Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Bir qrup təhsil işçisi məktəbəqədər təhsil sahəsində Finlandiya təcrübəsini öyrənib

 

Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən biz - bir qrup nümayəndə heyəti məktəbəqədər təhsil sahəsində qazanılmış təcrübələri öyrənmək məqsədilə Finlandiyada birhəftəlik tədris səfərində olduq. Finlandiya Avropanın şimalında, Baltik dənizinin sahilində yerləşir. Bir tərəfdən Rusiya, digər tərəfdən Norveç və İsveçlə həmsərhəddir. Ölkə ərazisinin çox hissəsi (əsasən cənubu) düzənlikdir. Ölkənin şimalını və şərqini 400-600 metrə çatan yüksəkliklər, şimal-qərbini Skandinaviya yaylası tutur. Meşələr onun zəngin təbii sərvətlərə malik olmasından xəbər verir. 187888 göl Finlandiyaya əsrarəngiz bir gözəllik bəxş edir, onu dünyanın digər ölkələrindən fərqləndirir. Finlandiya 1995-ci ildə Avropa Birliyinə daxil edilmişdir. 2002-ci ildən onun pul vahidi avrodur. Fin və İsveç dilləri onun rəsmi dilləridir. Paytaxtı Helsinki şəhəridir. 

Ümumi mənzərə 

Finlandiya həm də bir ölkə olaraq özünün təhsil sistemi ilə dünyada məşhurdur. Heç də təsadüfi deyil ki, son illərdə beynəlxalq qiymətləndirmənin nəticələrinə görə yüksək yer qazanmış ölkələrin cərgəsində Finlandiyanın da adı çəkilir. Şübhəsiz, dünyanın təhsil meridianında belə bir uğurun qazanılmasını stimullaşdıran səbəblər vardır. Biz Finlandiyanın Təhsil və Mədəniyyət Nazirliyində olarkən təhsil məsələləri üzrə müşavir cənab Reijo Atrolainen bu məsələdən bəhs edərək onu Finlandiyanın təhsil siyasəti ilə əlaqələndirdi. Ölkənin demokratik təhsil sistemindəki özünəməxsus cəhətlərdən danışdı. Oradakı   məktəblərin əksəriyyətinin dövlət və bələdiyyə mülkiyyəti olmasını, özəl məktəblərin təhsil haqqı olmadan fəaliyyət göstərdiyini vurğuladı. Eyni zamanda onların maliyyələşdirilməsindən bəhs edərkən bildirdi ki, məktəblərin 50%-i dövlət tərəfindən maliyyələşdirilir, qalan məktəblərin xərci isə yerli hökumətlər  tərəfindən verilir. Maliyyələşdirilmə daha ümumi prinsiplər əsasında qurulduğundan ən kiçik ödəniş əməliyyatlarının göstərilməsi cəhdi ləğv edilmişdir. Məktəblərin büdcəsinə verilən maliyyə vəsaiti ümumi şəkildə, xırdalanmamış təqdim olunur. Sonra məktəblər həmin maliyyə vəsaitini ehtiyaclarına uyğun olaraq özləri planlaşdırır və xərcləyirlər. Finlandiyada müəllimlərin əməkhaqqına üç amil təsir edir: vəzifə, təcrübə və yerli şərait. Qalan hallarda əməkhaqları qəbul olunmuş ümumi qaydalara əsasən verilir. Mərkəzdənqaçma prinsipləri əsasında qurulan Finlandiya təhsilində məsuliyyət daha çox məktəblərin üzərinə düşür. Məktəblər göstərdikləri təhsil fəaliyyəti sahəsində cavabdehlik daşıyırlar. Bu məsuliyyət daim onları izləyir, kiminsə qarşısında hesabatlı olmağa təşviq edir.

Finlandiyada ümumi təhsil dünyanın bir çox ölkələrində olduğu kimi, onikiillikdir. I-IX siniflər icbari təhsil hesab olunur. 1-6-cı siniflər ibtidai təhsil səviyyəsi kimi fəaliyyət göstərir. Bütün təhsil müəssisələri keyfiyyətli nəticə qazanmağa malik olan normal təhsil strukturları kimi qəbul edilir. Ona görə də hər hansı təhsil müəssisəsinin keyfiyyətli struktur olması onların seçilməsi işini asanlaşdırır. Valideynlər uşaqlarını oxutmaq üçün istənilən məktəbi yaxşı təcrübəsi olan məktəb kimi seçə bilirlər.

Finlandiyada son təhsil islahatları 2003-cü ilə təsadüf edir. İslahatlar humanist və demokratik prinsiplər əsasında qurulduğundan onun idarəetmə sistemində  ciddi dəyişikliklər aparılmışdır. Artıq ötən əsrin 90-cı illərindən etibarən məktəb inspeksiyası ləğv olunmuşdur. Onun əvəzində qiymətləndirmə qurumları fəaliyyət göstərir: qiymətləndirməni ümumtəhsil sahəsində Ümumtəhsildə Qiymətləndirmə Şurası, ali təhsil sahəsində isə Ali Təhsildə Qiymətləndirmə Şurası həyata keçirir. Ölkə səviyyəsində həyata keçirilən milli qiymətləndirmə zamanı müəyyən olunmuş prinsiplər əsasında məktəblər seçilir və qiymətləndirmə aparılır. Nəticələr ümumiləşdirilərək seçilmiş həmin məktəblərin nümunəsində qərarlar qəbul olunur. Qiymətləndirmənin bütün məktəblərdə keçirilməməsinin əsas səbəbi təhsil müəssisələrində bərabər imkanları formalaşdırmaqla onların arasında rəqabətin yaranmaması, bununla ölkə üzrə bütün təhsil müəssisələrində uyğun keyfiyyət səviyyəsinin saxlanılmasından ibarətdir.

Finlandiyada təhsil ölkənin prioritet sahələrindən biri hesab edilir və onun daim inkişaf etdirilməsi başlıca siyasət kimi diqqət mərkəzində saxlanılır. Bu siyasətin davam etdirilməsində dövlət və bələdiyyələr aparıcı rol oynayır. Hər bir məktəbə fəaliyyətini qurmaqda sərbəstlik verilir: onlar müstəqil olaraq öz işini planlaşdırır və həyata keçirir. Bu ölkədə icbari təhsil 7 yaşdan başlayır və 9 il davam edir. Ümumtəhsil məktəbləri iki mərhələdə fəaliyyət göstərir: kiçik ümumtəhsil məktəbi  (I-VI siniflər); böyük ümumtəhsil məktəbi (VII-IX siniflər). Kiçik ümumtəhsil məktəblərində bütün fənlər bir müəllim tərəfindən aparılır.  Finlandiyada təhsil pulsuzdur. Həm dövlət, həm də özəl məktəblər dövlət tərəfindən maliyyələşdirilir. Özəl məktəblər maliyyələşdirilərkən dövlət məktəblərindən fərqli olaraq onlardan xidmət paketi (qidalanma, tibbi xidmət, pulsuz təlim materialları və məktəb nəqliyyatı) tələb olunur. Ümumtəhsil məktəbini bitirənlərin, demək olar ki, hamısı orta təhsilə cəlb edilir, liseylərdə və texniki peşə məktəblərində təhsil alırlar.

Liseylər, əsasən, universitetlər üçün kadr hazırlayır. Orada təhsil müddəti 3 ildir. Texniki peşə məktəblərində isə 3 illik təhsili başa vuranlara orta peşə təhsilini bitirmələri barədə attestat verirlər. Aparılan son hesablamalara əsasən Finlandiyada sənaye üzrə 53 peşə təhsili verilir. Söz yox ki, bu, müasir Finlandiyada cəmiyyətin ehtiyac və tələbatlarının təzahürü kimi meydana çıxır. Ölkə miqyasında ali məktəblərin yaradılmasında başlıca tələblərdən biri cəmiyyətin tələbat və ehtiyaclarına uyğunluqdur. Finlandiyada ali təhsil müəssisələri iki qrupa ayrılır: universitetlər, politexniklər. Politexniklərin sayı 25 olmaqla nisbətən çoxluq təşkil edir. İzah olunduğuna görə, bu, ölkənin sənaye və təsərrüfat sahələrindəki mütəxəssislərə olan ehtiyacla bağlıdır. Ölkədə olan universitetlərin sayı isə 16-dır.

Müəllimlərin məktəblərə götürülməsi, yaxud hansısa səbəbdən məktəbdən çıxarılması onun rəhbərliyi tərəfindən həyata keçirilir.

Hər il əhalinin 50 %-i hər hansı təhsil proqramlarında iştirak edir. Bu işdə ölkənin ali təhsil müəssisələri fəal iştirakçı olurlar. 

Uşaqlara qayğı mərkəzi 

1-6 yaş arasında isə uşaqların cəlb olunduğu müəssisələr uşaqlara qayğı mərkəzi adlanır. Bu mərkəzlər ölkədə geniş yayılmaqla daha çox cəmiyyətin ehtiyac və tələbatlarının ödənilməsi istiqamətində fəaliyyət göstərir. Onlar müxtəlif formalarda təşkil olunmaqla bir-birlərindən fərqlənir: gün ərzində fəaliyyət göstərən (qısamüddətli) mərkəzlər; sutka ərzində fəaliyyət göstərən mərkəzlər; ailəyə qayğı mərkəzləri; oyun parkları və s.

Qayğı mərkəzlərində uşaqlar böyük, orta və kiçik yaş qruplarına bölünmürlər. Onlar, əsasən, iki yaş qrupuna uyğun olaraq qruplaşdırılırlar. Bu zaman 1-3 yaşlıların bir, 4-6 yaşlıların  isə bir olmasına üstünlük verilir. 3 yaşa qədər olan 4 uşağa bir müəllim, 4 yaşdan yuxarı olan hər 7 uşağa bir müəllim təhkim olunur. Beləliklə, hər qrupa 21 uşaq qəbul edilir və onlarla ardıcıl və sistemli olaraq məşğələlər keçirilir. Hər bir müəssisə müstəqil olaraq kurikulumlar hazırlayır və onun reallaşdırılması üçün silsilə tədbirlər həyata keçirir, özünəməxsus gün rejimi ilə işləyir.

Uşaqlar 10-11 aylığından qayğı mərkəzlərinə cəlb olunurlar. Bu müddətdə uşaqları mütəmadi müayinədən keçirmək üçün pulsuz fəaliyyət göstərən tibbi klinikalara müraciət edilir. Ailələr uşaqları 5 yaşında ailəyə dəstək mərkəzinə gətirir, onları tibbi yoxlamadan keçirirlər. Əgər problem olarsa, müvafiq tədbirlər görürlər.

Valideynin dekret vaxtı bitdikdə dövlətin mövcud qaydalarına görə uşaq hər hansı bağçada yerləşdirilir. Bu zaman ən yaxşı uşaqlara qayğı mərkəzi axtarmağa ehtiyac qalmır. Çünki hər bir belə mərkəz özünün keyfiyyətli fəaliyyəti ilə digərlərindən o qədər də fərqlənmir. Onların, demək olar ki, hamısı uyğun səviyyədə, eyni məsuliyyətlə fəaliyyət göstərir.

Uşaqlara qayğı mərkəzlərində fəaliyyət rəsmi məşğələ formasında deyil, sərbəst təşkil olunur. Müəllimlərə imkan verilir ki, onlar uşaqların sadəcə fəaliyyətini  təşkil etsinlər. Onların ümumi inkişafını təmin edə bilsinlər.

Bu mərkəzlərdə uşaqların fəaliyyətləri başlıca olaraq aşağıdakı istiqamətlərdə təşkil edilir:

* Oyun

* Hərəkətlilik (fiziki inkişaf)

* İncəsənət (estetika)

* Ətraf aləmlə tanışlıq (idrak)

Qeyd olunan istiqamətlərdə uşaqların fəaliyyətini daha səmərəli qurmaq üçün müəllimlərdən xüsusi hazırlıq işini təşkil etmək və onu məqsədəuyğun formada həyata keçirmək tələb olunur. Bunun üçün müəllimlər, ilk növbədə, uşaqlarla tanış olur, onlar barəsində ümumi məlumat alırlar. Müəllimlər, eyni zamanda valideynlərlə də tanış olur, uşaq barədə təəssüratlarını tamamlamaqla nisbətən təfərrüatlı məlumat almaq, uşaqların bir sıra fərdi keyfiyyətləri barədə mülahizələrini bölüşmək və nəticədə uşaq üçün fərdi təhsil planı hazırlamaq üçün müzakirələr aparırlar. Nəticədə uşağın inkişafı ilə bağlı strateji fəaliyyət xətti müəyyən olunduqdan sonra onun tətbiqinə başlayırlar. Uşağın fiziki, idraki, hissi-emosional və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsini xüsusi olaraq diqqət mərkəzində saxlayırlar. Bütün fəaliyyətlər maraq üzərində qurulur. Uşaqlar stimullaşdırılmaqla axtarıcılığa, yaradıcılığa söykənən fəaliyyətə təşviq olunurlar.

Uşaqlara qayğı mərkəzlərində ilk gündən valideynlərlə əməkdaşlıq əlaqələri qurulur. Uşaqlar üçün fərdi planların hazırlanmasından başlayaraq bütün işlərdə valideynlər fəal iştirakçı kimi  çıxış edir, övladlarının ümumi inkişafını ardıcıl olaraq izləmək imkanı qazanırlar. İl ərzində uşaqların fəaliyyəti barədə valideynlərə ardıcıl olaraq məlumatlar verilir: uşaqların hazırladıqları əl işlərinin nümunələri, onlara dair fotolar, eləcə də uşaqların iştirak etdikləri tədbirlərin elektron variantı disk formasında valideynlərə göndərilir. Onların proseslə tanışlığı təmin olunmaqla yanaşı, görülmüş işlərə dair münasibətləri öyrənilir.

Finlandiyada məktəbəqədər təhsil dedikdə 6-7 yaşlıların təhsili başa düşülür. Əslində bu, məktəbə hazırlıq mərhələsi kimi xüsusi əhəmiyyət daşıyır. Ölkənin 5 yaşlılarının 99%-i məktəbəqədər təhsilə cəlb olunur və hazırlıq keçərək məktəbə gedir. Məhz bu mərhələ məktəbəqədər təhsil adlanır və inkişafının hazırkı mərhələsində ümumi təhsilin əsasını təşkil etməklə xüsusi əhəmiyyət daşıyır. Finlandiyada bağça yaşlı uşağı olan valideynlərin xüsusi imtiyazları vardır: körpəsi olan ana və ya ata uşağa baxmaq üçün məzuniyyət almaq hüququna malikdir. Əgər valideyn müəyyən səbəbdən uşağını bağçaya qoymaq imkanına malik deyilsə, o zaman onlardan biri uşağa baxmaq üçün evdə qalmalı olur və bunun müqabilində əlavə olaraq ailəyə 500 avro verilir.  

Məktəbəqədər təhsil kurikulumu 

Məktəbəqədər təhsil sahəsində fəaliyyətlərin ölkə miqyasında nizamlanmasında kurikulumların əvəzsiz rolu vardır. Ona görə də bu kurikulumların xüsusi qaydada, müəyyən ardıcıllıqla hazırlanması əsas tələb kimi gözlənilir. Finlandiyada ölkə üzrə kurikulumların özünəməxsus şəcərəsi vardır. Burada kurikulumlar barəsində kimdən soruşularsa, o, həmin anda aşağıdakı sxemi təqdim etməklə onun ardıcıllığını şərh edir.

Finlandiyada təhsilin məzmununun, eləcə də digər texnologiyaların qurulmasına münasibət də yeni xarakterdədir. Bir qayda olaraq Milli Kurikulum Təhsil üzrə Milli Şura tərəfindən hazırlanır. Bu işə müəllimlər, valideynlər, şagirdlər, eləcə də cəmiyyətin digər üzvləri cəlb olunurlar.  Milli səviyyədə yaradılmış bu   kurikulumlar bütün ölkə üçün eynidir. Orada bütün məktəblər üçün eyni olan xüsusiyyətlər ifadə edilir. Məktəblər isə, öz növbələrində, özlərinə məxsus kurikulumlar hazırlayırlar. Milli Kurikulumlarda olan ümumi müddəaları konkretləşdirməklə məktəb səviyyəsində təfərrüatlı bir sənəd formalaşdırırlar. Bu zaman məktəbin şəraiti, müəllim və şagirdlərin potensial imkanları nəzərə alınır. Finlandiyada məktəbəqədər təhsil özünəməxsus kurikulumu ilə fərqlənir. 2000-ci ildə qəbul olunmuş, sonralar təkmilləşdirilən bu kurikulum ümumi prinsiplərə görə dünyəvi xarakter daşıyır və inkişafetdiriciliyi baxımından daha çox diqqəti cəlb edir. Bu sənəd birdən-birə deyil, cəmiyyətin qazanmış olduğu dəyərlər üzərində qurulmuşdur. Bu zaman cəmiyyətin ehtiyacı, tələbatları öyrənilmiş və kurikulumların hazırlanmasında onlar nəzərə alınmışdır.

Məktəbəqədər təhsilin baza kurikulumu hazırlanarkən uşaqların fiziki, psixoloji, sosial, idraki və emosional inkişafının dəstəklənməsi, yaranacaq  risklərin aradan qaldırılması zəruri hesab edilmişdir. Eyni zamanda uşaqların sağlam özünüdərkinin güclənməsi, müvafiq biliklərə yiyələnmələri, nəyin düz, nəyin yanlış olması barədə bacarıqları mənimsəmələri, nitq mədəniyyətinə bələd olmaları, təbiət, insanların qurduğu ətraf mühit haqqında zəruri bacarıqları əldə etmələri vacib bilinmişdir.

Bu səbəbdən də kurikulumun strukturunda məktəbəqədər təhsilin rolu və əhəmiyyəti, zəruri bacarıqlar, tədris mühiti, iş metodları, inteqrasiya imkanları, zəruri biliklər, ümumi dəstək olaraq  valideyn və qəyyumlarla əlaqə, uşağın məktəbəqədər təhsil planı, qiymətləndirmə, xüsusi dəstəyə ehtiyacı olan uşaqlarla iş, fərdi pedaqoji sistem və ya prinsiplərə əsaslanma  məsələləri nəzərə alınmışdır.

Finlandiyada hazırlanmış mövcud məktəbəqədər kurikulum təhsil prosesində uşaqların fərdi inkişafını dəstəkləməklə onların daha məqsədəuyğun istiqamətə yönəlməsində həlledici rol oynayır. Ən başlıcası uşağın sosiallaşması, idraki, fiziki qabiliyyətinin inkişaf etdirilməsinə imkan yaradır. Kurikulumlar inkişafyönümlü, dinamik xarakter daşımaqla yanaşı, həm də ardıcıl və sistemli yaradıcı fəaliyyətə təminat verir. Müxtəlif inkişaf səviyyəsində olan, eləcə də əqlində, fiziki inkişafında müxtəlif qüsurlar olan uşaqların əhatə olunması da bu ölkədə kurikulumların başlıca cəhəti kimi maraq doğurur.

Bu kurikulumların ümumi cəhəti ondan ibarətdir ki, onların heç birində standartlar verilmir. Uşaqlara öyrədiləcək məzmunun, onların inkişafını tənzimləyən nəticələrin ifadə edilməsindən yan keçilir. Orada yalnız ümumi  tələblərə, prosedur qaydalara üstün yer ayrılır.

Milli kurikulumlara əsasən hazırlanan şəhər kurikulumlarında başlıca olaraq yerli xüsusiyyətlərə üstünlük verilir, milli səviyyəli ümumi tələblərin gözlənilməsi diqqət mərkəzində saxlanılır. Qayğı mərkəzlərinin kurikulumlarının hazırlanması zamanı milli və şəhər səviyyəli kurikulumların tələblərini nəzərə almaqla qayğı mərkəzlərinin məhz özünəməxsus olan sənədin yaradılması  əsas şərtlərdən hesab edilir. Qayğı mərkəzlərində əhalinin tərkibi, onun mənəvi-psixoloji xüsusiyyətləri əsas göstəricilərdən biri kimi götürülür.

 Finlandiyada 6-7 yaşlı uşaqları əhatə edən məktəbəqədər təhsil qisamüddətli bir dövr olsa da, çox ciddi və həlledici rola malikdir. Uşaqlar bu dövrdə mahiyyət etibarı ilə məktəbə hazırlaşırlar. Müəllim bütün fəaliyyətini uşaqların məktəb təhsilinə hazırlanmasına yönəldir.

Bu dövrdə uşaqları inkişaf etdirmək üçün aşağıdakı istiqamətlərdə iş aparılır:

* dil və ünsiyyət;

* riyaziyyat;

* etika;

* ətraf mühit;

* fiziki inkişaf;

* incəsənət. 

Sağlamlığın qorunması 

Finlandiya şimal ölkəsidir. Orada havaların soyuq keçməsi həmişə insanları səfərbər olmağa, işlərini ehtiyatlı görməyə məcbur edir. Məktəbəqədər təhsil müəssisələrində də bu ehtiyatlılıq diqqəti cəlb edir. Uşaqlarla aparılan sistemli təhsil-tərbiyə işində onların təbiətə, mühitə adaptasiya olunması ön planda dayanır. Uşaqların fiziki cəhətdən möhkəmliyi istiqamətində iş aparılır. Adi hava ilə bağlı uşaq bağçalarının devizi belədir: "pis hava yoxdur, uyğun gəlməyən geyim var". Bu o deməkdir ki, Finlandiyada hansı hava şəraiti: istər qar, yağış, istərsə də şaxta olsun, uşaqlar həmişə açıq havada, çöldə-bayırda gəzir, heç nədən qorxmurlar. Müxtəlif hava şəraiti üçün geyimlərdən istifadə edirlər. Kiçik yaşlarından müxtəlif hava şəraitində oynamağa, gəzməyə uyğunlaşırlar.

Finlandiyada həm də uşaqların təlim-tərbiyəsində gəzintilərdən geniş istifadə olunur. Məktəbəqədər təhsil müəssisələrində buna daha çox yer ayrılır. Uşaqlar meşələrə, təbiətin qoynuna səyahət etməkdən xüsusi həzz alır, bu tip tədbirlərdə məmnuniyyətlə iştirak etməkdən çəkinmirlər. Onlar məktəbəqədər təhsil müəssisələrində yaradılmış isti, sakit və rahat şəraitdə özlərini sərbəst hiss edirlər. Bu müəssisələrdə uşaqların fəaliyyətini tənzimləyən xüsusi qaydalar vardır ki, onlar uşaqları işlərini daha mədəni, ardıcıl və sistemli qurmağa sövq edir. Məsələn, bazar ertəsi uşaqlar meşəyə gedir, çərşənbə axşamı çörək bişirir, çərşənbə günü şəkil çəkir, cümə axşamı nəyisə rəngləyir, cümə günü kukla teatrında nağıl-tamaşalara baxırlar. Uşaqlarının fəaliyyəti ilə maraqlanan valideynlər daim onları izləməklə həm də bağçalara yaxından köməklik göstərir, xüsusi növbətçilik qrafiki düzəldərək bağçanın problemlərinin həll olunmasında fəal iştirak edirlər.

Uşaqlar məktəbəqədər təhsil müəssisəsinə qəbul olunanda da, ondan sonra da dövri olaraq tibbi müayinədən keçirilir. Lakin maraqlıdır ki, məktəbəqədər təhsil müəssisələrində tibbi xidmət fəaliyyət göstərmir. Onun əvəzində sağlamlaşdırıcı mühit vardır. Bu mühit uşaqların inkişafını təmin etməklə həm də onların sağlam böyümələrini stimullaşdırır. Əgər uşağın səhhəti ilə bağlı ciddi bir problem yaransa, valideyn məlumatlandırılır. Onun vasitəsilə uşaq sağlamlıq mərkəzinə müraciət olunur.

Məktəbəqədər təhsil müəssisələrində hamı üçün vahid olan qaydalar vardır ki, uşaqlar  ilk gündən onlarla rastlaşırlar. Tədricən bu qaydalara uyğunlaşırlar. Bütün uşaqların, o cümlədən başqa millətlərdən olan uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunması üçün hər cür imkanlar yaradılır. Onların fin dilini öyrənmələri xüsusi tələb kimi qoyulur.

Bundan əlavə, bəzi məktəbəqədər təhsil müəssisələrində bütün uşaqlar, o cümlədən fiziki və əqli cəhətdən qüsuru olan uşaqlar bir yerdə fəaliyyətə cəlb olunurlar. Uşaqların bir-birlərinə kömək göstərmələrinə imkan yaradılır.

Uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbul olunması üçün ümumi qaydalara əsasən ərizə yazmaq, yaxud bu barədə fin dilində İnternet vasitəsilə müraciət etmək tələb olunur. Ərizə, adətən, yazda, zəruri olan hallarda isə ilboyu təqdim edilir. Ödənişlər ayda bir dəfə aparılır. İmkansız ailələr ödənişlərdən azad olunur. 

Müəllim hazırlığı 

Məlum olduğu kimi, təhsildə yaxşı nəticələrə nail olmaq, ilk növbədə, müəllimlərdən asılıdır. Müəllimin peşəkarlığı, biliklərə yiyələnməsi, eyni zamanda fitri qabiliyyətlərə malik olması onu daha yaxşı nəticələrə doğru aparır.  Ona görə də Finlandiyada ilkin müəllim hazırlığında bu məsələyə xüsusi diqqət yetirilir. Məktəbəqədər pillə üçün müəllimlərin hazırlanmasında digər pillələrdən fərqlilik nəzərə alınır. Hec təsadüfi deyildir ki, təhsil müəssisələrində işləmək üçün müəllimlərin magistr dərəcəsinin olması vacib hesab edilir. Onun peşəkarlığına, uğurlu fəaliyyətinə etibar edilir.

Biz Helsinki universitetlərində Müəllim hazırlığı departamentinin Müəllim hazırlığı və erkən təhsil şöbəsinin müdir müavini professor xanım Nina Sajaniemi ilə    görüş zamanı bu məsələ ilə bağlı xeyli fikir mübadiləsi apardıq. Belə məlum oldu ki, ali məktəbə qəbul zamanı ciddi seçim edilir.

Ali məktəbə qəbulla yanaşı, onların hazırlanması, təhsil alması da diqqət mərkəzində saxlanılır. İlk növbədə, onlara ən zəruri məsələlərin öyrədilməsi istiqamətində iş aparılır. Ən əsası müəllimlik sənətinin incəliklərini aşılayan fənlərə, mövzulara üstün yer verilir.

Məktəbəqədər təhsil üzrə müəllim hazırlığının kurikulumu ilə tanış olarkən məlum oldu ki, tələbələrə tədris olunan fənlər dörd blokda ümumiləşdirilib: "Dil və ünsiyyət bilikləri", "Təhsildə vasitəçi biliklər", "Erkən yaş təhsili" və "Məktəbəqədər təhsil quruculuğu". "Dil və ünsiyyət bilikləri"nin müəllim şəxsiyyətinin formalaşmasındakı rolu nəzərə alınmaqla tələbələrə "Elmi yazı", "Nitq ünsiyyəti", "Milli dil", "Xarici dil", "İnformasiya və ünsiyyət texnologiyası" fənlərinin öyrədilməsi nəzərdə tutulur. "Təhsildə baza bilikləri" kimi isə təhsilin sosial və mədəni əsasına aid "Təhsildə psixoloji, tarixi və sosial üstünlüklər", "Uşağın formalaşması və inkişafı", erkən uşaq təhsilinin fiziki bazasına aid "Artma, inkişaf və öyrənmə", "Uşaq inkişafının səciyyəsi və inkişaf prosesi", erkən uşaq təhsilinin pedaqoji bünövrəsinə aid "Ümumi pedaqogika", "Erkən uşaq təhsili pedaqogikası", təhsilin elmi bazasına aid "Tədqiqatın psixologiyası və metodologiyasi" fənlərinin tədrisi planlaşdırılır. Eyni zamanda "Erkən uşaq təhsilində planlaşdırma və inkişaf", "Hərəki biliklər", "Erkən uşaq vaxtında xüsusi təhsil", "Erkən uşaq təhsilinin nəzəriyyəsi və didaktikası", "Erkən uşaq təhsilinin qurulmasında əməkdaşlıq" kimi fənlərə tələbələrin təhsilində vasitəçi bilik kimi yanaşılır. Eləcə də "Səhiyyə təhsili", "Dil və qarşılıqlı təhsil", "Riyazi biliklər", "Ekoloji və təbiət bilikləri", "Din və mənəviyyat bilikləri" və sair fənlər erkən yaş təhsil quruculuğunda konkret oriyentirlər, istiqamətlər kimi dəyərləndirilir.

Finlandiya təhsilinin, xüsusilə də məktəbəqədər təhsilin özünəməxsus cəhətləri çoxdur. Təhsil quruculuğunda prioritet istiqamətlərin müəyyənləşdirilməsi, təhsilin təşkil olunması və həyata keçirilməsi sahəsində əldə olunan irəliləyişlər, ölkənin bütöv təhsil sistemində məktəbəqədər təhsilin həlledici rolunun nəzərə alınması, diqqət mərkəzində saxlanılması hər kəsin marağına səbəb ola bilən parametrlərdir. Biz səfər müddətində onlarla ümumi şəkildə tanış ola bildik. Heç şübhəsiz, bunları daha yaxından öyrənmək, bu və ya digər istiqamətlərdə fəaliyyətlərin əhəmiyyətlilik dərəcəsini müəyyənləşdirmək üçün xüsusi tədqiqat formasında araşdırmaların aparılmasına ehtiyac vardır.     

Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun direktor müavini,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov