Son
illər istedad və bacarıqları ilə seçilən, müxtəlif
beynəlxalq müsabiqə və festivallarda iştirak edərək
mütəmadi olaraq uğurlar qazanan uşaq, yeniyetmə və
gənclərimizin sayı durmadan artır və bizi sevindirir.
Onların səsi dünyanın ən mötəbər müsabiqələrində
eşidilir. Qazanılan hər bir qələbə isə onların gələcək
sənət yollarına işıq saçır. Xüsusilə istedadlı uşaqlara
dövlət tərəfindən diqqət və qayğı daim artır.
Belə istedadlı yeniyetmələrdən biri də Jalə Eldəniz
qızı Mayılovadır. O, 2000-ci ildə Bakıda anadan olub.
Uşaqlıqdan musiqiyə maraq göstərən Jalənin valideynləri
onu Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi
məktəbinə gətirirlər. Müsabiqə yolu ilə əməkdar müəllim
Tamilla Məmmədovanın sinfinə daxil olur, fortepianonun
sirlərinə dərindən yiyələnməyə çalışır və ilk gündən
müəllimlərinin etimadını doğruldur. Yaşının az olmasına
baxmayaraq, bir sıra uğurlara imza atan Jalə 2010-cu
ildə Polşanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə
keçirilən Şopen müsabiqəsində iştirak edərək diplomla
mükafatlandırılıb. 2011-ci ildə Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə
keçirilən VIII Respublika baxış-müsabiqəsində I, eyni
zamanda bu ilin aprelində Gənclər və İdman Nazirliyi
ilə İSESKO-nun dəstəyi, "Kainat" Gənclik mərkəzinin və
Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən
İslam dünyası gənclərinin 20 yaşadək klassik musiqi
ifaçılarının I beynəlxalq müsabiqəsində I yerə sahib
çıxıb. J.Mayılova Yuri Başmetin rəhbərliyi ilə
Rusiyanın Samara vilayətində təşkil olunan Uşaq Musiqi
Akademiyasında Rostislav Krimerdən ustad dərsləri alıb,
məharətli çıxışına görə fərqlənərək qala konsertdə
iştirak etmək hüququ qazanıb, diplom və kuboka layiq
görülüb. Jalə bu il Mədəniyyət və Turizm Nazirliyinin
təşkilatçılığı ilə keçirilən gənc pianoçuların II
Respublika müsabiqəsinin də laureatı olub. İyulda isə
Jalə Mayılova daha bir qələbəyə imza atıb. Almaniyanın
Münhen şəhərində keçirilən "Münhen ulduzları"
müsabiqəsində həm solo, həm də ansambl
nominasiyalarında qızıl medala layiq görülüb. 2012-ci
ilin sentyabrında o, Ukraynada keçirilən X beynəlxalq
musiqi müsabiqəsində "İndividualis" laureat adını
qazanıb. Müsabiqənin prezidenti və münsiflər heyəti
tərəfindən Jaləyə ünvanlanan məktubda onun xüsusi
ustalıqla əsərlərinin ifaçısı olduğu vurğulayıb və
müəllimi Tamilla Məmmədovaya təşəkkür ifadə olunub.
Növbəti uğuru isə 2012-ci ildə Macarıstanın Budapeşt
şəhərində keçirilən II festival müsabiqədə olub. Belə
ki, Böyük Britaniya, Macarıstan, Azərbaycan, Rusiya,
Ukrayna, Yaponiyadan istedadlı uşaqların qatıldığı
"Budapeştin ulduzları - gənclik, ilham, istedad" və
noyabrda "Macar oyunları" XIV Beynəlxalq
festival-müsabiqədə həm solo fortepiano, həm də ansambl
nominasiyalarında 4 birincilikdə 2 qızıl medal və
mükafatla vətənə dönüb. Macarıstandan Jaləyə yanvar
ayında Polşada konsert vermək təklifi olunub. Qeyd edək
ki, bu nailiyyətlərin qazanılmasında müəllimi Tamilla
Məmmədovaya təşəkkürünü bildirən Jalə gələcəkdə
respublikamızın ən nüfuzlu səhnələrində solist pianoçu
kimi uğurla çıxış edəcəyini vurğuladı. Bildirdi ki,
Azərbaycan və dünya bəstəkarlarının mahnılarının
ifaçısına çevriləcək və həm də oxuduğu 81 nömrəli
məktəbin adını həmişə ucaldacaq.
Sifai SƏFƏROVA |