Müstəqil
Azərbaycan dövlətinin ictimai-siyasi həyatında, iqtisadi
və sosial inkişafında olduğu kimi, elm və təhsil
sahəsində də islahatlar uğurla həyata keçirilir,
mədəniyyətlər, sivilizasiyalar və konfessiyalararası
qarşılıqlı əməkdaşlıq, anlaşma mövqeyinin güclənməsi,
qloballaşma kontekstində dünya təhsilinə inteqrasiya
aparılır. İndi yaradılan informasiya cəmiyyətində
təhsilin istiqamətləri də dəyişir, mahiyyət və məzmunca
qlobal düşüncə tərzinə, intellektual elitanın
formalaşmasına yönəldilir. Əsas məqsəd təhsilin
müasirləşdirilməsi, dünya məkanına inteqrasiya
aparılması, təhsil sisteminin strukturunun
təkmilləşdirilməsi və yeni təlim texnologiyalarından
səmərəli istifadə olunmasının qloballaşma prosesinə
uyğun qurulmasına yönəldilir. Ulu öndər Heydər Əliyevin
böyük uzaqgörənliklə söylədiyi kimi, qloballaşmaya ancaq
elm və təhsili inkişaf etdirmək, dünyaya inteqrasiya
olunmaq, təhsili dünya standartlarına uyğunlaşdırmaq və
təfəkkürü dəyişməklə nail olmaq mümkündür.
Ümummilli lider Heydər Əliyevin təhsilə verdiyi böyük
qiymət Azərbaycanda demokratiyanın yaranması,
formalaşması və çiçəklənməsi dövrünün inkişafında ən
mühüm hadisəyə çevrildi. Elm və təhsilə böyük önəm
verilməsi, bir-birinin ardınca yeni proqram və
layihələrin, təhsil islahatlarının həyata keçirilməsi
ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında dönüş
yaratdı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakıda keçirilən İkinci Beynəlxalq Humanitar Forumda bir
daha bəyan etdi: "Azərbaycanda savadsızlıq yoxdur,
intellektual elita formalaşır, elmin, təhsilin inkişafı
sürətlə gedir".
Bu
inkişaf, yeniləşmə Azərbaycanı lokal mühitdən çıxarıb
qloballaşan dünyada tanıdan ictimai-siyasi və mədəni
həyatımızdakı dönüşün, təhsilimizdəki uğurların
nəticəsidir. Bu, sivilizasiyalararası dialoqun,
informasiya və qarşılıqlı anlaşma meyillərinin
gücləndiyi, Azərbaycan təhsilinin dünyaya inteqrasiya
olunduğu, Boloniya prosesinə qoşulduğu tarixi bir
mərhələnin ifadəsidir.
Elmdə, təhsildə müsbət nəticələrin əldə edilməsi, milli
təhsil quruculuğu strategiyasının uğurla həyata
keçirilməsi, müasirləşən, yeniləşən dünyanın qlobal
problemlərinin həlli yollarının axtarılması, innovasiya
və yeni təlim texnologiyalarının təhsil sisteminə
gətirilməsi, fənnin məzmunu, təlim strategiyası və
qabiliyyətlərin qiymətləndirilməsi sistemində köklü
dəyişikliklərin aparılması istiqamətlərində geniş imkan
yaradılmış, müsbət nəticələr əldə edilmişdir. Bu
nailiyyətlərə görə xalqımız milli dövlətçiliyimizin
qorunmasında, elmi-pedaqoji fikrin, maarif və milli
mədəniyyətin, elmin və digər sahələrin də inkişafına
görə məhz iki böyük dühaya, zəka sahibinə, xalqını,
millətini sevən müdrik insana - Heydər Əliyevə və onun
siyasi kursunun layiqli davamçısı İlham Əliyevə
borcludur, minnətdardır.
XX
əsrlə XXI əsrin qovuşuğunun fenomeni olan Heydər
Əliyevin milli təhsil quruculuğu strategiyası Prezident
İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi inkişaf
strategiyasına, tərəqqi və inkişafına, müstəqillik və
dövlətçilik ənənələrinin möhkəmlənməsinə, milli mənəvi
və bəşəri dəyərlərin qorunmasına, təhsildə köklü
islahatlar aparılmasına zəmin yaratdı. Elm və təhsilə
böyük önəm verilməsi, bir-birinin ardınca yeni proqram
və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi
ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında dönüş
oldu. Belə bir dinamik inkişaf dövründə əsas istiqamət,
fəaliyyət proqramı Prezidentin "Müasir dünyada hər şeyi
bilik, savad, təhsil həll edir", "Təhsil bizim
gələcəyimizdir", "Təhsil hər bir cəmiyyəti irəli aparan
amildir" fikirlərinin gerçəkləşdirilməsinə, həlli
yollarının müəyyənləşdirilməsinə, tədqiqinə yönəldilir,
ölkəmizin davamlı sosial-iqtisadi inkişaf strategiyası
çərçivəsində davam etdirilir.
Dünya standartlarına cavab verən müasir təhsil modelinin
hazırlanması, yeni təlim texnologiyalarından istifadə
imkanlarının müəyyənləşdirilməsi, təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi, orta məktəb
şagirdlərinə dərsliklərin pulsuz verilməsi, yeni məktəb
binalarının tikilməsi və əsaslı şəkildə təmir edilməsi
Azərbaycanda çağdaş təhsilin inkişaf dinamikasını, aydın
mənzərəsini əks etdirir.
Bu
gün dahi Heydər Əliyevin zəngin maarifçilik ideyalarını
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyeva əzmlə və uğurla həyata keçirir.
Fondun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb"
proqramı çərçivəsində 300-ə yaxın yeni məktəb, uşaq
bağçası, internat-məktəb binaları tikilib istifadəyə
verilmiş və məktəblər müasir avadanlıqlarla təchiz
edilmişdir. Bu sahə ilə bağlı bir sıra layihələr məhz
Heydər Əliyev Fondu tərəfindən uğurla yerinə
yetirilmişdir. Məktəblərin infrastrukturunun
yeniləşdirilməsi sahəsində Mehriban xanım Əliyevanın
gördüyü işlər xalq tərəfindən böyük razılıq və
minnətdarlıqla qarşılanmış, beynəlxalq aləmdə yüksək
səviyyədə qiymətləndirilmişdir.
"Təhsil, intellekt və informasiya" əsri elan edilən XXI
yüzillikdə insan kapitalının hərtərəfli inkişafında,
ölkənin iqtisadiyyatının möhkəmlənməsində,
ictimai-siyasi həyatda qlobal dəyişikliklərin
aparılmasında, bazar iqtisadiyyatına keçid mərhələsində
təhsilə böyük önəm verilməsi, infrastrukturun
yeniləşdirilməsi, yeni texnologiyalardan,
innovasiyalardan istifadə edilməsinə şəraitin
yaradılması, "Elektron təhsil" konsepsiyasının həyata
keçirilməsi indiyə qədər belə geniş vüsət almamış,
beynəlxalq arenada dəstəklənməmişdir. Ölkə Prezidenti
zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan xalqının
təhsil sahəsindəki uğurlarından danışanda da İkinci
Beynəlxalq Humanitar Forum iştirakçılarına dedi ki,
"qara qızıl"ı insan kapitalına çevirmək prinsipi bu gün
artıq işləyir. Azərbaycanda gənc, istedadlı,
intellektual təbəqə formalaşır.
Ali
məktəbin 50 illik tarixinə nəzər saldıqda biz bu dinamik
inkişafın, qazanılan uğurların nəticələrini görə
bilərik. Bu ali məktəbin yaranması və inkişaf tarixini
beş mərhələyə bölmək olar: 1. Az.NKİ-nin Sumqayıtda
yaratdığı tədris məntəqəsi (1960-1961); 2. Az.NKİ-nin
Sumqayıt filialının yaranması (1962-1975); 3. Sumqayıt
Ali Texniki Təhsil Məktəbi (ATTM) (1975-1992); 4.
Azərbaycan Sənaye İnstitutu (1992-2000); 5. Sumqayıt
Dövlət Universiteti - 2000.
Ali məktəbin yaranması və inkişaf tarixində böyük rolu
olan akademik İsmayıl İbrahimovun əməyini iftixar hissi
ilə xatırlayırıq. Bu tədris müəssisəsinin
formalaşmasında müxtəlif illərdə ali məktəbə rəhbərlik
etmiş dosentlər İ.C.Sadıqovun, İ.Q.Abbasovun,
professorlar M.N.Mahmudovun, R.Ə.Əliyevin,
C.Ə.Kərimovun, E.M.Qocayevin və E.M.Fərhadzadənin böyük
əməyi olmuşdur. Ali tədris ocağının yaranmasında,
maddi-texniki bazasının möhkəmləndirilməsində, kadrlarla
təmin olunmasında Azərbaycan Dövlət Neft Akademiyasının
(ADNA) rolu danılmazdır. Respublikamız müstəqillik
qazandıqdan sonra onun siyasi-mədəni və ictimai-iqtisadi
həyatında mühüm dəyişikliklər baş verdi, yeni ali təhsil
müəssisələri yaradıldı. Azərbaycan Sənaye İnstitutu
1992-ci ildə yeni yaradılan müstəqil ali təhsil
ocaqlarından biri oldu.
Bu
təhsil müəssisəsinin yaradılmasında əsas məqsəd
Sumqayıtın iqtisadiyyatı və sənayesinin inkişafına kömək
edən texniki sahələr üzrə kadrların hazırlanmasına,
ekoloji cəhətdən təhlükəli olan şəhərin sağlam bir
bölgəyə çevrilməsinə, elm, təhsil və mədəniyyəti dünyada
tanıtmağa istiqamətlənmişdir. 1993-cü ildən etibarən
Sumqayıt şəhərinin bütün sahələrində böyük inkişaf və
tərəqqinin geniş vüsət alması nəinki sənaye müəssisələri
üçün, hətta digər sahələrdə də mütəxəssis hazırlığının
aparılmasını vacib məsələ kimi qarşıya qoymuşdur. Belə
bir dövrdə Sumqayıt şəhər əhalisinin problemləri də
getdikcə artır, ayrı-ayrı sahələr üzrə kadrlara böyük
ehtiyac duyulurdu. Bu problemləri aradan qaldırmaq üçün
13 iyun 2000-ci il tarixdə Prezident Heydər Əliyevin
"Azərbaycan Respublikasında təhsil sisteminin
təkmilləşdirilməsi haqqında" fərmanı ilə Azərbaycan
Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət
Universitetinin yaradılması tarixi bir hadisəyə
çevrildi, şəhərin sosial-iqtisadi və mədəni həyatını
yaxşılaşdırmaq üçün kadr hazırlığına başlandı.
Sevindirici haldır ki, bu il Sumqayıt Dövlət
Universitetinin yaradılmasının ali təhsil ocağı kimi 50,
universitet kimi fəaliyyət göstərməsinin 12 ili tamam
olur. Bu ali məktəbin gənc nəslin təlim-tərbiyəsində,
elm və təhsildə, Azərbaycan təhsilinin dünya təhsil
sisteminə inteqrasiya olunması sahəsində, maddi-texniki
bazanın möhkəmləndirilməsində uğurları və əldə etdiyi
nailiyyətlər böyükdür.
Bu
gün dahi Heydər Əliyevin zəngin maarifçilik ideyalarını
əzmlə və uğurla həyata keçirən Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin böyük
uzaqgörənliklə söylədiyi "Biz maddi dəyərlərimizi və
iqtisadi potensialımızı intellektual kapitala
çevirməliyik" konseptual müddəasının həlli
respublikamızın digər təhsil və elm ocaqları ilə
birlikdə Sumqayıt Dövlət Universitetində də uğurla
həyata keçirilir.
Az bir müddət ərzində universitetin elm, təhsil və
maddi-texniki təchizi sahəsində dönüşün yaradılması ölkə
Prezidentinin dəstəyindən, milli təhsilimizə göstərdiyi
qayğıdan sonra yüksək sürətlə inkişaf etməyə başladı,
uğurlu nəticələr əldə edildi. Danılmaz faktdır ki,
universitetin bugünkü inkişafı əvvəlki illərdən xeyli
fərqlənir, həm maddi-texniki bazanın möhkəmləndirilməsi,
kabinet və laboratoriyaların müasir avadanlıqlarla
təchiz olunması, həm də kadr potensialı baxımından
inkişafı, təhsilalan və təhsilverənlər üçün əlverişli
təlim, öyrədici mühitin yaradılması diqqəti cəlb edir.
Universitetin foyesində ulu öndərin büstünün qoyulması,
şəhidlərə xatirə abidəsinin ucaldılması, təhsil ocağının
ətrafının simasının dəyişdirilməsi, park salınması,
dünya standartlarına tam cavab verən idman və akt
zalının yaradılması son on iki ilin ən əlamətdar
hadisəsidir. O cümlədən, tələbələrin, magistrant və
doktorantların təhsilinin müasir tələblərə uyğun davam
etdirilməsinə də hər cür şərait yaradılmışdır. İdarəetmə
sistemində dönüş yaradılması təhsilin, elmin inkişafına,
demokratik prinsiplərin əməli işə tətbiqinə zəmin
yaratmışdır.
Hazırda universitetdə yeddi - riyaziyyat, fizika və
elektroenergetika, kimya və biologiya, mühəndislik,
iqtisadiyyat və idarəetmə, tarix, filologiya fakültələri
və Əcnəbi Tələbələrlə Hazırlıq Mərkəzi, 45 kafedra və 6
elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bu
fakültələrdə 4400-dən artıq, o cümlədən 100-dən artıq
əcnəbi tələbə 26 istiqamət üzrə bakalavr pilləsində, 330
nəfər isə 53 ixtisas üzrə magistratura mərhələsində
təhsilini davam etdirir. 40 doktorant və 37 dissertant
elmin müxtəlif sahələri üzrə elmi-tədqiqat işləri yerinə
yetirirlər.
Universitetdə 8 nəfər Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi və müxbir üzvü, 50 nəfər elmlər
doktoru, professor, 155 nəfər müxtəlif ixtisaslar üzrə
fəlsəfə doktoru, dosent, 190 nəfər baş müəllim işləyir.
9 elmi istiqamət üzrə 46 mövzunu əhatə edən tədqiqat
işləri yüksək elmi-nəzəri səviyyədə yerinə yetirilir. Bu
işə 370 nəfər professor-müəllim, 30 nəfər elmi işçi cəlb
olunmuşdur.
Son 12 ildə universitet əməkdaşlarından 17 nəfər elmlər
doktoru, 74 nəfər müxtəlif ixtisaslar üzrə fəlsəfə
doktoru elmi dərəcəsi, 8 nəfər professor, 84 nəfər
dosent elmi adlarına layiq görülmüşdür.
Bu dövr ərzində universitet əməkdaşları tərəfindən 60
monoqrafiya, 140 dərslik və dərs vəsaiti, 580 metodik
vəsait və fənn proqramı, 3000 elmi məqalə (o cümlədən
600-ü xarici jurnallarda), 1500 tezis (o cümlədən 300
tezis beynəlxalq konfranslarda) çap olunmuşdur. 110
patent alınmışdır. Bunlardan 3-ü "AvroAsiya" patentidir.
Bu müddətdə universitetdə 16 beynəlxalq, 35 respublika
və 44 universitetdaxili elmi konfrans keçirilmişdir.
Magistrantların respublika elmi konfransı hər il SDU-da
keçirilir. Tələbə elmi cəmiyyətinin xətti ilə hər il
təşkil olunan tələbələrin konfransları maraqla
qarşılanır. Universitet tələbələri ali məktəblərarası
fənn olimpiadalarında da fəal iştirak edirlər.
Universitetdə 2 bölmə üzrə "Elmi xəbərlər" (təbiət və
texniki və humanitar-sosial elmlər bölmələri üzrə)
jurnalı nəşr edilir.
Sumqayıt Dövlət Universiteti yaranan gündən beynəlxalq
layihələrdə iştirak etmək üçün məqsədyönlü işlər aparır
və bu sahədə xeyli uğurlar əldə olunmuşdur. TEMPUS
layihəsi çərçivəsində universitet 4 uğurlu layihənin
iştirakçısı olmuş və qalib seçilmişdir. Universitet eyni
zamanda 2002-2004-cü illərdə Almaniyanın Köln Tətbiqi
Elmlər Universiteti, Hollandiya Heerlan Tətbiqi Elmlər
Universiteti, Azərbaycan Texniki Universiteti,
Azərbaycan Dövlət Neft Akademiyası və Mingəçevir
Politexnik İnstitutu ilə birlikdə "Müasir mühəndis
hazırlığı" layihəsinin iştirakçısı olmuşdur. Avropa
standartlarına uyğun "Avtomatlaşdırma və informatika
texnikası", "Elektroenergetika" ixtisasları üzrə
bakalavr və "Ətraf mühitin mühafizəsi" ixtisası üzrə
magistr hazırlığı uğurla başa çatdırılıb və bu proses
indi də davam etdirilir. Bu günə kimi həmin ixtisaslar
üzrə 75 bakalavr və magistr hazırlanmışdır.
2006-2009-cu illərdə Sumqayıt Dövlət Universiteti
Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti, Polşanın
Varşava Texniki Universiteti və Azərbaycan Dövlət Neft
Akademiyası ilə birgə neft və kimya sənayesində "Enerji
menecmenti" ixtisası üzrə magistr hazırlığını həyata
keçirib və indi də davam etdirir.
Bu iki layihə çərçivəsində Avropadan alınmış müasir
cihaz və avadanlıqlarla təchiz olunmuş, Avropa
standartlarına uyğun 8 müasir tədris laboratoriyası
yaradılmışdır. Universitetin 10 əməkdaşı müxtəlif
müddətlərdə həmin xarici ölkə universitetlərində
keçirilən seminarlarda iştirak etmiş və əldə etdikləri
təcrübəni tələbələrə öyrətmişdir.
2010-2012-ci illərdə universitet yeni TEMPUS layihəsinin
Rusiyanın Qubkin adına Rusiya Dövlət Neft və Qaz
Universiteti, Tümen Dövlət Neft və Qaz Universiteti, Ufa
Dövlət Neft Texnologiya Universiteti, Uxta Dövlət
Texniki Universiteti, Ukraynanın Poltava Texniki
Universiteti, İvanovo-Frankovsk Milli Texniki
Universiteti, Belarusun Milli Texniki Universiteti,
Polotsk Dövlət Universiteti, Böyük Britaniyanın Varvik
Universiteti, Polşanın Krakov Universiteti, İsveçin Kral
Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft
Akademiyası ilə birlikdə iştirakçısı və qalibi olmuşdur.
Bu layihə çərçivəsində universitetlərarası innovasiya
şəbəkəsi yaradılmışdır.
2011-ci ildə Sumqayıt Dövlət Universiteti Almaniyanın
Köln Tətbiqi Elmlər Universiteti, Polşanın Varşava
Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft
Akademiyası və Azərbaycan Texniki Universiteti ilə birgə
"Azərbaycanda mühəndis hazırlığının Boloniya prosesinə
uyğunlaşdırılması" layihəsinin iştirakçısı olaraq
layihənin uğurla yerinə yetirilməsini davam etdirir.
Hazırda kanalizasiya çöküntülərinin piroliz
texnologiyasına görə Almaniyanın BASF şirkəti ilə
birlikdə NATO-nun təhlükəsizlik layihəsinin birinci
mərhələsi udulmuş və bu layihə Sumqayıt şəhərinin
kanalizasiya sistemində yaranan çöküntülərin
zərərsizləşdirilməsi və onlardan alternativ enerji
növlərinin alınmasına yönəldilmişdir.
Bu il universitetə optik kabel çəkilmiş, geniş lokal və
WİFİ şəbəkələri yaradılmışdır. Bu da, öz növbəsində,
videokonfransların və distant təhsilin daha etibarlı
şəkildə aparılmasına geniş imkan yaradır. Müasir dövrün
tələblərinə cavab verən "Elektron kitabxana" yaradılmış,
İRBİS - 64 sisteminin tam paketi quraşdırılmışdır.
Universitetin veb-portalı yaradıldı və "Millinet - 2012"
respublika müsabiqəsində elm və təhsil nominasiyası üzrə
qalib gəldi. Təhsil Nazirliyinin xətti ilə İnternetə
çıxışı təmin edən universitet üzrə vahid şəbəkə
yaradıldı. Sumqayıt Dövlət Universitetinin inkişafına,
müasir tələblərə uyğun yeniləşməsinə Azərbaycan
Respublikası Təhsil Nazirliyi və Sumqayıt Şəhər İcra
Hakimiyyətinin daim diqqət və qayğısı hiss olunur və
kollektivimizi yeni nailiyyətlər qazanmağa daha da
ruhlandırır.
1999-cu ildə Dünya Bankının "Dünyanın inkişafı haqqında"
hesabat məruzəsində yeni iqtisadiyyata keçidin adekvat
iqtisadi institusional sistemin yaradılması, güclü insan
kapitalı bazasının inkişafı, dinamik informasiya
infrastrukturu, səmərəli milli innovasiya sisteminin
inkişafı kimi dörd mühüm strateji amili göstərilmişdir.
Bütün bunları nəzərə alan SDU ayrı-ayrı ölkələrlə qlobal
səviyyədə əməkdaşlıq edir, kadr hazırlığını həyata
keçirir, yeni ideya və texnologiyalardan istifadə
təcrübəsini öyrənir, tədris prosesinə tətbiqi
imkanlarını təmin edir.
Bu gün ali məktəblərdə dövlətimizin elm və təhsil
siyasətinin qarşılıqlı şəkildə, əlaqəli formada, vahid
konsepsiyada birləşdirilməsi daha vacib məsələdir.
Aparılan tədqiqatlar müasir elmin son nailiyyətlərinə
əsaslanır, yeni təlim texnologiyalarının təlim prosesinə
tətbiqi imkanlarını öyrənməyə istiqamətlənir. Seminar və
laboratoriya məşğələlərində praktik işlərin yüksək
səviyyədə aparılmasında elmi işlərin nəticələrinin
tətbiqi təhsil sisteminin müasir tələblər səviyyəsində
təkmilləşdirilməsinə geniş imkan yaradır. Elm və təhsili
bir-birindən ayırmaq, yaxud onları bir-birinə qarşı
qoymaq mümkünsüzdür. SDU-da da elmin əsas məqsədi
yaradıcı fəaliyyətin stimullaşdırılmasına, təhsil
sisteminin təkmilləşdirilməsinə yönəldilir. Təhsilin
məqsədi məlum olan faktların, ayrı-ayrı fənlərin
tədrisinin müasir tələblərə uyğun qurulmasını təmin
etməkdirsə, elmin məqsədi isə fundamental tədqiqatların
aparılmasına, dünya praktikasında olan yeniliklərin
öyrənilməsinə və elmi-nəzəri məsələlərin praktik
yollarla mənimsənilməsinə geniş imkan yaratmaqdır.
Universitetdə elm və təhsilin bu istiqamətlərdə
aparılmasına, tələbələrin tədqiqatçılıq bacarığının
inkişaf etdirilməsinə, nəzəriyyə ilə təcrübənin vəhdəti
əsasında fənlərin tədrisinə daha çox fikir verilir, elmi
istiqamətlər bu sahələrin tədqiqinə yönəldilir.
Universitetin elmdə və təhsildə olduğu kimi, idman
həyatında da nailiyyətləri böyükdür. Tələbələrimiz son
on ildə dünya, qran-pri, Avropa, Asiya çempionatlarında,
beynəlxalq turnirlərdə və respublika yarışlarında 88
medal qazanmışdır. Bu medalların 32-si qızıldır.
Uğurlarımız bu gün də davam edir.
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə
kollektivimizin səmərəli fəaliyyəti hər zaman dövlətimiz
və onun müdrik rəhbəri tərəfindən layiqincə
qiymətləndirilir. Əməkdaşlarımız dövlətimizin ali
mükafatlarına və fəxri adlarına - "Şöhrət" ordeni,
"Tərəqqi" medalı, "Əməkdar elm xadimi", "Əməkdar
müəllim", "Əməkdar mühəndis", "Əməkdar məşqçi" və Təhsil
Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı və
Fəxri fərmanlara layiq görülürlər. Universitetin 50
illik yubileyinə hazırlaşdığımız bir zamanda ölkə
Prezidenti İlham Əliyevin 16 noyabr 2012-ci il tarixli
imzaladığı sərəncamla Azərbaycanda təhsilin
inkişafındakı xidmətlərinə görə Sumqayıt Dövlət
Universitetinin 10 nəfər əməkdaşını "Əməkdar müəllim", 1
nəfərini "Əməkdar jurnalist" fəxri adları və 8 nəfərini
"Tərəqqi" medalı ilə təltif etməsi kollektivimizi
sevindirir, yeni yaradıcılıq nailiyyətləri əldə etməyə
ruhlandırır. Özümün və kollektivin adından ölkə
Prezidentinə dərin minnətdarlıq və ehtiramımı
bildirirəm. Universitetin bütün əməkdaşları bundan sonra
da təhsilin, elmin inkişafı, dövlətçiliyimizin qorunması
yolunda əzmlə çalışacaq, yeni-yeni uğurlar qazanacaq,
Prezidentimizin ətrafında sıx birləşməyi özlərinin həyat
amalı seçəcəkdir. Dövlətimiz və xalqımız əmin ola bilər
ki, SDU-nun professor-müəllim heyəti yüksək ixtisaslı
kadrların hazırlanmasında əlindən gələni əsirgəməyəcək,
işlərini müasir tələblərə uyğun quracaqdır.
Nadir QƏHRƏMANOV,
SDU-nun rektoru, "Şöhrət" ordenli,
fizika-riyaziyyat elmləri doktoru, professor |