Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Professor Qoşqar Əhmədovun 95 illik yubileyi qeyd edildi

 

Oktyabrın 19-da Gədəbəy rayonunda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tanınmış pedaqoq, professor Qoşqar Əhmədovun 95 illik yubileyi ilə əlaqədar mərasim keçirildi. Tədbirdə təhsil naziri Misir Mərdanov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, alimin həmkarları, yaxınları, tələbələri və ziyalılar iştirak edirdilər.  Öncə tədbir iştirakçıları alimin adını daşıyan Gədəbəy rayonu Slavyanka kənd 1 nömrəli orta məktəbin qarşısında qoyulmuş Qoşqar Əhmədovun büstünün önünə gül dəstələri qoydular. Təhsil naziri Misir Mərdanov və iştirakçılar məktəbdə alimin həyatını, yaradıcılığını əks etdirən guşə ilə tanış oldular.

Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin rayon mərkəzində  ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoydular.

Rayon Mədəniyyət evində keçirilən tədbiri giriş sözü ilə açan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov professor Qoşqar Əhmədovun həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Qeyd edildi ki, Qoşqar Əhmədov 1917-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub, 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsini, 1942-ci ildə Dzerjinski adına Hərbi Akademiyanı bitirib. Sonra icra başçısı Qoşqar Əhmədovun Bakı Dövlət Universitetində elmi yaradıcılıqla məşğul olduğunu, 1950-ci ildə namizədlik dissertasiyasını müdafiə etdiyini söylədi. O, Qoşqar Əhmədovun 1956-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktoranturasına daxil olduğunu, 1961-ci ildə isə professor elmi adına layiq görüldüyünü, görkəmli alimin rəhbərliyi altında 60-dan çox namizədlik və doktorluq dissertasiyaları müdafiə olunduğunu bildirdi.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını salamlayaraq müəllimi olmuş Qoşqar Əhmədovun 95 illik yubileyində iştirak etməkdən məmnunluq duyduğunu bildirdi. Riyaziyyat elminə əvəzsiz töhfələr verən alimin sadə insani keyfiyyətləri, öz  tələbələrinə daim yaradıcılıq keyfiyyətləri  aşılaması barədə danışan Misir Mərdanov Qoşqar Əhmədovun tanınmış şəxsiyyət və böyük insan olduğunu vurğuladı.

Nazir qeyd etdi ki, Qoşqar Əhmədov müasir riyaziyyatın çox sürətlə inkişaf edən optimal proseslərin riyazi nəzəriyyəsi üzrə elmi fəaliyyət göstərib və bir çox gənc alimləri bu istiqamətdə tədqiqatlar aparmağa cəlb edib. Görkəmli alimin yetirmələrinin fəaliyyət coğrafiyasının çox geniş olduğunu bildirən təhsil naziri Misir Mərdanov qeyd etdi ki, hazırda onun tələbələri Azərbaycanla yanaşı MDB, eləcə də dünyanın bir sıra başqa ölkələrində çalışırlar. Qoşqar Əhmədovun böyük alim olmaqla yanaşı, həm də yüksək səviyyəli pedaqoq olduğunu bildirən nazir alimin atası, əməkdar müəllim Teymur Əhmədli haqqında da xoş fikirlər bildirdi. Alimin elinə-obasına çox bağlı bir insan olduğunu və vaxt tapdıqda doğma yurdu Gədəbəyə gələrək istirahətini məhz burada etməyi sevdiyini bildirən nazir Qoşqar müəllimin saza, sözə böyük qiymət verdiyini, bir çox tanınmış şairlərimiz və yazıçılarımızın onun haqqında şeirlər və xatirələr yazdığını nəzərə çatdırdı. 

Tədbirdə çıxış edən alimin yetirməsi, professor Telman Məlikov Qoşqar müəllim haqqında xatirələrini iştirakçılarla bölüşdü. Bildirdi ki, gecə-gündüz yorulmadan çalışaraq elmi kəşflər etmək və bu nəticələri gənclərə çatdırmaq, onlarda elmə maraq yaratmaq onun başlıca amalı idi. Alimin xəstəliklə çarpışdığı vaxtlarda belə bir müəllim kimi tələbələri ilə maraqlanması, onlara tövsiyələr verməsi Qoşqar Əhmədovun nə qədər böyük insan olduğunu sübut edir. Qoşqar müəllimlə yaxından münasibətdə və onun yetirməsi olduğu üçün böyük qürur hissi keçirdiyini bildirən T.Məlikov alimin həyat yolunu və yaradıcılığını özünə örnək saydığını qeyd etdi.

Tədbirdə alimin bacıları dosent Gülnaz Əhmədli, dosent Gülarə Əhmədova Qoşqar Əhmədovun xatirəsinə göstərilən dərin hörmət və ehtirama görə hər bir şəxsə xüsusi minnətdarlıqlarını bildirdilər.

Tədbirdə Gədəbəy aşıqlarının ifasında şeirlər söylənildi, havalar səsləndirildi. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov