Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Sentyabr 2012 - №38

 

Maks Born - Kvant mexanikasının banisi

 

Onun adı Maks Plank, Albert Eynşteyn, Nils Bor, Verner Qeyzenberq kimi dünya şöhrətli alimlərlə yanaşı çəkilir. Alman nəzəri-fiziki Maks Born çox haqlı olaraq kvant mexanikasının banilərindən biri hesab olunur.  Kristal qəfəsin dinamik nəzəriyyəsi, atom fizikası, təbiətşünaslığın fəlsəfəsinə dair tədqiqatları ilə tanınıb. Kvant mexanikasının statistik interpretasiyasını verib. 1954-cü ildə Nobel mükafatına layiq görülüb. Kristalların termodinamikası, mayelərin kinetik nəzəriyyəsi, atomun quruluş strukturu, kvant mexanikası və nisbilik nəzəriyyəsi sahəsində çoxsaylı elmi tədqiqat işləri  Maks Borna məxsusdur. Nəzəri fizika məktəbinin banisi, bir sıra xarici ölkələrin elmlər akademiyalarının və elmi cəmiyyətlərinin üzvü, sülh uğrunda fəal  mübariz olub.  O, XX əsrin ən görkəmli nəzəri fizikləri arasında layiqli yer qazanıb. 

Uşaqlıq illəri  

Alman alimi Maks Born 1882-ci il dekabrın 11-də Polşanın  Breslav şəhərində (indiki Vroslav) anadan olub. Atası Qustav Born tanınmış embrionoloq,  Breslav Universitetində anatomiya professoru, kafedra müdiri  idi.  Sileziyanın tanınmış sənayeçiləri ailəsindən çıxmış anası Marqaret Born isə istedadlı pianoçu olub. Maksın 4 yaşı tamam olanda anası vəfat edib. 4 il sonra atası Berta Lipşteynlə ailə qurub və onların  bir övladları dünyaya gəlib. Berta Lipşteynin  ailəsi Breslavın nüfuzlu aristokrat və ziyalı dairələrini təmsil etdiyindən Maks  onun inkişafı üçün çox əlverişli olan bir mühitdə böyüyüb. Born ilk təhsilini kayzer  Vilhelmin hakimiyyəti dönəmində Breslavda yerli gimnaziyada alıb.   Bir dəfə dostları ilə birlikdə simsiz radioəlaqənin yaradılmasına dair təcrübə qoyub, yaşlı insanların onların marağına laqeyd münasibəti isə onda heyrət yaradıb.   Baxmayaraq ki, Maks Born mühəndis olmağa can atırdı, atası ona Breslav Universitetində müxtəlif kurslara qatılmağı tövsiyə etmişdi.  "Mən adi  alman gimnaziyasında oxuyurdum, burada əsas tədris fənləri latın və yunan dilləri,  riyaziyyat idi. Lakin onlardan hər hansı birinə maraq göstərmirdim.  Homeri oxuyarkən böyük zövq aldığımı yaxşı xatırlayıram,  "Odisseya"nın ilk sətirlərini isə  indi də əzbərdən deyə bilərəm. Yuxarı sinifdə riyaziyyatı tədris edən müəllimim təkcə gözəl  pedaqoq  deyil, həm də eksperiment həvəskarı və çox səmimi insan idi. O, mənə fizika və kimyanı öyrədirdi. Onun  yüksək ruh yüksəkliyi,  fənnin tədrisindən aldığı zövq mənə də sirayət etmişdi. Ölümünə bir qədər qalmış atam mənə ixtisas seçimi etməkdə tələsməməyi məsləhət görmüşdü. O mənə müxtəlif  fənlər üzrə universitet mühazirələrinə qatılmağı və yalnız bir ildən sonra qərar qəbul etməyi məsləhət görmüşdü. Buna görə də mən nəinki riyaziyyatı və digər dəqiq elmləri  öyrənir, həm də fəlsəfə, incəsənət tarixi və digər fənlərə maraq göstərirdim",-deyə Maks Born sonralar tərcümeyi-halında yazırdı. 

Atasının vəfatından sonra 1901-ci ildə Breslav Universitetinə daxil olan Maks təhsil illərində bir çox fənləri öyrənib, lakin  fizika və riyaziyyata daha çox həvəs göstərib. O, iki yay tətilini Sürix və Qeydelberq universitetlərində keçirib. 1904-cü ildə Born Qettingen  Universitetinə daxil olub. O, burada tanınmış riyaziyyatçılar - David Qilbert və Feliks Kleyn, eləcə də German Minkovskinin rəhbərliyi altında işləyib. Bornun intellektual qabiliyyətini  qiymətləndirən Qilbert onu özünə assistent götürüb. Qettingen Universitetində Born astronomiyanı da öyrənirdi. 1907-ci ildə elastik cismlərin davamlığı nəzəriyyəsi üzrə doktorluq dərəcəsi aldıqdan sonra onun bütün diqqəti  elektrodinamika və nisbilik nəzəriyyəsi sahələrinə  yönəlib.   Universiteti başa vurduqdan sonra Born Berlində kaveleriya polkuna hərbi xidmətə çağırılır. Lakin tezliklə, bir neçə aydan sonra astma xəstəliyindən əziyyət çəkdiyinə görə ordudan tərxis olunub.  Qısamüddətli hərbi xidmət təcrübəsi  onda müharibə və silahlara qarşı nifrət hissini möhkəmləndirib və bu duyğunu o, bütün həyatı boyu qoruyub saxlayıb.       

Dahilərdən dərs alan tələbə  

Sonrakı 6 il ərzində Maks Born Kembric Universitetində elmi araşdırmalarla məşğul olub. O, burada  görkəmli fizik Cozef Tomsonun mühazirələrinə qatılıb. Breslava qayıdan Born eksperimental təcrübələrə başlayıb, daha sonra isə dahi Albert Eynşteynin 1905-ci ildən inkişaf etdirdiyi nisbilik nəzəriyyəsi üzrə nəzəri tədqiqatlar aparıb.  Eynşteynin ideyalarını dövrün tanınmış alimi Minkovskinin riyazi yanaşmaları ilə birləşdirən Born elektron kütləsinin hesablanmasının yeni  sadə metodunu kəşf edib. Bu işi qiymətləndirən Minkovski Borna yenidən Qettingenə qayıtmağı və onun assistenti olmağı təklif edib. Lakin Borna Minkoski ilə yalnız bir neçə həftə işləmək müyəssər olur, 1909-cu ilin əvvəllərində Minkovski keçirdiyi korbağırsaq əməliyyatından sonra) qəfil vəfat edib. Elə həmin il  nisbilik teoreminin nəzəri öyrənilməsini başa çatdıran  Born Qettingen Universitetinə lektor təyin olunub. O, burada atomların yerləşməsindən asılı olaraq kristalların xassələrini öyrənib. Teodor fon Karman ilə birlikdə Maks Born istilik tutumunun temperaturdan asılılığının dəqiq nəzəriyyəsini işləyib hazırlayıb. Bu nəzəriyyə son vaxtlara qədər kristalların öyrənilməsinin əsasının təşkil edir. XX əsrin ortalarına qədər kristal strukturların öyrənilməsi Bornun əsas tədqiqat sahəsi olub.  1915-ci ildə Maks Born Berlin Universitetində dahi alim Maks Plankın yanında  assistent-professor vəzifəsinə təyin olunub. Müharibələrə nifrət etməsinə baxmayaraq,  Birinci Dünya müharibəsi illərində Maks Born səsölçmə sahəsində hərbi araşdırmalara rəhbərlik edib və artilleriya sahəsində yeni ixtiralara qiymət verib. Öz nüfuzundan istifadə edən Born tələbələrini və həmkarlarını müharibə meydanlarından geriyə çəkə bilib.  Məhz müharibə illərində Maks Bornun Albert Eynşteynlə dostluğu başlayıb. Fizikadan əlavə, bu iki insanı musiqiyə olan  sevgi birləşdirirdi, onlar çox məmnuniyyətlə birlikdə - Eynşteyn skripkada, Born isə fortepianoda sonatalar ifa edərdilər. Müharibədən sonra Born kristallar nəzəriyyəsi üzrə tədqiqatlarını davam etdirib, Fris Qabenlə birlikdə kristalların fiziki xassələri ilə onları təşkil edən komponentlərin kimyəvi enerjiləri arasında asılılığın müəyyən olunması üzərində çalışıb. İki alimin səyləri nəticəsində  elmdə Born-Qaber sikli adlandırılan  analitik texnika yaradılıb.  

Elm təşkilatçısı 

Maks Born 1919-cu ildə Frankfurt Universitetində Nəzəri Fizika İnstitutunun direktoru və professoru vəzifəsini tutub.  Ona qədər bu vəzifədə məşhur fizik Maks fon Laue işləyib. Laue tezliklə Maks Plankla işləmək istədiyindən onun yerini Born  tutub. 2 il sonra Qettingenə qayıdan Born universitetin fizika  institutuna rəhbərlik etməyə başlayıb. İşə dəvət olunarkən o, belə bir şərt qoymuşdu ki, keçmiş tanışı və həmkarı Ceyms Frank adıçəkilən institutda eksperimental tədqiqatlara rəhbərlik etsin. Bornun rəhbərliyi ilə fizika institutu nəzəri fizika və riyaziyyatın aparıcı elmi mərkəzinə çevrilib.   Əvvəlcə Born Qettingen Universitetində kristallar nəzəriyyəsinə dair işlərini davam etdirib. Lakin tezliklə kvant nəzəriyyəsinin riyazi əsaslarını    hazırlamağa başlayıb. Bornun kristallar sahəsində tədiqiqatları olduqca vacib idi.  Məhz bu işlər müasir bərk cismlər fizikasının əsasını təşkil edir. Kristallar sahəsinə kvant nəzəriyyəsinin tətbiq olunması Bornun xidməti idi və bu işlərinə görə o, 1954-cü ildə Nobel mükafatına layiq görülmüşdü. Maks Plankın 1900-cü ildə irəli sürdüyü fərziyyəyə görə, kvant nəzəriyyəsi diskret əhəmiyyət daşıyır. Eynşteyn bu ideyanı inkişaf etdirərək işığı hissəciklər axını kimi təsvir edib və onlara kvant adı verib. Daha sonra isə danimarkalı fizik Nils Bor atomun quruluşuna işıq salmaq və bir sıra elementlərin spektrlərini izah etmək  üçün kvant nəzəriyyəsindən istifadə edib. XX əsrin 20-ci illərində fiziklərin əksəriyyəti hesab edirdi ki, hər bir enerji kvantlaşır, lakin ilk vaxtlarda kvant nəzəriyyəsi həllolunmamış bir sıra problemləri olduğu kimi saxlamışdı.  Born isə elə  bir ümumi nəzəriyyə işləyib hazırlamaq istəyirdi ki, o, bütün kvant effektlərini əhatə etsin.  1925-ci ildə Bornun assistenti  Verner Qeyzenberq bu vəzifənin həlli üçün olduqca əhəmiyyətli addım atdı. O belə bir fikir irəli sürmüşdü ki, bütün atom vəziyyətlərinin əsasında riyazi prinsiplər durur. Baxmayaraq ki, Qeyzenberq özü də   təklif etdiyi nəzəriyyənin riyazi əsaslandırmasını həll edə bilməmişdi. Born başa düşürdü ki, Qeyzenberq matrik əməliyyatlardan istifadə edib.  Tələbələrindən Paskual İordanla birlikdə Born Qeyzenberqin məsələyə yanaşmasını rəsmiləşdirərək araşdırmaların nəticələrini "Kvant mexanikası barədə" ("Zur Quantenmechanik")  məqaləsində çap etdirib.  "Kvant mexanikası" termini ilk dəfə olaraq məhz bu məqalə ilə həyata vəsiqə qazanıb.   Bornun təklif etdiyi kvant mexanikası termini  yeni yüksək riyaziləşdirilmiş kvant nəzəriyyəsi demək idi.  Onun bu tədqiqat işi Avropanın elmi dairələrində maraqla qarşılanmışdı. O, apardığı tədqiqat işlərində ona yaxından kömək etmiş tələbələri Volfqanq Pauli və  Verner Qeyzenberq (hər ikisi Nobel mükafatı laureatı) ilə fəxr edirdi. Tezliklə onu Massaçusets Texnologiya İnstitutuna mühazirəçi dəvət edirlər. 1926-cı ildə Ervin Şredinger dalğa mexanikasını inkişaf etdirmişdi. Bu, kvant mexanikasının alternativi idi. Şredingerə görə, dalğa mexanikası matrik mexanikanın formullarına ekvivalent idi. Born belə bir nəticəyə gəlmişdi ki, məkanın müəyyən nöqtələrində hesablanmış dalğa funksiyasının kvadratı belə bir ehtimalı təsdiq edir ki, müvafiq zərrəcik öyrənilən sahədə yerləşir.  Hissəciklərin səpələnməsinin Born tərəfindən izahı (Born yaxınlaşması) fizikada yüksək enerjilərin hesablanması üçün çox əhəmiyyət kəsb edirdi.  Born yaxınlaşmasının dərc olunmasından sonra Qeyzenberq özünün məşhur qeyri-müəyyənlik prinsipini  açıqlayıb. Bu prinsipə görə,  hissəciklərin impulsunu və dəqiq vəziyyətini eyni vaxtda   müəyyən etmək olmaz. Burada bir daha yalnız statistik proqnozlar vermək mümkündür. 

Dahilərin mübahisəsi  

Kvant mexanikasının statistik interpretasiyası Maks Born, Veyner Qeyzenberq, Nils  Bor tərəfindən inkişaf etdirilirdi. Nils Bor Kopenhagendə yaşadığından bu interpretasiya Kopenhagen interpretasiyası adlanırdı.  Kvant nəzəriyyəsinin baniləri olan Albert Eynşteyn, Maks Plank Maks Born və digər alimlərin irəli sürdüyü yeni ideyanı qəbul etmirdilər. Bir sıra fiziklər isə Kopenhagen interpretasiyasını daha səmərəli   hesab edirdilər. Məlumdur ki, Maks Born və Albert Eynşteyn arasında bu mövzuda uzunsürən mübahisələr olub. Buna baxmayaraq,  aralarındakı fundamental  elmi ziddiyyətlər onların dostluğuna kölgə salmamışdı. Albert Eynşteyn kvant mexanikasının reallığını qəbul etmək istəmirdi. Baxmayaraq ki, o, özü də kvant mexanikasının inkişafında mühüm rol oynamışdı.  Alim ömrünün son illərində səylə "birləşmiş nəzəriyyə"lər axtarışında idi.  Lakin bunun üçün hələ vaxt yetişməmişdi.  XX əsrin əvvəllərində elmə hələlik qravitasiya nəzəriyyəsi və elektromaqnit qarşılıqlı təsiri  məlum  idi. Nüvə qüvvələri barədə çox az məlumat vardı.    1928-ci ildə Qettingen Universitetinə gəlmiş bir qrup alim qarşısındakı çıxışında Born belə demişdi : "Bizim tanıdığımız fizikanın 6 aydan sonra sonu çatacaq". Doğrudan da, Bornun tələbələrinin və həmkarlarının da səyləri nəticəsində tezliklə proton və neytronun kəşf olunması fizika elmində əsaslı dönüş yaratdı.   

Born  kvant mexanikasında islahatçı kimi elmi dairələrdə hamıya yaxşı  tanış idi. Onun islahatçılıq missiyası  atomun yeni quruluş nəzəriyyəsinin, fizika və kimyanın sonrakı inkişafının əsasını təşkil edirdi. Bu yenilik Avropanın hər yerindən istedadlı fiziklərin Qettingenə - onun yanına axışmasına səbəb olmuşdu.

1928-ci ildə Leninqradda  fiziklərin  konfransında iştirak edən Bornun səhhəti pisləşib. Ağır elmi yük, uzunsürən mübahisələr, kvant mexanikasının həyatilik qazanması üçün apardığı elmi mücadilə onun sağlamlığına təsir etmişdi. O, bir müddət sanatoriyada qalmalı olub. Alim burada da vaxtını boş keçirməyərək optikaya dair dərslik yazıb. Bu kitab Almaniyada nasistlər tərəfindən qadağan olunsa da, ingilisdilli ölkələrdə böyük maraqla qaşılanıb. Bu, Bornun fizikanın müxtəlif mövzularına dair yazdığı bir neçə dərslik və populyar elmi işlərdən hesab olunur. O, 1932-ci ildə Gettingen Universitetinin fizika fakültəsinin dekanı seçilib. Hitlerin hakimiyyətə gəlməsindən sonra isə elə ilk gündən universitet fəaliyyətini dayandırıb. Universitetin aparıcı professorları, o cümlədən Born vəzifəsindən uzaqlaşdırılıb. Universitetə rəhbərlik artıq faşistlərin əlinə keçmişdi. Bir çox alimlər  müxtəlif həbs düşərgələrinə salınmışdı.  Həyatı və elmi karyerası daima təhlükədə olan məşhur alimi dünyanın bir çox ölkələri işə dəvət edirdi. Almaniyanı tərk edərək Böyük Britaniyaya köçən Born 3 il ərzində Kembric Universitetində lektor olub. O dövrdə Ernest Rezervordun tələbəsi Pyotr Kapitsa (Nobel mükafatı laureatı) da Bornu Moskvaya dəvət edirdi.  Hindistan Fizika İnstitutunda 6 ay hind alimi Venkata Raman ilə işləyən Born 1936-cı ildə Edinburq Universitetində  fəlsəfə professoru yerini tutub. 1953-cü ildə fəxri professor kimi universitetdən istefa verənə qədər alim burada öz tədqiqatlarını davam etdirib.  

Nobelçi tələbələrinin kölgəsində 

Baxmayaraq ki, Maks Bornun bəzi tələbələri və bilavasitə onun ideyaları üzərində çalışan həmkarları artıq kvant nəzəriyyəsi sahəsində işlərə görə  ali Nobel mükafatına layiq görülmüşdülər, Bornun öz  elmi xidməti 1954-cü ilə qədər layiqli qiymətini almayıb. Yalnız 1954-cü ildə Maks Born  kvant mexanikası sahəsində fundmental işlərinə, xüsusən də onun dalğa funksiyasının statistik interpretasiyasına  görə Nobel mükafatına layiq görülüb.

Alim ona Nobel mükafatının təqdim olunmasının bu qədər gecikməsi səbəbini  mikroaləmin öyrənilməsində  Kopenhagen interpretasiyasının ciddi  uğurlarına baxmayaraq, bəzi alimlərin fəlsəfi düşüncələri əsas gətirərək yeni yanaşmanı tanımaq istəməmələrində görürdü.  Bundan başqa, dalğa funksiyası sahəsində işlər təkcə Maks Bornun adı ilə kifayətlənmirdi.  Digər tərəfdən, matrik mexanikanın işlənib hazırlanması sahəsində Nobel mükafatını bu mövzuda ilk məqalə  yazmış  Qeyzenberq almışdı. Bu, həm də ola bilsin ki, onun tələbələrindən olan Paskual İordanın 1933-cü ildə faşist partiyasına üzv seçilməsi ilə bağlı idi.  

Tələbələri özlərini böyük bir ailənin üzvü  kimi hiss edirdilər 

Baxmayaraq ki, Born daha çox kvant fizikası sahəsində apardığı işlərə görə yad olunur, onun tədqiqatları və elmi işləri digər elm sahələrinin inkişafı  üçün də mühüm rol oynayıb.  Çox vaxt mühazirələrdə Borndan soruşardılar ki, o ixtisasca kimdir? Fizik və ya kimyaçı? Kimyaçılara Born deyərdi ki, mən daha çox fizikəm. Fiziklərə isə deyirdi ki, mən daha çox kimyaçıyam.

"Dar ixtisas sahibi olmaq mənim heç vaxt xoşuma gəlməyib. Mən müasir manerada böyük mütəxəssislər qrupu ilə elmi araşdırmalar aparmağa o qədər yaraya bilməzdim. Elmin fəlsəfi əsasları məni həmişə daha çox maraqlandırıb, nəinki konkret nəticələr",-deyə alim sonralar xatirələrində yazırdı. Onu bir elm kimi fizikanın fəlsəfi əsasları maraqlandırırdı: "Fizikanın adi danışıqda ifadə oluna bilən ümumiləşdirici fəlsəfəyə böyük ehtiyacı var".

Alimin tələbələri çox olub. Onun yanında sonralar nüfuzlu nəzəriyyəçilər kimi yetişmiş fiziklər işləyiblər. Aşağıdakı alimlərin adlarını  sadalamaq kifayətdir: Qeyzenberq, Dirak, Pauli, Fermi, Blekket, Viner, Qeytler, Veskopf, Oppengeymer, Teller. Bir müəllim kimi Bornda tənqidi istedad çox güclü inkişaf etmişdi. Lakin bu keyfiyyət xeyirxahlıq hissi ilə o qədər sıx bağlı idi ki, onun bütün tələbələri özlərini böyük bir ailənin üzvü  kimi hiss edirdilər. Bu ailənin başlıca məqsədi bilik əldə etmək idi. O, elə bir dost mühiti yarada bilmişdi ki, ailənin hər bir üzvü məşğul oduğu  bütün problemlərin həllində öz yolunu özü seçə bilərdi. Bəlkə də Bornun şəxsi keyfiyyətləri sayəsində məhz onun məktəbində ən kəskin dünyagörüşlü insanlar birləşmişdi. Yalnız onu demək kifayətdir ki, Bornun birlikdə çox əhəmiyyətli fiziki  nəticələr əldə etdiyi tələbəsi Paskual İordan fəlsəfi baxışlarına görə subyektiv idealist, Maks Born isə materialist,  onun daha bir tələbəsi Dirak bütün dinləri rədd edən ateist idi. Dünyagörüşlərinin müxtəlifliyi onların elmi əməkdaşlığına mane olmurdu.  Born həddən artıq valehedici insan olub. Bununla yanaşı, o, həddən artıq qətiyyətli və ədalətsizliyə yol verildiyi hallarda kəskin barışmazlığı, prinsipiallığı ilə də seçilib. 

"...Mənim üçün müəllimlik ən xoş iş idi, xüsusən də universitetdə müəllimlik etmək" 

Maks Born elmin populyarlaşdırılması üçün də çox işlər görüb.

"Mən hesab edirəm ki, elmə iki tərəfdən - şəxsi maraqlar, eləcə də cəmiyyətin maraqları nöqteyi-nəzərdən baxmaq lazımdır. Mən çox erkən  vaxtlardan elmi araşdırmalara maraq göstərməyə başladım.  Onlar mənə indi də zövq verir.  Bu hiss mənə bir qədər hər dəfə krossvordun cavabını tapanların keçirdikləri hissləri xatırladır. Lakin elmdə tədqiqatçını əhatə edən hiss daha güclü,  istənilən yaradıcı işdən, incəsənət istisna olmaqla,  ala biləcəyiniz hissdən daha güclüdür. Bu yaradıcılıq sevinci ondan ibarətdir ki, siz bu sevinci təbiətin ən gizlin sirləri qarşınızda açıldıqca  yaşayırsınız. Bu hissi fəlsəfi hiss adlandırmaq olar.  Elm mənim daxilimdə davamlı proqres hissini yaradır. Mən əminəm ki, məhz nəzəri fizikin əsl fəlsəfəsi  var.  Nəzəri fizik bizə yeni düşünmə metodları öyrədib". Born qeyd edirdi ki, elmin işi yeniliyi öyrənmək, texnikanın işi yenisini yaratmaqdır. İntellekt mümkün olan və mümkün olmayanlar arasında, zəka isə ağıllı və ağılsız arasında fərq qoyur.

"Mən gənc olarkən sənayenin  alimlərə ehtiyacı az idi. Buna görə də onların həyatda yaşamaq üçün yeganə vasitəsi müəllimlik idi. Mənim üçün müəllimlik ən xoş iş idi, xüsusən də universitetdə müəllimlik etmək. Mənim fikrimcə, elmi həqiqətlərin tələbələrə çatdırılması vəzifəsi elə olmalıdır ki, onları yaradıcılığa cəlb etmək və yaradıcı düşünməyə sövq etmək mümkün olsun. Lakin bu vəzifə həm də onlar üçün dərsliklərin yazılmasını tələb edir.  Müstəqil tədqiqat işi aparan tələbə və aspirantların təhsili mənə daha çox zövq verir. Mənə bu cür tələbələr arasında əsl dahiləri tapmaq xoşbəxtliyi nəsib olub. Tələbədə istedadı aşkar etmək və bu istedadı məhsuldar işə sövq etmək necə də gözəldir.  Beləliklə, elm mənə tam həcmdə hər bir insanın öz peşəkar fəaliyyətindən ala biləcəyi sevinc və məmnunluğu verib".  

Sülhə xidmət edən alim andı 

"Mənim həyatım və baxışlarım" kitabında Maks Born yazırdı: "Mənim lap əvvəldən valideynlərim, həyat yoldaşım və uşaqlarım, müəllim və tələbələrim, həmkarlarım, əməkdaşlarım sarıdan bəxtim gətirib".

Maks Born 1913-cü ildə gettingenli hüquq professorunun qızı ilə evlənib. Onun sonralar Kembric Universitetinin farmakoloji fakültəsinə rəhbərlik etmiş bir oğlu, 2 qızı dünyaya gəlib.  İstefadan sonra o, öz xanımı ilə Gettingen yaxınlığındakı Bad-Pirmont şəhərciyinə köçüb. Burada onların təqaüd  və müsadirə olunmuş əmlakları müharibədən sonrakı hökumət tərəfindən onlara qaytarılıb. Alim burada da elmi işlərini davam etdirir, məqalələr yazır, yeni kitablarını nəşrə hazırlayır, alimlərin sosial məsuliyyətinə dair mühazirələrlə çıxış edir, nüvə silahının yaradılmasına qarşı çıxırdı. 1955-ci ildə 16 Nobel mükafatı laureatlarından biri kimi nüvə silahının yayılmasına qarşı alimlərin etiraz yürüşündə iştirak edib. Yürüşdə qəbul olunmuş bəyənnaməni 51 Nobel mükafatı laureatı imzalayıb. 2 il sonra Born Qərbi Almaniyanın ən görkəmli 18 fiziklərindən biri kimi nüvə silahının yaradılmasında iştirak etməyəcəyinə dair and içib.

O, 1970-ci il yanvarın 5-də  Qettingen Universitetində vəfat edib.   Kibernetikanın yaradıcısı N.Vinnerin sözlərinə görə, "kvant mexanikasının yaradılması və onun inkişaf etdirilməsində başlıca rol Maks Born və Verner Qeyzenberqə məxsusdur.  Maks Born mənim  tanıdığım ən sadə alim idi".   

Hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov