Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Metodiki ədəbiyyatın hazırlanmasına dair

 

Tədrisin təşkili, təlim prosesinin səmərəli qurulması, müasir təlim metod və texnologiyalarının tətbiqi, idarəetmə və qiymətləndirmə kimi müxtəlif pedaqoji mahiyyətli işlərin, eləcə də təhsilin bütün sahələrini, tərbiyə işini, o cümlədən iqtisadi, sosial, texnoloji əsasların uğurlu nəzərə alınması məqsədi ilə müxtəlif metodiki nəşrlər hazırlanır və istifadəyə verilir. Metodiki materiallar sırasına tədris planları, fənn proqramları, dərsliklər, dərs vəsaitləri, yardımçı vəsaitlər, əyani vəsaitlər, metodiki göstərişlər, vəsaitlər, tövsiyələr və s. daxildir.

Bəlli olduğu kimi, bilik, bacarıq və vərdişlərin məcmusunu təşkil edən və standartları müəyyənləşdirən sənədlər - təhsil proqramlarından, tədris planı, fənn proqramı və dərsliklərdən (kurikulumdan) ibarətdir. Bu mühüm dövlət əhəmiyyətli sənədlərin hazırlanma, istifadəyə verilmə mexanizmi Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilir və nazirliyin kollegiyası tərəfindən təsdiq edilir, nazirin əmri ilə istifadəyə buraxılır.

Bütün metodik sənəd və materiallar mütəxəssislər tərəfindən hazırlanır, müzakirə, qəbul, təsdiqlənmə və nəşr mərhələlərindən keçir. Müzakirələr, ilkin rəylər əlyazmasının hazırlandığı müəssisədə (kafedrada, fakültədə, metodiki şurada, Elmi Şurada) başa çatır, sonra nəşrinə qrif alınması üçün Təhsil Nazirliyinə təqdim olunur. Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının ixtisaslar (fənlər) üzrə bölmələri əlyazmasını yenidən rəyə verir, müzakirə edir, qrifin verilib-verilməməsi barədə təklifini irəli sürür. Bu təklifdən sonra Təhsil Nazirliyi nəşrə dair razılığını və ya qərarını verir.

Təhsil naziri cənab Misir Mərdanov ötən il bölmələr üzrə Metodiki Şuraların işini gücləndirmək məqsədi ilə əmr imzalamışdır. Əmrdə hazırlanan əlyazmalarının orijinallığına, məzmunca yeniliyinə, ümumiyyətlə, pedaqoji-metodik keyfiyyətinin təminedici olmasına diqqətin artırılması tələb olunur. Həmin əmr bölmələrdə müzakirə edilmiş və icrasına başlanmışdır.

Təcrübə göstərir ki, əlyazma müəlliflərinin xeyli qismi verilən pedaqoji-metodik tələbləri nəzərə almır, tərtib etdikləri materiallarda özlərini müəllif kimi göstərirlər. Xoşagəlməyən hallardan biri budur ki, bəzi fənlər üzrə proqramları digərindən köçürmə yolu ilə qeyri-ixtisas sahibləri "hazırlayırlar". Hətta metodik vəsait, tövsiyə və digər əlyazmalarında qeyri-ixtisas sahibləri rəyçi və ya redaktor kimi göstərilir.

Ən xoşagəlməz hallardan biri də budur ki, bəzi müəlliflər plagiatdan bəhrələnir və ya monoqrafik dissertasiya əsərini tədris vəsaiti, metodik tövsiyə kimi təqdim edir. Bütün bu kimi hallar Metodiki Şuranın bölmələrinin işini çətinləşdirir.

Metodik vəsait, tövsiyə, göstəriş, hətta dərs vəsaitinin hansı məzmunda, hansı həcmdə hazırlanmalı olduğunu, verilən struktur və didaktik tələbləri bilməyənlər də vardır.     

Təcrübəsiz müəlliflərə yardımçı olmaq məqsədi ilə metodiki işləmələrlə əlaqədar verilən tələbləri qeyd etmək istərdim. Öncə fənn proqramının tərtibi haqqında.

Fənnin (kursun) proqramı, hamıya bəlli olduğu kimi, tədris planında nəzərdə tutulmuş saatları əhatə edir, didaktik qaydalara əsasən tərtib olunur. Hər mövzuda hansı məsələyə, istiqamətə yer veriləcəyi göstərilir. Bu, bir neçə adlıq cümlə ilə öz əksini tapır. Təbii ki, bu kimi məlum tələblərə əməl edənlər çoxdur, amma bəzi müəllif və kafedralar proqramı metodik göstəriş istiqamətinə yönəldirlər. Hər mövzunun şərhini verir, izah edir, dərs deyən müəllimin axtarıcılığına, yaradıcı yanaşmasına imkan qalmır. Bununla yanaşı, proqramın həcmi şişirdilir, proqram mahiyyətini dəyişir. Bəlli olduğu kimi, proqramın həcmi fənnin məzmunundan, tədrisə ayrılmış saatlardan asılı olaraq müəyyənləşdirilməlidir. Əgər tədris vaxtı 14 və ya 15 mövzuya verilirsə, onun həcmi 30 saatlıq nəzərdə tutulur və bu, 10-12 səhifəni keçməməlidir.

Yeri gəlmişkən, "Dərslik siyasəti" sənədinə əlavə edilmiş məqsədəuyğun anlayışların izahını konkret olaraq xatırlatmaq istərdim:

Tədris planı (kurikulumun tərkib hissəsi) - hər bir sinif üzrə fənləri və onların tədrisinə ayrılan həftəlik dərs saatlarının miqdarını göstərən sənəddir.

Tədris proqramı (kurikulumun tərkib hissəsi) - hər bir fənn üzrə mənimsənilməli bilik, bacarıq və vərdişlərin məzmununu, həcmini müəyyən edən sənəddir.

Dərslik - konkret fənn üzrə tədris planı və proqram əsasında hazırlanmış, nəzəri və praktik biliklərin əsaslarının sistemli və anlaşıqlı şəkildə izah olunduğu əsas vəsaitdir.

Variativ dərsliklər - ayrı-ayrı müəlliflərin (müəllif qrupunun) vahid tədris proqramı əsasında eyni fənn üçün hazırladıqları müxtəlif dərsliklərdir.

Dərs vəsaiti - konkret fənn üzrə tədris proqramına uyğun hazırlanmış, dərslikdə verilən biliklərin genişləndirilməsi və möhkəmləndirilməsinə xidmət edən vəsaitdir (Bax: "Təhsil xəbərləri", 2006, №2).

Yuxarıda qeyd edilən tələblər təkcə ümumtəhsil məktəbi üçün deyil, orta ixtisas, texniki peşə, ali məktəblər üçün hazırlanan metodik işləmələrə də aiddir.

Əlavə olaraq metodik vəsait, tövsiyə, göstəriş haqqında bir neçə səciyyəvi əlamətləri qeyd etmək istərdim. Metodik vəsait hər hansı bir fənnin, bölmənin, mövzunun və s. tədris xüsusiyyətlərini, bu sahədə nəzəri və təcrübi məlumatları ümumiləşdirən, konkret didaktik-metodiki-praktik yönümdə hazırlanmış olur. Hər hansı monoqrafik əsəri metodik vəsait adı ilə təqdim etmək olmaz.

Metodik tövsiyə, adətən, ayrı-ayrı mövzu və ya bölmələrin tədrisinə aid səmərəli nəticə verə bilən tövsiyələrdən ibarət olur.

Metodik xarakterli ədəbiyyatın hazırlanmasına verilən tələblər bütün kafedralarda diqqət mərkəzində saxlanmalıdır. Bunu da qeyd etmək istərdim ki, yeni dövrün, yeniləşən cəmiyyətin, inkişaf edən texnologiyaların metodik ədəbiyyatda öz əksini tapması, böyüyən nəslin marağı və intellektuallığı, respublikamızın inkişafda olan sosial, iqtisadi, mədəni həyatı məqsədəuyğun məqamlarda tədrisə daxil edilməsi nəzərə alınmalıdır. 

Əjdər AĞAYEV,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının
 "Pedaqogika və Psixologiya" bölməsinin sədri, pedaqoji elmlər doktoru, professor

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov