Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) İnformasiya Texnologiyaları İnstitutunda
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun (EİF) qrantları vasitəsilə
maliyyələşdirilən və həmin institutda həyata keçirilən
layihələrin yerinə yetirilməsinin gedişi ilə bağlı
hesabat və monitorinq xarakterli seminar keçirilmişdir.
AzərTAc xəbər verir ki, seminarda layihə rəhbərlərinin
hesabat məruzələri dinlənilmiş, müzakirələr
aparılmışdır.
EİF-in icraçı direktoru Elçin Babayev çıxış edərək
bildirmişdir ki, rəhbərlik etdiyi qurumda xüsusilə
əhəmiyyətli qrant layihələri üzrə aralıq hesabatların
dinlənilməsi və bu məqsədlə seminarların, müşavirələrin
təşkili ilə bağlı təqdirəlayiq bir ənənə formalaşmışdır.
Burada əsas məqsəd şəffaflığın təmin edilməsinə nail
olmaqdır. Layihə üzrə əldə olunan nəticələr elmi
ictimaiyyət, bu sahədə çalışan alim və mütəxəssislər
qarşısında məruzə edilərkən onun müzakirəsinə imkan
yaranır. Bu, layihənin həyata keçirilməsi prosesinə
müsbət dəyişikliklər etməyə imkan verir, eyni zamanda,
elmi ictimaiyyət layihənin mahiyyəti ilə daha yaxından
tanış ola bilir.
İTİ-də həyata keçirilən axtarış-innovasiya xarakterli
"Azərbaycanda milli elmi informasiya resursları və elmi
istinad indeksinin formalaşdırılması mexanizmlərinin
işlənməsi" mövzusunda layihənin əhəmiyyətindən danışan
E.Babayev bildirmişdir ki, ilkin nəticələr onun uğurla
yerinə yetirilməsindən xəbər verir. Hesab edirik ki, bu
layihə üzrə əldə olunmuş nəticələr ölkədən kənarda
nüfuzlu elmi tədbirlərdə diqqətə çatdırılmalıdır. Qrant
layihələri vasitəsilə bu mövzu ətrafında regional və
beynəlxalq konfrans keçirmək mümkündür. Məqsədimiz
Azərbaycanda elmin inkişafına təkan verə biləcək hər bir
addımı bu cür layihələr vasitəsilə dəstəkləməkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutunda (İTİ) bu elmi müəssisənin
AMEA-nın Geologiya İnstitutu ilə birgə yerinə yetirdiyi
"Azərbaycanda milli elmi informasiya resursları və elmi
istinad indeksinin formalaşdırılması mexanizmlərinin
işlənməsi" mövzusunda qrant layihəsi üzrə doqquz aylıq
hesabat məruzəsi ilə layihənin rəhbəri, İTİ-nin
direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev çıxış
etmişdir.
Məruzədə institutun imkanları, burada aparılan
elmmetrik tədqiqatlar, qrant layihəsinin məqsədi və
fəaliyyət planı, layihə üzrə cari müddətdə görülmüş
işlər, dünya təcrübəsinin öyrənilməsi, təhlillərin
aparılması və digər məsələlərlə bağlı geniş məlumat
əksini tapmışdır.
Sonra İTİ-də yerinə yetirilən fundamental-tətbiqi
xarakterli "Multibiometrik sistemlərdə informasiyanın
aqreqasiyası metodlarının işlənməsi" layihəsinin rəhbəri
Lyudmila Suxostatın layihənin yerinə yetirilməsinin
gedişi haqqında hesabat məruzəsi dinlənilmişdir.
Hesabat çıxışlarından sonra mövzular ətrafında
müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
|