Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

5 Oktyabr 2012 - №39

 

Ukraynada bir ay

 

(Başlanğıcı ötən sayımızda) 

Yaşıllıqlar şəhəri Kiyev 

Ukrayna torpağına təyyarədən baxanda ən çox gördüyün şey meşələr, ağaclıqlar, yaşıllıqlar olur. Bu ölkənin, demək olar ki, bütün yaşayış məskənləri yaşıllıq içində üzür. Doğrudur, bu yaşıllığı Ukrayna xalqına Allah bəxş edib, ancaq xalqın da üstünlüyü ondadır ki, öz təbii sərvətinin qədrini bilir, onu göz bəbəyi kimi qoruyur. Bir ay olduğum üç şəhərin üçündə də: Kiyev, Odessa və Xarkovda on hektarlarca sahəni tutan nəhəng bağları, yeni salınmış, uşaqlı-böyüklü hər kəsin təmiz hava uda-uda sakitlik içində dincəlməsi üçün hər cür şərait yaradılmış, gül-çiçəklərə qərq edilmiş geniş parkları gördükcə Azərbaycanın meşələrinin, Bakının bağlarının gündən-günə əriyib yox olmasını gözlərim önünə gətirir, milli sərvətimizə düşməncəsinə yanaşdığımıza əmin oluram. Halbuki ukraynalılar öz sağlamlıqları naminə hər ağacın, hər kolun qədrini bilir, onları övladları kimi sevib qoruyurlar.

Kiyev Şəhəri Dövlət Arxivinin düz qarşısında ən azı 20-30 hektar olan böyük bir yaşıllıq sahə var. Onun Yelena Teliqa küçəsinə açılan hissəsi sırayla əkilmiş ağaclardan ibarət çox böyük bağdır, sonra eyni genişlikdə təbii meşəlik başlayır, ondan sonra çox da hündür olmayan dağ-dərə gəlir.

Hər gün arxivə getməzdən qabaq və arxivdən çıxandan sonra bir saat bu park-meşə-dağda gəzişir, təmiz hava alır, yorğunluğumu çıxarırdım. Adətən, parkdakı onlarca oturacağın hamısı tutulduğuna görə mən meşəlikdə və dağlıq hissədə gəzməyə üstünlük verirdim. Meşədə çoxlu dələ vardı. Onlarla dostlaşmışdım. Məni görən kimi qaçıb yanıma gəlirdilər. Şəhər mağazalarından onlar üçün təmizlənmiş tum alıb gətirirdim, onlar da əlimdən alıb yeyirdilər. Bağın daimi dincəlişçiləri də onlara qoz və başqa meyvələr verirdi.

Andrey kilsəsi Burada bir məqama toxunmağı gərəkli sayıram. Bu böyük ərazinin meşəlik və dağlıq hissəsi ukraynalı gənclərin də çox sevimli yeridir. Onlar tez-tez 3-5 nəfərlik dəstələrlə gəlir, burada yemək yeyir, spirtli içkilər içir. Yediklərinin artığını, boş şüşələri, birdəfəlik plastik qabları, qəzet parçalarını və b. burada atıb çıxıb gedir, ətrafı əməlli-başlı zibilləyirlər. Doğrudur, parkın içini hər gün təmizləsələr də bu sahələrə, demək olar ki, diqqət yetirilmir, ona görə də zibillik baş alıb gedir. Mən öz soydaşlarımdan tez-tez özümüzü qınayan sözlər eşidirəm ki, bizim ağaclıq sahələrdə yeyib-içmək mədəniyyətimiz aşağıdır, çünki hara getsək oranı zibilləyirik. Açığı, Kiyevdəki mənzərəni görəndən sonra bizim bu sahədə onlardan üstün olduğumuza inandım. 

Babiy Yar

 Dediyim bu sahə "Babiy Yar" adlanır. Kiyevin quzey-günbatan hissəsindəki bu ərazidə 1941-1943-cü illərdə alman işğalçıları dinc əhalini: ukraynalıları, yəhudiləri, qaraçıları, qaraimləri, eləcə də hərbi əsirləri kütləvi şəkildə güllələyiblər. Təkcə 150 min nəfərdən artıq yəhudi məhv edilib.

Şənbə günü - iyulun 21-də arxivdəki dostum Sergey Karamaş məni Babiy Yarla tanış etdi. Tərslikdən, həmin gün şiddətli yağış yağırdı. İkimiz də çətir götürsək də başdan-ayağa su içindəydik. Buna baxmayaraq, Sergey təxminən iki saat məni bu böyük ərazidə gəzdirdi, müharibədə həlak olanların xatirəsinə ucaldılmış bütün abidələrlə tanış etdi.

Xatırladım ki, Sergey Karamaş bu işə sıravi Kiyev vətəndaşı kimi deyil, peşəkar arxivçi-tarixçi kimi yanaşır. O, Babiy Yarda məhv edilmiş bütün insanları milliyyətindən və dinindən asılı olmayaraq öyrənib, bu haqda kitab hazırlayıb (təəssüf ki, maddi imkansızlıq üzündən onu nəşr etdirə bilmir). Sergeyin aşkara çıxardığı rəqəmlər hələ Ukrayna tarixçilərinə bəlli deyil.

Andrey kilsəsinin içi Yağış qanımızı bərk qaraltsa da, S.Karamaşın söylədikləri mənə çox maraqlıydı. Onun bildirdiyinə görə, ikinci dünya savaşında 10 milyondan artıq ukraynalı məhv edilib. Doğrudur, faşistlərlə əməkdaşlıqda bulunaraq öz xalqına silah çevirənlər də olub, ancaq bütövlükdə Ukrayna xalqı işğalçılara qarşı mətanətlə çarpışıb. Maraqlı burasıdır ki, ukraynalıların nəcib ürəyi başqa millətləri də işğalçılardan qoruyub. Kiyev telestudiyasının yanında Sergey mənə minlərcə yəhudini ölümdən xilas etmiş və buna görə güllələnmiş ukraynalı keşişə ucaldılan abidəni də göstərdi.

Yaddaqalan bir fakt da. Kiyevdə façistlərin qırdığı qaraçılara vaxtilə abidə qoyulub, ancaq günlərin birində həmin abidə... oğurlanıb. Kim?, niyə?, necə? - bilinmir. İndi onun yerində bircə xatirə daşı durur... 

Mən gəzdiyimiz, gördüyümüz yerlərin, abidələrin hamısının fotosunu çəkdim. Təəssüf ki, nə Sergeydən eşitdiklərimin hamısını, nə də çəkdiyim fotoları burada vermək imkanım var. 

Gözəlim Kiyev

Babiy Yarda məhv edilmiş uşaqların xatirəsini əbədiləşdirən abidə Ukraynalılar öz tarixləriylə və paytaxtlarıyla fəxr edir. Buna haqları da var. Kiyevdə, doğrudan, çox qədim tikililər, ümumbəşəri önəmli memarlıq abidələri var. Tez-tez eşidirəm: "Ruslar bizim tarixi öz adlarına çıxıb". Yeri gəlmişkən, ilk müstəqil Ukrayna Cümhuriyyətinin prezidenti, akademik Mixail Sergeyeviç Qruşevski (1866-1934) "Ukrayna-Rusun tarixi" adlı 10 cildlik möhtəşəm əsərin müəllifidir və sovet dönəmində həmin kitab "millətçi" adlandırılaraq yasaqlanıb. Bu gün ukraynalılar həmin irsə yiyə çıxaraq öz tarixlərini oradan öyrənir.

Bir istirahət günü şəhəri görməyə çıxdım. İlk dəfə olduğum şəhərləri mən, adətən, piyada gəzməyi sevirəm. Bu dəfə də elə etdim. Metronun "Arsenalnaya" stansiyasında çıxıb, şəhərin yüksək bir təpəsində yerləşən məşhur Andrey kilsəsinə baxmaq üçün yol aldım. Addımbaşı möhtəşəm heykəllərlə və gözəl binalarla qarşılaşırdım. Filosof, şair və müəllim Qriqori Skovorodanın (1722-1794) heykəlindən az sonra getman Petro Konaşeviç Saqaydaçnının (1570?-1622) at üstündəki əzəmətli abidəsi...

"Andrey enişi" adlı əyri-üyrü küçəylə üzüyuxarı - Andrey kilsəsinə doğru qalxıram. Qarşıma qəribə mənzərələr çıxır - bir qarı 10-dan artıq itin zəncirindən çəkə-çəkə aparır (qayıdanda gördüm ki,Getman P.K.Saqaydaçnının abidəsi itlərin hamısını küçədə iplə hasarladığı bir yerdə yatırıb və onlara yardım üçün ianə yığır). Bir rəssam qız gözəl binanın qarşısında oturub onun şəklini çəkir. Küçə boyunca hərə nəyisə satmaq üçün sərgi düzəldir. Matros paltarlı bir kişinin satış kolleksiyasında "Pravda" oxuyan Leninin nimdaş portretindən tutmuş dəri zabit çantasına və ağır dəmir ütüyədək hər şey var. Küçədəki 13 saylı ikimərtəbəli ev görkəmli yazıçı Mixail Bulqakovun (1891-1940) ev-muzeyidir. Giriş qapısının yanında onun xatirə lövhəsi vurulsa da, binanın sağındakı kiçik həyətdə tunc heykəli də qoyulub - skamya üstündə oturmuş yazıçı sağ ayağını sol ayağının üstündən aşırıb və əlləri qoltuğunda fikrə dalıb.

Şir Ürəkli Riçardın qəsrinin yanından ötərək kilsəyə yaxınlaşıram. Öncə qonşuluqda hasar arxasından boylanan Taras Qriqoryeviç Şevçenkonun (1814-1861) - Ukraynanın ən sevimli şairinin heykəli diqqətimi çəkir. Yanına gedib baxıram. Açığı, heç xoşuma gəlmir - keyfiyyətsiz materialdan hazırlanıb, şairin beli bükülüb, gözlərindən yazıqlıq tökülür; elə bil, indicə ağlayacaq. İki həftə sonra Xarkovda görəcəyim olduqca əzəmətli tunc heykəliylə bunu heç cür tutuşdurmaq olmaz.

Nəhayət, Kiyevin rəmzlərindən birinə çevrilmiş, gerçəkdən son dərəcə tarixi dəyərli memarlıq abidəsi olan Andrey kilsəsinə çatıram. Memar Bartolemeo Rastrellinin barokko üslubundakı layihəsinə əsasən 1754-də tikilən bu kilsə apostol Andrey Pervozvannının şərəfinə adlandırılıb.

Mixail Bulqakovun abidəsi Dnepr çayının sağ sahilində tikilən kilsədən aşağı yönələn eniş şəhərin yuxarı və aşağı hissələrini birləşdirir.

Kilsə daha əzəmətli və şəhərin çox yerindən görünsün deyə, süni salınmış hündür təpənin üstündə yerləşdirilib. İçərisi hədsiz gözəldir. İkonaların və başqa iri şəkillərin çərçivələri qızıl təbəqə ilə örtülüb. Açığı, Azərbaycanda Mirmöhsün ağanın Şüvəlandakı türbəsindən başqa, heç yerdə bu cür gözəl dini tikili görməmişəm.   

Faşist svastikası da satılır 

Andrey kilsəsinin ətrafı xarici turistlərlə doludur. Onların arasından keçərək yenidən Andrey enişinə düşür, ancaq bu dəfə üzüaşağı enirəm. Artıq küçə tanınmaz olub - onun hər iki tərəfi başdan-başa suvenirlərlə doludur. Bir anlığa özümü İçərişəhərdə hiss edirəm. Burada da turistlərə öz şəhərlərindən xatirə olmaq üçün ən müxtəlif baha və ucuz əşyalar satılır. Mən də əzizlərimə bəzi hədiyyələr alıram.

Satılan əşyalar içində məni ən çox təəccübləndirən faşist svastikaları oldu. Müharibədə milyonlarca insan itirmiş Ukraynanın paytaxtında faşist rəmzlərinin tam sərbəst satışa çıxarılmasına heyrət etdim. Doğrudur, svastikalar, əsasən, medal və ordenlərin içərisindədir, ancaq harada və necə yerləşməsindən asılı olmayaraq, o, artıq suvenirlikdən çıxır (hər halda, mən belə düşünürəm). Küçənin başqa yerlərində paltarın qoluna tikmək üçün svastikalı faşist qartalı da satışa çıxarılıb.

Ümumən götürdükdə, satış üzərində dövlətin heç bir nəzarətinin olmadığı hiss edilir. Məsələn, bir tərəfdə indiki prezident Yanukoviçin portreti qoyulubsa, lap onun yanında keçmiş baş nazir, indiki məhbus Timoşenkonun əlində ox qisas almağa çalışan təsviri öz müştərisini gözləyir. Stalinin şəkilləri və büstləri də az deyil. Küçənin qurtaracağında satılan rəsm əsərləri içərisində rus çarlarının yağlı boyayla işlənmiş iri portretləri yan-yana düzülüb. Deyəsən, bunlar ruslar üçün nəzərdə tutulub. 

(Ardı gələn sayımızda) 

Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin  professoru
[email protected]
Tel.: +994-50-612-68-13

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov