Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

19 Oktyabr 2012 - №41

 

Musiqi kurikulumu təlimin yüksək səviyyədə təşkilinə imkan verir

 

 Son illər işlənib hazırlanmış, ötən dərs ilində ibtidai siniflərdə tətbiqi başa çatmış, bu dərs ilindən isə ümumi orta təhsil pilləsində tətbiqinə başlanmış yeni fənn kurikulumları təlimin təşkilinə yeni yanaşma nümunəsi olub müasir dövrdə ümumtəhsil məktəbinin qarşısında duran vəzifələrin tam reallaşmasına şərait yaradır. Musiqi fənn kurikulumu da bu baxımdan istisna təşkil etmir. Tələbə yönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük, sistemlilik və inteqrativlik kimi prinsiplərə uyğun hazırlanmış musiqi kurikulumu son illərədək məktəblərimizdə tədrisi o qədər də qaneedici olmayan musiqi fənninin tədrisi keyfiyyətini yüksəltməyə böyük imkanlar açmışdır.

Musiqi fənni kurikulumu əvvəlki proqramlardan bir sıra üstünlüyə malikdir. Kurikulumda istər ibtidai, istərsə də ümumi orta təhsil pilləsində musiqi təliminin məqsəd və vəzifələri aydın qeyd edilərək göstərilmişdir ki, kurikulum şagirdlərin cəmiyyətdə incəsənətin rolunu dərk etmələrini, onların bədii zövqünün, musiqi üzrə bacarıq və vərdişlərinin inkişafını, fəal dinləyici kimi yetişmələrini, mənəvi aləminin zənginləşdirilməsini nəzərdə tutur.

Kurikulumda bütün siniflər üzrə musiqi təliminin məzmun xətləri musiqi aləmi, emosional dəyərləndirmə və musiqi fəaliyyəti olmaqla müəyyənləşdirilmişdir.

Mən hər üç məzmun xətti üzrə kurikulumda nəzərdə tutulmuş təlim nəticələrinə nail olmaq üçün dərslərimi yaradıcı qurur, fəal təlim metodlarından istifadəyə üstünlük verirəm. 1996-cı ildən Bakıdakı 6 nömrəli məktəb-liseydə musiqi müəllimi işləyirəm. Uzun illik təcrübəmdən bu qənaətə gəlmişəm ki, əyani vasitələrin tətbiqi ilə keçilən dərslər şagirdlərin daha çox marağına səbəb olur və onlar belə dərslərdə fəal iştirak edirlər. Son illər isə İKT-nin təlim prosesinə tətbiqi dərslərin əyaniliyini qat-qat artırıb. Musiqi  dərslərində istifadə üçün zəngin resurslar vardır. Bu resurslar dərsdə istənilən musiqi nömrəsinə qulaq asmağı, istənilən ifaçı, bəstəkar haqqında kifayət qədər məlumat verməyi asanlaşdırır. Ona görə də mən dərslərimdə musiqiyə dair resurslardan geniş istifadə edirəm.

Son vaxtlar isə dərslərimi təqdimatlar üzərində qurmağa üstünlük verirəm. Belə təqdimatlar üçün lazım olan slaydları keçilən mövzu üzrə həm özüm hazırlayır, həm də şagirdlərə hazırlatdırıram. Təqdimat-dərslərdə mövzular şagirdlər tərəfindən daha asan qavranılır.

Ümumiyyətlə qeyd edim ki, Milli Kurikulumun tətbiqindən sonra musiqi dərslərinə diqqət artıb. Yeni dərsliklər, iş dəftərləri çap olunub və  olunur, müəllimlər  üçün maraqlı treninqlər təşkil edilir. Bütün bunlar biz müəllimlərə dərsi daha dolğun, daha rəngarəng və maraqlı qurmağa kömək edir.

Məktəbimizdə hər cür texniki avadanlıqla, o cümlədən pianino ilə təchiz olunmuş geniş musiqi otağı vardır. Otaqda yaxşı tərtibat işi aparılmış, divarlardan Azərbaycan və xarici bəstəkarların portretləri asılmışdır.

Dərsdə tətbiq üzrə işə geniş yer verirəm. Musiqi ilə məşğul olan şagirdlər öz bilik və bacarıqlarını göstərir, yoldaşlarına çaldıqları alətlər, onların yaranma tarixi, istifadə qaydaları, ifa etdikləri əsərlər haqqında danışır, sonra isə öyrənilmiş musiqi nömrələrini müxtəlif alətlərdə ifa etməklə nümayiş etdirirlər. Məktəbdə musiqi ilə bağlı sinifdənkənar tədbirlərin keçirilməsinə də xüsusi diqqət yetirirəm. Tez-tez müxtəlif tamaşalar, konsertlər təşkil edirik. Bütün bunlar şagirdlərin musiqi dərslərində aldıqları bilik və bacarıqları, vərdişləri daha da genişləndirir və möhkəmləndirir. 

Reyhan YAQUBOVA,
Bakı şəhər 6 nömrəli məktəb-liseyin musiqi müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov