Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

Musiqi dərslərinin səmərəli təşkili

 

Azərbaycan XXI əsri yaşamaqdadır. Dünya təcrübəsindən məlum olduğu kimi XXI əsrdə həm cəmiyyətin, həm də hər bir cəmiyyət üzvünün yaşamasında və inkişafında başlıca dəyər yaradıcı, özünü inkişaf etdirən şəxsiyyətdir.

Bu gün təhsil alan uşaqlar yaxın gələcəkdə cəmiyyətimizin tamhüquqlu üzvləri olacaqlar. Bu səbəbdən də təlim müasir uşağı yaşadığı cəmiyyətə hazırlamalıdır. Buna görə də təlim daim dəyişən dünyamızla harmoniya təşkil etməli, reallıqlardan kənarda qalmamalıdır.

Yəqin ki, hər bir müəllimi düşündürən sual budur: XXI əsrin xüsusiyyətini nəzərə alaraq təlimi necə qurmalıyıq?

Dünya təhsil sistemində kurikulum modeli mühüm əhəmiyyət daşıdığına görə geniş istifadə olunur. Təhsilalanlar üçün zəruri bacarıqların, məzmun və qiymətləndirmə, müəllim və məktəb qarşısında duran vəzifələr, onların həlli yollarını göstərən konseptual sənəd olan kurikulumun tətbiqi günün tələbidir. Musiqinin kurikulumu da təlimin məzmunu, ümumi təlim nəticələri, məzmun xətləri və standartları, fəndaxili və fənlərarası inteqrasiya kimi konseptual sənədləri özündə əks etdirir.

Beləliklə, pedaqoji prosesdə nailiyyətlərin dəyərləndirilməsi sosial-mənəvi problem olub, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, tələbyönümlülük, inteqrativlik və qiymətləndirmə standartları ilə şərtlənir. Qeyd olunan keyfiyyətlərə sahib olan şagirdin mövzu ilə əlaqədar real bilik səviyyəsinə uyğun olaraq təqdim etməklə müəllim ümumi fəaliyyət haqqında şəffaf rəy söyləmək imkanı qazanır.  Özünüqiymətləndirmək bacarığına malik olan şagird XXI əsr qloballaşmaqda olan dünyanın rəqabətində şəxsiyyət kimi formalaşmış olur.

Bu qənaətə gəlmək olar ki, musiqi fənn kurikulumu əvvəlki proqramla müqayisədə bir sıra üstünlüyə malikdir. Bu baxımdan yeni dərsliklərin işlənib hazırlanması və tədrisi ilə bağlı müəyyən fikir meydana gəlir: şagirdlər milli musiqimizin tarixi ilə, görkəmli musiqiçilərlə, aşıq musiqisi ilə, muğamlarımızla, dünya musiqi mədəniyyəti ilə tanış olurlar. "Musiqi yaxşı əhvali-ruhiyyə, mənəvi tərbiyə, emosional tarazlıq və mənəvi inkişafa imkan yaradır. O həmçinin fiziki sağlamlıq üçün də faydalıdır, çünki bədən xəstələnəndə qəlb də zəifləyir... Yaxşı musiqi isə qəlbi sağaldaraq bədənə sağlamlığı qaytarır". Bunları musiqi barədə böyük türk ensiklopedisti Abu Nəsr əl-Fərabi (873-950-ci illər) özünün "Musiqi haqqında böyük kitab"ında yazmışdır.

Xalq musiqi nümunələrinin, eləcə də bəstəkar musiqilərinin dinlənilməsi, fərdi və kollektiv (xor) oxunması uşaqlarda bədii zövq, estetik mədəniyyət, milli və ümumbəşəri musiqi nümunələrinə maraq yaradır. Şagirdlər ifaçılığa cəlb olunur. Maraqlıdır ki, şagirdlər xorla oxumağı daha çox sevirlər. Görünür, ümumi bir ansamblda olmaq, birgə zəhmət və fəaliyyət həm də eyni məsuliyyəti bölüşə bilmək bacarığını formalaşdırır. Xorla oxumaq çətindir. Uşaq xoruna incə yanaşmaq lazımdır və bu da ağır zəhmətlə ərsəyə gəlir. Amma ümumilikdə uşaqlarla işləmək nə qədər çətindirsə, o qədər də maraqlıdır.

Təhsil alan uşaqlar üçün incəsənətlə təmas orta məktəbdən başlayır. Musiqi dərsində musiqi sahəsində ilkin addımlar atılır. Elə uşaq ola bilər ki, gələcəkdə musiqini özünə peşə seçsin, professional musiqiçi kimi yetişsin. Buna görə də, sözsüz ki, uşağın musiqi zövqünün formalaşmasında, yetişməsində sənətə vəsiqə verən musiqi müəllimlərinin üzərinə ciddi məsuliyyət düşür.

Müəllim təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilini məqsədyönlü və ardıcıl həyata keçirməli, bu istiqamətdə daim yeniliyə can atmalı və öyrənməlidir. 

Kəmalə HƏŞİMOVA,
Bakıdakı 249 nömrəli tam  orta məktəbin musiqi müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov