Sentyabrın
14-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində
Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə
yenidən inşa edilmiş 5 nömrəli texniki peşə məktəbinin
açılış mərasimi olmuşdur.
Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan
deputatı Mehriban Əliyeva iştirak etmişdir.
Azərbaycanın birinci xanımı məktəbin rəmzi açılışını
bildirən lenti kəsdi.
Mehriban xanım Əliyeva təhsil ocağının əvvəlki
görüntüsünün əks olunduğu fotostendə baxdı.
Foyedə ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış
guşədə ümummilli liderin abidəsi qoyulmuşdur. Abidə xalq
rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü,
professor Natiq Əliyev tərəfindən hazırlanmışdır.
Azərbaycanın birinci xanımına məlumat verildi ki,
hazırda MDB məkanında bənzəri olmayan bu texniki peşə
məktəbi 1,2 hektarlıq ərazidə yerləşir. 1969-cu ildən
fəaliyyət göstərən məktəb yenidənqurmaya qədər tornaçı,
bərbər, maliyyə-uçot ixtisasları üzrə təhsil vermişdir.
Bildirilmişdir ki, məktəb xarici görünüşü və
maddi-texniki bazası ilə bərabər profilini də dəyişmiş,
kino, teatr, həmçinin mədəniyyət və incəsənətin digər
müvafiq işçi bazasını peşəkar texniklərlə təmin etməyi
qarşısına məqsəd qoymuşdur. 5 nömrəli texniki peşə
məktəbində kino, videoçəkiliş üzrə operatorlar, səhnə
işıq və qrim ustaları, kinotelemontajçılar, səs
operatorları, teatr, kino və telestudiya dekoratorları,
dərzilər, kompüterlərin təmiri və xidməti üzrə texniklər
hazırlanacaqdır.
Burada təhsil ikiillikdir. Bu il məktəbə ilk qəbul
aparılmışdır və təhsil alacaq şagirdlərin sayı 160
nəfərdir. Lakin gələcək illərdə onların sayı 320-yə
çatacaqdır. Hazırda 19, gələcəkdə isə 38 nəfər müəllim
heyəti şagirdlərə incəsənətin texniki tərəfləri ilə
bağlı peşələrin sirlərini öyrədəcəkdir.
Məktəbin yeməkxanası ilə tanış olan Mehriban xanım
Əliyeva burada yaradılmış şərait və səliqə-sahmandan
razılığını bildirdi.
Daha sonra Azərbaycanın birinci xanımı məktəbdəki
çəkiliş və səsyazma studiyalarına, rejissor otağına
baxdı. Məlumat verildi ki, ən müasir səsyazma və səyyar
telestudiya çəkiliş avadanlığının qurulduğu studiyalar
birbaşa yayım imkanlarına malikdir.
Mehriban xanım Əliyeva məktəbin akt zalı, dərs, qrim,
dekorasiya otaqları, dərzi sexi, tibb məntəqəsi,
kitabxana və digər emalatxanaları ilə də tanış oldu.
Kitabxana ilə tanışlıq zamanı bildirildi ki, burada
mədəniyyət və incəsənətə dair kitablarla yanaşı,
müxtəlif dərs vəsaitləri də vardır.
Məktəbin həyətində ayrıca idman kompleksi inşa
edilmişdir. Burada futzal, basketbol, voleybol, yüngül
atletika qurğuları və trenajorlar yerləşdirilmişdir.
İdman zalının divarlarını ulu öndər Heydər Əliyev və
Prezident İlham Əliyevin idmana göstərdiyi qayğı və
diqqəti əks etdirən fotoşəkillər bəzəyir.
Azərbaycanın birinci xanımı məktəbdə yaradılan
şəraitdən razılığını bildirdi, burada tədrisin yüksək
səviyyədə aparılmasının vacibliyini qeyd etdi.
AzərTAc |