Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksindən
verilən məlumata görə, bu təhsil ocağının 20 nəfər
şagird və müəllimi, o cümlədən valideyn komitəsinin 4
üzvü "London House" ingilis dili məktəbi ilə bağlanmış
müqaviləyə əsasən Londonda payız tətili günlərində
qısamüddətli dil kurslarında iştirak ediblər.
Universitetin profilinə uyğun olaraq kompleksdə 4 xarici
dil: ingilis, rus, alman və fransız dilləri tədris
olunduğundan şagirdlərin dil praktikasını genişləndirmək
məqsədilə bu tədris ilindən Almaniya və Böyük Britaniya
dil tədrisi mərkəzləri ilə əlaqələr yaradılmış, bir sıra
müştərək layihələrə başlanılmışdır. "London House"
məktəbində birhəftəlik intensiv ingilis dili kursları
ingilis dili məktəbi müəllimlərinin müşayiəti ilə
ölkənin bir sıra şəhərləri, tarixi yerləri və muzeyləri,
o cümlədən Londonun görməli yerləri ilə tanışlıq şagird,
müəllim və valideynlərin böyük marağına səbəb olub. Dil
hazırlığı səviyyəsinə uyğun olaraq dörd qrupda məşğul
olan müəllim, şagird və valideynlərə kursun sonunda
müvafiq sertifikatlar verilib. İngilis dili üzrə
beynəlxalq hazırlıq mərkəzi kimi tanınan bu tədris
ocağında Azərbaycan mətbəxi, mahnı və rəqsləri təqdim
olunan gecəyə Çin, Fransa və İspaniyadan gəlmiş
dinləyicilər, müəllimlər dəvət almışdılar.
"London House" ingilis dili məktəbinin direktoru Martine
Jean-Louis və BSU Məktəb-Lisey Kompleksinin direktoru
Telman Cəfərov əməkdaşlıq müqaviləsinin
genişləndirilməsi və konkret müştərək layihələrin
reallaşdırılması barədə razılığa gəlmişlər.
Şakir CƏFƏROV |