Noyabrın
28-də Təhsil Nazirliyinin tabeliyində olan texniki
yaradıcılıq mərkəzlərində fəaliyyət göstərən dərnək
üzvlərinin əl işlərinin respublika baxış-müsabiqəsi
keçirildi. Respublika Texniki Yaradıcılıq Mərkəzində
təşkil olunan tədbiri açan mərkəzin direktoru Qorxmaz
Əliyev bildirdi ki, müsabiqədə ölkədə fəaliyyət göstərən
48 rayon, şəhər Texniki Yaradıcılıq Mərkəzi iştirak
etmiş və respublika mərhələsinə 289 iş təqdim
olunmuşdur. Müsabiqənin keçirilməsində məqsəd texniki
yaradıcılıq mərkəzlərində məşğul olan məktəblilərin
yaradıcılıq potensiallarının üzə çıxarılması və inkişaf
etdirilməsi üçün stimulların yaradılması və dərnəklərə
cəlb olunmuş uşaqlar arasında təcrübə mübadiləsinin
təşkili idi. Qeyd edildi ki, müsabiqə 2 mərhələdə -
rayon (şəhər) və respublika mərhələsində 4 nominasiya
üzrə: yumşaq oyuncaqlar, hərəkətdə olan oyuncaqlar,
dekorativ-tətbiqi sənət və təbii materiallardan
hazırlanmış işlər nominasiyaları üzrə 10-11 və 12-13
yaşlı uşaqlar arasında keçirilib.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa
İbrahimov iştirakçıları təhsil
naziri
Misir Mərdanovun adından salamlayaraq bildirdi ki,
müsabiqə artıq altıncı ildir keçirilir və ildən-ilə
təqdim olunan işlər təkmilləşir. Belə tədbirlərin
keçirilməsinin əhəmiyyətindən danışan A.İbrahimov
müsabiqənin hər bir şagirdin yaradıcılıq potensialının
inkişafına təkan verəcəyini iştirakçıların nəzərinə
çatdırdı. Şöbə müdiri son illər respublikamızda xüsusi
istedada malik şagirdlərin potensialının üzə çıxarılması
istiqamətində görülən işlərdən söz açdı. Bildirildi ki,
keçirilən müsabiqələrdə ən yaxşı işlər seçilərək
fotoşəkilləri çəkilmiş və kataloq şəklində buraxılmasına
başlanmışdır. Hazırda Təhsil Nazirliyi tərəfindən Xocalı
soyqırımına həsr olunmuş "Uşaqlar və müharibə"
mövzusunda keçirilən rəsm müsabiqəsinin kataloqu yaxın
günlərdə çapdan çıxacaq. A.İbrahimov qalibləri təbrik
etdi və onlara gələcək fəaliyyətlərində uğurlar
arzuladı.
Müsabiqədə müxtəlif nominasiyalar üzrə I, II, III
yerləri tutmuş qaliblər Təhsil Nazirliyi tərəfindən
diplom və hədiyyələrlə mükafatlandırıldı. Xatirə
şəkilləri çəkdirildi.
Niyazi RƏHİMOV |