Qərbi Azərbaycanın məktəb, təhsil tarixi həmişə
Azərbaycanla sıx bağlı olmuşdur. Təsadüfi deyildir ki,
İrəvanda maarif ziyası yayanların arasında Azərbaycanın
görkəmli şəxsiyyətlərindən Cəlil Məmmədquluzadə, Firudin
bəy Köçərlinin də adı vardır. F.Köçərli on il İrəvan
seminariyasında çalışmışdır. C.Məmmədquluzadənin
fəaliyyətinin ilk dövrləri də İrəvana təsadüf edir.
Azərbaycan jurnalisti, yazıçısı Haşim bəy Vəzirov da
İrəvan Müəllimlər Seminariyasını bitirmişdir.
Ümumiyyətlə, İrəvanda dünyanın hər yerindən sorağı gələn
ziyalı nəsillər yetişmişdir. Dünya şöhrətli alim Mustafa
bəy Topçubaşov, akademiklər Heydər Hüseynov, Əhməd
Rəcəbli, tanınmış dilçi Miryusif Mirbabayev, görkəmli
dövlət xadimlərindən Əziz Əliyev, Həsən Seyidov,
Miribrahim Seyidov, bəstəkar Səid Rüstəmov İrəvan
gimnaziyasını bitirmişlər. 1876-cı ildən qəza məktəbinin
əsasında progimnaziya kimi fəaliyyət göstərən bu
gimnaziyada hələ 1883-cü ildə 37 azərbaycanlı oxuyurdu.
Ötən əsrin əvvəllərində görkəmli dövlət xadimi Əziz
Əliyev, akademiklər Yusif Məmmədəliyev, Mustafa bəy
Topçubaşov, Mehdixan Erevanski, Əbdülrəşid Qənizadə,
görkəmli dövlət xadimi Hüseyn Şahtaxtinski, həmçinin
Mirhəsən Mirbabayev, Rza Ağayev və başqaları bu
gimnaziyanın adını hər yerdə uca tutmuşlar. Hələ ötən
əsrdə meydana çıxan dövlət məktəbləri, gimnaziyalar,
realnı məktəblər öz fəaliyyətini XX əsrin əvvəllərində
də davam etdirirdilər. 37 ilə qədər fəaliyyət göstərən
İrəvan Müəllimlər Seminariyası 1918-ci ilin 6 avqustunda
erməni millətçiləri tərəfindən bağlanmışdır. 1920-ci
ildən sonra elmin, mədəniyyətin inkişafı üçün yaradılan
şərait nəticəsində 1925-ci ildə haqqında söhbət
açacağımız İrəvan Pedaqoji Texnikumu yaradılmışdır.
1928-1930-cu illərdə gələcəyin böyük elm xadimi Yusif
Məmmədəliyev, tanınmış pedaqoq Lətif Hüseynzadə bu
texnikumda müəllim işləmişdir. Texnikumda adlı-sanlı
müəllimlər işləyirdi. Akademik Budaq Budaqov yazır: "Mən
İrəvan Pedaqoji Məktəbində oxuyurdum. Surə adlı
coğrafiya müəllimimiz vardı. Mənə bu fənni o sevdirdi.
Surə müəllimə şagirdlərə ürəkdən dərs deyirdi. Həmin
pedaqoji məktəbi bitirəndən sonra mən instituta sənəd
vermək qərarına gəldim. Bütün fakültələrdə yerlər artıq
dolmuşdu, qalanlar sırasında isə bildiyim fənlər
deyildi, ona görə çox sevdiyim coğrafiyanı seçdim.
Azərbaycanın təbiəti həmişə məni maraqlandırırdı.
İnstitutu "əla" qiymətlərlə bitirdim. Pedaqoji məktəbdə
İsaməddin müəllim vardı, mənə təhsilimi Moskva şəhərində
davam etdirməyi məsləhət gördü. Həmin vaxt elan
vermişdilər ki, ən yaxşı tələbələri ora oxumağa
göndərirlər. İsaməddin müəllim mənə dedi: "Budaq, çalış
mənim günümə düşmə, artıq aspirantura vaxtım bitir, amma
nədən və necə yazmalıyam hələ bilmirəm". Bu söhbətdən
sonra Coğrafiya İnstitutuna getdim. Orada dedim ki, bəs
mən əlaçıyam və təhsilimi Moskvada davam etdirmək
istəyirəm. Moskvanın Coğrafiya İnstitutunda bizi çox
mehriban, səmimi qarşıladılar. Bir müddət sonra məni
oranın komsomol təşkilatının sədri vəzifəsinə təyin
etdilər. Əlaçı olduğuma görə Stalin təqaüdü alırdım.
Aspiranturada oxuyarkən çox maraqlı insanlarla tanış
oldum". "Azərbaycan məktəbi" jurnalının sabiq baş
redaktoru Zəhra xanım Əliyeva da bu texnikumda təhsil
almışdır.
Qeyd etmək lazımdır ki, o mahaldakı Azərbaycan
məktəblərinin hamısında bu texnikumun məzunlarına rast
gəlmək olurdu. Bir sözlə, İrəvan Pedaqoji Texnikumunun
Qərbi Azərbaycanda maarifləndirmə sahəsindəki xidmətləri
danılmazdır. Göyçə mahalı, Dərələyəz, Vedibasar,
Zəngibasar, Ağbaba, Zəngəzur bölgələrində məktəblərin
əsas pedaqoji potensialı İrəvan Pedaqoji Texnikumunun
məzunları hesabına formalaşmışdı. İrəvan ədəbi mühitində
tanınan ünlü ziyalıların ictimai-siyasi, mədəni və
ədəbi-bədii fəaliyyəti Azərbaycan ədəbi-elmi fikrində
həmişə layiqincə qiymətləndirilmişdir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Uluxanlı
məktəbinin 125 illik yubileyinin keçirilməsinə dair
sərəncamı geniş kütlə tərəfindən rəğbətlə
qarşılanmışdır. Azərbaycan ziyalıları İrəvan
müsibətlərinə heç zaman laqeyd qalmamışlar. O da
məlumdur ki, Azərbaycanın kiçicik uğurları belə mənfur
qonşuları ciddi narahat edirdi. Xüsusən texnikumun çox
önəmli olmasına onlar qətiyyən dözə bilmirdilər. Onlar
hiss edirdilər ki, texnikumun kadrları Azərbaycan
məktəblərinin ehtiyacını ödəyir, azərbaycanlıların öz
yerlərində möhkəmlənməsinə əsaslı təsir edir. Təsadüfi
deyildir ki, SSRİ Nazirlər Sovetinin Azərbaycan xalqına
qarşı tarixi cinayət aktı olan 1947-ci ilin 23 dekabr
tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754
nömrəli qərarları onların əlində bir bəhanə oldu və bu
fürsətdən istifadə edərək köçürülməsi vacib olan
obyektlər siyahısına dərhal İrəvan Pedaqoji Texnikumunu
da daxil etdilər.
1948-ci ildə İrəvan Pedaqoji Texnikumu Xanlar (indiki
Göygöl) şəhərinə köçürüldü. Məsələ burasındadır ki, bu
zaman tələbələrin valideynləri də məcburi köçürülməyə
məruz qalmışdı. Texnikum üçün Xanlar rayonunun seçilməsi
də əvvəlcədən düşünülmüşdü. Məlumdur ki, uzun illər
Azərbaycanın üç rayonunda (Kirov, Şaumyan və Xanlar)
raykomun birinci katibləri bir qayda olaraq ermənilərdən
seçilirdi. Onlar da burada öz daşnak ideyalarını
yayırdılar. Bu səbəbdən Ermənistanın millətçi başçıları
İrəvan Pedaqoji Texnikumu ilə əlaqədar Xanlarda
söz-söhbətin olmayacağına tam əmin idilər. Onlar
inanırdılar ki, texnikumun müəllimlərinin və
tələbələrinin məskunlaşdığı bu şəhərdə baş
qaldırmalarına erməni ruhlu partiya aparatı imkan
verməzdi. Daha konkret desək, İrəvan Pedaqoji
Texnikumunun müəllimlərinin və tələbələrin
narazılıqlarının böyüməməsi üçün, yəni onların yerində
susdurulması üçün məhz burada - Xanlar rayonunda
əlverişli şərait vardı. Ermənilərin moskvalı havadarları
da bunu yaxşı bilirdilər.
Göründüyü kimi, hər şey əvvəlcədən götür-qoy edilmişdi.
Xanlarda pedaqoji məktəb üçün şəhərdən kənar bir bina
seçilmişdi. Tədris korpusu, yataqxana, yeməkxana da
binanın içərisində yerləşirdi. "Qonaqlar"ın şəhərlə
yaxın əlaqəsinin olmaması üçün bütün tədbirlər
görülmüşdü. Məktəb, demək olar ki, Xanlar Rayon Partiya
Komitəsi birinci katibinin tam nəzarətində idi. Bu
aydın həqiqəti biz tələbələr də hiss edirdik. Təhsil
ocağının kollektivi əsl mənada buraya sürgün olunmuşdu,
hətta tələbələr şəhərə çıxa bilmirdilər, çıxanda isə
erməni uşaqları onları sıxışdırırdı. Belə hallar bir
neçə dəfə təkrar olunmuşdu. Elə ilk günlərdən texnikumun
adını tarixdən silmək nəzərdə tutulmuşdu. Ona görə də bu
təhsil ocağı əvvəlki adı ilə texnikum deyil, pedaqoji
məktəbi adlandırıldı.
Bir məsələni də xatırlamaq lazımdır ki, İrəvandan gələn
uşaqlar müharibədən çıxmış ölkənin öz doğma yerlərindən
zorla köçürülmüş vətəndaşlarının yoxsul balaları idi.
Ətraf kəndlərdən gəlib İrəvanda oxuyan uşaqlar hər həftə
özləri ilə yemək gətirirdilər, həftəni onunla başa
vururdular. İndi isə bu imkan yox idi, onlar hər şeyi
pulla almalı olurdular. Ona görə də tələbələrin bir
qismi təhsillərini yarımçıq qoydular. 400-500 nəfərlik
tələbə kontingenti artıq yarıbayarı azalmışdı.
Tələbələrin çox yoxsul geyimləri vardı. Vəziyyət ağır
idi. Bu, hər şeydən əvvəl, xalqımızın başına gətirilən
milli faciənin başlanğıc dövrü kimi izah olunmalıdır.
Bunu İrəvandan köçürülmüş təcrübəli müəllimlər çox yaxşı
başa düşürdülər. Lakin onlar susmaq məcburiyyətində
qalmışdılar. Mehdi Kazımov, Sadiq Heydərzadə, Mamo
Əsədov, Məmməd Həsənov, Mirzə Əsgərov, Mircəfər
Ələkbərov və başqaları dözməyi daha üstün tuturdular. Bu
yetkin ziyalılar İrəvan mühitində çox şey görmüşdülər.
Ona görə də onların hərəkətləri həmişə ölçülü-biçili
olardı. O da vardı ki, onlar didərgin tələbələri öz
balaları kimi istəyirdilər. Biologiya müəllimi Sadiq
Heydərzadə bir həkim kimi hər bir uşağın qayğısını
çəkirdi. Ona məsləhətlər verirdi. Bu müəllimlər
yeməkxanada da tələbələrlə yanaşı otururdular. Hər şeyə
də fikir verirdilər. Kim az yedi, kim çox yedi, nə üçün
yemədi. Tez-tez yataq otaqlarına baş çəkir, tələbələrlə
dərdləşirdilər, onlara öz məsləhətlərini verirdilər.
Mircəfər müəllim hamıya ata qayğısı ilə yanaşırdı. Onun
iki qızı da (Nəzirə və Ləzifə) tələbələr arasında idi.
Bir gün hamının çox sevdiyi və hörmət bəslədiyi Mehdi
müəllim (o rus dili müəllimi idi) tələbələrə
sevindirici bir xəbər aldığını dedi. Hamı onun başına
yığışdı. O, hamının hörmət bəslədiyi şəxsiyyət idi.
Mehdi Kazımov (1890-1954) İrəvanda azərbaycanlı
ziyalıların təşəbbüsü ilə yaradılan ilk təhsil
ocaqlarında dərs deyən müəllimlərdən idi. O, 1922-ci
ildə Ermənistan Xalq Maarif Komissarlığının nəzdində
təşkil edilən "azlıqda qalan millətlər" şöbəsinin
rəhbəri vəzifəsində çalışmışdı. 1924-cü ildə İrəvan Türk
Pedaqoji Texnikumunun açılmasının təşəbbüskarı da məhz
o olmuşdur. 1925-ci ildə Nəriman Nərimanov adına İrəvan
Türk Pedaqoji Texnikumunun ilk direktoru da Mehdi
Kazımovdur. O da məşhur dövlət xadimi Əziz Əliyev kimi
İrəvan gimnaziyasını bitirmişdi. 1924-1933-cü illərdə
pedaqoji texnikumun direktoru və rus dili müəllimi
işləmişdir. Bu qocaman pedaqoq ömrünün 50 ilini İrəvanda
Azərbaycan maarifinin, mədəniyyətinin inkişafına sərf
etmişdi. Bu texnikum Ermənistanda Azərbaycan məktəbləri
üçün yüzlərlə müəllim kadrı hazırlamışdı. Azərbaycan
məktəbləri onların hesabına fəaliyyət göstərirdi. Onu
İrəvan ziyalıları yaxşı tanıyırdı.
O, yeri gəldikcə biz tələbələrə 1917-1918-ci illərdə
İrəvan gimnaziyasında təhsil almış, sonralar tibb
təhsilinə yiyələnmiş Əziz Əliyev barədə çoxlu xatirələr
danışırdı. Tələbələr onun dilindən o zaman onlara tanış
olmayan digər məşhur adamların adlarını da eşidirdilər.
Sən demə onlar fəxr olunan simalar imiş. Mehdi müəllim
üçün bu adlardan biri daha əziz idi: Əziz Əliyev! Əziz
Əliyev gimnaziyanı bitirdikdən sonra Hacı Zeynalabdinin
köməyi ilə Sankt-Peterburqa Tibb Universitetinə təhsil
almağa göndərilmişdi. Ermənilərin vəhşiliyi nəticəsində
İrəvanda ailəsinin başına faciələr gəlsə də, o təhsilini
başa vura bilmişdi. Azərbaycana qayıtdıqdan sonra bir
sıra məsul vəzifələrdə, o cümlədən Azərbaycan Tibb
Universitetinin rektoru, səhiyyə naziri vəzifələrində
çalışmışdır. O, respublikada böyük nüfuz sahibi idi.
Sonralar o, daha məsul vəzifələrə irəli çəkilmiş, Böyük
Vətən müharibəsinin ağır illərində Dağıstanda partiya
rəhbəri olmuşdur.
Mehdi müəllimin bizə haqqında danışdığı bu şəxs 1950-ci
ildə Moskvadan Azərbaycan hakimiyyətində məsul vəzifəyə
çağırılmışdı. O, Azərbaycan SSR Nazirlər Soveti sədrinin
müavini vəzifəsinə təyin olunmuşdu. Mehdi müəllimi bu
xəbər çox sevindirmişdi. Sanki o, qol-qanad açmışdı.
Uşaq kimi sevinən Mehdi müəllim bizə dedi ki, o, Bakıya,
təbiətcə çox humanist olan Əziz Əliyevin qəbuluna
tələsir.
O da həqiqətdir ki, bu zaman, yəni 1948-1950-ci illər
Xanlar Pedaqoji Məktəbi özünün ən ağır günlərini
yaşayırdı. Tələbələr ancaq öz təqaüdləri ilə
dolanırdılar. Özlərinə pal-paltar ala bilmirdilər,
çoxlarının ailələri də Saatlı, Sabirabad, Salyan və
başqa rayonlara deportasiya edilmişdi. Mehdi müəllim bu
vəziyyəti Əziz Əliyevə, respublika Nazirlər Sovetinə,
onun rəhbərlərindən biri olan bu köhnə tanışına
çatdırmağı lazım bilirdi. Bu görüş tez bir zamanda öz
nəticəsini verdi.
Tezliklə pedaqoji məktəbə Bakıdan Qədimov familiyalı bir
nəfər ezam olundu. O, tələbələrlə bir-bir görüşüb söhbət
etdi və bəzi qeydlər apardı. Az keçməmiş məktəbə şad
xəbər yayıldı. Dövlət hər tələbəyə 500 manat yardım
ayırmışdı. Bu məbləğ tələbələrə Gəncənin istənilən
mağazasından paltar, ayaqqabı almağa imkan verirdi. Bir
həftə ərzində bütün tələbələrin üst-başı təzələndi.
Bu, hər şeydən əvvəl, Mehdi müəllimlə çox yaxın
münasibətdə olan Əziz Əliyevin qayğısı ilə mümkün
olmuşdu. Bu məbləğ tələbələrə və onların ailələrinə
böyük kömək idi. Köçürməyə məruz qalmış ailələrin
uşaqları bu qayğıdan sonra sanki ayağa durdular. İndi o
günləri yada salanda, öz qəlbimizdə nə qədər qürur
duyur, bizim bilmədiyimiz nə qədər işlər olduğunu hələ
indi xatırlamalı oluruq.
Acınacaqlı hal idi ki, o zaman Xanlar Pedaqoji Məktəbinə
Məhərrəmov familiyalı çox sərt xarakterli, heç nəyi
bağışlamayan, həm də kənardan gətirilmiş direktor təyin
olunmuşdu. O, burada çox gərgin ab-hava yaratmışdı.
Bütün ağırlıqları isə tələbələr çəkirdi. Hər il 50
məzundan ən azı 10-12 nəfər dövlət imtahanından kəsilir,
növbəti ilə qalırdı. Görünür, bu qeyri-normal vəziyyət
artıq yuxarıları da narahat etməyə başlamışdı. Yaxşı ki,
tezliklə həmin direktor başqası ilə əvəz olundu. 1951-ci
ildə isə dövlət imtahan komissiyasının sədri kimi
Xanlara Bakıdan yazıçı İsmayıl Şıxlı ezam edildi. Dərhal
məktəbin mənəvi iqlimi dəyişdi, münasibətlər
mülayimləşdi. Bu da tələbələrdə inam, ruh yüksəkliyi
yaratdı. Həmin il dövlət imtahanından bir nəfər belə
kəsilmədi. Sanki "yasa batmış" ürəklərə yeni hava gəldi.
Bu vəziyyət təhsilin keyfiyyətinə də təsir etdi. "Oxu,
qiymətini al!". Bu sözlər hamının devizinə çevrildi.
İsmayıl Şıxlının gəlməsi həm də məktəbin nüfuzunu
qaldırdı, tələbələrə münasibəti hamı ondan öyrənirdi.
Doğrudan da, müsbət nümunə çox şeyə qadir imiş. İsmayıl
müəllimdən sonra gələn sədrlər, onun kimi olmasalar da,
ona bənzəməyə çalışırdılar. İsmayıl müəllimin yaratdığı
sağlam - mənəvi iqlim xeyli müddət davam etdi. Məzunlar
bu nəcib işi indi də xeyirxahlıqla xatırlayırlar. Bir
sıra çətinliklərə sinə gərildikdən sonra bu taleyüklü
təhsil ocağı nisbətən özünə gəldi. Burada qaynar həyat
başlandı. Bakıdan göndərilmiş, çox təcrübəli pedaqoq -
İsa Cəfərov (direktor) məktəbin fəaliyyətini dirçəltdi.
Onu respublikanın adlı-sanlı məktəblərinin cərgəsinə
çıxartdı.
Məktəbin pedaqoji kollektivinə Tarix Şirinov, Məmmədəli
Cəfərov, Kamil Nəzərəliyev, Mənzurə Nəzərəliyeva, Şəkər
Mustafayeva, Əbdüləli İbrahimov kimi qüvvələr qoşuldu.
Bu işdə onların da az xidmətləri olmadı. Xanlar
Pedaqoji Məktəbinin məzunları öz təhsillərini uğurla
davam etdirərək müxtəlif vəzifələrdə, elmi-pedaqoji
sahələrdə çalışmışlar. Tanınmış dövlət xadimi mərhum
Qəşəm Aslanov, professor Kamil Rzayev, uzun müddət
Salyan rayonu Arbatan kənd orta məktəbinə başçılıq etmiş
Əhməd Zeynalov, yenə də Salyanda rəhbər pedaqoji
sahələrdə çalışmış Əhəd Əliyev, Firudin, Bakı şəhərində
54 nömrəli məktəbin sabiq direktoru Rima Hənifəyeva (o,
Prezidentin fərdi təqaüdçüsüdür), Goranboy rayonunun
Qaradağlı kənd orta məktəbində direktor işləmiş mərhum
Mədəd Qəmbərov, hazırda Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri
olan Süleyman Məmmədov pedaqoji ictimaiyyət arasında
dərin nüfuz qazanmışlar. Süleyman Məmmədov Azərbaycan
Respublikasının elm sahəsində Dövlət mükafatına layiq
görülmüşdür. Məktəbin məzunlarının səsi ölkəmizin
müxtəlif yerlərindən gəlir. Fəxrlə yada salıram ki, bu
sətirlərin müəllifi də həmin məktəbin məzunudur. Lakin
zaman keçdikcə xəbis ürəklər öz işini gördü. Məktəb
bağlanmaq təhlükəsi qarşısında qaldı. Heç kəsin yadına
düşmədi ki, bu məktəbin varlığına son qoymaqla möhtəşəm
bir təhsil ocağının adı tarixdən silinir. Bu gün isə bu
barədə düşünmək çox gecdir.
Lakin bu vəziyyət də davamlı olmadı. İllər keçdikcə çox
şey dəyişirdi, bəzi amillərin təsiri ilə məktəbin nüfuzu
aşağı düşürdü. Artıq İrəvan Pedaqoji Texnikumunun
ənənələrindən əsər belə qalmamışdı. Sanki bu məktəbin
İrəvan Pedaqoji Məktəbinin varisi olduğu unudulmuşdu.
Orada İrəvan Pedaqoji Məktəbinə dair bir stend də
asılmamışdı. Böyük tarixi ənənələrə, İrəvan acılarını
özündə daşıyan təhsil ocağının fəaliyyətinə ötən əsrin
60-cı illərində birdəfəlik son qoyuldu. Məktəb bağlandı.
Bununla da İrəvan Pedaqoji Texnikumu tarixə qovuşdu.
Erməni xislətinin təsiri necə də olsa, öz işini gördü.
Söz yox ki, bu məktəbin bağlanması təklifini erməni
millətçisinin başçılıq etdiyi Xanlar Rayon Partiya
Komitəsi qaldırmışdı. Başqa cür mümkün də deyildi. İndi
də adam təsəvvür etmir ki, bu qərar hansı zərurətdən
qəbul edildi, nə üçün ona ciddi reaksiya verən
tapılmadı.
Yeri gəlmişkən deməliyik ki, Xanlar Pedaqoji Məktəbinin
məzunu olan partiya-dövlət xadimi mərhum Qəşəm Aslanov
hələ o zaman tez-tez yada salırdı ki, köçürmə zamanı
texnikumun arxivinin İrəvanda dövlət arxivinə verilməsi
bir tarixi səhv idi. İndi bu sənədlər əlçatmaz
yerdədir. Şahidlərin isə çoxu həyatdan getmişdir. Yalnız
şifahi sorğularla bəzi faktları dəqiqləşdirmək olur.
Buna akademik Budaq Budaqovun da təəssüfləndiyinin
şahidi olmuşam. O bu texnikum haqqında yazı yazmağa
material tapmamasından gileylənirdi. Hətta bu təhsil
ocağının yubileyinin keçirilməsi üçün də kifayət qədər
faktlar, sənədlər əldə etmək mümkün deyildi. İrəvan
təhsili haqqında bir sıra kitablar yazılsa da, bu gün
material azlığı göz qabağındadır.
Bu cəhətdən Əsgər Zeynalovun "İrəvan ziyalıları" (Bakı,
1999), Cəlal Allahverdiyevin "İrəvan ədəbi mühiti"
(Bakı, 2010), Ziyəddin Məhərrəmovun "İrəvanda
məktəbdarlıq və maarifçilik" (Bakı, 2010) kitabları
istisnalıq təşkil edir. Xalqımızın taleyində böyük rol
oynamış İrəvan Pedaqoji Texnikumu tarixin amansız
tufanına rast gəldi.
Beləliklə də, xalqımızın tarixində böyük maarifçilik
xidmətləri göstərmiş və İrəvanda 24 ilə yaxın
fəaliyyətdə olmuş bir təhsil ocağının son nişanələri də
unuduldu. Onun taleyi onda bəd gətirdi ki, heç kəs onun
gələcəyi haqqında vaxtında düşünmədi. Onun haqqında
geniş tədqiqat aparmaq isə sonralar çətin oldu. Lakin
bir az da optimist olmaq lazımdır. Əldə olan
materialları öyrənib üzə çıxarmaq hələ də gec deyil.
Möhtəşəm tarixi olan, yetirmələri ilə tanınan bu təhsil
ocağının özünəlayiq qiymətini alması bugünkü nəslin
mənəvi borcudur. Ümidvaram ki, həyat öz məcrasına
düşəcək, ağır ellər öz yurduna qayıdacaq və İrəvan
Pedaqoji Texnikumu da bərpa olunaraq öz tarixi rolunu
şərəflə davam etdirəcəkdir.
Nəcəf NƏCƏFOV,
ADPU-nun dosenti, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, əməkdar müəllim |