Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Sentyabr 2012 - №38

 

Naxçıvan Dövlət Universitetinin 45 illik yubileyi qeyd olunub

 

Naxçıvan Dövlət Universitetində bu ali məktəbin yaradılmasının 45 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli Naxçıvan elmi ictimaiyyətini, universitet kollektivini və çoxsaylı tələbə kontingentini yubiley münasibətilə təbrik etdi.  

Rektor bu ali məktəbin 1967-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi 3 müəllim, 102 tələbə  ilə fəaliyyətə başladığını, 12 iyul 1972-ci ildən Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu kimi müstəqil ali məktəbə çevrildiyini, 29 dekabr 1990-cı il tarixdən universitet kimi fəaliyyət göstərdiyini xatırlatdı.  Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamı olaraq bu gün  Naxçıvanda möhkəm milli əsaslara malik, güclü maddi-texniki bazası olan müasir tipli universitet formalaşmışdır. Hazırda 376 müəllimin çalışdığı universitetdə bu gün 10 fakültədə 52 ixtisas üzrə 5000-dən yuxarı tələbə təhsil alır. Universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul olan 376 əməkdaşdan 2 nəfəri akademik, 4 nəfəri AMEA-nın müxbir üzvü, 31 nəfəri elmlər doktoru, 202 nəfəri fəlsəfə doktorudur. Dünyanın müxtəlif ölkələrinin 70-dən çox tanınmış universitetləri ilə beynəlxalq əməkdaşlıq edən NDU-da 200-dən artıq xarici vətəndaş təhsıl alır. Universitetin 30 mindən çox məzunu nəinki Azərbaycanda, müxtəlif ölkələrdə universiteti layiqincə təmsil edirlər. Dünya universitetləri səviyyəsində inkişaf etməkdə olan bu ali məktəb regionun elmi kadr potensialı, yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmasında əsas rola malikdir. Tezliklə Boloniya sisteminə keçidin tam təmin olunması tədrisin Avropa standartlarına uyğun təşkilinə təminat verəcək. Universitetdə 3 İnternet mərkəzi, "Qeyrət" nəşriyyatı, Media mərkəzi, televiziya studiyası, "Nuhçıxan" radiosu, "Elmi əsərlər" jurnalı, "Fikir" informasiya bülleteni, "Yeni fikir" qəzeti vardır. NDU-da elmdə, təhsildə ən müasir texnologiyaların tətbiqinə geniş meydan açılmışdır. 2010-cu ildən istifadə olunan WI-FI simsiz kampus İnternet şəbəkəsi universitetin virtual imkanlarını hüdudsuz şəkildə genişləndirmişdir. Universitet Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək Yolu Universitetlər Cəmiyyətinin, Beynəlxalq Turizm Akademiyasının və Qafqaz Universitetlər Birliyinin üzvüdür.

Rektor, akademik İsa Həbibbəyli Naxçıvanda yeganə dövlət ali təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinin bugünkü inkişafında ilk müəllimlərin, müxtəlif illərdə buraya rəhbərlik edən rektorların, indiki professor-müəllim heyətinin böyük rol oynadığını, dövlətimiz tərəfindən universitet əməkdaşlarının əməyinin yüksək qiymətləndirildiyini bildirdi. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif vaxtlarda universitetdə olması, kollektivlə səmimi görüşləri, bu ali təhsil ocağının 25, 30 və 40 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması universitet tarixinın şanlı səhifələridir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2012-2013-cü tədris ilinin başlanması münasibətilə universitetin pedaqoji, təbiətşünaslıq və kənd təsərrüfatı fakültələrinin yeni tədris korpusunun  açılış mərasimində 45 illik tarixə malik Naxçıvan Dövlət Universitetinin Azərbaycan ali təhsil sistemində, Naxçıvanda cəmiyyət həyatının inkişafında, elmi, iqtisadi və mədəni tərəqqidə rolunu yüksək qiymətləndirmişdir. Muxtar respublikada elmin və təhsilin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı, universitetdə günbəgün daha geniş vüsət alan quruculuq işləri, maddi-texniki bazanın artırılması kollektiv qarşısında böyük məsuliyyət qoyur. Universitetin çoxminli kollektivi bundan sonra da milli elmin və təhsilin tərəqqisi istiqamətində əzmlə çalışacaq, milli mənafeyə və müstəqil dövlət quruculuğuna xidmət edəcək.

Sonda rektor, akademik İsa Həbibbəyli universitetin yaradılmasının 45 illiyi münasibətilə ilk müəllimlərdən olan professor Yavuz Axundlunu, Zemfira Əhmədovanı, Əkbər Süleymanovu, Əkbər Əliyevi fəxri fərmanlarla təltif etdi.

Daha sonra universitetin ilk prorektoru işləmiş, Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru, Prezident təqaüdçüsü Yavuz Axundlu, universitet məzunlarından Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan MR Ali Məclisinin deputatı Asim Yadigar və Naxçıvan Müəllimlər İnstitutunun tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru Akif İmanlı, universitetin rus dili və ədəbiyyatı kafedrasının baş müəllimi, qocaman pedaqoq  Əkbər Süleymanov, ümumi riyaziyyat kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Miryasin Eminov çıxış edərək Naxçıvan Dövlət Universitetinin Naxçıvanda elmi-pedaqoji mühitin formalaşmasında mühüm rol oynayan  elm, mədəniyyət, ictimai fikir mərkəzi olduğunu vurğuladılar. Qeyd olundu ki, Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən olan bu ali məktəb yüksək ixtisaslı mütəxəssislərin yetişməsində, regionun elmi potensialının inkişafında özünəməxsus rol oynayır.

Yubiley tədbiri incəsənət fakültəsinin, universitetin müxtəlif mədəniyyət kollektivlərinin rəngarəng konsert proqramı ilə davam etdi. Konservatoriyanın dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərovun, Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyevanın, xalq çalğı alətləri kafedrasınını müəllimi Zeynəb Yusifovanın, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Validə Hüseynovanın rəhbərlik etdiyi xarici tələbələrdən ibarət vokal qrupunun ifaları, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərlik etdiyi "Yallı" rəqs qrupunun təqdim etdiyi rəqslər,  şeir çələngi tədbir iştirakçılarına bayram əhvali-ruhiyyəsi bəxş etdi. Yubiley tədbirində universitetin tarixi inkişaf yolunu əks etdirən slaydlar, kitab sərgisi də nümayiş olundu.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov