Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) 1882-ci il
oktyabrın 24-də qədim Naxçıvanda ruhani ailəsində anadan
olub. İlk ibtidai təhsilini evdə, atasından alıb.
1891-1896-cı illərdə mollaxanada oxuyub. 1896-1898-ci
illərdə görkəmli maarifpərvər Məhəmməd Tağı Sidqinin
təşkil etdiyi "Məktəbi-tərbiyə"də təhsilini davam
etdirib. 1899-1903-cü illərdə regionun pedaqoji
mərkəzlərindən sayılan Təbrizdəki "Talibiyyə"
mədrəsəsinin müdavimi olub və həmin illərdə fars dilini
mükəmməl öyrənib. Təsadüfi deyildir ki, Cavidin ilk
qələm təcrübələri də məhz fars dilində olub.
1906-1908-ci illərdə İstanbul Universitetinin ədəbiyyat
şöbəsində ali təhsil alıb. 1909-cu ildə şair özünə
"Cavid" təxəllüsünü seçib və sonralar bu təxəllüs onun
ailə üzvlərinin də soyadına çevrilib.
Pedaqoji
fəaliyyəti
Hüseyn
Cavid 1910-cu ildə Gəncədə ruhani məktəbində, 1912-ci
ildə Gəncədə Pişnamazzadənin məktəbində, bir müddət
sonra isə Tiflisdə "Aliyev uçeniye" məktəbində, 1914-cü
ildə Tiflisdə "İttifaq" məktəbində, 1915-1916-cı
illərdə Bakıda "Şəfa" məktəbində, 1918-ci ildə
Naxçıvanda "Rüşdiyyə" məktəbində, 1919-cu ildə Bakıda
hazırlıq kursunda, həmçinin bir müddət qız məktəbində,
1920-1937-ci illərdə Darülmüəllimin- Bakı Müəllimlər
Seminariyasında işləyib. Ömrünün son on yeddi ilini
burada çalışan Hüseyn Cavid nüfuzlu və hörmətli müəllim
kimi tanınmaqla yanaşı, həm də ciddi və məhsuldar
yaradıcılığı ilə də məşhur olub.
Hüseyn Cavid və maarifçilik
Müxtəlif dərnəklərdə, komissiyalarda təmsil olunan Cavid
artıq sağlığında canlı klassikə çevrilmişdi. Belə ki,
1924-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının
nəşriyyatında ədibin "Peyğəmbər" dramı çap olunmuş,
həmçinin "İblis" faciəsi ilk dəfə kitab şəklində oxucu
auditoriyasına təqdim edilmiş, Bakıdakı II dərəcəli
16-cı qız məktəbinə hələ sağlığında ikən Hüseyn Cavidin
adı verilmişdi. 1925-ci ilin fevral ayında Bakıda
keçirilən I Türkoloji qurultayda Hüseyn Cavid də
iştirak edib.
1926-cı ilin iyun-oktyabr aylarında gözlərini müalicə
etdirmək məqsədi ilə Berlinə ezam edilən Cavid,
Almaniya təəssüratlarından "Azər" poemasında və
"İblis" faciəsində uğurla istifadə edib.
Şairin "Topal Teymur" əsəri 1926-cı ildə Azərbaycan
Akademik Teatrında tamaşaya qoyulub.
Azərbaycan
ədəbiyyatının inkişafında göstərdiyi çoxillik
xidmətlərinə görə 1927-ci ildə Xalq Komissarları
Şurasının qərarı ilə Hüseyn Cavidə fəxri təqaüd
verilməsi məsələsi irəli sürülüb.
1928-ci ildə Təbriz teatrında "Şeyx Sənan" faciəsi,
1930-cu ilin martinda isə Tiflis Dövlət Qırmızı Ordu
teatrında "Knyaz" pyesi tamaşaya qoyulub. 1937-ci il
iyunun 3-nə qədər, yəni Hüseyn Cavidə qarşı haqsız
ittihamlar irəli sürülənə qədər, Azərbaycan
yazıçılarının ən hörmətli, ən nüfuzlu bir yazarı kimi
ədibin özü də, əsərləri də həmişə gündəmdə olub.
1937-ci il iyunun 4-də Cavid xalq düşməni kimi həbs
edilib. İki il Keşlə və Bayıl həbsxanalarında ağır
zindan həyatı yaşayan Cavid 1939-cu il iyul ayının 4-də
antisovet təbliğatda iştirakı ittihamı ilə
təqsirləndirilib. O, 8 il həbs cəzası alaraq Sibirə
sürgün olunub.
Ömrünün sonlarında gözləri tutulan, mənəvi-psixoloji
təzyiqlərdən sağlamlığını itirən böyük şair Hüseyn Cavid
1941-ci il dekabrın 5-də İrkutsk vilayətində, Tayşet
rayonunun Şevçenko qəsəbəsindəki Əlillər evində
dünyasını dəyişib.
Gülbəniz
Babaxanlı, Cavidin ev-muzeyinin direktoru: -
Cavid Azərbaycan ədəbiyyatının əsl klassikidir. Cavid
Azərbaycan poeziyasının söz zadəganıdır. Cavid
Azərbaycan poeziyasının zirvəsində duran şairdir. Cavid
yaşadığı qısa bir dövrdə dünya şöhrətli əsərlər yaradıb.
Onun müdrik yaşı hələ qarşıdaydı, yaşasaydı, dünya
dahiləri ilə bir sırada dayanacaqdı, əbədiyaşar əsərləri
daha çox yaradacaqdı, yaşasaydı, bu gün əlimizdə olandan
iki dəfə çox yaradıcı irsi qalacaqdı... Bilirsiniz də,
Cavidin bizə gəlib çatan əsərlərindən 5-i itib. Beş
tarixi əsər ki, Cavid onları sürgündən əvvəl yazmışdı,
həbs edilən gecə, o əsərlər də müsadirə edilərək məhv
olunub.
- Cavidlər haqqında yazılanlardan bəlli olur ki, şairin
oğlu Ərtoğrol da öz ömrünü yaşaya bilməyib.., bir çox
əsərləri də kimlər tərəfindənsə mənimsənilib...
- Bu, əslində ayrı bir söhbətin mövzusudur. Ərtoğrolu
Bülbül də, Üzeyir bəy də öz övladları kimi çox
istəyiblər. Ərtoğrolun muzeyimizdə məktubları qorunur,
o məktublardan görünür ki, Cavidin adını çəkməyə belə
kimsənin cəsarət etmədiyi bir zamanda Üzeyir bəy də,
Bülbül də Cavidin oğluna çox böyük diqqət, qayğı
göstəriblər. Ərtoğrol müharibəyə aparıldıqdan sonra da,
Tiflisdə hospitalda vərəmdən ağır vəziyyətdə yatanda da
mütəmadi olaraq məktub vasitəsi ilə onlar Ərtoğrolun
səhhəti, vəziyyəti ilə daim maraqlanıblar. Bülbül
müalicəsinə görə Ərtoğrola pul da göndərib. Bu iki
korifey sənətkar o dövrdə Cavid ailəsi üçün yeganə
etibarlı kişilər idi ki, Ərtoğrol hər məktubunda anası
ilə yeniyetmə bacısını yalnız onlara etibar edib
tapşırırdı. Bülbül Ərtoğrolu hələ tələbə ikən işə
götürmüşdü. Biz, yəni, muzeyin kollektivi, Ərtoğrolun
Bülbülün yanında işlədiyi zaman topladığı və tədqiq
etdiyi əsərlərdən ibarət bu yaxınlarda 10 cildlik
kitab buraxdıq. Azərbaycan folklor nümunələri idi, aşıq
yaradıcılığı idi, hamısı da əlyazma şəklində. 40 ədəd
qovluqda rəngi solmuş, saralmış vərəqlər 70 il
toxunulmaz qalmışdı. Biz onları toplayıb
sistemləşdirdik. Hazırda muzeyimizdə Cavidlə yanaşı,
şairin oğlu bəstəkar Ərtoğrolun da, qızı teatrşünas
Turan xanımın da şəxsi arxivləri saxlanılır. Muzeydə
materiallar, bir qayda olaraq, əlyazma şəklində qorunur.
Ərtoğrolun sənədlərinin arasındakı iclas protokollarında
oxumuşam ki, 1938-ci ildə aşıqların ifasını lentə
alıblar, sonra Ərtoğrol 34 adda aşıq mahnısını nota
köçürüb. Bu gün də arxivimizdə qorunur. Bəzən
musiqişünaslar, bəstəkarlar Ərtoğrolun çap olunmamış
əsərlərini bizdən istəyirlər, vermirik. O əsərlərin
üzərində Ərtoğrolun zəhməti və müəllif hüquqları var.
2012-ci
ilin oktyabrında Hüseyn Cavidin anadan olmasının 130
illiyidir. Biz bu yubileyə çox ciddi hazırlaşırıq. Bu
münasibətlə bizim bir çox layihələrimiz var. Hazırda
bu istiqamətdə planlaşdırdığımız işlərimizi görürük.
Muzeyə xaricdən də çox qonaqlarımız gəlir. Ümumiyyətlə,
Cavid irsinə müraciət edənlər həmişə çoxdu. Muzey
akademiyanın nəzdində fəaliyyət göstərdiyinə görə həm
əlaqələndirmə mərkəzi kimidir, həm də burada
elmi-tədqiqat işləri də gedir. Cavidin 5 cildlik
külliyyatı var əlimizdə. Bu yaxınlarda Özbəkistanda
Cavidin 130 illiyini keçirdik. "Topal Teymur" əsərinə
görə Özbəkistanda Cavid irsinə çox böyük maraq var.
Çünki hələ Cavidin sağlığında onun əsərləri Daşkənddə
tamaşaya qoyulurdu.
Özbəkistanda Cavidi tanıyırlar, Türkmənistanda Cavid
kimdi, bilirlər, Türkiyədə Cavidi sevirlər. Cavidin
əsərləri zaman, məkan tanımır. Onlar hər zaman müasirdi,
aktualdı...
Bu reys İrkutska uçur...
1982-ci ilin oktyabr ayının 13-də Naxçıvandan üç eloğlu,
üç vətənpərvər, üç Cavidsevər - Həmid Cəfərov, Telman
Əliyev və Zakir Nəsirov çətin və məsuliyyətli bir səfərə
yola düşdülər. Məqsəd Cavidin məzarını axtarıb tapmaq və
onun cənazəsinin qalıqlarını Vətənə gətirmək idi.
Həmid Cəfərov: -
Evimdə Cavid nurlu bir guşəm var. Burada təbii ki,
Cavidin əsərləri əsas yer tutur. Vəfatından 41 il
sonra Cavidin Vətənə qayıdışı ilə əlaqədar tarixi
sənədləri, məqalələri, oçerkləri, şairin adının
əbədiləşdirilməsini əks etdirən fotomaterialları bu
guşədə toplamışam. Cavidin qayıdışından sonra ötən bu
otuz il ərzində onlarla kitab yazılıb. Yüzlərlə qələm
əhli mətbuatda bu mövzuya geniş yer veriblər. Cavidin
Vətənə qayıdışından sonra ulu öndərimizin göstərişi ilə
şairin ev-muzeyi yaradıldı. Latın qrafikası ilə
əsərləri çap edildi.
Hüseyn Cavid elə bir söz sərrafıdır ki, onun həyat və
yaradıcılığı həmişə geniş müzakirə predmetidir. Bəzən
düşünürəm, məni Cavidə bağlayan nə olub?
1962-ci ildə mən tələbə idim. İndiki BDU-nun filologiya
fakültəsinə, rus bölməsinə qəbul olunmuşdum. Hazırda
Cavidin ev-muzeyi yerləşən binanın arxa tərəfində bizim
fakültə yerləşirdi. Qrup rəhbərimiz gözəl pedaqoq
Ziynət Əlizadəydi. Ruhu şad olsun!
Ziynət xanımın Azərbaycan ədəbiyyatına, Hüseyn Cavidə
vurğunluğu mənə Cavidi sevdirdi. O, auditoriyamızla
yanaşı dayanan binanı göstərib həmişə mənə deyərdi ki,
sənin həmyerlin Cavid Əfəndi 1937-ci iləcən bu evdə
yaşayıb. O zaman ağlıma belə gəlməzdi ki, 20 il
ötəcək, ulu öndərin tapşırığı ilə, məhz mən və iki
əməlisaleh eloğlum - Telman və Zakir uzaq Sibirə gedib
dahi şairin məzarını doğma vətənə gətirəcəyik.
Ötən əsrdə - 80-ci illərin əvvəllərində repressiya
qurbanlarına artıq dövlət səviyyəsində bir diqqət, qayğı
yaranmışdı. Təbii ki, Cavid kimi dahi şairin də həyat
və yaradıcılığı diqqətdən kənarda qala bilməzdi .
Cavid 1937-ci ilin 4 iyununda həbs edildikdən sonra, iki
il Keşlə və Bayıl həbsxanalarında saxlanılmış, sonra
Maqadana sürgün edilmişdi. Orada səhhəti ağırlaşandan
sonra İrkutsk vilayətindəki Tayşet rayonunun Şevçenko
kəndinə - əlillər xəstəxanasına köçürülmüşdü. Biz üç
həmyerli - mən, Telman və Zakir Tayşetdən Şevçenkoya
gedən yolu öz gözümüzlə gördük. İndinin özündə də 75
kilometrlik o yol gediş-gəliş yolu yox, ölüm-dirim
yoludu...İlin on iki ayı şaxta, buz, fəlakət
yoludu...100 kilometrlərlə ərazisi olan Şevçenko kəndi
əslində sərt, keçilməz Sibir meşəsidir.
Hüseyn Cavid Əlillər xəstəxanasında bir aydan da az
qalib. 5 dekabr 1941-ci ildə İrkutsk vaxtı ilə saat
10.30-da ürək çatışmazlığından və ayaqlarının don
vurmasından vəfat edib. O vaxt Cavidin yanında adamlar
olub və ehtimal olunur ki, dəfndə də elə həmin adamlar
iştirak ediblər.
- Həmid müəllim, siz necə dəqiqləşdirdiniz ki, açılan
qəbir məhz Hüseyn Cavidə məxsusdur?
- Əvvəla, o İrkutsk vilayəti, Tayşet rayonundakı arxiv
barədə fikrimi deyim. O arxiv yüksək səviyyədə səliqəli,
dəqiq və aydın tərtib edilmiş kartlardan ibarətdir. Hər
bir kartda oraya sürgünə göndərilənlərin adı, soyadı,
tərcümeyi-halı, həyatının hansı şəkildə sona çatdığı,
hansı nömrəli aktla, hansı nömrəli qəbirdə dəfn olunduğu
barədə səhih məlumatlar var. O məzarlıqda düz 40 min
nəfər sürgünə göndərilmiş repressiya qurbanı dəfn
olunub. İndinin özündə də o arxivlə maraqlanan
olsa,repressiya qurbanı olmuş neçə-neçə azərbaycanlının
məzarını müəyyənləşdirmək olar.
...Cavidi taxta tabutda, iki metr dərinlikdə, üzü Şərqə,
yəni üzü qibləyə, müsəlmansayağı dəfn etmişdilər. Bu da
onu düşünməyə əsas verir ki, son anında Cavidin
yanında ya öz millətimizdən, ya da öz dinimizdən kimsə
olub.
1991-ci ildə Cavidə həsr edilmiş "Qayıdış" filminin
çəkilişində mən yenidən İrkutska getdim. Bizdən sonra
keçmiş SSRİ məkanının digər respublikalarından da
gəlib neçə-neçə qəbri köçürüb aparmışdılar öz
vətənlərinə...
Biz Cavidin məzarını cəmi üç saat axtardıq. Dəhşətli
burasıdır ki, arxiv kartlarına baxandan sonra belə
qənaətə gəldik ki, 40 min nəfərlik məzar əhlinin
sırasında azərbaycanlıların sayı daha çoxdur. O qanlı
illərdə beriyaların və mikoyanların "xidməti"
sayəsində Gürcüstanda və Ermənistanda repressiya
olunanların sayı Azərbaycana nisbətən az olub.
Cavid çox nadir istedadı ilə yanaşı, böyük pedaqoq,
üzaqgörən və qeyri-adi adam olub.
...Bir dəfə Keşlə həbsxanasında olarkən, Mişkinaz
xanımla görüş zamanı Cavid ona deyib ki, filan əsərimin
filan səhifəsində Ərtoğrolla Turanın taleyini yazmışam,
tap, oxu, amma özlərinə göstərmə. Mişkinaz xanım o
yazını tapıb oxuyub, sonra da yandırıb.
Cavid Quranı çox gözəl mənimsəmişdi. Şübhəsiz ki, onun
bilik dairəsinin bu qədər zənginliyi o böyük kitabın
hikmətiydi.
2002-ci ilin 24 oktyabrında, yəni Hüseyn Cavidin anadan
olmasının 120 illik yubileyi günündə şairin ev-muzeyinin
Bakıda açılışı oldu.
Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması
ilə əlaqədar 1995-ci il iyunun 10-da keçirilən
müşavirədə ulu öndər Heydər Əliyev çıxışında öz
mövqeyini bildirdi.
1996-cı ilin oktyabrında Hüseyn Cavidin Naxçıvanda
məqbərəsi yaradıldı, Mişkinaz xanımın məzarı Bakıdan,
Ərtoğrolun məzarı isə Naxçıvandan Cavid türbəsinə
köçürüldü. 2004-cü ildə Turan xanımın vəfatından sonra
Cavidlərin dördüncü - sonuncu nümayəndəsi də həmin
məqbərədə dəfn edildi.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Hüseyn Cavidin
130 illik yubileyinin keçirilməsi haqqında imzaladığı
sərəncam ulu şairin irsinə çox böyük diqqətin
nəticəsidir. Mən böyük qürurla deyirəm ki, ulu öndərin
tapşırığı ilə dahi Hüseyn Cavidin cənazəsinin vətənə
gətirilməsi prosesində iştirakım bu yubileyə bir
töhfədir. Bundan sonra hələ neçə yüz illər keçəcək,
Cavid günəşi tarixin qanlı səhifələrindən yenə də
vüqarla boy göstərəcək...
Telman Əliyev: -
Mən 1936-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur
rayonunun Yengicə kəndində doğulmuşam. Orta məktəb
illərində Cavidi sevən şagirdlərdən biri də mən
olmuşam. Onun əsərlərini və şeirlərini daim oxumuş, bir
müəllimim kimi onun yaradıcılığından öyrənməyə
çalışmışam.
1982-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illik
yubileyinə hazırlıq işləri ilə bağlı Azərbaycan KP
Mərkəzi Komitəsinin Bürosunun qərarı çıxmışdı.
O zaman mən Naxçıvan Muxtar Respublikasının daxili işlər
nazirinin müavini vəzifəsində çalışırdım.
Ulu öndərimiz Heydər Əliyevin tapşırığı ilə Naxçıvandan
Sibirə gedib Hüseyn Cavidin məzarının tapılıb vətənə
gətirilməsi bir vəzifə kimi Həmid Cəfərova, Zakir
Nəsirova və mənə həvalə olundu.
İrkutska çatan günü Naxçıvana zəng vurdum və eşitdim ki,
böyük bacım rəhmətə gedib. Anamı çox kiçik yaşlarımda
itirdiyimdən bacım bizə ana əvəzi olmuşdu. Onun ölüm
xəbəri məni çox sarsıtdı. Yas mərasiminə qatılmaq üçün
Naxçıvana qayıtmağım qərara alındı. Hava limanına
gəldik. Ancaq ürəyimə dolan bir hiss məni yoldan
saxladı. Fikirləşdim ki, onsuz da dəfnə çata
bilməyəcəyəm. İrkutskda qalım və bizə həvalə olunmuş
tapşırığın yerinə yetirilməsində iştirak edim. Beləcə,
Cavidin ruhuna sevgim, ehtiramım məni hava limanından
geriyə - yenidən İrkutska qaytardı. Sonrakı günlərdə biz
şairin dəfn edildiyi qəbiristanlığı müəyyən etmək,
Cavidin qəbrini tapmaq, cənazəsinin qalıqlarının
Azərbaycana gətirilməsini rəsmiləşdirmək işləri ilə
məşğul olduq.
Bu məqsədlə nümayəndə heyətimizin başçısı Həmid müəllim
bir sıra partiya , sovet, hüquq-mühafizə orqanları ilə
əlaqə yaradaraq lazımi sənədlərin alınmasına müvəffəq
oldu.
Mən o günləri ömür salnaməmdə həyatımın ən şərəfli
günləri sayıram. Çünki Azərbaycan xalqına, Azərbaycan
vətəndaşlarına, o cümlədən Cavid ruhuna xidmət eləmək,
onun cənazəsinin tapılıb Vətənə gətirilməsində üç
nəfərdən biri olmaq, Azərbaycan oğlu üçün böyük bir
şərəfdir. Yaşadığım bu 76 ilin içərisində o günləri ən
unudulmaz günlər hesab edirəm ki, Cavidi öz
çiyinlərimizdə gətirib Vətən torpağına tapşırdıq. Biz bu
gün də üç mənəvi qardaş - Həmid, Zakir və mən özümüzü
Hüseyn Cavidin mənəvi oğulları sayırıq.
Cavid məzara heç bir doğmasının çiynində getməmişdi.
Amma Vətənə üç mənəvi oğlunun çiynində qayıtdı.
Zakir Nəsirov: -
1982-ci ildə 28 yaşım vardı. Naxçıvanda tikinti
materialları kombinatının üzlük plitə sexində fəhlə
işləyirdim. İşlədiyim yerdən SSRİ Ali Sovetinə deputat
seçilmişdim. Bir qrup nümayəndənin sırasında mən də
Fransaya səfərə hazırlaşırdım. O zaman Naxçıvan Vilayət
Partiya Komitəsində üçüncü katib Həmid Cəfərov idi. Mən
onun yanına getdim ki, sənədlərimin mümkün qədər tez
düzəlməsində kömək etsin. O isə bildirdi ki, yuxarıdan
sorğu almışıq, biz getməliyik İrkutska, Cavidin məzarını
gətirməyə. Dedim, gözüm üstə, gedirəm. Fransaya səfəri
sonraya da saxlamaq olar. Oktyabrın 13-də mən, Həmid
Cəfərov, Telman Əliyev Naxçıvandan çıxdıq.
Naxçıvan-Yerevan, Yerevan-Moskva, Moskva-İrkutsk
reysləri ilə getdik. Bu məsuliyyətli və ağır səfərimizin
başa çatmağı iyirmi gün çəkdi. Noyabrın üçündə artıq
Cavid Vətəndə torpağa tapşırıldı.
İrkutskda azərbaycanlılar vardı, biz o buzlu torpağı
qazanda, hamısı tökülüb gəldi köməyə. Müharibə dövründən
qalan yeganə azərbaycanlı tək bircə nəfər bərdəli
Qəhrəman kişiydi, orada ailə qurmuşdu, qalanları
sonradan gələn cavanlardı...
Cavidi tapdığımız qəbiristanlıqda 40 min nəfər uyuyur.
Qəbirlər nömrəynəndi. O nömrələrin də hamısının arxivdə
şəxsi uçot vərəqələri var. Arxiv sənədlərində üç-dörd
yerdə Cavidin şəkli də vardı. Əynində sırıqlı, qoca bir
kişidi, kədərli ...oturub belə...(Bu məqamda Zakir
müəllim kövrəldi - müəllif). O şəkillərə baxanda ürəyim
çox ağrıdı...
Cavid 1941-ci il noyabrın 8-də Maqadandan İrkutska -
Əlillər evinə köçürülüb. Heç bir ay da yaşaya bilməyib
orada. Xəstə adam, baxanı yox, tanıyanı yox... Həmin il
dekabrın 5-də dünyasını dəyişib.
Mən Turan xanımı ilk dəfə İrkutskdan qayıdanda
aeroportda- ulu Cavidin yolunu gözləyənlərin arasında
gördüm. O, bizi çox soyuq qarşıladı, sanki donmuşdu,
stresdən hiss etmirdi ki, nə baş verir. Sonralar əlaqə
saxladıq, buralara yolum düşəndə, həmişə muzeyə gedib
ona baş çəkirdim.
Allah rəhmət eləsin dördünə də. Cavidlər ailəsi ən
əzabkeş ailə olub bu dünyada.., cəlladlar Cavid nəslini
yaşamağa qoymadı. O ailədən bir nəfər nişanə qalmadı.
Adları, yaradıcılıqları əmanət qaldı bu
günümüzə....Cavid kimi dahinin sorağı Maqadandan,
Sibirdən gəlib. Neyləmişdi o peyğəmbər kimi insan?!
Türkcə danışmışdı...türkcəni sevmişdi...
İskəndər Orucəliyev, əməkdar müəllim: -
Mən uzun illər Turan xanımla çiyin-çiyinə çalışmışam.
Özümü onun qardaşı, Cavidin mənəvi övladı hesab
etmişəm. Hüseyn Cavidlə bağlı bir neçə kitabın
müəllifiyəm. On əsrlik Azərbaycan ədəbiyyatı tarixində
Nizamidən sonra Cavidi görürəm - fəlsəfi düşüncələrinə,
aforistik kəlamlarına görə...
Cavid Vətənə xidməti nədə görürdü? Təbii ki,
müəllimlikdə və şairlikdə. O, hər iki sənəti sevir və
onlara hörmətlə yanaşırdı. Cavid şairlikdən aldığı zövqü
müəllimlik peşəsindən də alırdı. O, müəllim sənətinə çox
ciddi yanaşdığını öz pedaqoji düşüncə və nəzəri
mülahizələrində də yazırdı. Bu qəbildən olan yazılarında
Cavid, müəllimi məktəbdə əsas sima, uşaqlara əxlaq dərsi
və tərbiyə verən, ədəb öyrədən şəxsiyyət kimi görürdü.
Şair yeni nəslin maariflənməsində müəllimin roluna çox
böyük əhəmiyyət verir, "maarifi sevən adam heç bir zaman
cahil qala bilməz", - deyirdi.
Cavid nümunəvi bir müəllim kimi Naxçıvan mahalında milli
məktəbin təsisçisi hesab edilən Məşədi Məhəmməd Tağı
Sidqini göstərirdi.
Sidqinin məktəb, maarif və təhsil sahəsindəki
xidmətlərini yüksək dəyərləndirirdi. Cavidin qənaətinə
görə, əsl nümunəvi vətənpərvər, əqidəli, məsləkli,
həmiyyətli olmalı, millətini və millətinin balalarını
sevməlidir. Müəllimin özü təmiz qəlbə, parlaq vicdana,
gözəl əxlaqa, həqiqi və dərin məlumata malik olmalıdır.
Müəllim öz ana dilində aydın, anlaşıqlı, səlis və gözəl
danışmalıdır. "Məsləkli və əqidəli müəllim bir orduya
bərabərdir", - deyən Cavid cəmiyyətdə ciddi islahatlar
aparılması məsələsini maarif, məktəb və müəllimin adı
ilə bağlayırdı.
Cavid müəllimdən tələb edirdi ki, o, yaşadığı əsrin
mədəniyyətini bilsin, öyrənsin, maarifpərvər olsun,
şagird və tələbələrinə qarşı səmimi, qayğıkeş, diqqətli,
məhəbbətli olsun. Çünki "məhəbbət bəşəriyyətin ən
dərin, ən ülvi təcəlligahıdır" - deyirdi Cavid.
Hazırladı: Ellada UMUDLU |