Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Noyabr 2012 - №45

 

Avropa çempionu və dünya ikincisi

 

Fərid Səlimov 1995-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 2002-ci ildə paytaxtdakı 176 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilib. Hazırda isə həmin məktəbin XI sinfində oxuyur. Fəridin idmana olan sonsuz marağı 2007-ci ildə onu Kapoeyra Federasiyasının birinci vitse-prezidenti Elmar Bayramovun yanına gətirib çıxarıb. Elmar müəllim onun idman qabiliyyətini yoxladıqdan sonra məşqlərə gəlməyə icazə verib. Fərid 2-3 ay məşq etdikdən sonra federasiyada keçirilən seminarda kapoeyra idman növünü yaxşı mənimsədiyi və fərqləndiyi üçün ona sertifikat təqdim olunub. Beləliklə də o, Azərbaycan Kapoeyra Federasiyasında məşqçi müəllimi E.Bayramovun rəhbərliyi altında məşqlərini davam etdirib. 

Kapoeyra idman növü necə yaranıb

 Fəridlə tanışlıq zamanı ondan Azərbaycanda nisbətən az tanınan bu idman növü, onun yaranma tarixi barədə qısa bir məlumat verməsini xahiş etdik.

1932-ci ildə rəsmi Kapoeyra Məktəbi yaradılır. 1937-ci ildə isə kapoeyra Braziliya Milli Konfederasiyası tərəfindən rəsmi bir döyüş növü kimi tanınır. Bundan sonra kapoeyranın nümunəvi döyüş növü olan idman kapoeyrası yaranır.

Kapoeyraya kinq-fu, uşu, boks, cüdo, muay-tay, hətta akrobatika və gimnastikanın əsas elementləri daxildir. Kapoeyra çoxşaxəli və sonsuz bir idman növüdür.

Ölkəmizə isə kapoeyra idman növü Azərbaycan Kapoeyra Federasiyasının prezidenti, Dünya Kapoeyra İdman Federasiyasının üzvü Taleh Orucov tərəfindən gətirilib. O, ilk dəfə məşqlərə Lənkəran şəhərində başlayıb. Azərbaycan Kapoeyra Federasiyası isə 2007-ci il dekabrın 24-də yaradılıb. 

Bu oyunun əsas qaydaları 

Kapoeyra oyununun qaydaları barədə söhbət açan Fərid bildirdi ki, burada əsasən ritm nəzərə alınır. Adi idman zalında oyuna başlamaq üçün idmançılar əvvəlcə bədənin döyüşə hazırlanması məqsədilə müxtəlif idman hərəkətləri edirlər. Sonra yarışacaq komanda üzvləri dairəvi şəkildə meydanda düzülürlər. Döyüşəcək iki nəfər ortaya girir. Ətrafdakı döyüşçülər berimbau və atabake alətləri ilə səsləndirilən musiqi ritmi altında əl çalır və döyüş başlanır. Döyüş vaxtı iki dəqiqə yarım olur. Bu müddət ərzində əl və ayaq hərəkətləri ilə rəqibə zərbə vurmaqla çox xal toplayan döyüşçü başqa qalib döyüşçü ilə yarışır. Oyunun finalına 4 döyüşçü çıxır. Həmin döyüşçülər finalda iki-iki döyüşürlər. Sonda qalib gələn, çox xal toplayan birinci yerə çıxır. Qızıl medala, diploma layiq görülür.

Kapoeyra üzrə çempionatlar həvəskar və peşəkarlar arasında keçirilir. Həvəskar yarışlarda birinci yeri tutan idmançılar peşəkar yarışlara qatılırlar. Peşəkarların turnirində birinci yeri tutanlar dünya, 2 və 3-cü yeri tutan idmançılar isə Avropa çempionatlarına vəsiqə qazanırlar. 

"Qızıl medal, kubok, diplom və hədiyyələr..." 

Kapoeyra idman yarışlarında belə bir qayda da var ki, əgər sən Azərbaycan çempionu olmusansa, dünya çempionatında iştirak edə bilərsən. Elə buna görə də mən 2010-cu il avqustun 19-21-də Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan kapoeyra festivalı və dünya çempionatında iştirak etdim. Komandamız bu yarışda 5 idmançı ilə iştirak edirdi. Bu VI Dünya çempionatında mən II yeri tutaraq gümüş medal qazandım.

2011-ci il mayın 15-də isə Fransanın Paris şəhərində keçirilən kapoeyraçıların Avropa çempionatında I yeri tutdum. Qızıl medal, kubok, diplom və hədiyyələrə layiq görüldüm.

Onu da deyim ki, Avropa çempionu olandan sonra elə həmin yarışda komandalar arasında keçirilən döyüşlərdə iştirak edərək qalib gəldiyimə görə də əlavə bir kubok qazandım.

 Qazanılan hər qələbə çəkilən zəhmətin bəhrəsidir

 Fərid bu idman növünə üzv yazılanda indiki Azərbaycan Kapoeyra Federasiyası o zaman Kontakt Kapoeyra İdman Klubu adlanırdı. O, burada 6 ay yorulmadan məşqlər edir. Qaydaya görə kəmər imtahanı verir. 2007-ci il oktyabrın 21-də Bakıda keçirilən "Sarı kəmər" adlanan imtahanı uğurla verdiyinə görə ona şəhadətnamə verilib. 2008-ci ilin mayında Lənkəran şəhərində keçirilən Azərbaycan Kapoeyra Federasiyasının Azərbaycan kuboku turnirində "Kamara" komandasının üzvü olan Fərid Səlimov I yeri tutaraq diploma layiq görülüb. Turnirin gümüş medalına isə 32,6 xalla, onun daha fəal iştirak etdiyi "Kamara" yiyələnib. Eyni zamanda 2008-ci ilin mart və oktyabr aylarında keçirilən kəmər imtahanlarını uğurla verib, yeni şəhadətnamələr qazanıb. Həmçinin 2009-cu ilin dekabrında keçirilən kəmər imtahanında ən yüksək kapoeyra texnikası nümayiş etdirdiyinə görə diploma layiq görülüb. Elə həmin ilin iyununda Azərbaycan Kapoeyra Federasiyasının Gəncədə keçirilən seminar və böyük hoda iştirak etdiyinə görə ona sertifikat verilib.

2010 və 2011-ci illərdə paytaxtda keçirilən Bakı çempionatında 15 və 16 yaş qrupları üzrə aparılan kapoeyra  yarışlarında I yerə layiq görülüb.

Daha sonra Fərid əvvəlcə Azərbaycan çempionatında həvəskar qruplar arasında I yeri tutaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif olunub. 2011-ci ildə isə respublika çempionatında peşəkar kapoeyraçılar arasında birinci yerə çıxaraq yenə də Gənclər və İdman Nazirliyinin diplom və hədiyyələrinə layiq görülüb.

Göründüyü kimi, Fərid Səlimovun qazandığı hər bir qələbə onun gecəli-gündüzlü çəkdiyi zəhmətin bəhrəsidir. Bu zəhmətsevərlik, əməksevərlik isə onu daha uca zirvələrə gedən ağ yolun yolçusuna çevirdi... 

Kapoeyraçıların Dünya çempionatı Bakıda keçiriləcək 

Fəridlə söhbət zamanı onu da öyrəndik ki, 2013-cü ilin yaz aylarında kapoeyraçıların Dünya çempionatı Bakı şəhərində keçiriləcək. İndi o, bu yarışlara çox ciddi hazırlaşır.

Biz də inanırıq ki, bu dünya çempionatında başqa idmançılarımızla bərabər Fərid Səlimov da öz qələbələri ilə bizləri sevindirəcək, ölkəmizdə kapoeyra idman növünün inkişafına öz töhfələrini verəcəkdir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov