Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

21 Sentyabr 2012 - №37

 

Liseyn bütün məzunları tələbə adını qazanıblar

 

Sentyabrın 15-də Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Bilik günü"nə həsr edilmiş təntənəli mərasim keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı. Sonra BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək tədbir iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi, onlara təhsildə və pedaqoji fəaliyyətlərində böyük uğurlar qazanmağı arzuladı.

Akademik A.Məhərrəmov lisey haqqında məlumat verərək bildirdi ki, bu təhsil müəssisəsi ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə qəbul edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" çərçivəsində 2007-ci ildən fəaliyyət göstərir. Liseyin yaradılmasında əsas məqsəd istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.

"Gənc istedadlar" liseyində şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şəraitin olduğunu valideynlərin diqqətinə çatdıran rektor qeyd etdi ki, burada Azərbaycan və rus bölmələrində təhsil alan 500 şagirdin təlim-tərbiyəsi ilə 75 müəllim məşğul olur ki, onların 21 nəfəri məhz BDU-nun elmi dərəcəsi olan əməkdaşlarıdır. Müəllimlərin 1 nəfəri elmlər doktoru, 20 nəfəri müxtəlif elmlər üzrə fəlsəfə doktoru, 3 nəfəri isə əməkdar müəllimdir. Şagirdlər tələbələrlə birlikdə BDU-nun maddi-texniki bazasından - laboratoriya, kitabxana və idman komplekslərindən istifadə edirlər. Xüsusi istedadı ilə seçilən 35 şagird universitetin tanınmış alimlərinə təhkim olunub.

Bunun nəticəsi olaraq liseydə böyük nailiyyətlər əldə edilib. İndiyədək bu təhsil ocağını  bitirmiş məzunlar ölkəmizin və dünyanın ən nüfuzlu ali məktəblərinin tələbəsi adını qazanıblar.

Abel Məhərrəmov xüsusilə bu il 5-ci sinfə qəbul olunmuş şagirdləri və onların valideynlərini təbrik etdi, minə yaxın uşağın arasından seçilmiş 80 şagirdin də yaxşı oxuyaraq universitetin adını ləyaqətlə doğruldacağına, bu ada şərəf gətirəcəyinə ümid etdiyini dedi.

"Gənc istedadlar" liseyinin direktoru, professor Qasım Hüseynov da, öz növbəsində, "Bilik günü" münasibətilə şagirdləri, onların valideynlərini, müəllimləri təbrik etdi və vaxt ayırıb bu mərasimə qatılan qonaqlara təşəkkürünü bildirdi. Ötən illər kimi, 2011-2012-ci tədris ilinin də lisey üçün çox uğurlu olduğunu deyən direktor onlardan söz açdı. Qeyd edək ki, indiyədək liseyin 4 buraxılışı olmuş, 103 məzunun hamısı dövlət ali məktəblərinə qəbul olunmuşdur. Onlardan 36 nəfəri ali təhsil almaq üçün məhz BDU-nu seçmişdir. 3 nəfər Prezident təqaüdünə, 2 nəfər qızıl medala layiq görülmüşdür. Liseyin şagirdləri müntəzəm olaraq müxtəlif olimpiadalarda, bilik və intellekt yarışlarında fəal iştirak edirlər. 2011-2012-ci tədris ilində məktəblilərin fənn olimpiadalarının respublika turunda 3 nəfər I, 3 nəfər isə III yeri tutmuşdur. İki il (2011 və 2012-ci illər) kimya fənni üzrə respublika fənn olimpiadasının qalibi olmuş Sona Quluzadə aprel ayında Qazaxıstanın Astana şəhərində keçirilmiş Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medal qazanmışdır.

May ayında ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində keçirilmiş İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik  Sərgisinə ölkəmizdən 3 layihə təqdim olunmuşdur ki, onlardan 2-si bu liseyin şagirdlərinindir.

Liseyin şagirdi Nərmin Abbasova ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə məktəblilər arasında keçirilmiş inşa yazı müsabiqəsinin qalibi olmuşdur.

Liseyin X sinif şagirdi 2011-2012-ci tədris ilində Azərbaycan və rus bölmələri üzrə liseyi bitirən 42 nəfərin hamısı ali məktəblərin tələbəsi adını qazanıb. Onlardan 7 nəfəri qəbul imtahanlarında 600-dən, 15 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Liseyin yeni dərs ilinin başlanmasına tam hazır olduğunu, müəllimlərin böyük ruh yüksəkliyi ilə işə başladığını deyən professor 2012-2013-cü tədris ilində də bu təhsil ocağında çox böyük uğurların qazanılacağına əmin olduğunu vurğuladı. Daha sonra tədbirdə qəbul imtahanlarında 686 bal toplayaraq Prezident təqaüdünə layiq görülən Bəhram Axundov, Beynəlxalq Mendeleyev Olimpiadasının mükafatçısı Sona Quluzadə, liseyin 5-ci sinfinə yüksək balla qəbul olan Fərid Mahmudov və başqaları çıxış etdilər.

Təntənəli mərasim elm və bilik almağa səsləyən zəngin çalınması ilə başa çatdı və şagirdlər sinif otaqlarına yollandılar.

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov