Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində
elmi tədqiqatların müasir səviyyədə aparılması, məqsədli
kompleks elmi proqramların həyata keçirilməsi
istiqamətində qarşıya qoyulmuş vəzifələr uğurla yerinə
yetirilir. Məlumat üçün qeyd edək ki, universitetlərdə
dövlət büdcəsindən maliyyələşən 4 elmi-tədqiqat
institutu, 4 elmi-tədqiqat mərkəzi, 92 elmi-tədqiqat
laboratoriyası və 1 təsərrüfat hesablı elmi-tədqiqat
institutu fəaliyyət göstərir. Respublika üzrə elmlər
doktorlarının 59,5 faizi (1243 nəfər), fəlsəfə
doktorlarının 62,9 faizi (5869 nəfər), AMEA-nın 62 nəfər
həqiqi və müxbir üzvü ali təhsil sistemində çalışır.
Nazirlər Kabineti ilə razılaşdırılmış siyahıya əsasən
ali təhsil müəssisələri tərəfindən 118 elmi və
elmi-praktik konfrans, o cümlədən 87 respublika və 31
beynəlxalq səviyyəli konfrans keçirilib.
2010-cu ildən başlayaraq elmin maliyyələşdirilməsinin
yeni mexanizmi tətbiq olunur. Qrant üsuluna əsaslanan bu
mexanizmi həyata keçirmək məqsədi ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fonduna son 2 ildə hər il dövlət büdcəsindən 6 milyon
manatdan artıq vəsait ayrılıb. 2010-cu və 2011-ci
illərdə bu Fond tərəfindən elan olunmuş qrant
müsabiqələrində Təhsil Nazirliyi sistemindəki ali təhsil
müəssisələri tərəfindən təqdim edilmiş layihələrdən
22-sinə qrant verilib. Bundan əlavə, ali məktəblərdə
çalışan alimlər 39 beynəlxalq qrant proqramında uğurla
iştirak edirlər.
Son illər ali məktəblərin istehsalat müəssisələri ilə
əlaqələri daha da genişlənib, təsərrüfat hesablı
müqavilələr əsasında aparılan işlərin sayı və
maliyyələşmə həcmi artıb. Ötən il ali məktəblərdə 639
elmi problemi əhatə edən 2411 mövzu üzrə fundamental və
tətbiqi xarakterli tədqiqatlar aparılıb, onlardan 1853-ü
tamamlanıb.
Ali məktəblərdə çalışan alimlərin müəllifliyi ilə 333
monoqrafiya, 309 dərslik, 620 dərs vəsaiti, 1307 adda
proqram və metodik ədəbiyyat nəşr olunub. Xarici
jurnallarda alimlərimizin 1850 məqaləsi, beynəlxalq
konfransların materiallarında 1114 məruzə tezisi dərc
edilib. Ötən il 45 ixtiraya patent, o cümlədən 2
Avrasiya patenti alınıb.
Təhsil Nazirliyi sisteminə daxil olan 27 ali təhsil və
elmi tədqiqat müəssisəsində "Təhsil haqqında" Qanuna
uyğun olaraq yeni doktoranturalar yaradılıb və 2011-ci
ildə həmin doktoranturalara ilk qəbul keçirilib.
Yuxarı sinif şagirdlərinin elmi axtarışlara cəlb
edilməsi, onların müasir tədqiqat metodlarına
yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin
stimullaşdırılması, elmi tədqiqat fəaliyyətinə meyili
olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması,
ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri
arasında əlaqələrin genişləndirilməsi məqsədi ilə
2012-ci il 23-24 fevral tarixlərində ölkəmizdə ilk dəfə
olaraq Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik
Sərgisi çərçivəsində "Sabahın alimləri" Respublika
müsabiqəsi keçirilib. Müsabiqənin qalibləri arasından
seçilmiş 5 nəfər şagird 2012-ci il 13-18 may
tarixlərində ABŞ-ın Pensilvaniya ştatının Pittsburq
şəhərində keçirilən Intel ISEF sərgisində iştirak edib.
Y.ƏLİYEV |