi kimi dəyərləndirilməlidir.

Artıq dörd ildir ki, ibtidai siniflərdə yeni təhsil proqramları (kurikulumları) tətbiq olunur.  Bu müddətdə hər il ardıcıl olaraq həmin fənn proqramlarının (kurikulumların) xüsusiyyətlərindən danışılmış, onların ətrafında geniş müzakirələr keçirilmişdir. Eyni zamanda ibtidai siniflərdə yeni sistemin tətbiqi vəziyyəti öyrənilmiş, nəticələr təhlil olunmuşdur. Sentyabr konfranslarında  bu məsələyə bir daha xüsusi yer ayırmaq tövsiyə edilir. Dördillik təcrübələrin ümumiləşdirilərək müzakirə edilməsi, ibtidai təhsilin milli standartları baxımından müqayisələr aparılaraq təkliflərin hazırlanması təklif olunur. Müzakirələr zamanı fənlər üzrə məzmun və qiymətləndirmə standartlarına, müəllim və şagird fəaliyyətlərinin təşkil olunmasına, təlim məqsədlərinin qurulmasına, müasir tələblər əsasında dərsin məzmun, struktur və vaxt baxımından təkmilləşdirilməsinə, ev tapşırıqlarının verilməsinə, dərslik və dərs vəsaitlərinin təhsil standartlarına, şagirdlərin səviyyəsinə uyğun olub-olmamasına və s. yer ayrılmalıdır.

Bu il ilk dəfə ümumi orta təhsil səviyyəsində yeni fənn proqramlarının (kurikulumların) tətbiqinə başlanılır. Azərbaycan Respublikasının təhsil naziri 1330 nömrəli, 10 iyul 2012-ci il tarixli əmri ilə ümumtəhsil məktəblərinin 2012-2013-cü dərs ilinə aid tədris planlarını təsdiq etmişdir. Həmin tədris planı həm  "Azərbaycan müəllimi" qəzetində, həm də Təhsil Nazirliyinin edu.gov.az saytında yerləşdirilmişdir. Ümumi təhsilin yeni dərs ilinə aid məzmununu əks etdirən bu tədris planında bütün siniflərdə tədris olunacaq fənlər, onlara ayrılan saatlar öz əksini tapmışdır.

Fənlər üzrə yeni təhsil proqramlarının (kurikulumların) ibtidai təhsil səviyyəsində tətbiqi ilə bağlı əldə olunmuş təcrübələrı nəzərə almış olsaq, bu sahədə xeyli səriştəyə malik olduğumuzu deyə bilərik. Eyni zamanda bu təcrübəyə əsasən, V siniflərdə fənlər üzrə yeni təhsil proqramlarının tətbiqi sahəsində müəllimlərin peşəkarlığının artırılması, onların yeni pedaqoji innovasiyaların tətbiq olunması sahəsində zəruri səriştələrə malik olması, bunun təsdiqi üçün xüsusi kurslardan keçməsi və sertifikat alması zəruridir. Fənlər üzrə yeni təhsil proqramlarının (kurikulumların) tətbiqinə dair səriştəsi olmayan, sertifikat almayan müəllimlərin V siniflərdə dərs deməsinə icazə verilməyəcəkdir.

Ümumiyyətlə, fənlər üzrə təhsil proqramlarının (kurikulumların) özünəməxsusluğunu necə izah etmək lazımdır? Yaxud ənənəviliklə yenilik arasındakı əlaqələr necə şərh olunmalıdır?

Heç şübhəsiz, bu suallar əsasında aparılan müzakirələr müəllimlərin kurslarda qazandıqları bilik və bacarıqları davam və inkişaf etdirməyə yönəldilməli, bir neçə  məsələ  diqqət mərkəzində saxlanılmalıdır.

Birinci, hər bir fənnə elm sahələrini, texnologiyaları, psixologiya, fiziologiya ilə bağlı zəruri məsələləri özündə ehtiva edən inteqrativ  pedaqoji, metodik anlayış kimi baxılmalıdır. Fənnə dair məqsəd və vəzifələrin, onların əhəmiyyətinin izah olunmasında şəxsiyyətin inkişaf etdirilməsi, vətəndaşın formalaşdırılması ön planda dayanmalıdır. Eyni zamanda fənnin reallaşdırılması istiqamətində həyata keçirilən məktəb tədbirlərində müvafiq ardıcıllıq və sistemin gözlənilməsi nəzərə alınmalıdır.

İkinci, hər bir fənnin şagird şəxsiyyətində özünəməxsus keyfiyyətlərin (mədəniyyətlərin) formalaşmasına xidmət göstərməsi və onun prioritet olması, başlıca məqsədə çevrilməsi zəruri tələb kimi qarşıya qoyulmalıdır.

Üçüncü, fənlərin təlimi məzmununun nəticələr şəklində ifadə olunması şagirdlərdə formalaşacaq dəyərləri ifadə edir. Hər bir fənnin məqsədi təhsil proqramında (kurikulumda) konkret olaraq göstərilir. Şagird şəxsiyyətində hansı dəyərlərin formalaşması qeyd edilir. Hər bir təhsil standartında isə zəruri biliklər və fəaliyyətlər əhatə olunur. Standartların reallaşdırılması zamanı müvafiq strategiyalar  müəyyənləşdirilir və nəticələrə çatmaq üçün hər bir müəllim özünün potensial imkanlarına uyğun iş mexanizmini qurur və  həyata keçirir. Müzakirələrdə bu məsələlər də diqqət mərkəzində saxlanılmalıdır.  

Məlum olduğu kimi, respublikamızın ümumtəhsil məktəblərində xarici dil fənninin tədris olunması sahəsində xeyli təcrübə toplanmışdır. Uzun illərdir ki, məktəblərimizdə Avropa və Şərq dilləri öyrənilir. Artıq rus dili də xarici dillərdən biri kimi tədris olunur.  2012-2013-cü dərs ilindən ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilməlidir. "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)" sənədində ümumi orta və tam orta təhsil səviyyələrində tədris olunan fənlərin siyahısına ikinci xarici dil də daxil edilmiş, dövlət səviyyəsində onlara aid standartlar təsdiq olunmuşdur. Həmin standartlara uyğun V-XI siniflər üzrə məzmun standartları hazırlanmış və onların reallaşdırılması məqsədilə tövsiyələr işlənmişdir. Heç şübhəsiz, bölgələrdə ikinci xarici dilin öyrənilməsi üçün təlimata uyğun olaraq müvafiq təşkilati-metodik işlərin aparılmasına ehtiyac vardir.

Ölkəmizdə ikinci xarici dilin öyrənilməsi sahəsində təcrübə olmasa da, xarici dillərin ümumtəhsil məktəbinin V sinfindən başlayaraq tədris edilməsi sahəsində çoxillik təcrübə vardır. Ona görə də V siniflərdən başlayaraq hər hansı seçilmiş xarici dilin tədrisinin təşkili sahəsində əvvəlki illərdən qazanılmış təcrübələrə istinad etməklə onlardan yaradıcı şəkildə bəhrələnmək tövsiyə olunur. Lakin ikinci xarici dilin əsas xarici dillə uzlaşdırılması, onun müəyyən olunmuş qaydalara uyğun tədrisinin təşkili həm pedaqoji səriştə, əldə olunmuş bacarıqlara yaradıcı yanaşmağı, həm də normativ-hüquqi bazanı yaxşı bilməyi, təlimati qaydaların gözlənilməsini tələb edir.

2012-2013-cü dərs ili üçün tədris planlarına dair qeydlərdə göstərildiyi kimi, "ikinci xarici dil 2012-2013-cü dərs ilindən etibarən V (beşinci) siniflərdən başlayaraq tədris olunur". Eyni zamanda qeyd edilir ki, "müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin öyrənilməsindən imtina olunması yolverilməzdir". Xarici dil üzrə müvafiq kadr potensialı olmadıqda "ikinci xarici dilə ayrılan saat əsas xarici dilin öyrənilməsinə, ümumiyyətlə, xarici dil keçilməyən məktəblərdə isə "Texnologiya" fənninin tədrisinə verilir".

Azərbaycanda yaddaş məktəbindən təfəkkür məktəbinə keçilməsi, intellektual bir sistemin yaradılması, ilk növbədə, zəruri resurs bazasının yeniləşdirilməsini, ən başlıcası dərslik və dərs vəsaitlərinin düşüncə müstəvisində olmasını tələb edir. Bu barədə 2005-ci ildə hazırlanmış və təsdiq olunmuş "Ümumi təhsil sistemində dərslik siyasəti" sənədində qeyd olunmuşdur ki, "Dərsliklər ... şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılamalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməlidir..." (Azərbaycan təhsil siyasəti (1998-2005),  II kitab. Bakı, "Təhsil", 2005, səh.32). Yeni dərslik komplektlərinin hazırlanmasında başlıca ideya dərsliklərin intellektual səviyyəsini yüksəltməkdən, onları şagird düşüncəsinin əsasına gətirməkdən ibarətdir. Artıq dörd ildir ki, yeni təhsil proqramlarının (kurikulumların) tələblərinə uyğun olaraq dərslik komplektləri hazırlanır. Bu il də ümumtəhsil məktəbləri üçün 186 adda 3.998.300 nüsxə dərslik və metodik vəsait çap edilmiş və məktəblərin istifadəsinə verilmişdir.

Nəzərə almaq lazımdır ki, hazırki şəraitdə dərsliklər ən etibarlı resurslardan hesab olunsa da, informasiyaların mobilliyi və bolluğu şəraitində yeganə məlumat funksiyasını yerinə yetirə bilmir. İstər-istəməz çevik İKT rejimində özünün qabaqlayıcı funksiyasını itirir. Lakin xüsusi pedaqoji, metodik tələblərə cavab vermək baxımından etibarlı resurs kimi əhəmiyyət daşıyır. Bütün bunlarla yanaşı, dərsliklər respublikanın ümumtəhsil məktəbləri üçün nəzərdə tutulsa da, təlim şəraitinin, maraqların, səviyyələrin, situasiyaların müxtəlifliyi onlardan istifadədə çətinliklər yaradır. Müəllimlər özlərinin tədqiqatçılıq, yaradıcılıq imkanlarına istinad etməklə bu çətinlikləri aradan qaldırmalıdırlar. Onlar özlərinin fəaliyyətlərini planlaşdırmaqda, həyata keçirməkdə sərbəst olduqları kimi, onlardan təhsil strategiyalarına əsasən müəyyənləşdirdikləri təlim məqsədlərinə uyğun istifadə etməkdə də müstəqildirlər.

Dərslik və dərs vəsaitlərindən yaradıcı istifadə olunması texnologiyası dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bizim də respublikamızda qabaqcıl müəllimlərin iş təcrübəsində müşahidə olunmaqdadır. Belə müəllimlər respublikamızın, demək olar ki, bütün regionlarında vardır. Sentyabr konfranslarında  belə müəllimlərin təcrübələri əsasında müzakirələrin aparılması faydalı hesab edilir.

Təcrübələr onu göstərir ki, pedaqoji işçilərimizin, müəllimlərin daha çox müzakirə obyektinə çevirdiyi məsələlərdən biri şagird nailiyyətlərinin qiymətləndirilməsidir. Ümumiyyətlə, qiymətləndirmə cəmiyyətimiz üçün sosial-pedaqoji əhəmiyyət daşımaqla stimullaşdırıcı bir vasitədir. Təhsil müəssisələrində həm də idarəetmə funksiyası daşıyan bir texnologiya kimi, uzun zaman şagirdlərin fəaliyyətinin qiymətləndirilməsi mövcud olmuşdur. Ənənəvi pedaqogikada şagirdlərin biliyinin 5 balla qiymətləndirilməsi ötəri də olsa, müəyyən tələblər şəklində öz əksini tapmışdır. Lakin şagird nailiyyətlərinin qiymətləndirilməsi pedaqoji problem kimi diqqətdən kənarda qalmışdır. Son illərdə müstəqil Azərbaycanın təhsil quruculuğunda qiymətləndirmə pedaqoji problem kimi geniş vüsət almağa başlamışdır. Bu sahədə müəyyən araşdırmaların aparılmasına təşəbbüs göstərilmişdir. Ən başlıcası ölkə miqyasında şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində sistemin yaranmasına başlanılmışdır. İlkin olaraq onun normativ-hüquqi bazasının yaradılması istiqamətində iş aparılmışdır. 2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)"nda şagird nailiyyətlərinin qiymətləndirilməsinin  prinsipləri, növləri, formaları təsbit olunmuş, 2009-cu ildə isə Azərbaycan təhsilinin tarixində ilk dəfə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" hazırlanaraq Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuşdur. Dövlət əhəmiyyəti daşıyan bu sənəddə şagird nailiyyətlərinin qiymətləndirilməsinin fəlsəfəsi, ayrı-ayrı növlərinin mahiyyət və məzmunu, ümumi prosedur qaydaları öz əksini tapmışdır. Bundan əlavə, ayrı-ayrı fənlər üzrə təhsil proqramlarında (kurikulumlarda) qiymətləndirmənin məzmunu (qiymətləndirmə standartları), qiymətləndirmə vasitələrinə aid nümunələr verilmişdir. Qiymətləndirmə fəaliyyətinin ardıcıl və sistemliliyini tənzimləmək üçün "Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları" hazırlanmışdır. Qiymətləndirmənin məzmun, növ və formalarının müəyyənləşdirilməsi istiqamətində bu gün də araşdırmalar aparılır. Daha çox müəllimlərin ehtiyac və tələbatlarının ödənilməsi istiqamətində işlər görülür.

Bütün bu işlərin müzakirə obyektinə çevrilməsi, onların mahiyyət və məzmunu barədə bilik və bacarıqların əldə olunması hazırkı şəraitdə çox aktualdır. Sentyabr konfranslarında şagird nailiyyətlərinin mahiyyət və məzmunu, onların dəyərləndirilməsi üçün prosedur qaydalardan necə istifadə olunması barədə də müzakirələrin təşkil olunması qiymətləndirmə məsələlərinin daha dərindən öyrənilməsi baxımından əhəmiyyət daşıyır. Məktəbdə monitorinqlərin təşkil olunması, diaqnostik, formativ və summativ məktəbdaxili qiymətləndirmə növlərinin praktik olaraq tətbiq edilməsinə dair təcrübə nümunələrinin nümayiş etdirilməsi, onların ətrafında fikir mübadilələrinin aparılması məqsədəmüvafiq hesab edilir.

Məktəbdə resurslara olan ehtiyac, hər zaman olduğu kimi, bu gün də vardır. Yeni konsepsiyanın tətbiqi bu ehtiyacı daha da artırmaqla həm də onun yeni tələblər əsasında hazırlanmasını, eyni zamanda müxtəlif şəraitə uyğun olmasını tələb edir. Bu isə müəllimlərin bilavasitə bu işə qoşulmasını, özlərinin şərait və tələbatlarına uyğun tədris resurslarının hazırlanmasını bir zərurət kimi meydana çıxarır. Nəzərə alınmalıdır ki, tədris və təlim resurslarının ümumi pedaqoji prinsiplərə cavab verməsi vacib şərtdir. Onlar ciddi tədqiqatların nəticəsində müəyyənləşdirilmiş elmi-nəzəri əsaslara söykənməlidirlər. Lakin bir texnoloji vasitə kimi həm də tədris, təlim şəraitinə uyğun qurulmaqla orijinal xarakter daşımalı, istifadə olunduğu situasiyalarda səmərəliliyin təminatçısına çevrilməlidir.

Bunlar aşağıdakı iki faktorun rolu nəzərə alınmaqla müzakirə obyektinə çevrilməli və onların funksiyaları, görəcəyi işlər barədə fikir mübadiləsi aparılmalıdır. Onlardan birincisi məktəbdir. Yeni konsepsiyanın tətbiqi, birinci növbədə, məktəbin fəaliyyətinin təşkilatçılıq və yaradıcılıq istiqamətində artırılmasını tələb edir. Bu gün məktəblər sadəcə tədris, təlim ocaqları olmaqdan əlavə, həm də ölkəmizin təhsil siyasətini həyata keçirməkdə məsul olan müstəqil təhsil müəssisələridir. Onların gələcəkdə daha uğurlu nəticələr əldə etməsi üçün, İslahat Proqramında qeyd olunduğu kimi, "Perspektivdə ictimai-dövlət idarəetmə sisteminə keçilməsi" nəzərdə tutulur. Odur ki, məktəb ümumi pedaqoji prinsiplərə əsaslanmaqla öz işini müstəqil planlaşdırdığı kimi, özünün metodik ehtiyac və tələbatlarını da müəyyən etməli, özünəməxsus resurs bazasının formalaşdırılması istiqamətində fəaliyyətə başlamalıdır. Bir sözlə, məktəbin tədris, təlim fəaliyyəti ilə bağlı vəzifələrinin reallaşdırılması baxımından ona lazım olan orijinal təlim resurslarının yaradılması istiqamətində də sistemli tədbirlər həyata keçirilməlidir.

Yeni vəzifələrə uyğun resursların yaradılması istiqamətində məktəbin fəaliyyət göstərməsində müəllim amili əsas faktorlardan biri kimi xüsusi rola malikdir. Bu gün müəllim sözün həqiqi mənasında sadəcə olaraq müəllim deyil, o həm də alim-psixoloqdur, alim-pedaqoqdur, alim-metodistdir. Müasir müəllim sadəcə formal olaraq təlim məşğələlərini qurmaqla işini tamamlamamalı, o həm də özünün fəaliyyətinə tədqiqatçılıq, yaradıcılıq xarakteri verməli, müəyyən olunmuş dövlət standartlarını (nəticələri) reallaşdırmaq üçün öz imkanlarına uyğun təlim texnologiyaları, müvafiq tədris və qiymətləndirmə resursları hazırlamalıdır. Bu zaman metodbirləşmələrdə planlaşdırılmış əlaqəli, birgə fəaliyyət göstərmək mexanizmi yaradılmalı, bu, müəllim üçün dəstəkləyici pedaqoji mühitə çevrilməlidir.

Müəllim haqqında müxtəlif pedaqoji mülahizələrin olduğu məlumdur. Onun həssaslığını, yüksək insani hisslərə, qnostik keyfiyyətlərə malik olmasını dəyərləndirənlər də vardır. Son zamanlar onun təşkilatçılıq, öyrətmə, perspektiv, kommunikativ, təlqinedici, tədqiqatçılıq, elmi-idraki qabiliyyətlərinin olmasına daha çox üstün yer ayrılır. Əlbəttə, bu keyfiyyətlərin hamısı müəllim üçün lazımdır və onların müəllim hazırlığı prosesində inkişaf etdirilməsi zəruridir.

Lakin nəzərə alınmalıdır ki, yeni təhsil konsepsiyasının - yeni məzmun, yeni texnologiya və qiymətləndirmə sisteminin məktəbə gəlməsi müəllimin bir şəxsiyyət, pedaqoji texnologiyalar sahibi kimi yeniləşməsini tələb edir. İlkin müəllim hazırlığından başlamış pedaqoji fəaliyyətdə olan müəllimlərə qədər hamının yeni təhsil sisteminə aid pedaqoji səriştələrə malik olması müasir tələb kimi meydana çıxır. Doğrudur, bu gün dərs deyən müəllimlərin peşəkarlığının yüksəldilməsi məqsədilə təlim kursları təşkil edilir. Pedaqoji işçilər, müəllimlər həmin kurslardan keçirilir. Artıq son 4 ildə 40 minə qədər təhsil işçisi, müəllim belə kursları başa vurmuşdur. Bu il V siniflərdə yeni fənlər üzrə təhsil proqramlarının  (kurikulumların) tətbiqi ilə bağlı olaraq 35 minə qədər müəllim 10 günlük təlim kurslarından keçmişdir.  Bu tədbirə 500-dən artıq xüsusi hazırlanmış təlimçi-mütəxəssis cəlb edilmişdir. Müəllimlərlə aparılan sorğulardan belə məlum olur ki, onlar bu kurslarda mərhələlərlə davamlı olaraq iştirak etmək istəyirlər. Bu fikirlər müzakirə edilməli, regionlarda, ayrı-ayrı məktəblərdə müəllimlərin ehtiyaclarını yerinə yetirmək üçün müxtəlif xarakterli təlim kursları, pedaqoji mövzularda "dəyirmi masa"lar, müzakirə və konfranslar keçirilməlidir. Məktəblər, qabaqcıl müəllimlər bu işlərin təşkilatçısına çevrilməlidirlər.

Müasir təhsil sisteminin dəyişməsi, yeni xarakter alması həm də sinif-dərs sistemində özünəməxsus dəyişikliklərin baş verməsi ilə müşayiət olunur. Başqa sözlə, təhsilin inkişafında müasir təhsil sistemi üçün sinif-dərs sistemindən istifadədə məhdudiyyətlər, durğunluqlar yaranır. Qeyd olunan  bu məhdudiyyətlər, durğunluqlar dərsin trafaret xarakteri  ilə bağlı olan ənənəvi məzmun və strukturundan irəli gəlir. Bu məzmun və struktur quru və cansıxıcı olduğundan şagirdlərin maraq dairəsinə uyğun gəlmir. Özünün inzibati, monoton təsiri ilə öyrənmə prosesində maneələr yaradır. Şagirdlərin fəallığı, təşəbbüskarlığı minimuma enir. Belə bir şəraitdə şagirdlərin oxumaq istəməməsi, məktəbdən yayınması, yaxud inzibati qaydalarla, təkidlərlə məktəbə cəlb olunması kimi hallar baş verir.

Təbii ki, bunlar bizi düşündürməli, təhsilimizin əsasını təşkil edən dərsin daha maraqlı qurulması istiqamətində təkliflər söyləməyə sövq etməlidir. Standart dərslərin yaratdığı yorğunluq xofunun, problemlərin həllinə yönəldilmiş qeyri-standart, fəal, yaxud konstruktiv dərs modellərindən istifadə olunmasının müsbət və ya mənfi tərəfləri barədə müzakirələr keçirilməli, təkliflər verilməlidir. Müxtəlif improvizələrdən, pedaqoji yanaşmalardan istifadə etməklə dərslərini şagirdlər üçün sehrli aləmə çevirə bilən müəllimlərin fikirləri dinlənilməli, təcrübələri müzakirə obyektinə çevrilməlidir.

Bugünkü təhsil quruculuğu işimizdə başlıca istiqamətlərdən biri öz istedadları ilə fərqlənən uşaqların  aşkara çıxarılması və onların inkişaf etdirilməsi üçün müvafiq iş sisteminin qurulmasıdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" əsasında həyata keçirilmiş tədbirlər belə bir iş sisteminin formalaşması üçün şərait yaratmışdır. Respublikamızda istedadlı uşaqların təhsil alması, inkişaf etməsi üçün 12 lisey və gimnaziya, 36 ümumtəhsil məktəbində 60-a yaxın lisey sinifləri açılmışdır. Eyni zamanda şagirdlərin bacarıq və qabiliyyətlərini inkişaf etdirmələri üçün "Kiçik akademiya"lar yaradılmışdır. Fəxr olunmalı haldır ki, 1998-2011-ci illər arasında Azərbaycan məktəbliləri dünya fənn olimpiadalarında 18 qızıl, 38 gümüş, 71 bürünc medal almışlar.

Biz bu faktlara istinad etməklə şagirdlərin öyrənməyə həvəsini daha da artıra, ardıcıl və sistemli müşahidələrin nəticəsi kimi istedadı olan uşaqlarımızı seçə və onların inkişaf etdirilməsi istiqamətində mütəmadi iş apara bilərik. Bu, təhsil sistemində çalışan hər  kəsin vəzifəsi olmalıdır.

Bu gün təhsilimizin gündəmdə olan ən prioritet problemlərindən biri onun idarə olunmasıdır. Müasir şəraitdə keyfiyyətin idarə olunması kimi vurğulanan bu texnologiya aktual olduğu qədər də araşdırma tələb edən bir məsələdir. Mahiyyət etibarı ilə keyfiyyətin idarə olunması, təbii olaraq, inzibati amirlik üsulunu sıradan çıxarır, təhsildə demokratik idarəetmənin təminatçısına çevrilir.

Müzakirələrdə keyfiyyətin idarə olunmasından danışarkən "Ümumi təhsil pilləsinin  dövlət standartı və proqramları (kurikulumları)" sənədinin 3-cü bölümündəki müddəalara müraciət olunması tövsiyə edilir. Oradakı müddəalardan birində göstərilir ki, "Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir". İnkişafın monitorinqinin mahiyyəti açıqlanarkən qeyd olunur ki, "İnkişafın monitorinqi mövcud idarəetmə sisteminin məqsədyönlülük səviyyəsini aşkara çıxarmaq və irəliləyişlərin dinamikasını müəyyən etməklə planlaşdırma və icra sistemində zəruri dəyişikliklər ardıcıllığını təmin edir". Bu yanaşma tərzi tam mənasında keyfiyyətin idarə olunmasıdır. Ona görə də ümumtəhsil məktəblərində keyfiyyətin idarə olunmasını reallaşdırmaq üçün hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsiplərinin həyata keçirilməsi imkanlarını götür-qoy etmək, təcrübə mübadiləsi aparmaq konfranslarda müzakirə obyektinə çevrilməlidir.

Müasir zamanda məktəb-valideyn əlaqələri ənənəvi qaydalarla davam edə bilməz. Təhsil üçbucağında valideynin məsuliyyəti daha da artır. O, özünün seyrçi mövqeyindən təhsil prosesinin fəal üzvünə çevrilir. İnformasiyaların artdığı, məktəbdə fəallığın çoxaldığı bir zamanda şagirdlərin öyrənmə prosesində valideynin iştirak etməsi, onun bu prosesə dəstək olması zəruri bir tələb kimi meydana çıxır. Ona görə də məktəb özünün maarifləndirmə missiyasını daha fəal həyata keçirməklə valideynlərin ümumi səviyyəsini yüksəltməyə, bununla onların valideyn maraqlarının güclənməsinə səbəb olmalıdır. Başqa sözlə, təhsildə gedən dəyişikliklərin milli və bəşəri zəmində olması, uşaqların əqli keyfiyyətlərinin inkişaf etdirilərək dünyanın intellektual səviyyəsinə çatdırılması barədə maraqlı tərəf olan valideynlərə vaxtaşırı məlumatlar verilməli, onlarla mütəmadi söhbətlər aparılmalıdır.

Konfranslarda müzakirə obyektinə çevrilməli məsələlərdən biri də məktəbəqədər təhsillə bağlı olmalıdır. "Təhsil haqqında" Azərbaycan Respublikasının qanununda məktəbəqədər təhsil təhsilin ilk pilləsi kimi təsbit olunur və onun müvafiq təhsil proqramı (kurikulumu) əsasında həyata keçirildiyi qeyd edilir. Nəzərə alınmalıdır ki, təhsil haqqında qanundan irəli gələn vəzifə kimi "Məktəbəqədər təhsil proqramı (kurikulumu)", o cümlədən ölkəmizin tarixində ilk dəfə olaraq məktəbəqədər təhsil standartları hazırlanmışdır. Məktəbəqədər təhsilin məzmununu ifadə edən həmin standartlar ölkə miqyasında təsdiq edilərək qəbul olunmuşdur. Eləcə də məktəbəqədər təhsil strategiyaları və qiymətləndirmə mexanizmləri müəyyən edilmişdir. Artıq hazırlanmış yeni sistemin tətbiq olunması üçün bir sıra tədbirlər həyata keçirilir. Yeni sistemin mahiyyət və məzmununu əhatə edən təlim kursları üçün proqram hazırlanır, təlim kurslarının təşkili və həyata keçirilməsi, pilot müəssisələrinin müəyyən olunması istiqamətində tədbirlər görülür. Bu yenilikləri öyrənmək, gələcəkdə onların tətbiq olunması üçün hazırlıq işləri aparmaq hər bir məktəbəqədər təhsil müəssisəsinin təxirəsalınmaz vəzifəsi hesab edilməli və sentyabr konfranslarının müzakirə obyektinə çevrilməlidir.

Heç şübhəsiz, sentyabr konfransları yüksək pedaqoji şura kimi təhsil həyatımızda birillik fəaliyyətimizin, demək olar ki, bütün məsələlərini əhatə etməklə istiqamətverici rol oynayacaqdır. Onun təşkilində və keçirilməsində Azərbaycan Respublikası təhsil nazirinin "Təhsil işçilərinin 2012-ci il sentyabr konfranslarının keçirilməsi haqqında" 1451 nömrəli, 22.08.2012-ci il tarixli əmri rəhbər tutulacaq, həmin əmrdən irəli gələn vəzifələrə uyğun olaraq  geniş müzakirələr aparılacaq, təkliflər hazırlanacaq və Təhsil Problemləri İnstitutuna göndəriləcəkdir. 

Abdulla MEHRABOV,
Təhsil Problemləri İnstitutunun direktoru, professor,

Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini, dosent

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov