Bu günlərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında vokalçıların Bülbül adına VI
beynəlxalq müsabiqəsinə yekun vurulub. Tədbirdə
mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev
çıxış edərək son vaxtlar Azərbaycanın möhtəşəm
mədəniyyət tədbirlərinə uğurla ev sahibliyi etdiyini,
artıq ənənə halı almış müsabiqənin həsr edildiyi
Azərbaycanın böyük müğənnisi, milli vokal sənətinin
banisi, xalq artisti Bülbülün 115 illik yubileyinin qeyd
olunduğunu vurğulayıb. O, müsabiqənin gənc
istedadların üzə çıxarılmasına imkan yaratdığını,
Bülbülün sənətinin hər zaman yaşayacağını bildirib və
qaliblərə uğurlar arzulayıb.
Sonra Bülbülün ifasında "Ölkəm" mahnısı, "Koroğlu"
operasından Koroğlunun ariyası səslənib, videokadrlar və
musiqili ədəbi kompozisiya nümayiş olunub.
Beynəlxalq münsiflər heyətinin sədri, Rusiya
Federasiyasının xalq artisti, professor Sergey
Leyferkus müsabiqənin təşkil olunmasını yüksək
qiymətləndirib, qaliblərin gələcəkdə böyük konsert
salonlarında öz ifaları ilə insanlara sevinc bəxş
etmələrini arzulayıb və onları musiqi bayramı
münasibətilə təbrik edib. Müsabiqənin Qran-pri
mükafatına türkiyəli Dəniz Yetim, I yerə isə
Azərbaycandan Yusif Eyvazov layiq görülüb. Müsabiqə
iştirakçıları müxtəlif nominasiyalar üzrə diplom və
prizlə mükafatlandırılıb.
Sifai SƏFƏROVA |