Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

7 Sentyabr 2012 - №35

 

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Səbail rayonundakı 49 nömrəli "İntellekt" məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakının Səbail rayonundakı 49 nömrəli "İntellekt" məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmiri və yenidən qurulması işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata keçirilir. Proqram üzrə Bakı şəhərində məktəblərin əsaslı təmir və bərpa işləri davam etdirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan mövcud məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris korpuslarının, idman və akt zallarının, yeməkxana binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi də həyata keçirilir.

Prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı 49 nömrəli "İntellekt" məktəb-liseyində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış oldu.

Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Dövlət Proqramına uyğun olaraq məktəbin təmirinə 2012-ci ilin mayında başlanılıb. Ümumi sahəsi 5700 kvadratmetr olan üçmərtəbəli məktəb binasının 51 sinif və yardımçı otaqları, idman və akt zalları, dəhlizlər, sanitariya qovşaqları tam təmir edilmiş, üç kompüter sinfi yaradılmış, təhsil ocağının həyətində 1500 kvadratmetr sahəyə asfalt örtüyü döşənmiş, binanın əvvəlki dam örtüyü təzələnmiş, pilləkən və tutacaqlar yenilənmiş, foyeyə tamet daşlar düzülmüş, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilmişdir. Məktəbin foyesində və sinif otaqlarında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin fotoları və milli dövlət atributları asılmışdır.

Dövlətimizin başçısı sinif otaqlarında yaradılan şəraitlə yaxından tanış oldu.

Ətraf ərazilərdə əhalinin sayının artması ilə əlaqədar tələbat nəzərə alınaraq məktəbdə 36 əlavə sinif otağından ibarət 660 şagird yerlik üçmərtəbəli yeni tədris korpusu da inşa olunmuşdur.

Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, yeni korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılmışdır. Yeni korpusdakı sinif otaqlarında da təhsil üçün müasir şərait yaradılmışdır. Korpusun mansardında ibtidai sinif şagirdləri üçün idman və İnternet şəbəkəsinə qoşulmuş müasir kompüter zalları fəaliyyət göstərəcəkdir. Kompüter zalı şagirdlərin informatika sahəsində biliklərinin artırılması üçün digər vəsaitlərlə də təmin olunmuşdur. Məktəbin həyəti və ətraf ərazi abadlaşdırılmış, yaşıllaşdırma işləri görülmüşdür. Həyətyanı sahədə yeni qazanxana tikilərək müasir istilik avadanlığı ilə təchiz olunmuşdur. Tədris korpusunun istiliklə təminatı tam həll edilmiş, su, işıq və kanalizasiya xətləri çəkilmiş, məktəbin içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülmüşdür.

***

Sonra Prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış oldu.

Dövlətimizin başçısı burada da məktəbin təmirdən əvvəlki və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks etdirən fotostendə baxdı.

Görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 21 nömrəli məktəbin əvvəlki binası 1953-cü ildə inşa edilib, ilk vaxtlar 7 illik, 1958-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərib. Məktəbdə 920 şagird təhsil alır, 85 müəllim pedaqoji fəaliyyətlə məşğul olur.

Dövlət Proqramına uyğun olaraq 21 nömrəli tam orta məktəbin əsaslı təmiri və şagird sıxlığının aradan qaldırılması məqsədi ilə 16 əlavə sinif otağının tikintisi yüksək səviyyədə həyata keçirilib. Məktəbin 25 sinif otağı, o cümlədən fizika, kimya, biologiya, informatika kabinetləri və laboratoriyalar müasir avadanlıq və informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin edilmişdir.

Prezident İlham Əliyev məktəbin ayrı-ayrı sinif otaqlarında, kabinetlərdə və laboratoriyalarda yaradılan şəraitlə yaxından tanış oldu.

Təhsil ocağının girişi və hasarı yenidən qurulmuş, döşəmə, tavan, qapı və pəncərələr ən müasir və keyfiyyətli inşaat materialları ilə işlənmişdir. Ərazi abadlaşdırılmış, 1339 kvadratmetr sahədə yeni yaşıllıq zolaqları salınmış, 1000 kvadratmetr sahəyə asfalt örtüyü, 1000 kvadratmetr sahəyə isə tamet döşənmişdir. Sanitariya qovşaqları, enerji, istilik, su sistemləri tamamilə yenidən qurulmuşdur. Məktəbin həyətində içməli su və yanğın təhlükəsizliyi ehtiyatı üçün hər birinin tutumu 100 ton olan su anbarları tikilmişdir. Məktəbdə 20 Yanvar şəhidi Eldar Məmmədovun büstü bərpa olunmuş, təhsil ocağının girişində onun guşəsi yaradılmışdır. Hazırda məktəbin əlavə tədris korpusunun, idman və iclas zalının, yeməkxananın, emalatxananın tikintisi, idman meydançasının yaradılması ilə bağlı işlər davam etdirilir.

Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov