Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

25 Oktyabr 2012 - №42

 

Tələbələrin XVII Respublika fənn olimpiadasının qalibləri mükafatlandırıldılar

 

Oktyabrın 24-də Təhsil Nazirliyində tələbələrin XVII Respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Tədbiri təhsil naziri Misir Mərdanov açaraq öncə mərasim iştirakçılarını müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.

Nazir  cari ilin may ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə tələbələrin XVII Respublika fənn olimpiadasının keçirildiyini və bugünkü mərasimdə həmin bilik yarışının qaliblərinin mükafatlandırılacağını deyərək iştirakçılara olimpiada haqqında geniş məlumat verdi. Qeyd olundu ki, olimpiada iştirakçıları 12 fənn üzrə (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus dili) öz biliklərini nümayiş etdiriblər. Olimpiadanın yekun turunda 39 ali təhsil müəssisəsində təhsil alan 655 tələbə iştirak edib. Həmin tələbələr Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Zaqatala və Quba şəhərlərində yerləşən  32 dövlət və 7 qeyri-dövlət ali təhsil müəssisəsi və onların filiallarında keçirilən olimpiadanın qalibləri sırasından seçilərək respublika turuna vəsiqə qazanıblar. Bilik yarışında ölkəmizin bölgələrində fəaliyyət göstərən bütün təhsil müəssisələri təmsil olunub. Təşkilat Komitəsi və münsiflər heyətinin səmərəli fəaliyyəti nəticəsində olimpiada iştirakçılarının işləri qısa müddət ərzində yoxlanılmış, qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir. Belə ki, münsiflər heyətinin qərarına görə I yerə 10, II yerə 23, III yerə 36, həvəsləndirici yerə isə 51 tələbə layiq görülüb.

Hər bir ali məktəb üzrə qaliblərin sayını açıqlayan təhsil naziri daha sonra mərasim iştirakçılarını keçirilməyə başlandığı ildən indiyə qədər tələbələrin fənn olimpiadasının ümumi statistik göstəriciləri ilə tanış etdi. 2007-ci ildən etibarən tələbələrin fənn olimpiadasının  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil olunduğunu söyləyən nazir gənclərin bu bilik yarışına maraqlarının artmasını yüksək qiymətləndirdi. Bildirildi ki,18 illik dövr ərzində keçirilən tələbə fənn olimpiadaları müvafiq fənlər üzrə geniş biliklərə, məntiqi təfəkkürə və yaradıcılıq potensialına malik olan gənclərin aşkara çıxarılmasında və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rol oynamışdır. Gənclərin yaradıcılıq fəaliyyətinin reallaşmasının ən səmərəli formasının təhsillə yanaşı, tədqiqatların aparılması və onların maksimal dərəcədə tədris prosesinə yaxınlaşdırılması sayıldığını qeyd edən nazir Misir Mərdanov gələn ildən başlayaraq tələbələrin elmi tədqiqat işlərinin təşkilinə və sistemli aparılmasına daha çox diqqət yetiriləcəyini bildirdi.

Nazir son illər respublikamızda gənclərin yüksək bilik  və təhsil almaları üçün  hər cür imkan və şəraitin yaradıldığını deyərək ölkə başçısı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticələrindən danışdı. Azərbaycanda kifayət qədər istedadlı gənclərin olduğunu söyləyən təhsil naziri onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi, mədəni  həyatında fəal iştirakını xüsusi vurğuladı və tədbirdə iştirak edən tələbələrə bir sıra dəyərli tövsiyələr verdi.

Nazir Misir Mərdanov çıxışının sonunda  tələbələrin fənn olimpiadasının münsiflər  heyətində respublikamızın tanınmış alim və pedaqoqlarının təmsil olunduğunu deyərək bütövlükdə tədbirin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirdi, bu bilik yarışında müvafiq yerləri tutan gəncləri təbrik etdi.

Çıxış üçün söz alan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı ölkəmizdə elmin, təhsilin inkişafına, həmçinin gənclərə göstərilən diqqət və qayğıdan danışdılar, qalib tələbələri təbrik edərək onlara yeni-yeni nailiyyətlər arzuladılar.

Sonda tələbələrin XVII Respublika fənn olimpiadasında müvafiq yerlərə layiq görülən gənclərə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və pul mükafatları təqdim olundu. Mərasimdə həmçinin məhsuldar fəaliyyətlərinə görə münsiflər heyətinin üzvlərinə fəxri fərman, bölmə sədrlərinə isə fəxri fərmanla birgə pul mükafatları verildi. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov