Dekabrın 13-də Qafqaz Universitetində I Beynəlxalq
Bəxtiyar Vahabzadə simpoziumu öz işinə başladı.
Simpozium iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək
ümummilli lider Heydər Əliyevin xatirəsini hörmətlə yad
edib məzarı üzərinə əklil qoydular. Xalq şairi Bəxtiyar
Vahabzadənin məzarı da ziyarət edildi, ruhuna dualar
oxundu.
Təşkilatçıları
Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Türkiyə
Respublikası Baş Nazirliyinin Türk Əməkdaşlıq və
Koordinasiya Agentliyi (TİKA), Qafqaz Universiteti,
"Qayə" fondu, Yunus Əmrə İnstitutu, Şəki İcra
Hakimiyyəti və "Dialoq Avrasiya" təşkilatı olan
simpoziumun açılış mərasimində öncə Bəxtiyar
Vahabzadənin həyat və fəaliyyətinə həsr olunmuş film
nümayiş olundu. Sonra Qafqaz Universitetinin rektoru,
professor Ahmet Saniç giriş sözü söylədi. Rektor
bildirdi ki, XX əsrin sonları - XXI əsrin əvvəllərində
yaşanan ictimai dəyişmə və yeniliklərə həyatı ilə
şahidlik etmiş, şahidi olduğu hadisələri əsərlərində əks
etdirmiş mütəfəkkirlərdən biri olan Bəxtiyar Vahabzadə
ədəbiyyatçı, millət vəkili, pedaqoq, xüsusən də xalq
şairi kimi ictimai məhsuldarlığı və təsir gücü öz çağını
açmış, düşüncələri Türk dünyasına yayılmış və geniş
coğrafiyada hüsn-rəğbət doğurmuş bir türk ziyalısıdır.
Simpoziumda çıxış edən təhsil nazirinin müavini Qulu
Novruzov Azərbaycanın milli mənəvi dəyərlərinə söykənən
ziyalıların fəaliyyətini işıqlandırmaq və xalqa daha
yaxından tanıtmaq sahəsində ənənəvi tədbirləri davam
etdirdiyinə, növbəti belə bir tədbirin xalq şairi
Bəxtiyar Vahabzadəyə, onun yaradıcılığına həsr etdiyinə
görə Qafqaz Universitetinə təşəkkür etdi. Nazir müavini
B.Vahabzadə yaradıcılığının xeyli tədqiqatçısı,
araşdırıcısı yığılmış simpoziuma bir şairin,
ədəbiyyatçının yaradıcılığının araşdırılması tədbiri
kimi deyil, Azərbaycanın dəyərlərinin keşiyində dayanan,
onu təbliğ edən və bu dəyərlərə təhlükə yarandığını
görəndə öz haqq səsini ucaldan bir Azərbaycan
ziyalısının xatirəsinin yad olunması tədbiri kimi
baxdığını söylədi. Bildirdi ki, ziyalıları sadə
vətəndaşlardan fərqləndirən cəhət onların xalqın
dəyərlərinə, gələcəyinə, tarixinə, ənənələrinə yaranan
təhlükəni hamıdan əvvəl görməsi və səslərini
qaldırmasıdır. Şairləri, yazıçıları, qələm əhlini isə
ziyalılardan fərqləndirən cəhət onların haqqı sıravi
vətəndaşlara çatdırmaq yollarını bilmələri və buna nail
olmalarıdır.
Q.Novruzov B.Vahabzadənin yaradıcılığının məhz bu
baxımdan xüsusi önəm daşıdığını qeyd etdi və
B.Vahabzadəni zaman keçdikcə daha böyük dəyər verilən
dahi insanlardan biri kimi səciyyələndirdi.
Plenar iclasda habelə Türkiyə Respublikasının
ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper
Coşkun, TİKA-nın Orta Asiya və Qafqaz regionu üzrə sədri
Ali Özgün Öztürk, Milli Məclisin deputatı, professor
Nizami Cəfərov və başqaları çıxış edərək B.Vahabzadənin
ədəbiyyatımıza verdiyi töhfələrdən, müəllim, alim,
ictimai xadim kimi xidmətlərindən söz açdılar.
Qeyd edək ki, simpoziumda türk dünyasının görkəmli
intellektual yazıçılarından biri olan Bəxtiyar
Vahabzadənin əsərlərini və fikirlərini müzakirə etmək
üçün 6 ölkədən 35 universitet və tədqiqat mərkəzindən
100-dən çox elm adamı və tədqiqatçı iştirak edir. Üç gün
davam edəcək simpoziumun bölmələrində "Vahabzadə
əsərlərində dil xüsusiyyətləri və sənətkarlıq",
"Vahabzadə və milli mübarizə", "Vahabzadənin dram
əsərləri", "Vahabzadə və Türk dünyası", "Vahabzadənin
əsərlərində tərbiyə və mənəvi dəyərlər" mövzularında
müzakirələr aparılacaq.
Yusif ƏLİYEV |