Sentyabrın
20-də Bakı Ekspo Mərkəzində 6-cı Azərbaycan Beynəlxalq
təhsil və karyera sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, müvafiq qurumların, ayrı-ayrı
ölkələrin Azərbaycandakı diplomatik korpusu
nümayəndələrinin, gənclərin iştirak etdikləri açılış
mərasimində təhsil naziri Misir Mərdanov sərginin
əhəmiyyətindən danışmış, onun iştirakçılarının sayının
ilbəil artdığını vurğulamış, təşkilatçılara təşəkkürünü
bildirmişdir.
Qeyd olunmuşdur ki, sərgi Təhsil Nazirliyinin dəstəyi
ilə reallaşdırılmışdır.
Müasir dünyada təhsilin önəmli rolundan bəhs edən rabitə
və informasiya texnologiyaları nazirinin müavini Elmir
Vəlizadə, "İteca Caspian" şirkətinin direktoru Fərid
Məmmədov Azərbaycanda bu sahəyə xüsusi əhəmiyyət
verildiyini vurğulamışlar.
Respublikamızın dinamik inkişaf etdiyini xatırladan
natiqlər, eyni zamanda, azərbaycanlı gənclərin xarici
ölkələrin nüfuzlu universitetlərində də uğurla təhsil
aldıqlarını diqqətə çatdırmış, gənclərə tövsiyələrini
vermişlər.
Sonra sərgi barədə məlumatlar verilmiş, tədbir
iştirakçıları, gənclər sərgi ilə tanış olmuşlar.
Bu il sərgidə ən müxtəlif ixtisaslar üzrə 70-dən çox
fakültə, kurs və proqramlar təqdim edən 96 təhsil
müəssisəsi iştirak edir. Sərgidə dünyanın 20 ölkəsinin,
o cümlədən Azərbaycan, Belarus, Böyük Britaniya,
Almaniya, İtaliya, Kanada, Koreya Respublikası, Litva,
Malayziya, Ukrayna, İsveçrə, Çexiyanın ayrı-ayrı ali
təhsil müəssisələri barədə məlumatlar verilir.
Burada Litva ölkənin 11 məşhur təhsil müəssisəsi ilə
çıxış edir. Belarus Milli Qrupuna bu ölkənin ən böyük
şəhərlərinin 8 ali təhsil müəssisəsi daxil olmuşdur.
Ukrayna 6 qabaqcıl universitetini təqdim edir.
Azərbaycanda təhsil isə paytaxt və regionların dövlət və
özəl ali təhsil müəssisələri tərəfindən təqdim edilir.
Sərgi iştirakçılarının tam siyahısı ilə
www.education.iteca.az veb-saytında tanış olmaq
mümkündür.
"Təhsil və Karyera 2012" sərgisinə giriş yalnız 11-ci
sinif şagirdləri, abituriyentlər, tələbələr, onların
valideynləri, həmçinin bu sahənin peşəkarları üçün
açıqdır. Ekspozisiyanın əsasını xaricdə bakalavr və MBA
(biznes menecmenti üzrə magistr) təhsili proqramları,
dil kursları, biznes proqramları və xaricdə təhsil
sistemləri təşkil edir.
Sərgidə aparıcı ali təhsil müəssisələri və biznes
məktəblərinin nümayəndələri ilə şəxsən ünsiyyət qurmaq,
təqdim edilən ölkələrdə ali məktəblərə qəbul və təhsil
üzrə şərtlər, habelə təhsil qiymətləri, təqaüdlər,
qrantlar və s. barədə ilk mənbədən məlumat əldə etmək
olar.
Builki sərgini fərqləndirən özəl məqamlardan biri də
Avropanın məşhur "Springer International Publisher"
(Almaniya) nəşriyyat evinin elmi ədəbiyyata həsr edilmiş
geniş ekspozisiyası olmuşdur.
İşgüzar proqram çərçivəsində sentyabrın 21-də "Ukraynada
ali təhsil" mövzusuna həsr edilmiş 3 saatlıq seminar
keçiriləcəkdir. Azərbaycan gənclərinin həmin ölkədə
təhsilə artan marağını nəzərə alaraq, bu seminar Ukrayna
Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə
aparıcı mütəxəssislər tərəfindən keçiriləcəkdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
sərgidə "Karyera" sektorunda gənclərin qeyri-hökumət
təşkilatları və cəmiyyətlərinin iştirakını təşkil edir.
Burada mütəxəssislər iş axtaran gənclərə məsləhətlər
verir və kömək göstərirlər.
Sərgi "Iteca Caspian LLC" və onun tərəfdaşı "ITE Group
plc" şirkətləri tərəfindən təşkil edilmişdir.
AzərTAc |