Verner
Heyzenberq Nobel mükafatına layiq görülmüş ən gənc
alimlərdən biridir. Onun adı fizika elminin XX əsrdə
inkişaf istiqamətlərini müəyyən etmiş dahi alimlər
sırasında çəkilir. V.Heyzenberq kvant mexanikasının
müəlliflərindən biridir. Bundan əlavə, o, nüvə fizikası
(elmə izospin anlayışını daxil etmişdir) və elementar
hissəciklər fizikasına da əhəmiyyətli töhfələr
vermişdir. Atomun quruluş nəzəriyyəsini daha da
təkmilləşdirən Heyzenberq həmçinin relyavistik kvant
mexanikası və sahənin vahid, qeyri-xətti nəzəriyyəsini
də işləmişdir. Dahi danimarkalı fizik Nils Bor onun
haqqında demişdi: "Fizika elminin gözəl macəralarla
müqayisə oluna biləcək indiki inkişaf mərhələsində ən
görkəmli rol Verner Heyzenberqə məxsusdur".
İlk təhsil illəri
Verner Heyzenberq 1901-ci il dekabrın 5-də Almaniyanın
Vürsburq şəhərində anadan olub. Onun atası Avqust
Heyzenberq Münhen Universitetinin professoru, tanınmış
dilçi alim idi. Anası Anna Vikleyn uşaqların tərbiyəsi
ilə məşğul olurdu. 1911-ci ilin sentyabrında Verneri
nüfuzlu Münhen gimnaziyasına qoyurlar, uşaq burada
riyaziyyatla maraqlanıb və tez bir vaxtda diferensial
və riyazi hesablamanı mənimsəyib. Artıq gimnaziya
illərində Verner Heyzenberqin çoxtərəfli istedadının
şahidi oluruq. Gənc xarici dillərə maraq göstərirdi,
xüsusən də qədim yunan, latın dillərini gözəl
mənimsəmişdi. Bu ona antik filosofların traktaktlarını
orijinaldan oxumağa imkan verirdi. O, bir neçə musiqi
alətində gözəl çalırdı və qeyri-adi qabiliyyətli idmançı
idi. Onun riyazi qabiliyyətini isə müəllimləri, sadəcə,
çox parlaq hesab edirdilər. Dəqiq elmlər peşə seçimində
qalib gəldi: 1920-ci ildə Verner Münhen Universitetinin
fizika fakültəsinə daxil olub. O, burada A.Zommerfeld və
V.Vindən dərs alıb. Birinci semestrdə Zommerfeld
Heyzenberqə mürəkkəb bir fiziki tapşırıq verib. Tələbə
Heyzenberq natriumun spektral xətləri üçün anomal Zeyman
effektini izah etməli idi. Birinci kurs tələbəsi bu işi
çox gözəl yerinə yetirmişdi. 1922-ci ildə tələbə
Vernerin ilk məqaləsi işıq üzü görəndən sonra Zommerfeld
onun atasına göndərdiyi məktubunda yazırdı: "Siz özünüz
nümunəvi filoloqlar ailəsinə mənsubsunuz, lakin indi
siz öz ailənizdə qəfildən fizika-riyaziyyatçı dahinin
peyda olmasını görməyə məcbursunuz". Universiteti cəmi
üç ilə bitirən
Verner
Heyzenberq sonralar qələmə aldığı "Üfüq arxasında
addımlar" (W.Heisenberg, "Schritte über Grenzen",
München, 1973) kitabında qeyd edir ki, gənclik
illərindən Albert Eynşteynin təsiri altında olub. "Dahi
alimin elmi işləri və onunla görüşlər mənim həyatımda
xüsusi rol oynayıb. Mənim 16 yaşım var idi və mən hələ
gimnaziyada oxuyarkən riyazi məsələlərə daha çox marağım
var idi. Bir dəfə əlimə Eynşteynin nisbilik
nəzəriyyəsindən bəhs edən kitab düşmüşdü. Mən
qəzetlərdən nisbilik nəzəriyyəsi barədə oxumuşdum və
bilirdim ki, onu başa düşmək çox çətindir. Bütün bunlar
məni həddən artıq məşğul edirdi və mən Eynşteyn
nəzəriyyəsindən bəhs edən bu kiçik kitabı əsaslı surətdə
öyrənməyə qərar verdim".
O, çox istedadlı tələbə idi və 1923-cü ildə cəmi 22
yaşında doktorluq dissertasiyası müdafiə edib. Elmi işi
kvant nəzəriyyəsinin bəzi aspektlərinə həsr olunub.
İstedadlı tələbənin uğurları dövrün məşhur fiziki olan
Münhen Universitetinin professoru Arnold Zommerfeldi
heyrətləndirirdi.
Gənc Verner Maks Born tərəfindən Gettingen
Universitetinə dəvət olunur. O, tanınmış professorun
assistenti olur. Məhz Gettingendə Verner spektral
xətlərin intensivliyinə dair özünün ən əhəmiyyətli elmi
işlərindən birini yerinə yetirib. Məqalə 1925-ci ildə
çap olunub və yeni fiziki nəzəriyyənin - kvant
mexanikasının yaradılmasında ilk addım idi. 1924-cü ildə
Heyzenberq tədqiqatçı-təqaüdçü qismində ilyarımlıq
müddətə Kopenhagenə yollanır. O vaxt atom fizikasının
vəziyyəti fərziyyələr yığınını xatırladırdı. Volfqanq
Pauli məhz bu illərdə özünün məşhur "fizika indi
dalandadır, hər halda o mənim üçün çətindir, mən kinoda
komik və ya buna bənzər rola üstünlük verərdim və
fizika barədə heç nə eşitmək istəmirəm" sözlərini
səsləndirib. Heyzenberq ilk işlərini uyğunluq prinsipinə
həsr edib. O bu nəzəriyyənin riyazi əsasını hazırlamağa
cəhd edir və onu empirik qaydadan atomdaxili proseslərdə
elmi tədqiqat metoduna çevirməyə çalışırdı. 1927-ci
ildə cəmi 26 yaşında Leypsiq Universitetinin professoru
təyin olunur.
"Borun elmi nəticələrində səhvlər gizlənib"
1921-ci
ilin payızında Gettingen şəhərində Nils Borun
mühazirələri təşkil olunmuşdu. "Bor festivalı"
adandırılan tədbirə iki tələbə - Verner Heyzenberq və
Volfqanq Pauli də gəlmişdi. Dahi fizikin
mühazirələrindən birinə qulaq asandan sonra 19 yaşlı
Heyzenberq bəyan etmişdi ki, Borun elmi nəticələrində
səhvlər gizlənib. Bundan əlavə, o öz fikrinin
həqiqiliyini tam sübuta yetirə də bilmişdi. Bor
Heyzenberqin istedadından vəcdə gələrək mühazirədən
sonra gənci dərhal gəzintiyə dəvət edib. Tezliklə Pauli
də onlara qoşulub və o da öz fikrini söyləyib. Bütün
bunlar Boru sevindirib və hər iki tələbəni işləmək üçün
Kopenhagenə öz yanına dəvət edib.
XX əsrdə atom mexanikasını yaratmaq səadəti alman fiziki
Verner Heyzenberqə nəsib olub. Heyzenberq Danimarkada
elə həmin andan elmi mübahisələr şəraitinə, həyatının
məqsədi fizika və onun qanunları olan alimlərin arasına
düşdü. Yarımillik elmi axtarışlar uzunsürən
mübahisələrdə keçdi. Elektrodinamikanın obyekti olan
elektron nə üçün atom qanunlarına tabe olmur və Borun
qeyri-məntiq postulatlarının böyük qüvvəsinin səbəbi
nədir? Və elektronun hərəkəti anlayışı nəyi nəzərdə
tutur? Bu suallara cavab tapmaq lazım idi. Tezliklə yay
gəldi və xəstələnmiş Heyzenberq iyun ayında Baltik
dənizindəki Helholand adasına istirahətə getdi. Lakin
istirahət etmək ona müyəssər olmadı. O, burada
birdən-birə gözlənilməz həqiqəti başa düşdü: elektronun
atomdakı hərəkətini balaca kürəciyin trayektoriya üzrə
hərəkəti kimi təsəvvür etmək olmaz. Ona görə ki,
elektron kürəcik deyil, nə isə daha mürəkkəb bir şeydir
və bu "nə isə"nin hərəkətini adi təsəvvür etmək mümkün
deyil. Heyzenberq təsdiq edirdi ki, atomdakı hərəkətin
təsvirini vermək üçün istifadə etdiyimiz tənliklərdə
ölçülə bilənlərdən başqa heç bir kəmiyyət olmamalıdır.
Heyzenberqin köməyinə Maks Born və onun tələbəsi Paskual
İordan çatdı. Riyazi matrisaların köməyi ilə Heyzenberq
öz fərziyyəsini daha da inkişaf etdirdi. Heyzenberq və
onun müəllimi Nils Bor psixoloji sədləri dəf edərək
matrisaların xassələri ilə elektronların atomdakı
hərəkət xüsusiyyətləri arasında uyğunluq tapdılar və
bununla da yeni atom, kvant, matris mexanikasının
əsasını qoydular. Beləliklə, atom mexanikası elektronun
atomdakı hərəkətini təsvir edir. Kvant mexanikasına görə
isə bu təsvirdə əsas
rolu
h təsir kvantı anlayışı oynayır. Bu
təsviri izah etmək üçün zəruri olan riyazi aparat isə
matrisalardır. Heyzenberqə görə hərəkət - elektron
kürəciyin nüvə ətrafında hər hansı trayektoriya üzrə
hərəkəti deyildir. Hərəkət - sistemin halının zamana
görə dəyişilməsidir və bu da matrisalar vasitəsilə
təsvir olunur. Heyzenberq tərəfindən matrisa
mexanikasının yaradılmasını fiziklər böyük sevinc və
yüngüllüklə qarşıladılar. "Heyzenberqin mexanikası mənə
yenidən sevinc və ümid qaytardı. Bu mexanika tapmacanın
cavabını verə bilməsə də, mən inanıram ki, indi yenidən
irəli getmək olar",-deyə V.Pauli 1925-ci il oktyabrın
9-da yazırdı. Pauli tezliklə Heyzenberq nəzəriyyəsini
hidrogen atomuna tətbiq etməklə onu sübut etdi.
Beləliklə də Heyzenberq fizikanın donmuş əsaslarını
parçalayaraq hərəkət anlayışına yeni həyat verdi. Cəmi 4
ay sonra Heyzenberqin dostu Ervin Şredinger daha bir
mexanika - matrisa mexanikasına oxşamayan, lakin atomun
quruluşunu onun qədər yaxşı izah edən dalğa mexanikasını
yaratdı.
Dönüş anı
1925-ci ilin yazında Heyzenberqin elmi fəaliyyətində
dönüş yarandı. O, Kopenhageni tərk edir və Gettingendə
Maks Bornun assistenti kimi çalışır. 1925-ci il iyunun
29-da alman alimi özünün kvant nəzəriyyəsi üzrə ilk
fundamental tədqiqat işini - "Kinematik və mexaniki
əlaqələrin kvant - mexaniki şərhinə dair" məqaləsini
dərc etdirir. Bu məqaləsində alim atom mexanikasının
zəruri əsaslarını işləyib hazırlamağa cəhd edir. Bu
arada Maks Born öz tələbəsi P.Yordan ilə
birlikdə
matrik mexanikanın riyazi əsaslarını işləyib hazırlayır.
Onların 1925-ci il sentyabrın 27-də dərc olunmuş "Kvant
mexanikasına dair" birgə məqaləsində Heyzenberqin
ideyaları kvant mexanikasının sistematik nəzəriyyəsinə
qədər inkişaf etdirilir. Bornun sözlərinə görə,
"Heyzenberq müəyyən radiuslu elektron orbitlər barədə
təsəvvürlərdən və dövretmə mərhələlərindən imtina edir,
çünki bu ölçülər müşahidə oluna bilmirlər. Beləliklə də
Heyzenberq fəlsəfi prinsiplər vasitəsi ilə dolaşıq
düyünü açıb və təxminləri riyazi qaydalarla əvəz
edib".
Elmi yaradıcılığın zirvəsində
Heyzenberqin matrik mexanika nəzəriyyəsi lap yerinə
düşdü. Onun ideyalarını digər fiziklər inkişaf
etdirdilər və tezliklə Borun ifadəsinə görə, "onun
nəzəriyyəsi öz məntiqi bitkinliyi və ümumiliyi ilə
yalnız klassik mexanika ilə rəqabət apara biləcək şəkil
aldı". 1926-1927-ci illərdə Heyzenberq yenə
Kopenhagendədir, o, nəzəri fizika dosenti kimi çox
uğurla tələbələrə mühazirə oxuyur. Bununla belə, gənc
alman alimi Nils Borla kvant hadisələrinin şərhi üzrə
çox qızğın mübahisələr aparır. Müəllim və tələbə
arasında tez-tez kvant mexanikası üzrə diskussiyalar
olurdu. Bu mübahisələr sonda elmi həqiqətin
doğulmasına xidmət edirdi.
Heyzenberq bu barədə sonralar xatırlayırdı: "Mən Borla
olan çoxsaylı diskussiyalarımı xatırlayıram, bu
mübahisələr gecəyarısına kimi davam edir və tam
ümidsizliklə başa çatırdı. Və əgər mən bu cür
diskussiyalardan sonra qonşu parka qısa gəzintiyə yola
düşürdümsə, yenə də öz-özümə təkrar edirdim ki,
doğrudanmı, təbiət həqiqətən, atom eksperimentlərində
bizim anladığımız kimi bu cür absurd ola bilərmi?". Bu
düşüncələrin nəticələri 1927-ci ildə Heyzenberqin
"qeyri-müəyyənlik əlaqəsi" və Borun "tamamlama prinsipi"
kimi təsbit olundu. Borun dediyi kimi, "qarşılıqlı
qeyri-müəyyənliyin" təbii halı Heyzenberq tərəfindən
riyazi olaraq "qeyri-dəqiqlik münasibəti" və ya
"qeyri-müəyyənlik münasibəti" kimi əksini tapdı. Bu kəşf
nəzəri fizikada ən görkəmli nailiyyətlərdən hesab
olunur.
Onun elmi yaradıcılığının zirvəsi 1927-ci ildə
qeyri-müəyyənlik münasibətinin kəşfi oldu. Hissəciklərin
impulsu və kordinatı anlayışı barədə düşünün alim belə
bir nəticəyə gəlmişdi ki, eyni vaxtda həm kordinat və
impulsu dəqiq ölçmək mümkün deyil. Elektronun kordinatı
nə qədər dəqiq ölçülürsə, impulsu bir o qədər
qeyri-dəqiq müəyyən etmək olur. Bu iki anlayış
bir-birini tamamlayır. Qeyri-müəyyənlik münasibəti
klassik fizika nöqteyi-nəzərindən tamamilə qeyri-adi
anlayış hesab olunurdu. 1941-ci ilə kimi Leypsiqdə
işləyən alim ferromaqnetizm və elektodinamika sahəsində
bir sıra elmi tədqiqatlar aparıb. 1932-ci ildə Ceyms
Çedvik tərəfindən neytronun kəşfindən sonra Heyzenberq
belə bir fərziyyə irəli sürdü ki, atom nüvəsi nüvə
qarşılıqlı qüvvələri tərəfindən saxlanılan proton və
neytronlardan təşkil olunub. Özünün "Atom nüvəsi
fizikası" kitabında alim kəşf etdiyi təbiət qanununu
belə xarakterizə etmişdi: "Heç vaxt həlledici şəkildə
xırda hissəciklərin hərəkətini müəyyən edən hər iki
parametri - onun yerini və sürətini eyni vaxtda dəqiq
bilmək olmaz. Heç vaxt eyni zamanda onun harada
yerləşməsini, hansı sürətlə və hansı istiqamətdə hərəkət
etməsini bilmək olmaz. Əgər qoyulan eksperiment indiki
anda onun harada olmasını dəqiq göstərirsə, onda hərəkət
elə bir tərzdə pozulur ki, bundan sonra hissəciyi
yenidən tapmaq mümkün olmaz. Əksinə, sürətin dəqiq
ölçülməsi ilə yerin şəkli tamamilə silinə bilər".
Heyzenberqin qeyri-müəyyənlik münasibətində atomu
dağıtmadan onu müşahidə etmənin mümkünsüzlüyü anlayışı
var. Mikrofiziki aləmin dəqiq şəklinin istənilən ifadə
olunma cəhdləri ya korpuskulyar, ya da dalğa
nəzəriyyəsinə əsaslanmalıdır. 1927-ci ildə Heyzenberq
sovet fiziki Dmitri İvanenkodan xəbərsiz nüvənin
proton-neytron modelini təklif edib, bu fərziyyəni kvant
mexanikası əsasında müfəssəl şəkildə əsaslandırıb.
1933-cü ildə Şredinger və Dirakla birlikdə onun işləri
Nobel mükatına layiq görülüb. O, kvant mexanikasını
yaratdığına və onun əlavəsi olaraq hidrogenin allotropik
formalarının kəşfinə görə ali mükafat alıb.
"Elə ciddi şeylər var ki, onlar barədə yalnız zarafatla
danışmaq olar"
Verner Heyzenberq gimnaziyanı bitirən zaman onun ölkəsi
Almaniya bütün dünya ilə - Mendeleyevin vətəni Rusiya,
Rezervordun vətəni İngiltərə, Lui de Broylun vətəni
Fransa ilə vuruşurdu. Müharibə alimlərin normal
fəaliyyəti üçün ciddi maneələr yaratmışdı. Maks Plank və
Albert Eynşteynin tez-tez təkrar etdikləri "Elektron
nədir - dalğadır, yaxud hissəcik" sualı cavabsız
qalmışdı. 1927-ci ildə məsələ tam aydınlaşdı. Verner
Heyzenberq başa düşdü ki, hər iki anlayış - hissəcik və
dalğa anlayışları atom obyektinə eynilə yaxşı tətbiq
oluna bilir, onları ayrı-ayrılıqda dəqiq
müəyyənləşdirmək olar. 1926-cı ilin payızında
Heyzenberq Kopenhagen Fizika İnstitutunun mansardında
yaşayırdı. Axşamlar Bor onun yanına qalxar və
diskussiyalar başlayardı, mübahisələr çox vaxt
gecəyarısına qədər davam edərdi. Heyzenberq bu barədə
yazırdı: "Bəzən kvant nəzəriyyəsinin anlaşılmazlığı
üzündən diskussiyalar tam ümidsizliklə Borun mənzilində,
bir stəkan portveyn şərabı içməklə qurtarırdı. Bir dəfə
belə diskussiyalardan sonra mən bərk narahatlıq içində
yatmaqdan qabaq bir qədər təmiz havada gəzmək üçün
institutun arxasındakı parka endim. Ulduzlar səpələnmiş
gecə səması altındakı həmin gəzinti zamanı mənim ağlıma
belə bir fikir gəldi: gələcək mühakimə üçün bunu əsas
götürək: təbiət yalnız eksperimental halların olmasına
yol verir ki, bu hallarda ... hissəciyin yerini və
sürətini eyni vaxtda təyin etmək mümkün olmur". Dahi
alimin gəldiyi bu qənaətdə gələcək qeyri-müəyyənlik
nisbətinin rüşeymi əks olunmuşdu. Heyzenberqin bu
düşüncələri tezliklə qeyri-müəyyənlik münasibətinə
gətirib çıxardı. Fevralın 23-də Pauliyə göndərdiyi 14
səhifəlik məktubunda Heyzenberq özünün qeyri-müəyyənlik
prinsipinin mahiyyətini açıqladı. 1927-ci ilin payızında
Brüsseldə alimlərin Solveyev konqresində (Maks Plank,
Albert Eynşteyn, Lorents, Nils Bor, Lui de Broyl,
Şredinger, cavan alimlərdən Heyzenberq, Pauli, Dirak,
Kramersin iştirakı ilə keçirilən) kvant mexanikasının
bütün müddəaları ciddi araşdırılmış və təsdiq
olunmuşdur.
Həmin illərdə Kopenhagendə Borun institutunda nəinki
atom haqqında elm yarandı - orada gənc fiziklərin
beynəlmiləl ailəsi yetişmişdi. Onların arasında
Heyzenberq, Pauli, Kramers, Qamov, Landau, Haudsmit və
başqaları vardı. Elm tarixində alimlərin bu misilsiz
əməkdaşlığı, onların heç bir güzəştə getmədən həqiqəti
aşkar etməyə can atmaları, həll etməli olduqları
məsələnin böyüklüyünə ürəkdən heyran qalmaları və
intellektual nəcibliyi onların müəllimi və mənəvi atası
olmuş Nils Borun aşağıdakı sözləri ilə həmahənglik
təşkil edirdi: "Elə ciddi şeylər var ki, onlar barədə
yalnız zarafatla danışmaq olar".
Repressiya illərində
"Mən gələcək üçün əhəmiyyətli ola biləcək elmi dəyərləri
müşahidə edə bilməyimdən qane olmalıyam. Bu mənim
hazırkı ümumi xaosda edə biləcəyim yeganə işdir. Dünya
daxilən həqiqətən də çirkindir, lakin işlər çox
gözəldir". 1935-ci ildə Heyzenberqin anasına göndərdiyi
bu məktubdakı sözlər dahi alimin kredosu idi.
Nasistlərin Almaniyada hakimiyyət başına gəlməsindən
sonra Heyzenberq və onun tələbələri təzyiqlərlə
üzləşib. Təzyiqlərə və ABŞ-ın nüfuzlu universitetlərinin
kafedralarında işləmək barədə inadlı təkliflərə
baxmayaraq, Heyzenberq müharibə şəraitində Almaniyada
qalıb. O hesab edirdi ki, bu cür mürəkkəb dövrdə öz
ölkəsini və tələbələrini tərk etməyə onun mənəvi haqqı
yoxdur.
1941-1945-ci illərdə Berlin Universitetinin professoru,
Vilhelm Fizika İnstitutunun direktoru olub.
Alim İkinci Dünya müharibəsi illərindəki fəaliyyəti
barədə özü belə yazırdı: "1938-ci ildə Otto Qan
tərəfindən atom nüvəsinin parçalanmasının kəşfindən
sonra müharibə nəticəsində belə məlum oldu ki, mən öz
əməkdaşlarımla birlikdə atom reaktorlarının yaradılması
ilə məşğul olmalıyam. Baxmayaraq ki, mən əvvəldən belə
bir vəzifədən uzaq idim, mənim bu işə yüksək maraqla
yanaşmağım enerjinin nəhəng atom mənbələrinin əldə
olunmasına sövq edirdi. Mən hesab edirəm ki, alman
alimlərinin bəxti onda gətirdi ki, müharibənin gedişi və
hökumətin addımları atom silahının yaradılmasının hər
hansı ciddi cəhdini istisna edirdi və bununla da
fizikləri bu cür işlərə görə ağır məsuliyyət hissindən
xilas edirdi". Verner Heyzenberq nasist Almaniyasının
təqiblərindən və repressiyalarından qaçmağa müvəffəq
olmuş yeganə alimdir.
Kvant mexanikasının Kolumbu
Verner Heyzenberqin sonuncu aspirantı və onun elmi
məqalələrinin redaktorlarından biri, Münhendəki Maks
Plank adına Fizika İnstitutunun professoru Helmut
Reyxenberq "CERN Courier" jurnalında dahi alimin 100
illiyinə həsr olunmuş məqaləsində Verner Heyzenberqi
kvant mexanikasının Kolumbu adlandırıb. Tələbəsi və
yaxın dostu Karl Veyszekker sonralar xatırlayırdı ki,
Verner Heyzenberq, ilk növbədə, geniş dünyagörüşlü,
intellektual maraqları ilə daxilən aktiv olan
şəxsiyyət və yalnız bundan sonra görkəmli alim idi.
Onun son işləri, ilk növbədə, elementar hissəciklərin
öyrənilməsinə həsr olunub. 1958-ci ilin aprelində Maks
Plankın 100 illiyinə həsr olunmuş tədbirdə Heyzenberq
elmi ictimaiyyətin diqqətinə özünün yeni elementar
hissəciklər nəzəriyyəsini təqdim edib. O, elementar
qravitasiya hissəciklərini özündə ehtiva edən "dünya
formulu"nu irəli sürmüşdü. Eynşteyn nəzəriyyəsindən
irəli gələn c işıq sürəti və h
Plank sabiti ilə yanaşı, Heyzenberq yeni təbii sabit -
"ən qısa uzunluq" sabitini tətbiq etdi. O, 1957-ci ilin
yazında dünyada gərginliyin azaldılması və sülhün
qorunub saxlanmasına yönəlmiş bəyanatları dəstəkləyib,
eləcə də Gettingen bəyannaməsini imzalamış alimlər
qrupuna daxil olub. Alim dəfələrlə dünya müharibəsinin
qarşısının alınmasında ən böyük məsuliyyətin məhz atom
sahəsində çalışan fiziklərin üzərinə düşdüyünü
bildirirdi.
1937-ci ildə Verner Elizabet Şumaxer ilə evlənib.
Onların 4 qızı və 3 oğlu anadan olub. Gözəl pianoçu olan
Verner öz ailə üzvləri ilə birlikdə kamera ansamblında
musiqilər ifa edib. Oğullarından Martin Heyzenberq
genetika professoru olub.
Verner Heyzenberq Kolumbiya Universitetinin "görkəmli
xidmətlərinə görə" Bernard qızıl medalı (1929), İtaliya
Milli Elmlər Akademiyasının Matteuççi qızıl medalı
(1929), Alman Fizika Cəmiyyətinin Maks Plank medalı
(1933), ABŞ Milli Elmlər Akademiyasının (1964),
Danimarka inşaatçı-mühəndislər, elektriklər və
mexaniklər cəmiyyətinin Nils Bor beynəlxalq qızıl
medalları ilə təltif olunub. London Kral, Amerika
Fəlsəfə cəmiyyətlərinin, Nyu-York Elmlər, İrlandiya
Kral, Yaponiya Elmlər akademiyalarının fəxri üzvü
seçilib.
Dahi fizikin tanınmış tələbələrindən fizik və filosof
K.Vayszekker, "hidrogen bombasının atası" E.Teller,
Nobel mükafatı laureatı F.Blox və kimyaçı F.Hundu
göstərmək olar.
Heyzenberq 1976-cı il fevralın 1-də Münhendə öz evində
xərçəng xəstəliyindən vəfat edib.
Hazırladı: Oruc MUSTAFAYEV |