Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Onlayn təhsil sisteminin Azərbaycana inteqrasiyası müzakirə olunub

 

Sentyabrın 17-də təhsil naziri Misir Mərdanov İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc, Dünya Beynəlxalq Məktəblər Birliyi Müşahidə Şurasının üzvü, təhsil üzrə beynəlxalq ekspert  Vladimir Kuskovski və Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayevlə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq onları Təhsil Nazirliyində görməyindən məmnunluq hissi keçirdiyini bildirdi. Ölkəmizdə təhsil sahəsi üzrə bir sıra proqramların, layihələrin reallaşdırıldığını söyləyən nazir  bugünkü görüşün də əsas məqsədinin sözügedən qurumların Azərbaycanda onlayn təhsil sistemi ilə bağlı həyata keçirmək istədiyi beynəlxalq layihə ilə tanışlıq, onun üstünlükləri  və digər məsələlərlə əlaqədar müzakirələrin aparılması olduğunu qeyd etdi.

Nazir Bakıdakı 6 nömrəli məktəb-liseydə artıq bir ildir ki, Beynəlxalq Bakalavriat Proqramının tətbiq olunduğunu deyərək bu cür layihələrin ölkəmizdə həyata keçirilməsini Azərbaycanın təhsil sisteminin modernləşdirilməsi və inkişafına xidmət etdiyini bildirdi. Nazir Misir Mərdanov onlayn təhsil sistemi ilə bağlı layihənin orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu  bildirərək onu həyata keçirmək missiyasını öz üzərinə götürmüş qurumların nümayəndələrinə uğurlar arzuladı.

Xəzər İnvestisiya Mərkəzinin prezidenti Elşən Musayev həyata keçirmək istədikləri onlayn təhsil sistemi haqqında geniş məlumat verdi. Yaşadığımız  XXI əsrin  yeni texnologiyalar əsri olduğunu deyən E.Musayev bu gün İKT-nin təhsildə danılmaz rolunu xüsusi qeyd etdi. Bildirildi ki, onlayn təhsil sürətlə qloballaşan dünyada həm cəlb etdiyi şagird kontingentinə, həm də əldə edilən nəticələr və nailiyyətlərə görə ən öndə gedən, tanınan bir sistemdir. Adından da göründüyü kimi, bu təhsil sistemində üstünlük şəbəkə üzərindən təlim və tədrisə verilir. Ənənəvi məktəb mühitindəki müəllim-şagird münasibətləri burada onlayn şəbəkə üzərində qurulur. Bu layihədə iştirak etmək istəyən şagirdlər öz məktəblərində oxumaqla yanaşı, paralel olaraq onlayn təhsil almaq imkanı əldə etmiş olurlar.  Onlayn təhsil alan şagirdlərə sonda Bern Beynəlxalq Məktəbinin attestatı (transkript) və diplomu verilir ki, bu da gənclərə dünyanın ən nüfuzlu universitetlərinə birbaşa daxil olmaq imkanı qazandırır. Təhsil müddəti 12 ildir. Şagirdlər təhsil müddətinin son 3 ilində (10-12) də  onlayn təhsil sisteminə qoşula bilərlər. Təhsil kredit sistemi üzrə aparılır. Bu dərs sistemi  hər hansı bir məktəbin daxilində də ola bilər və ya şagirdlər bu sistemə evdən də qoşula bilərlər. Onlayn təhsil proqramının əsasında Amerika təhsil sistemi- K12 dayanır. K12 onlayn təhsilə daha çox yer verməklə yanaşı, ənənəvi təhsil sisteminin də yer aldığı "qarışıq tədris sistemi"dir. Burada dərslərin interaktivliyi, müəllim-şagird ünsiyyəti, təhsil mühiti ənənəvi məktəblərdəkindən bir addım da irəli aparılır. Belə ki, bu tədris sistemində təhsil hər iki mühitdə baş verir; həm məktəbdə, həm də onlayn şəbəkədə. Hazırda K12 təhsil sistemi ABŞ və Qərbi Avropa ölkələrində sürətlə populyarlıq qazanıb.

Onlayn təhsil sisteminin üstünlüklərindən, şagirdlər qarşısında qoyduğu tələblərdən danışan Elşən Musayev onun bu layihədə iştirak edəcək Azərbaycan məktəbliləri üçün xarici ölkələrin tanınmış ali məktəblərində birbaşa təhsil almalarına geniş imkanlar yaradacağını söylədi.

Çıxış üçün söz alan İsveçrənin Bern Beynəlxalq Məktəbinin direktoru Kevin Peyc rəhbərlik etdiyi məktəbin 1962-ci ildən fəaliyyət göstərdiyini deyərək, onun tədris prosesi, iş prinsipi, şagirdlərə verdiyi imkanlar və əldə olunan nəticələr barədə ətraflı danışdı, son 4 ildə burada elektron təhsilin, distant təhsilin tətbiq olunduğunu bildirdi.

Dünya Beynəlxalq Məktəblər Birliyi Müşahidə Şurasının üzvü, təhsil üzrə beynəlxalq  ekspert Vladimir Kuskovski onlayn təhsil sisteminin üstünlüklərindən danışaraq onun şagirdlərimiz üçün geniş imkanlar yaratmaqla yanaşı  müəllimlərimizin buradakı tədris proqramları, dünyada təhsil metodikasında baş verən yeniliklər ilə  tanış olmaq baxımından da əhəmiyyət kəsb etdiyini söylədi. Beynəlxalq eskpert  Bakıdakı bir sıra  məktəblərdə olduğunu, azərbaycanlı şagirdlərlə ünsiyyəti zamanı bizim məktəblilərin bilik və bacarıqlarının, hazırlıq səviyyələrinin onda müsbət təəssürat oyatdığını deyərək reallaşdırmaq istədikləri layihənin böyük maraqla qarşılanacağına əmin olduğunu bildirdi.

Sonra görüşdə onlayn təhsil sisteminin Azərbaycana inteqrasiyasının üstünlükləri, hədəfləri və perspektivləri geniş müzakirə olundu, KİV nümayəndələrini maraqlandıran suallar cavablandırıldı. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov