Dahi
ingilis fiziki Uilyam Lourens Breqq Nobel mükafatları
tarixində bu ali elmi mükafata layiq görülmüş ən gənc
alim hesab olunur. O, London Kral Cəmiyyətinin sədri
(1911), Mançester Universitetinin professoru (1919-37-ci
illər), Milli Fizika laboratoriyasının direktoru
(1937-1938-ci illər), məşhur Kavendiş laboratoriyasının
professoru və direktoru (1938-1958-ci illər), Kral
İnstitutunun direktoru olub. Kavendiş laboratoriyasında
məhz onun rəhbərlik etdiyi dövrdə - 1953-cü ilin
fevralında Ceyms Uotson, F.Krik və R.Franklin tərəfindən
DNK strukturu kəşf olunub. O, Con Bernal, Laynus
Polinqlə birlikdə zülalların struktur analizinin əsasını
qoyub. Onun elmi fəaliyyəti rentgen şüalarının
difraksiyası nəzəriyyəsi, rentgen quruluş analizi,
metallurgiya, metal və ərintilərdə polimorfizm və fəza
keçidləri məsələlərinə, zülalların kimyası, fizikanın
tarixi məsələlərinə həsr olunub. O, ABŞ, Fransa, İsveç,
Çin, Niderland, Belçika elmlər akademiyalarının həqiqi
üzvü seçilib.
Uşaqlıq illəri
Uilyam Lourens Breqq 1890-cı il martın 31-də
Avstraliyanın Şimali Adelaida vilayətində doğulub. O
uşaqlıqdan hər şeyə diqqət kəsilib və elmə maraq
göstərib. Onun atası Uilyam Henri Breqq Adelaida
Universitetində riyaziyyat və fizika professoru olub.
Atası uşaq yaşlarından onda elmə maraq oyada bilib. 5
yaşında ibtidai məktəbə gedən Lourens velosipeddən
yıxılaraq qolu sınıb. Onun atası, Vilhem Rentgenin
eksperimentlərindən tələbələrə mühazirələr oxuyan
professor Uilyam Breqq bir qədər əvvəl kəşf olunmuş
rentgen şüalarından istifadə edərək yaratdığı cihaz
vasitəsi ilə oğlunun sınmış qolunun diaqnozunu qoyub.
Bu, Avstraliyada rentgen şüalarının cərrahiyyə
məqsədlərində ilk tətbiqi idi. Breqq çox qabiliyyətli
tələbə olub. 1904-cü ildə Müqəddəs Pyotr Kollecində
təhsilə başlayan Lourens 14 yaşında Adelaida
Universitetinə daxil olub. Riyaziyyat və fizikanı əla
qiymətlərlə oxuyan Uilyam universiteti 3 ilə başa vurub.
1904-cü ildə onun atası Lids Universitetində işləmək
təklifi alır və ailə İngiltərəyə köçür. Lourens 1909-cu
ildə Kembricdə Triniti Kollecinə daxil olub. Gənc
Lourens ağciyərin soyuqdəyməsindən yataqda ola-ola
imtahan verib və riyaziyyat fənnini öyrənmək üçün
təqaüdə layiq görülüb. Təhsilinin ilk illərində
riyaziyyatı mükəmməl surətdə mənimsəyən Breqq sonrakı
dövrdə fizikanı öyrənib və universiteti 1911-ci ildə
başa vurub. Atası universitet tələbəsi olan oğluna
radioaktivliyi və rentgen şüalarını tədqiq etməyi
məsləhət görüb. Tez-tez ata və oğul arasında fizikanın
aktual problemlərinə dair qızğın mübahisələr,
diskussiyalar davam edib.
İlk məşhurluq
Gənc
Breqqə ilk və daha böyük məşhurluğu qazandıran onun
kristallarda rentgen şüalarının difraksiyası hadisəsini
(Breqq qanununu) kəşf etməsi olub. Breqq qanunu
kristallarda rentgen şüalarının keçdiyi yolda əmələ
gələn difraksiya mənzərələrində atomların yerləşməsini
qiymətləndirməyə imkan verirdi.
Breqqin rentgen difraksiyanın köməyi ilə ilk dəfə tədqiq
etdiyi maddə natrium-xlorid, daha sadə dildə desək, adi
xörək duzu idi. 1913-cü ildə maddələrin atom nəzəriyyəsi
artıq öz təsdiqini tapmışdı və belə hesab olunurdu ki,
kimyəvi maddələr müxtəlif elementlərin atomlarından
təşkil olunmuş molekullardan ibarətdir. Məsələn, hesab
olunurdu ki, natrium-xlorid natrium və xlor atomlarından
ibarətdir. Breqqin tədqiqatları isə göstərmişdi ki,
natrium-xlorid kristalları molekullardan deyil, müəyyən
şəkildə düzülmüş natrium və xlor ionlarından ibarətdir.
Kristalda natrium-xlorid molekulu yoxdur. Beləliklə də
ilk dəfə olaraq molekul (kristalları molekullardan
ibarət) və ion (kristalları ionlardan ibarət)
birləşmələri arasında fərq müəyyən olunmuşdu. Bu kəşfin
alimlər üçün çox böyük əhəmiyyəti var idi və
tədqiqatçılara məhlulların vəziyyətini daha yaxşı
anlamağa imkan verirdi. O bu kəşfi 1912-ci ildə,
Kembric Universitetində tələbə-tədqiqatçı kimi
fəaliyyətinin ilk ilində etdi. Lourens öz ideyasını
Linds Universitetində rentgen spektrometr qurğusunu
hazırlamış atası ilə müzakirə edib. Bu qurğu böyük
miqdarda kristalları təhlil etməyə imkan verirdi. Ata və
oğulun əməkdaşlığı bir çox insanlarda belə bir təəssürat
yaradırdı ki, tədqiqatların təşəbbüskarı Lourensin
atasıdır. Bu cür yanaşma gənc Lourensi bir qədər pərt
edirdi. Breqqin tədqiqatları birinci və ikinci dünya
müharibələri illərində təxirə salınıb. Hər iki müharibə
dövründə Breqq düşmən toplarının səs vasitəsi ilə
müəyyən olunması metodu üzərində işləyib.
Nobel mükafatını atası ilə bölüşüb
Beləliklə
də məhz Lourens Breqq ilk dəfə kristal strukturların
öyrənilməsinə cəhd edib və bu zaman onun 22 yaşı var
idi. Tezliklə onun atası da kristal strukturların
öyrənilməsinə maraq göstərməyə başlayıb. O bundan ötrü
xüsusi cihaz - spektrometr yaratmışdı. İlkin tədqiqat
materialı kimi NaCl, KCl KBr, almaz, ZnS (sfalerit)
seçilmişdi. "X şüalarının spektrometri yeni dünya açdı.
O, kristal strukturların analizində Laue
fotoqrafiyasından daha güclü vasitə oldu. Bu mərhələdə
atam və mən bütün qüvvələrimizi birləşdirərək 1913-cü
ilin bütün yayını həvəslə işlədik. Bu, olduqca
məftunedici vaxt idi, biz hər gün gecə yarısına kimi
işləyir, sükuta qərq olmuş laboratoriyamızda qarşımızda
açılan yeni dünyanı öyrənirdik",-deyə sonralar Lourens
Breqq xatırlayırdı. 1915-ci ildə ata və oğulun
rentgenstruktur analizə həsr olunmuş ilk monoqrafiyası
işıq üzü görüb. Tədqiqat materialında 33 maddənin
quruluşu təsvir olunmuşdu. Elə həmin il Lourens Breqq 25
yaşında Nobel mükafına layiq görülmüş ən gənc alim
olmasına dair xəbər alıb. O, rentgen şüalarının köməyi
ilə kristalların tədqiqi sahəsində xidmətlərinə görə bu
yüksək elmi mükafata layiq görülmüşdü. Lourens Breqq həm
də Nobel mükafatı tarixində ilk dəfə olaraq ali mükafatı
öz atası ilə bölüşmüş alim hesab olunur. 1915-ci ildə
Avropada Birinci Dünya müharbəsi davam etdiyindən
Lourens Breqqə onun adını tarixə yazdırmış ali mükafat
yalnız 1922-ci ildə təqdim olunmuşdu.
Tezliklə kristal strukturların müəyyən olunmasına
dünyanın bir çox ölkələrindən olan böyük tədqiqatçı
qruplar cəlb olunub. Lakin ata və oğul Breqqlər
rentgenstruktur analizin baniləri kimi uzun illər
ərzində bu mühüm elmi istiqamətin liderləri hesab
olunublar. Onlar London Kral İnstitutunda üzvü
kristalların quruluşunu öyrənən tədqiqat qrupuna
rəhbərlik ediblər. 1953-1966-cı illər ərzində Kral
İnstitutuna Lourens Breqq rəhbərlik edib. Kristalların
quruluşuna dair təhlil materialları 1920-ci ildə Lourens
Breqqə atom radiuslarının ilk cədvəlini yaratmağa imkan
verib. Bu cədvəl sonradan alman alimi Viktor Qoldşmidt
və XX əsrin dahi alimi Laynus Polinq tərəfindən yenidən
gözdən keçirilib. Məhz bu tədqiqat işi yeni elmin -
kristalloqrafiyanın əsasını qoyub.
20-ci
illərin sonlarında Mançester Universitetində Lourens
Breqq və onun tələbələri silikatların strukturlarının
müəyyən olunması üzrə klassik işləri həyata keçiriblər.
Bu strukturların tədqiqi kristalloqrafiyada və
rentgenstruktur analizi sahəsində əsl zəfər idi.
Silikatlar qeyri-üzvü kimyəvi birləşmələrin çox
əhəmiyyətli sinfini təşkil edir. Onlar Yer qabığının
əsasını təşkil edir və texnikada geniş tətbiq olunurlar.
Təbiidir ki, bir çox kimyaçılar silikatların
strukturunun öyrənilməsinə cəhd etmişdilər, lakin bütün
cəhdlər səhv nəticələr vermişdi. Breqqin inkişaf
etdirdiyi konsepsiyaya müvafiq olaraq isə silikatların
rəngarəngliyi SiO4 və ALO4
tetraederlərinin müxtəlif cür birləşmə üsulları ilə izah
olunur. Bu konsepsiya kimya və geokimyanın müxtəlif
sahələrinin əsasını təşkil edir.
Elm təşkilatçısı
Lourens Breqq 1938-ci ildə məşhur Ernest Rezervordun
vəfatından bir il sonra XX əsrin əvvəllərində dünyanın
ən böyük elm mərkəzi hesab olunan Kavendiş
laboratoriyasına rəhbərlik etməyə başlayıb. Rezervordun
vəfatından sonra bu mərkəz dağılma ərəfəsində idi.
Rezervordun iki ən istedadlı tələbəsi P.Blekett və
C.Çedvik (Nobel mükafatı laureatları) laboratoriyanı
tərk etmişdilər. Onlar digər universitetlərin müvafiq
kafedralarında yer almışdılar və öz elmi məktəblərini
yaratmışdılar. Breqq Rezervorddan sonra mərkəzdə qalan
alimləri laboratoriyada saxlamaq və Kavendişin şöhrətini
bərpa etmək üçün hər hansı təşəbbüsdə bulunmadı. O,
Kavendişdəki kabinetində oturar və tez-tez bu sözləri
təkrar etməyi sevərdi: "Biz bütün dünyaya nüvə fizikası
ilə necə məşğul olmağı həvəslə öyrətdik. İndi isə gəlin,
dünyaya göstərək ki, yeni mövzu üzərində necə işləmək
lazımdır". Kembric Universitetinin tələbəsi, sonralar
tanınmış nəzəri fizika alimi olan F.Dayson Breqqin elmi
təşkilatçılıq istedadını araşdırıb. O, Breqqin ilk
baxışdan fəlakətli görünən vəziyyətdən necə məharətlə
çıxmasını təhlil edib. F.Dayson belə bir nəticəyə gəlib
ki, dahi ingilis alimi daim aşağıdakı 3 qadağa
qaydasına əməl etməklə böhranlı vəziyyətdən çıxa bilib:
-
Keçmiş şöhrəti bərpa etməyə dəyməz.
-Hər hansı mövzu üzərində təkcə onun dəbdə olduğuna görə
işləməyə dəyməz.
-Nəzəriyyəçilərin yüksək təkəbbürlülüyünə və istehzasına
məhəl qoymağa dəyməz.
Çox maraqlı faktdır ki, Uilyam Breqq Kavendiş
laboratoriyasını onun şöhrətinin gur çağında tərk edib.
Öz sələfi məşhur Ernest Rezervorddan fərqli olaraq
Breqq özündən sonra elmi mərkəzi dağılmağa qoymayıb.
Əksinə, Breqqdən sonra Kavendiş laboratoriyasının elm
kollektivi xarici rəqabətin (Amerika) artmasına
baxmayaraq, molekulyar biologiya və radioastronomiyanı
inkişaf etdirib.
Tələbələri ilə öyünən xoşbəxt alim
Lourens Breqqin elm sahəsində şəxsi xidmətləri nə qədər
böyükdürsə, onun bilavasitə yaratdığı və rəhbərlik
etdiyi elmi tədqiqat qruplarının əldə etdiyi nəticələr
də kifayət qədər dəyərlidir. Breqq öz dövründə görkəmli
elmi təşkilatçısı, nəhəng elmi potensiala malik, geniş
elmi dünyagörüşlü tədqiqatçı kimi tanınıb. İkinci Dünya
müharibəsinin başa çatmasından sonra Lourens Kembricə
qayıdıb. O, Kavendiş laboratoriyasını tədqiqat
qruplarına bölüb. L.Breqq hesab edirdi ki, ideal
tədqiqatçı vahidi 6-12 alim və bir neçə assistentdən
ibarət qrupdur. 1948-ci ildə Breqq zülalların
quruluşuna maraq göstərib. Bioloji problemlərin
tədqiqində fiziki metodları tətbiq edən qrupun
yaradılmasında qismən onun da əməyi vardı. O, 1953-cü
ildə DNK strukturunun kəşfində aparıcı rol oynamışdı.
Onun başlıca xidməti isə rəhbərliyi altında Kavendiş
laboratoriyasında işləyən Ceyms Uotson və Frensis Krikə
hərtərəfli dəstək göstərməsində idi. Breqq bir alim kimi
xoşbəxt idi və tələbələri ilə fəxr edirdi. Onun 40 il
əvvəl hazırladığı metod tələbələrinə DNK molekulunun
strukturunu açmağa imkan vermişdi. Elə həmin vaxtlarda
Breqqin daha bir tələbəsi Maks Peruts hemoqlobinin
strukturuna dair tədqiqatlar aparıb və tezliklə bu iş də
Nobel mükafatına layiq görülüb. Breqq sistematik olaraq
DNK molekulunu kəşf etdiklərinə görə Krik və Uotsonun
Nobel mükafatına təqdim olunmasını təbliğ edirdi.
Nəticədə, 1962-ci ildə Krik və Uotson fiziologiya və
tibb sahəsində Nobel mükafatına layiq görüldülər.
1953-cü ilin aprelində Breqq Londonda Kral Cəmiyyətinin
daimi professoru vəzifəsinə təklif alır. O belə bir
təklif irəli sürür ki, cəmiyyət ictimai iş aparmalıdır.
O, məktəblilər üçün eksperimentlərdən ibarət bir sıra
mühazirələr təşkil edib. Onun ideyası böyük ruh
yüksəkliyi ilə qəbul olundu və 1965-ci ildə 20000
məktəbli hər il bu mühazirələrdə iştirak edib. O, Kral
Cəmiyyətində 1966-cı ilin sentyabrında təqaüdə çıxana
qədər işləyib.
O, özünü kimyaçı hesab etmirdi
Bu
unikal insanın elmi maraqları və nailiyyətləri həqiqətən
heyrətləndiricidir. Silikatlar, metallar, zülallar... Bu
cür müxtəlif təbiətli kimyəvi maddələrin hər biri
özünəməxsus struktur keyfiyyətləri ilə fərqlənirlər.
Onların strukturunu dəqiq bilmək isə müasir kimyanın
başlıca vəzifəsidir. Uilyam Lourens Breqqi çox haqlı
olaraq bu elmin yaradıcılarından biri hesab etmək olar.
Bundan əlavə, Breqq kristalloqrafiyanın -
rentgenstruktur analizi əsasında maddələrin quruluşunu
öyrənən elmin əsasını qoyanlardan biri hesab olunur.
Breqq elmi işlərinin heç birində "kristalloqrafiya"
termini işlətməyib. O, özünü kimyaçı hesab etmirdi.
Əksinə, tez-tez özünün XX əsr fiziklərinin şöhrətli
dəstəsinə mənsub olduğunu qeyd edirdi. Şübhəsiz ki,
onun belə düşünmək üçün əsası var idi. Fizika sahəsində
Nobel mükafatı maddələrin öyrənilməsində çox güclü
fiziki metodlardan birinin yaradıldığını qeyd edirdi.
Lakin fiziki metodlar vasitəsi ilə silikatlar və
zülallar sahəsində əldə olunan nəticələr öz mahiyyətinə
görə daha çox kimyəvi təsir bağışlayır. Breqq özünün
məşhur "Molekullar-nəhənglər" məqaləsində ilk olaraq
silikatların quruluşunu təsvir etmişdi. Müasir kimyanı
isə bu məlumatlarsız təsəvvür etmək olmaz. Lourens
Breqqlə hesablaşmaq olar. O, əlbəttə ki, öz atası kimi
fizik idi. Lakin o, eyni zamanda həm də kimyaçıdır, özü
də məşhur kimyaçı. Rentgenstruktur analiz metodunun
yaradılması və 30-cu illərin ortalarında silikatlar
kristalloqrafiyasının inkişafı Lourens Breqqə dünya
şöhrəti qazandırdı. Alim mineralogiya sahəsində əsl
inqilabi çevriliş etmişdi. O, bütün dünyada
kristalloqraflar və kristallokimyaçılar arasında
mübaliğəsiz lider idi. 1948-ci ildə onun təşəbbüsü ilə
kristalloqrafların Beynəlxalq Birliyi yaradıldı və bu
cəmiyyət indi də dünyanın ən iri elmi cəmiyyətlərindən
biridir. Lourens Breqq cəmiyyətin ilk prezidenti
seçildi. Lakin irəlidə Breqqi uzun şöhrətli yol
gözləyirdi. O, parlaq istedadı və fədakar əməyi
sayəsində ciddi elmi uğurlar qazandı. L.Breqq metalların
və ərintilərin kristalloqrafiyası sahəsində çoxsaylı
tədqiqatlar apardı və sonra Kembricdən Londona köçərək
təbiətşünaslıq tarixində ən parlaq səhifələrdən hesab
olunan zülalların strukturunun öyrənilməsi sahəsində
işlərdə fəal iştirak etdi.
Parlaq istedadlı pedaqoq
Uilyam Lourens Breqq parlaq pedaqoq, elmi
populyarlaşdıran çox istedadlı alim idi. 1954-cü ildən
1966-cı ilə kimi (Kral İnstitutunun direktoru
vəzifəsindən istefa verənə qədər) Breqq elmi təhsil
məsələləri ilə geniş məşğul olub və tez-tez
qeyri-peşəkar auditoriyaya, xüsusən də məktəblilərə
müraciət edib. Onlara həqiqət axtarışının necə də gözəl
və cəlbedici olmasından danışıb. Populyar və istedadlı
natiq televiziyalarda mühazirələrlə çıxış etməyə dəvət
olunub. O, istefaya çıxdıqdan sonra da mühazirələrlə
çıxış etməkdə davam edib və hətta elmi məqalələr yazıb.
O, elmi tədqiqatların təşkili problemi ilə məşğul
olurdu. Bu mövzuda yazdığı məqalələrinin birində Breqq
qeyd edirdi ki, alimləri 4 tipə bölmək olar:
mütəfəkkirlər - onlar hadisələrə yeni baxış tapır
(Nyuton, Bor və başqaları), ilk kəşfedənlər - əvvəllər
məlum olmayan hadisələri kəşf edənlər (məsələn,
Rentgen), ovçular - "həqiqəti duyanlar" (Faradey,
Rezervord) və konstruktorlar - elmi tədqiqatlarda
tamamilə yeni yol açan cihazların yaradılması (məsələn,
Vilson). Breqqi bu təsnifatda həm mütəfəkkir, həm
konstruktor, həm də ovçu hesab etmək olar. O, yalnız
konstruktorluğa iddia etmirdi. O bu məsələdə rentgen
difraktometri cihazını yaratmış atası ilə rəqabət
aparmaq istəmirdi.
Qeyri-adi bağban
1941-ci ildə İngiltərə kralı tərəfindən zadəgan tituluna
layiq görülən Lourens Breqq riyaziyyat və fizikadan
əlavə, ədəbiyyat, rəssamlıqla maraqlanıb. Alim elmin
müxtəlif sahələrinə diqqət yetirib və problemli
məsələləri üzə çıxara və tələbələrini bu problemləri
öyrənməyə səfərbər edə bilib. Elmin müxtəlif sahələrində
eyni dərəcədə məlumatlı olan alim xüsusən də
bağbançılığa xüsusi diqqət yetirirdi. O bu maraqlarını
ömrünün sonlarına kimi qoruyub. İngiltərəyə köçdükdən
sonra Lourens üçün çatışmayan bir şey var idisə, bu da
bağ idi. Gənc alim universitetdə müəllimlikdən əlavə,
özünə yarımstavka bağban kimi pul qazanırdı. Bağ sahibi
isə onun bağında səliqə-sahman yaradan bu gəncin məşhur,
ən gənc nobelçi alim olduğunu eşidəndə heyrətdən
donmuşdu. Onun tanışlarından biri bağ sahibinə bu
qeyri-adi bağban barədə xəbər vermişdi. O, 1921-ci ildə
Elis Xopkinsklə ailə qurub. Onların 2 oğlu və iki qızı
doğulub. XX əsrin ən gənc Nobel mükafatı laureatı
1971-ci il iyulun 1-də vəfat edib.
Hazırladı: Oruc MUSTAFAYEV |