Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Təhsil müəssisələrində "Bilik günü" qeyd olundu

 

Bakıdakı 54 nömrəli tam orta məktəbdə 15 sentyabr - "Bilik günü" münasibətilə keçirilən tədbir Dövlət himnimizin səslənməsi ilə başlayıb. Direktor Sahibə Abbasova məktəbin qarşısına toplaşan birinciləri, onların valideynlərini, bütün pedaqoji kollektivi təbrik edərək yeni tədris ilində hər birinə uğurlar arzu edib. Direktor Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən və müasir tələblərə cavab verən məktəblərdən, şagirdlərə yaradılan şəraitdən də danışıb.

Bildirilib ki, hər il olduğu kimi, bu il də məktəbin məzunlarının 79 faizi ali təhsil müəssisələrinə qəbul olub, 15 nəfər 500-600 arası bal toplayıb.  S.Abbasova 54 nömrəli məktəbin şagirdlərinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən bilik yarışlarında, olimpiadalarda iştirak etdiyini  və uğurlu nəticələr göstərdiyini də qeyd edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin böyük məsləhətçisi Rəfael Qasımov, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Seyidova, qocaman müəllim Yusif Quliyev, ibtidai sinif müəllimi Rəna Seyidova da tədbir iştirakçılarını salamlayıb, onlara xoş arzu və diləklərini çatdırıblar. 654 bal yığaraq ali məktəbə qəbul olmuş məzun Tamilla Bünyadova birincilərə uğurlar arzu edib. İbtidai siniflər üzrə direktor müavini Zeynəb Qasımovanın rəhbərliyi ilə fidan balaların - Ərhan İbrahimli, Nadir Ağazadə, Jalə Məmmədli, Ayxan Mərdanov, Kamran Həziyev, Suqra İsmayılova və Nigar Məmmədlinin ifasında səslənən gözəl və mənalı şeirlər tədbir iştirakçılarının könlünü oxşayıb.

***

"Bilik günü" münasibətilə Türk Dünyası Araşdırma Vəqfı Bakı Atatürk liseyində də tədbir keçirilib. Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndikdən sonra ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" müdrik kəlamını xatırladaraq çıxışına başlayan liseyin müdiri Şinasi Günər yeni dərs ili münasibətilə şagird və valideynləri salamlayıb, onlara xoş arzu və istəklərini çatdırıb. O, liseyin tarixindən, fəaliyyətindən, əldə etdiyi uğurlardan da bəhs edib. Liseyin müdir müavini Vidadi Umudlu isə 2011-2012-ci dərs ilinin yekunları haqqında məlumat verib. Məlum olub ki, ötən il liseyin məzunu olmuş şagirdlərin hamısı Azərbaycan və Türkiyənin aparıcı universitetlərinə qəbul olunublar. 

Sonra məktəbin ibtidai sinif müəllimi Zeliha Abdulla, Azərbaycan dili müəllimi Mətanət Xuduyeva və kimya müəllimi Rəna Hüseynovanın təşkilatçılığı ilə liseyin şagirdləri bir-birindən maraqlı nömrələrlə çıxış ediblər. III sinif şagirdləri Turhan İbrahimlinin, Narıngül Xuduzadənin, I sinif şagirdi Türkel Alısoyun, Alper Şərbətoğlunun, Elvira Məmmədovanın, Firuzə Mahmudovanın ifa etdikləri şeirlər və rəqslər da maraqla qarşılanıb.

***

Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə "Bilik günü" qeyd olunub. Şagird və valideynlər qarşısında çıxış edən məktəbin direktoru Mehdi Əliyev yeni dərs ili münasibətilə təbriklərini çatdırıb, onların hər birinə uğurlar arzu edib. Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışan direktor, həmçinin 37 nömrəli məktəbin göstəriciləri, tədrisdə nailiyyətləri haqqında məlumat verib. Tədbirdə çıxış edən şəhər təhsil idarəsinin və icra hakimiyyətinin nümayəndələri yeni dərs ilində təhsil ictimaiyyətinə, məktəb kollektivinə uğurlar arzulayıblar. Sonra 1-ci sinif şagirdlərindən Özləm Əhmədli, Gülnaz, Ayxan və Orxan Cəfərovlar çıxış ediblər. Onların məzmunlu şeirləri bütün tədbir iştirakçılarının ürəyincə olub. Birincilər ilk zəngin sədaları altında sinif otaqlarına daxil olublar.

***

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbdə də "Bilik günü" təntənəli şəkildə qeyd olunub. Məktəbin direktoru Yusif Yusifov çıxış edərək Prezident İlham Əliyevin təhsilə, müəllimlərə xüsusi diqqət yetirdiyini vurğulayıb. Yeni dərs ilinin başlanması münasibətilə şagirdləri, pedaqoji kollektivi, valideynləri təbrik edən, onlara uğurlar arzulayan direktor qeyd edib ki, cari ildə məktəbin məzunlarının 67,5 faizi ali məktəblərə daxil olub.

Tədbirdə tələbə adını qazanan məzunlara, məktəbə ilk addımlarını atan birincilərə təbriklər ünvanlanıb. Şagirdlərin ifasında konsert proqramı təqdim olunub. Sonda yeni dərs ilinin başlandığını bildirən ilk zəng çalınıb.

***

"Bilik günü"  Bakıdakı 35 nömrəli tam orta məktəbdə də yaddaqalan, maraqlı bayram şənliyi kimi keçirildi.

Tədbir başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş məktəbin məzunlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.  Təhsili millətin gələcəyi hesab edən ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolundakı fəaliyyətindən  danışan tədbirin  aparıcıları iştirakçıları yeni dərs ilinin başlaması münasibətilə təbrik etdilər.

Məktəbin direktoru Rəna Naibova çıxış edərək pedaqoji kollektivi, şagirdləri, onların valideynlərini  ürəkdən təbrik etdi. Şagirdlərə dərslərində uğurlar arzulayaraq bu gün təhsilə göstərilən dövlət qayğısından söz açdı.

Çıxış edən qonaqlar bu gün məktəblərdə daha yaxşı şəraitin  yaradılmasından, şagirdlərin üzərinə düşən vəzifələrdən söhbət açdılar.

Tədbir birincilərin ifa etdikləri müxtəlif rəqs nömrələri ilə başa çatdı.

***

Respublikamızın hər yerində olduğu kimi, Bakıdakı 167 nömrəli tam  orta məktəbdə  də "Bilik günü"  təntənə ilə  qeyd olundu. Mərasimi  məktəbin direktoru Vaqif Quliyev açaraq yeni dərs ilinin başlanması münasibətilə  müəllim və şagirdləri  təbrik etdi.  Məktəbin nailiyyətlərindən danışan V.Quliyev qeyd etdi  ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanan təhsil islahatları bu gün öz bəhrəsini verməkdədir. Bu  siyasəti  uğurla   davam  etdirən Prezident İlham Əliyev ölkəmizin  təhsil sisteminə  böyük diqqət və qayğı  göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən  "Yeniləşən  Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son illər respublikamızın müxtəlif bölgələrində yüzlərlə məktəb binası  tikilib istifadəyə verilmişdir.

Sevindirici haldır ki, bu il məktəbimizi bitirən  məzunlardan 70 faizi  tələbə adını qazanıb.  Belə bir uğurun əldə edilməsində göstərilən qayğıya və  yaradılan şəraitə görə ölkə rəhbərliyinə  pedaqoji kollektivimiz adından  minnətdarlıq edirəm.

Sonra Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Şəhəri üzrə Təhsil  İdarəsindən tədbirə gələn qonaqlar və digər çıxış edənlər əlamətdar gün  münasibətilə valideynləri, müəllim və şagirdləri təbrik etdilər. Mərasim  ilk zəngin çalınması  ilə sona çatdı.

***

Bakıdakı 14 nömrəli tam orta məktəbdə "Bilik günü" münasibətilə tədbir keçirildi.  Dövlət himninin  səslənməsindən sonra çıxış edən məktəbin direktoru Hürzad Verdizadə yeni dərs ilinin başlanması münasibətilə birinci sinif şagirdlərini və onların valideynlərini təbrik etdi.  Bildirdi ki, 1969-cu ildən tikilib istifadəyə verilən məktəb bu il ölkə başçısının yüksək diqqəti və qayğısı sayəsində  əsaslı təmir olunub. Direktor təhsilə göstərilən qayğıya  görə  kollektiv adından Prezident  İlham Əliyevə minnətdarlıq etdi və daha yüksək nailiyyətlərin əldə ediləcəyinə əminliyini bildirdi. Qeyd olundu ki, məktəbin builki məzunlarının 60 faizə qədəri ölkənin nüfuzlu ali məktəblərinə qəbul olub. İki nəfər 600-dən yuxarı bal toplamışdır.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Milli  Məclisin deputatı  Ziyad Səmədzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Yaqut Məmmədova  çıxış etdilər.

Birincilər maraqlı musiqi və rəqs nömrələri ilə həmin günü unudulmaz xatirəyə çevirdilər.

"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov