Müasir ingilis dilinin qrammatik-morfoloji strukturu
üçün xarakterik cəhət ona xas olan analitizmdir.
Sintetik dil olan Azərbaycan dili ilə müqayisəli şəkildə
ingilis dilini öyrənmək sintetik və analitik vasitələrin
qarşılıqlı ifadə edilməsi baxımından müəyyən çətinliklər
yaradır. İngilis dilində sintetik formaların
nəzərəçarpacaq dərəcədə az olması bəzən belə təəssürat
yaradır ki, bu dilin qrammatikasını mənimsəmək daha
asandır. Əslində bu, illüziyadan başqa bir şey deyil.
Çünki hər hansı bir dildə, o cümlədən də müasir ingilis
dilində morfoloji-sintetik formaların azlığı dilin
qrammatikasını çətinləşdirir. Formal sintetik əlamətə
malik olmayan qrammatik mənaları yerli-yerində işlətmək
daha çətin olur. Qətiyyətlə demək olar ki, bu və ya
digər xarici dili öyrənmək prosesində həmin dilə xas
olan dil hadisələrini başa düşüb mənimsəmək işin
başlanğıcıdır. Bu prosesdə əsas və başlıca məsələ dilin
ictimai funksiyasına müvafiq olaraq onun qrammatik
qayda-qanunlarından praktik istifadə etmək bacarıq və
vərdişləri qazanmaqdan ibarətdir.
Müasir ingilis dilində söz birləşmələri və cümlədə
sözlər arasında sintaktik-qrammatik əlaqələr köməkçi
fellər, sözönüləri, artikl və digər vasitələrlə ifadə
edilir. Bu analitik vasitələrin əksəriyyətinin
Azərbaycan dilində birbaşa qarşılığı olmadığı üçün
onları düzgün ifadə etmək bəzən çətin olur.
Dediklərimizi sübut etmək üçün Azərbaycan dilində mövcud
olan ismin altı halının ingilis dilində hansı şəkildə öz
əksini tapmasına diqqət yetirək. İsmin altı halına qarşı
ingilis dilində cəmi iki hal var: ümumi və yiyəlik hal.
Ümumi hal Azərbaycan dilində adlıq hala uyğundur və
Azərbaycan dilində olduğu kimi heç bir morfoloji
göstəricisi yoxdur. Hər iki hal cümlədə əsasən dörd
mövqedə işlənir: mübtəda, ismi xəbər, təyin, xitab.
She is a doctor (ismi xəbərin ad hissəsi) - O, həkimdir
(ismi xəbər)
A stone bridge was destroyed (təyin) - Daş körpü
dağıdıldı (təyin)
The earthquake was terrible (mübtəda) - Zəlzələ dəhşətli
idi (mübtəda).
Mother, help me (xitab) -Ana, mənə kömək et (xitab).
Azərbaycan dilində adlıq halda olan isim cəm,
mənsubiyyət və şəxs şəkilçiləri qəbul edərək müəyyən bir
qrammatik və ya sintaktik məna aldığı halda ingilis
dilində bu mənalar analitik vasitələr olan artikl,
sözönü, köməkçi, bağlayıcı, modal fellər və söz sırası
ilə ifadə edilir.
This is a book. - Bu kitabdır.
Həmin cümlədə və adlıq halda olan kitab sözünə sintetik
morfem -dir şəkilçisi artırdıqda ismi xəbər formalaşır.
İngilis dilində isə book sözü analitik morfem to be
köməkçi feli ilə birləşərək ismi xəbəri formalaşdırır.
İsmin hal formaları zəif olan və ya heç olmayan
dillərdə söz sırası sabitləşmək məcburiyyətində qalır.
Bu da ismin hal kateqoriyasının funksiyasını daşımalı
olur və sözlər arasındakı qrammatik əlaqələri ifadə
edir. Belə ki, ingilis dilində ümumi halda olan isim
cümlədə mövqeyindən asılı olaraq adlıq və təsirlik hala
uyğun olur. Bir çox hallarda müasir ingilis dilində
eyni morfoloji formada işlənən mübtəda və vasitəsiz
tamamlıq ancaq tutduqları yerə görə fərqlənir.
My brother helped his friend. - Mənim qardaşım öz
dostuna kömək etdi.
His friend helped my brother. - Dostu mənim qardaşıma
kömək etdi.
Verilən nümunələrdə ümumi halda olan brother sözü
birinci cümlədə cümlənin əvvəlində işləndiyi üçün
mübtəda, ikinci cümlədə isə təsirli feldən sonra
işləndiyi üçün vasitəsiz tamamlıq funksiyasındadır. Eyni
fikri friend sözü haqqında da demək olar. Birinci
cümlədə təsirli feldən sonra gəldiyi üçün friend sözü
vasitəsiz tamamlıq, ikinci cümlədə isə cümlənin
əvvəlində mübtəda funksiyasında işlənib.
Qeyd edək ki, bir sıra hallarda mübtəda və vasitəsiz
tamamlığın yerini dəyişdikdə cümlə üzvlərinin
sintaktik-semantik mənası da dəyişir.
The boys took the book. - Oğlanlar kitabı götürdü.
The book took the boys. - Kitab oğlanları götürdü.
Bu nümunələrdə birinci cümlədə book və boy sözləri ümumi
halda işlənmişdir və söz sırasından dolayı semantikası
pozulmamışdır. Ancaq ikinci cümlədə birinci cümlədə
vasitəsiz tamamlıq rolunda çıxış edən book sözü ilə
mübtəda rolunda çıxış edən boy sözlərinin yerləşməsindən
asılı olaraq cümlənin semantikası pozulub.
Azərbaycan dilində təsirlik hal iki formada təzahür
edir: müəyyən və qeyri-müəyyən təsirlik hal. Müəyyən
təsirlik hal ismin sonuna -ı, -i, -u, -ü dörd cür
yazılan şəkilçini artırmaqla düzəlir. Qeyri-müəyyən
təsirlik halda olan ismin isə heç bir morfoloji əlaməti
yoxdur, təsirli felin qarşısında işlədilir. Xəbərin
yanından kənarlaşdırıldıqda isə şəkilçi qəbul edərək
müəyyən təsirlik hala çevrilir.
Mən qələm götürdüm. - Qələmi mən götürdüm.
İngilis dilində həm müəyyən, həm də qeyri-müəyyən
təsirlik hala müvafiq olaraq təsirli feldən sonra gələn
ümumi halda işlənən ismi göstərmək olar.
I took the pen. - Mən qələmi götürdüm və ya Mən qələm
götürdüm.
Azərbaycan dilində təsirlik hal yeganə haldır ki, şəxs
şəkilçisi qəbul etmir və xəbər funksiyasında çıxış edə
bilmir. İngilis dilində isə ümumi halda olan isim
cümlədə mövqeyindən asılı olaraq mübtəda, tamamlıq,
zərflik, təyin və ismi xəbərin ad hissəsi olur.
Azərbaycan dilində ismin yiyəlik halının həm əşya, həm
də şəxs ifadə edən isimlər üçün bir ifadə vasitəsi var.
Bu dörd cür yazılan -ın və -nın şəkilçiləridir.
Azərbaycan dilində müəyyən və qeyri-müəyyən yiyəlik hal
deyə aparılan bölgünün ingilis dilində qarşılığı yoxdur.
Ancaq əksər hallarda qarşısında a, an qeyri-müəyyənlik
artiklı işlədilən yiyəlik hal Azərbaycan dilinə
qeyri-müəyyən, qarşısında the müəyyənlik artiklı
işlədilən yiyəlik hal isə müəyyən yiyəlik hala uyğun
olaraq tərcümə edilir.
A girl`s tie - qız qalstuku
The girl`s tie - qızın qalstuku
Azərbaycan dilində həm şəxs, həm də əşya bildirən
isimlərin yiyəlik halını ifadə etmək üçün istifadə
edilən eyni sintetik vasitələr ingilis dilində fərqli,
həm analitik, həm də sintetik yolla ifadə edilir. Şəxs
və bəzi məkan, zaman və mücərrəd anlayış bildirən
isimlərin yiyəlik halı təkdə `s, cəmdə s` morfemi
artırmaqla ifadə edilir.
the boy`s tie - oğlanın qalstuku
boys` ties - oğlanların qalstuku
Əşya bildirən isimlərin yiyəlik halı həm tək, həm də
cəm formada analitik üsul olan of sözönü vasitəsilə
düzəlir.
the leg of the table - stolun qıçı
Yiyəlik halda olan isimlər özündən sonra gələn sözlərlə
əlaqəyə girərək əşyalar, şəxslər arasında aidlik,
mənsubluq mənası yaradır. Azərbaycan dilindən fərqli
olaraq ingilis dilində şəxs ifadə edən isimlərin
yiyəlik halında bu ardıcıllıq pozulur. Mənsubluq
bildirən isim əvvəldə, yiyəlik halda olan isim isə ondan
sonra işlədilir.
Şəxs ifadə edən isimlərin yiyəlik halında isə
ardıcıllığa əməl edilir.
The teacher`s question - müəllimin sualı
The answer of the question - sualın cavabı
Nümunə üçün verilən birinci cümlədə teacher`s sözü
yiyəlik edən, question sözü isə mənsub olan, ikinci
nümunədə isə answer sözü mənsub olan, question sözü isə
yiyəlik edən söz mövqeyindədir. Yiyəlik halda olan ismin
cümlədə düzgün mövqedə işlədilməsi üçün bu xırdalıqlara
diqqət yetirmək şagirdlərə ingilis dilinə düzgün
yiyələnməyə kömək edər. Bunun üçün Azərbaycan dilinin
qrammatik-morfoloji strukturuna dərindən bələd olmaq və
hər iki dilə müqayisəli şəkildə yiyələnməyin daha doğru
yol olduğunu anlamaq lazımdır.
Azərbaycan dilində yiyəlik halda olan isim bəzən ingilis
dilində ümumi hal ilə ifadə edilir. Bu, ingilis dilini
öyrənənlər üçün böyük çətinlik yaradır. Məsələn,
sahiblik ifadə edən to have, have got felləri cümlənin
xəbəri olduqda cümlənin mübtədası ümumi halda olan
isimlə ifadə edilir və xəbərdən sonra ümumi halda
vasitəli tamamlıq işlədilir. Azərbaycan dilinə tərcümədə
bu cür cümlələrin mübtədası yiyəlik hal, vasitəli
tamamlığı isə mənsubiyyət şəkilçisi ilə çevrilir və
birlikdə cümlənin mübtədası olur.
Saida has a book. - Səidənin kitabı var.
Bu cümlədə Saida sözü mübtəda, a book sözü vasitəli
tamamlıqdır. Azərbaycan dilində isə Səidənin kitabı
üçüncü növ təyini söz birləşməsidir və cümlənin
mübtədası funksiyasındadır. Nümunədən də göründüyü kimi
Azərbaycan dilində müəyyən və qeyri-müəyyən halda olan
isim və mənsubiyyət şəkilçili söz birlikdə cümlənin bir
üzvü olur. İngilis dilində isə yiyəlik halda olan isim
asılı yiyəlik haldadırsa mənsub olduğu cümlə üzvünün
təyini olur.
My mother`s eyes are very kind. - Mənim anamın gözləri
çox mehribandır.
Nümunədən də göründüyü kimi eyes sözü mübtəda, my
mother`s sözü isə təyindir, Azərbaycan dilinə tərcümədə
isə mənim anamın gözləri üçüncü növ təyini söz
birləşməsi kimi birlikdə cümlənin mübtədası olub.
Azərbaycan dilindən fərqli olaraq ingilis dilində ismin
müstəqil yiyəlik hal deyilən forması var ki, bu hal
təkdə`s, cəmdə isə ` vasitəsilə düzəldilir. Müstəqil
yiyəlik haldan sonra mənsub olduğu isim işlədilmir və
cümlənin müstəqil bir üzvü olur.
This idea is my friend`s. - Bu fikir mənim
dostumunkudur.
Yönlük halda olan isim istiqamət bildirir və -a, -ə və
ya -ya, -yə şəkilçiləri ilə ifadə edilir, cümlədə
tamamlıq və ya yer zərfliyi olur. İngilis dilində isə
istiqamət bildirən to sözönü və bəzən də sadəcə olaraq
söz sırası ilə öz əksini tapır.
I go home. - Mən evə gedirəm.
I look at the girl. - Mən qıza baxıram.
I go to school. - Mən məktəbə gedirəm.
Birinci və ikinci cümlələrdə yönlük hal söz sırası,
üçüncü cümlədə isə to sözönü vasitəsi ilə ifadə edilib.
Yerlik hal hərəkətin icra olunduğu yeri bildirir və
ismin sonuna -da, -də şəkilçisinin artırılması yolu ilə
düzəlir. Azərbaycan dilində cümlədə tamamlıq, yer
zərfliyi və xəbər funksiyasında işlədilir.
İngilis dilində bu hal in, on, at, under, down və s.
kimi müxtəlif sözönləri ilə ifadə edilir və -da, -də
şəkilçisi, altında, üstündə, arasında sözləri vasitəsilə
çevrilir.
The lion is in the cage. - Şir qəfəsdədir.
The cat is under the table. - Pişik stolun altındadır.
She is at school. - O, məktəbdədir.
Hərəkətin başlanğıc yerini, çıxış nöqtəsini bildirən
çıxışlıq hal Azərbaycan dilində ismin sonuna -dan, -dən
şəkilçisi artırmaqla düzəldilir. İngilis dilində isə bu
hal from sözönü və bəzən də söz sırası ilə ifadə edilir.
Cümlədə tamamlıq, zərflik, xəbər, təyin funksiyasını
daşıyır.
He is coming from school. - O, məktəbdən gəlir.
I asked Murad. - Mən Muraddan xahiş etdim.
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, ingilis
dilində ismin hal kateqoriyası morfoloji ifadə
baxımından çox zəifdir. Sintetik dil olan Azərbaycan
dilində ismin hal şəkilçilərinin ifadə etdiyi qrammatik
mənalar müasir ingilis dilində analitik ifadə
vasitələrindən sözönü və söz sırası, nadir hallarda isə
sintetik formalarla - şəkilçilərlə ifadə edilir.
Mədinə HACIYEVA,
Qəbələ rayon Vəndam qəsəbə
1 nömrəli tam orta məktəbin müəllimi |