Sentyabrın
12-də Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri
Leyla xanım Əliyeva qurumun Həştərxan bölməsinin üzvləri
ilə görüşmüşdür.
Əvvəlcə Leyla Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü
və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı
təmir edilmiş məktəbin binası ilə tanış olmuşdur.
Yenidənqurma işləri zamanı iki yeni korpus tikilmiş,
yeni mebel gətirilmiş, sinif otaqları ən müasir
avadanlıqla təchiz edilmişdir.
Leyla Əliyeva sinif otaqlarını gözdən keçirərək,
şagirdlər üçün yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, hazırda məktəbdə 650 şagird təhsil
alır. Bu şagirdlərin 32-si azərbaycanlıdır. Məktəbdə 20
sinif otağı vardır. Burada 42 müəllim işləyir.
Leyla xanım Əliyeva görüşdə çıxış edərək bildirmişdir
ki, RAGT-nin Həştərxan bölməsi ən fəal regional
bölmələrdən biridir. O vurğulamışdır ki, RAGT
Həştərxanda çoxlu layihə, o cümlədən təhsil sahəsində
layihələr həyata keçirmişdir. Leyla xanım Əliyeva
demişdir: "RAGT, demək olar, beş ildir mövcuddur.
Məqsədimiz Rusiyada yaşayan azərbaycanlı gəncləri bir
araya gətirməkdir. Bu gün RAGT-nin 60-dan çox regional
bölməsi vardır".
RAGT-nin regional bölmələrinin Azərbaycanın milli
bayramlarını qeyd etdiklərini, ölkəmizin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki
ədalətli mövqeyini təbliğ etdiklərini, respublikamızın
həqiqətlərini yaydıqlarını bildirən Leyla xanım Əliyeva
vurğulamışdır: "Biz inanırıq ki, münaqişə tezliklə öz
ədalətli həllini tapacaqdır, bütün qaçqınlar və məcburi
köçkünlər öz torpaqlarına qayıdacaqlar".
RAGT-nin sədri qeyd etmişdir ki, Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Azərbaycanda "IDEA" adlı beynəlxalq
kampaniya başlanmışdır. Ötən dövrdə bu kampaniya
çərçivəsində çoxlu maraqlı layihə həyata keçirilmiş,
təxminən 60 min ağac əkilmiş, konfranslar, seminarlar
keçirilmişdir. Çıxışının sonunda Leyla Əliyeva demişdir:
"Mən sizi bu hərəkata fəal qoşulmağa və öz
təkliflərinizi bölüşməyə dəvət edirəm".
Təşkilatın Həştərxan regional bölməsinin sədri Elvin
Hüseynov bu görüşə görə vilayətin azərbaycanlı gəncləri
adından Leyla xanım Əliyevaya minnətdarlığını bildirərək
demişdir ki, RAGT-nin Həştərxan vilayətindəki bölməsi öz
sıralarında regionun ictimai-siyasi həyatında fəal
iştirak edən 350-dən çox gənci birləşdirir. E.Hüseynov
vurğulamışdır ki, Həştərxan Vilayət Administrasiyası
2010-2011-ci illərin yekunlarına görə şəhərin gənclər
təşkilatları arasında ən yüksək qiyməti məhz RAGT-nin
regional bölməsinə vermişdir.
Sonra Leyla xanım Əliyeva tədbir iştirakçılarının və
RAGT-nin üzvlərinin suallarını cavablandırmışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.
AzərTAc |