Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

BDU-nun tələbələri "Gənc istedadlar" liseyində  istehsalat təcrübəsində olublar

 

BDU-nun filologiya fakültəsinin IV kurs tələbələri sentyabrın 17-dən beş həftə müddətində istehsalat təcrübəsi keçmək üçün Bakının müxtəlif məktəblərinə təhkim olunmuşlar. Universitetin filologiya fakültəsinin 019-cu qrup tələbələri isə BDU-nun nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində istehsalat təcrübəsi keçmişlər. İstehsalat təcrübəsində tələbələrə lisey və onun strukturu, iş rejimi, təlim və onun komponentləri, təlimin keyfiyyəti, təlim vasitələri, bir sıra metodiki işlər, pedaqoji biliklər, "Təhsil haqqında" qanun, yeni təhsil konsepsiyası və s. məsələlər haqqında müfəssəl təlimatlar verilmiş və bu məlumatlar gələcək fəal təcrübə üçün özül rolunu oynamışdır. İstehsalat təcrübəsi beş istiqamətlə həyata keçirilmişdir. 

1. Məktəb direktorunun işləri ilə tanışlıq;

2. Təlim-tərbiyə işləri üzrə direktor müavininin yerinə yetirdiyi işlərlə tanışlıq və onunla birgə müxtəlif tədbirlərin həyata keçirilməsi;

3. Sinif rəhbərinin iş planı ilə tanışlıq və tərbiyəvi işlərin həyata keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;

4. Tələbələrin müxtəlif siniflərdə kurikulum üzrə yeni təlim metodları ilə keçilən dərslərdə iştirakını təmin etmək, həmin dərsləri izləməklə bərabər, özlərinin də müxtəlif mövzularda dərslər aparmaları üçün onların nəzəri və metodiki cəhətdən hazırlanması;

5. Məktəbin bütün tədris tədbirlərində, Pedaqoji Şurada tələbələrin iştirakı.

Tələbələr öncə BDU-nun filologiya fakültəsində keçirilən istehsalat təcrübəsinin konfransında iştirak etdilər və fakültənin dekanı Məhərrəm Vəliyevin, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, professor Yusif Seyidovun, həmçinin istehsalat təcrübəsi rəhbərinin istehsalat təcrübəsinə aid çıxışlarını, metodik tövsiyələrini dinlədikdən sonra BDU-nun nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyinə gəldilər. Liseyin direktoru Qasım Hüseynov qeyd etdi ki, lisey 2007-ci ildən BDU-nun nəzdində fəaliyyət göstərən ümumi təhsil müəssisəsidir. Ötən dövr ərzində məzunlarımız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında yüksək bal toplayaraq həm ölkəmizdə, həm də xaricdə nüfuzlu universitetlərə qəbul olmuşlar. Təkcə onu demək kifayətdir ki, bu il 103 məzunumuzdan 103-ü də ali məktəbə qəbul olmuşdur. Bu da liseyimizdə təhsilin yüksək keyfiyyətinə sübutdur.

Sonra Q.Hüseynov liseyin strukturu, direktorun vəzifələri haqqında məlumat verərək qeyd etdi ki, liseyin bir çox məsələləri Pedaqoji Şurada müzakirə olunur. Pedaqoji Şuranın tərkibinə direktor, direktor müavini, bütün müəllimlər, əlaçı şagirdlər və valideynlər komitəsinin sədri daxildir. Lisey öz fəaliyyətində ümumtəhsil məktəblərinin tədris proqramlarını əsas götürməklə yanaşı, BDU-nun Elmi Şurasının tövsiyələrini, təhsil və tərbiyə haqqında müasir pedaqogikanın son nailiyyətlərini də rəhbər tutur.

İstehsalat təcrübəsi günlərində direktor müavini Çingiz Cəlilov tələbələri təlim-tərbiyə işləri üzrə direktor müavininin vəzifələri ilə, görəcəyi işlərlə tanış edir, onlarla birgə işləyirdi. O, tələbələrə dərs cədvəli tərtib etməyi, jurnalları yazmağı, müəllimlərin dərs yükünün bölünməsi və s. kimi işləri öyrətmək üçün əlindən gələni edir, tələbələrə bütün tədris və tərbiyə məsələlərini başa salırdı. Liseyin fənn müəllimləri Gülşən Əliyeva, Yaqut Hüseynova, Gültəkin Yusifova, Yeganə Qəhrəmanlı və sinif rəhbərləri istehsalat təcrübəsi zamanı tələbələrə hər cür pedaqoji və metodiki köməkliklər edir, onları tədris, təlim-tərbiyə işlərinin bütün cəhətləri ilə tanış edirdilər. İstehsalat təcrübəsi dövründə tələbələr könüllü olaraq müxtəlif siniflərdə dərs deməklə, aktiv praktika üçün zəmin yaradır, təcrübə toplayırdılar.

Bizcə, tələbələrin fəal təcrübə  dövrünə qədər istehsalat təcrübəsi keçmələrinin onların mükəmməl pedaqoji ustalıq, müəllimlik təcrübəsi qazanmaları baxımından böyük əhəmiyyəti vardır və bu cəhətdən istehsalat təcrübəsinin  universitetdə  bərpa edilməsi təqdirəlayiq haldır. İstehsalat təcrübəsi tələbələrə müstəqil pedaqoji fəaliyyətdə özünün hazırlıq səviyyəsini yoxlamaq imkanı verir. Praktika prosesində tələbələrin yaradıcılıq imkanları, tədqiqatçılıq qabiliyyəti də inkişaf edir, onlar təlim nəzəriyyəsini, dərsin texnologiyasını, şagirdlərin psixoloji xüsusiyyətlərini, fənlərin tədrisinin konkret forma və metodlarını öyrənməyə müvəffəq olurlar.

İstehsalat təcrübəsi müddətində tələbələr müəyyən hüquqlardan istifadə etməli, öhdələrinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirməlidirlər. Onlar təcrübə prosesində qarşıya çıxan bütün suallar üzrə universitet rəhbərliyinə, müvafiq kafedraya, praktika üzrə metodistlərə, məktəb müdiriyyətinə, fənn müəllimlərinə müraciət edə bilərlər. İstehsalat təcrübəsi dövründə tələbələrin üzərinə böyük vəzifələr düşür ki, bunlardan ən vacibi tələbələrin hər gün 6 saat məktəbdə olmaları, məktəbin daxili nizam-intizam qaydalarına ciddi əməl etmələridir. Tələbələrimiz liseydəki təcrübə müddətində bu vəzifələri layiqincə yerinə yetirir, üzərlərinə düşən işlərin öhdəsindən bacarıqla gəlirdilər. 

Rəhilə QULİYEVA,
BDU-nun Azərbaycan dili və ədəbiyyatı tədrisi metodikası kafedrasının dosenti, 

Ramidə ABDULLAYEVA
filologiya fakültəsinin IV kurs tələbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov