Dünyada baş verən yeni proseslər cəmiyyətin mənəvi
həyatında elmin, mədəniyyətin rolunu daha da artırır.
İnkişafı təmin etmək və müasir cəmiyyətə inteqrasiya
olunmaq üçün təhsilin təkmilləşdirilməsi vacib amilə
çevrilir. Son illər respublikamızda bütün sahələrdə
olduğu kimi təhsil sahəsi də sürətlə inkişaf edərək
dünya təhsil sisteminə inteqrasiya edir. Bu istiqamətdə
görülən işlərdən biri də dünyanın hər yerində olduğu
kimi ölkəmizdə də rəqabətin güclənməsi və tədrisin
keyfiyyətinin yaxşılaşdırılması məqsədilə özəl
məktəblərin yaranması idi. Belə məktəblərdən biri də
Azərbaycanda ilk özəl ali məktəb olan Xəzər
Universitetinin nəzdində fəaliyyət göstərən Dünya
məktəbidir. Təsisçisi professor Hamlet İsaxanlı olan
Dünya məktəbi Təhsil Nazirliyinin müvafiq lisenziyası
əsasında 1998-ci ilin sentyabr ayından fəaliyyət
göstərir.
Dünya
məktəbi fəaliyyət göstərdiyi 14 il müddətində müasir
təlim metodları və texnologiyalarından istifadə etməklə
dünyanın qabaqcıl təhsil sistemlərindəki təcrübələri
tətbiq etməyə xüsusi fikir vermişdir. Bu məqsədlə Dünya
məktəbinin təhsil ideologiyası ilə məşğul olan
mütəxəssislər ABŞ, Böyük Britaniya,Türkiyə və başqa
ölkələrdə təcrübə mübadiləsi keçmiş, qabaqcıl
məktəblərin iş təcrübəsini öyrənərək ölkəmizin təlim
tələblərinə uyğun şəkildə tətbiq etməyə çalışmışlar.
Təhsil ocağı öz fəaliyyətini uğurlu qurmaq üçün savadlı
və nüfuzlu rəhbər, peşəkar müəllimlər, həvəsli
şagirdlər, məktəbə bağlı olan valideynlər, təlim
standartları, tədris kurikulumu, şagirdlərin
nailiyyətləri, təlim nəticələri, akademik missiya, güclü
ünsiyyət əlaqələri, şagirdlər və işçilər üçün əlverişli
mühit və digər şərtləri əsas götürür.
Dünya məktəbində şagirdləri mümkün qədər çox öyrətmək
əvəzinə, düşünməyi öyrətmək prinsipi əsas götürülür və
tədris prosesinin təşkili bu istiqamətdə qurulur.
Rəhbərlik, müəllimlər tez - tez şagirdlərlə üz-üzə
əyləşib söhbət edirlər, onların problemlərini,
istəklərini, maraqlarını öyrənir və məktəblilərə hər
bir sahədə, istər məktəbdə, istərsə də məktəbdənkənar
vaxtlarda yardımçı olurlar. Təhsil müəssisəsində
şagirdlərə biliklə yanaşı, bacarıq və vərdişlər də
öyrədilir. Bundan başqa, məktəbdə ciddi nizam-intizam
qurulub ki, bu da təlim- tərbiyə prosesinin yüksək
səviyyədə təşkilinə kömək edir.
Məktəbdə müəllimlərin, xüsusilə gənc mütəxəssislərin
pedaqoji bacarıqlarının inkişafı və təkmilləşdirilməsi
hər zaman diqqət mərkəzindədir. Hər il sentyabr ayının
əvvəlində məktəbdə seminarlar təşkil edilir və iştirakçı
müəllimlərə sertifikatlar verilir.
Maddi-texniki bazası
Dünya
məktəbinin müasir tələblərə cavab verən beşmərtəbəli
tədris binası mövcuddur. Məktəbdə geniş və işıqlı sinif
otaqları, kimya və fizika laboratoriyaları, iki kompüter
otağı, bütün lazımi avadanlıqlarla təchiz edilmiş idman
zalı var. Bundan başqa, məktəbin 150 və 300 nəfərlik iki
akt zalı, musiqi studiyası, yüksək səhiyyə qaydalarına
cavab verən həkim otağı və gigiyenik normalara uyğun
yeməkxanası vardır. Müasir texniki vasitələr,
proyektorlar, elektron lövhələr müəllim və şagirdlərin
ixtiyarına verilmişdir. Məktəbin 8 ibtidai sinfində "1
şagird -1 kompüter" layihəsi həyata keçirilmişdir. Bütün
kompüterlər İnternet xəttinə qoşulmuşdur.
Məktəbdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini
əks etdirən guşə yaradılmışdır ki, bu da şagirdlərin
ümummilli liderin şərəfli həyat yolu ilə yaxından tanış
olmaları üçün mühüm rol oynayır.
Şagirdlərin məktəbə rahat gediş - gəlişini təmin etmək
məqsədilə məktəbin nəqliyyat servisi vardır. Nəqliyyat
servisindən, həmçinin tədrislə bağlı ekskursiyaların,
gəzintilərin təşkilində də istifadə olunur.
Müntəzəm olaraq maraqlı uşaq ədəbiyyatı və
pedaqoji-metodik ədəbiyyatla zənginləşdirilən məktəb
kitabxanası şagirdlərin oxu vərdişlərinin, mənəviyyat və
dünyagörüşünün inkişafına, həmçinin müəllimlərin
pedaqoji fəaliyyətinin təkmilləşdirilməsinə şərait
yaradır. Kitabxanada bununla yanaşı elektron kataloq
fəaliyyət göstərir. Bundan başqa, dünya standartlarına
cavab verən Xəzər Universitetinin kitabxanası da hər
zaman şagird və müəllimlərin ixtiyarındadır.
Tədrisin təşkili və qəbul qaydaları
Dünya
məktəbində təhsil həftədə 5 gündür. Həftənin şənbə günü
şagirdlər üçün əlavə məşğələlər, dərnəklər, tədrislə
bağlı ekskursiyalar, gəzintilər təşkil edilir. Məktəbdə
320 şagirdin təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur.
Məktəbə şagird və müəllimlər müsabiqə yolu ilə
seçilirlər. Müsabiqədə II- X sinif şagirdlərinin bilik
səviyyələri təhsil aldıqları sinfə uyğun yazılı test
imtahanı ilə yoxlanılır. Hər bir şagirdin fərdi
xüsusiyyətlərini öyrənmək üçün məktəbin psixoloqu
valideynlərlə fərdi söhbət aparır. Birinci sinfə qəbul
olmaq istəyən uşaqlar psixoloji və həkim müayinəsindən
keçirilir. Uşaqların sağlamlığı, normal qavrama
qabiliyyəti, səlis nitqi və maraq dairəsi əsas
götürülür. Qəbul ediləcək şagirdlər "Şagird qəbulu üzrə
məktəbdaxili komissiya"nın rəyi əsasında müəyyən edilir
və məktəb rəhbərinin əmri ilə rəsmiləşdirilir. Bununla
yanaşı, Dünya məktəbinə müəllimlərin qəbulu üç mərhələdə
- ixtisas fənni üzrə test, müsahibə və nümunə dərslər
əsasında aparılır. Bu mərhələləri uğurla keçən
müəllimlər məktəbin tələbatından asılı olaraq işə qəbul
olunurlar.
Məktəbdə 1 professor və 8 fəlsəfə doktoru çalışır.
Məktəbdə
təhsil üç pillədən - ibtidai təhsil I-IV, ümumi orta
təhsil V-IX , tam orta təhsil IX-XI siniflərdən
ibarətdir. Təhsilin hər pilləsində tədris prosesini
düzgün qurmaq üçün şagirdlərin bilik və bacarıqları,
maraq dairəsi və istəyi nəzərə alınır.
Təhsil müəssisəsində şagird təlim-tərbiyə prosesinin
subyekti kimi götürülür. Şagirdlərin prosesin
subyektlərinə çevrilməsi təhsil prosesinin idarə
olunmasına yeni münasibət yaradır, müəllimlərdə yeni
təfəkkür tərzi formalaşdırır. Dərs prosesində
şagirdlərin qrup halında işləməsi geniş tətbiq edilir,
çünki bu metod dərs prosesini maraqlı edir, öz
fikirlərini əsaslandırmaqla, hər bir şagirddə özünə inam
yaradır, təhliletmə və əməkdaşlığı tənzimləyir.
Dərs prosesinin elmi-nəzəri səviyyəsini yüksəltmək üçün
Dünya məktəbində müəllim-şagird münasibətlərinin düzgün
qurulmasına xüsusi fikir verilir. Bu məqsədlə müəllimlər
hər bir şagirdin zəif cəhətlərini, dərketmə
qabiliyyətini və digər xüsusiyyətlərini nəzərə alaraq
işləyir, dərslərdə geri qalan şagirdlər üçün müntəzəm
olaraq əlavə məşğələlər təşkil edirlər.
Məktəbin tədris planı hazırlanarkən Azərbaycan
Respublikasının ümumtəhsil məktəbləri üçün təsdiq olunan
tədris planı əsas götürülür. Bununla yanaşı, məktəbin
öz tədris planından da istifadə olunur. Tədris Planı
Təhsil Nazirliyi və Xəzər Universitetinin Təhsil
Departamenti tərəfindən təsdiq edilir.
Dünya
məktəbində eyni siniflər üzrə şagirdlər bilik
səviyyələrinə görə qruplaşdırılır. Məqsəd şagirdlərin
hüquqlarını pozmadan bilik və bacarıqlarını əsas tutaraq
onların dərs prosesinin fəal iştirakçısına çevirməkdir.
Məktəbdə tam orta təhsilin son iki ilində şagirdlərin
ixtisasyönümlü təhsili həyata keçirilir, ixtisas
seçimlərini etmiş şagirdlər ixtisas qruplarına ayrılır,
tədris planında verilmiş fakültativ, fərdi və qrup
məşğələləri, seçmə fənlər hesabına ixtisas fənləri üzrə
dərslər təşkil edilir. Bununla yanaşı, şagirdlər X və XI
sinif materialları tədris edilən ümumi dərslərdə
birləşirlər. Həm dərslərdə, həm də ixtisas fənləri üzrə
məşğələlərdə maraq və məsuliyyətlə çalışan şagirdlər
bunun bəhrəsini görürlər.
Dünya məktəbində şagirdlərin həvəsləndirilməsinə xüsusi
fikir verilir. İlboyu bilik yarışmaları, fənn
olimpiadaları, inşa yazı müsabiqələri, rəsm əsərləri, əl
işlərindən ibarət sərgilər təşkil edilir, qaliblər
mükafatlandırılır. Dərs ilinin sonunda hər bir şagird öz
spesifik bacarıq və qabiliyyəti sayəsində qazandığı
uğurlara görə diplomlarla təltif edilir.
Məktəbdə əxlaq fənninin tədrisi şagirdlərə yüksək əxlaqi
keyfiyyətlərin aşılanması prosesini daha da
sürətləndirir. Nitq mədəniyyəti fənninin tədrisi isə
cəmiyyətimizin gələcəyi üçün gözəl nitq qabiliyyətinə
malik gənclərin yetişməsində əhəmiyyətli rol oynayır.
Xarici Dillər Departamenti
Məktəb
xarici dillərin tədrisinə xüsusi önəm verir. Bu məqsədlə
məktəbdə Xarici Dillər Departamenti fəaliyyət göstərir.
Departamentin əsas missiyası xarici dillərin tədrisinin
dünya standartlarına uyğun qurulmasına və yüksək
keyfiyyətin təmin edilməsinə nail olmaqdır. Məktəbdə ən
çox tədris edilən ingilis dilidir. İngilis dili fənni
xarici dərsliklər əsasında tədris olunur.
Bundan başqa, şagirdlərin ingilis dilində şifahi
nitqinin inkişaf etdirilməsinə xüsusi fikir verilir.
Bütün siniflərdə "Belt Study System" tətbiq edilir.
Şagirdlər müstəqil olaraq kompüterlə ingilis dili
səviyyəsini təkmilləşdirirlər. Məktəbdə müntəzəm olaraq
bütün şagirdlərin iştirakı ilə "Conversation club"
təşkil edilir.
2011-2012-ci tədris ilinin sonunda məktəbdə İngiltərədən
dəvət olunmuş dil müəllimlərinin iştirakı ilə həftədə 30
saat olmaqla 2-3 həftəlik dil kursları təşkil
edilmişdir. Kursun sonunda şagirdlərin bilik və
bacarıqlarını nümayiş etdirən maraqlı tədbir ingilis
dilində onların şifahi nitqinin xeyli inkişaf etdiyini
sübut etmişdir. Bu ənənənin hər il davam etdirilməsi
nəzərdə tutulur.
Dünya məktəbində ingilis, rus dillərindən başqa,
şagirdlərin seçimi ilə italyan, alman, ərəb dilləri də
tədris olunur.
Monitorinq və qiymətləndirmə şöbəsi
Tədris
ocağında monitorinq və qiymətləndirmə şöbəsi öz işini
beynəlxalq standartlara uyğun qurur. Tədris prosesində
qiymətləndirmənin bütün növlərinin (diaqnostik,
formativ, summativ) düzgün tətbiq edilməsinə xüsusi
nəzarət mexanizmi həyata keçirilir.
Monitorinq və qiymətləndirmə şöbəsinin əsas məqsədi
ilboyu müntəzəm olaraq fənlər üzrə şagirdlərin bilik
səviyyəsinin yoxlanılmasını təşkil və onun
qiymətləndirilməsində obyektivliyi təmin etməkdir. Belə
mərkəzləşdirilmiş qiymətləndirmə sistemi imkan verir ki,
güclü və zəif hazırlıqlı şagirdlər vaxtında aşkarlansın
və onlara fərdi yanaşma təmin edilsin.
Dərs ilinin əvvəlində siniflər üzrə bütün şagirdlərin
diaqnostik qiymətləndirilməsi aparılır. Məqsəd yay
tətilindən qayıtmış şagirdlərin bilik səviyyəsini bir
daha yoxlamaqdır. Bu da dərs ilinin əvvəlində
geriləmələrin, boşluqların aradan qaldırılması və yeni
tədris ilində təhsilin keyfiyyətli qurulması üçün zəmin
yaradır.
Məktəbdə biliklərin qiymətləndirilməsi gündəlik deyil,
həftəlik (summativ) aparılır, bununla şagirdlərdə təlimə
ciddi münasibət yaradılır və onlara qiymət üçün deyil,
bilik üçün oxumaq psixologiyası aşılanır. Summativ
qiymətləndirmə həftə ərzində şagirdin formativ
qiymətləri əsasında təyin edilir. Qiymətləndirmənin
həftəlik olması şagird biliklərinin summativ
qiymətləndirilməsində uzun fasilənin qarşısını alır.
İl
ərzində məktəb üzrə aparılan mərkəzləşdirilmiş
imtahanlar Monitorinq və qiymətləndirmə şöbəsi
tərəfindən həyata keçirilir.
İmtahanlara nəzarət qeyri-ixtisas fənn müəllimləri
tərəfindən aparılır. Valideynlər də bir qayda olaraq
imtahan prosesinə nəzarətdə iştirak edirlər.
Monitorinq və qiymətləndirmə şöbəsi şagird biliklərinin
qiymətləndirilməsinin elmi əsaslar üzərində qurulmasını
təmin etməklə yanaşı, məktəb fəaliyyətində
özünüqiymətləndirməni ən mühüm şərtlərdən biri hesab
edir. Bu isə hər zaman təhsilin keyfiyyətinin
yüksəldilməsinə xidmət edir.
Məktəbə qəbul olmaq istəyən şagirdlərin, iş üçün
müraciət edən müəllimlərin bilik səviyyəsinin
yoxlanılması da bu şöbə tərəfindən aparılır. Eyni
zamanda Monitorinq və qiymətləndirmə şöbəsi
qiymətləndirmə mexanizminin, üsullarının
təkmilləşdirilməsində, fənlər üzrə testlərin keyfiyyətli
hazırlanmasında aparıcı rol oynayır.
İB Diplom Proqramı
Dünya məktəbi 2009-cu il yanvarın 16-da Beynəlxalq İB
Məktəbi statusunu qazanıb. Dünya İB School adı ilə
Beynəlxalq Bakalavr Təşkilatı - İnternational
Baccalaureate Organization - İBO-nun üzvü olaraq
beynəlxalq məktəb şəbəkəsinə qoşulub və 15 sentyabr
2010-cu ildən İBO-nun Diplom Proqramını tətbiq etməyə
başlayıb.
2011-2012-ci tədris ilinin sonunda ilk 3 məzun İB Diplom
Proqramını uğurla bitirərək beynəlxalq diplom almış və
İngiltərənin tanınmış universitetlərində tələbə olmaq
hüququnu qazanmışdır. 2012-2013-cü tədris ilində İB
Diplom Proqramında 11 şagird təhsil alır. İB Diplom
Proqramında fənləri tədris edən müəllimlər müntəzəm
olaraq xarici tədris müəssisələrində öz bilik və
bacarıqlarını təkmilləşdirirlər. İB Diplom Proqramında
xaricdən dəvət olunmuş müəllimlər də dərs deyir.
Beynəlxalq
əlaqələr
Dünya məktəbinin beynəlxalq əlaqələrinin yaranmasında
Xəzər Universiteti mühüm rol oynayır. Xəzər Universiteti
ilə birgə layihələr və təcrübə mübadiləsi həyata keçirən
xarici təhsil müəssisələrinin nümayəndələri Dünya
məktəbinin fəaliyyəti ilə yaxından tanış olur, öz təhsil
müəssisələri barədə şagirdlərə ətraflı məlumat verirlər.
2011-2012-ci tədris ilində İtaliyanın Dizayn, Kanadanın
Toronto, M.Lomonosov adına Moskva Dövlət
Universitetinin, Amerikanın Vaterloo Universitetinin
nümayəndələri Dünya məktəbində olmuşlar. Tədris sistemi
ilə yaxından tanış olan qonaqlar şagirdlərlə görüşlər
keçirərək ətraflı söhbətlər etmişlər.
Xarici təhsil mütəxəssisləri Xəzər Universitetinin
rəhbərliyi ilə mütamadi olaraq Dünya məktəbində təcrübə
mübadiləsi məqsədilə seminarlar təşkil edirlər. İB
Diplom Proqramında təhsil alan şagirdlər artıq iki ildir
ki, Türkiyənin İstanbul şəhərində keçirilən "Biliyin
nəzəri əsasları"na həsr edilmiş beynəlxalq konfransda
maraqlı çıxışlar edirlər.
2011-2012-ci tədris ilində Amerikanın Kentukki ştatında
"İnternational Art Exchange" layihəsi üzrə Fort Tomas
ibtidai məktəbin şagirdlərinin rəsm sərgisi Dünya
məktəbində, Dünya məktəblilərinin rəsm sərgisi isə həmin
məktəbdə nümayiş edilmişdir. Hər iki məktəbin
şagirdlərinə sertifikatlar verilmişdir. Bundan başqa,
məktəbin bir çox şagirdləri yay tətilində Amerika,
Kanada və İngiltərənin təhsil ocaqlarında təşkil edilmiş
yay məktəblərində fəal iştirak edərək ingilis dilində
danışıq bacarıqlarını daha da təkmilləşdiriblər.
Layihələr
Dünya məktəbi müntəzəm olaraq maraqlı layihələr həyata
keçirir. Belə ki, ötən tədris ilinin yay tətillərində
təhsil müəssisəsinin müəllimləri Xəzər Universitetinin
"2012-2013-cü tədris ilində V siniflərdə dərs deyəcək
fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu
üzrə təlim" layihəsində fəal iştirak edərək
Azərbaycanın regionlarında təşkil edilmiş təlim
kurslarında təlimçi kimi fəaliyyət göstərmişlər.
Artıq neçə ildir ki, məktəbin müəllim və şagirdləri
"Söz xəzinəsindən" adlı layihəni uğurla həyata
keçirirlər. Hər tədris ilində məktəbdə bir və ya iki
şairin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər
təşkil edilir.
2011-2012-ci tədris ilində dahi Azərbaycan şairi
Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuş musiqili
ədəbi tədbir çox yüksək səviyyədə keçirilmişdir. Şagird
və müəllimlərin çıxışları Azərbaycanın tanınmış
ədəbiyyatşünasları və incəsənət xadimləri tərəfindən
böyük maraqla qarşılanmışdır.
Dünya məktəbi hər zaman xeyriyyə tədbirlərinin də
təşkilinə və həyata keçirilməsinə xüsusi önəm vermişdir.
Bu məqsədlə keçirilən "Ümid gözləyən gözlərə doğru"
layihəsi çərçivəsində məktəb kollektivi tez-tez uşaq,
qocalar evlərinə, imkansız ailələrə hədiyyələr və
ərzaqlar aparır, maddi köməklik göstərir. 2009-2010-cu
tədris ilində şagirdlər xeyriyyə konserti təşkil etmiş,
yığılmış vəsaiti məktəbin maliyyə dəstəyi ilə birlikdə
anadangəlmə iflic xəstəsi olan Dəvəçi rayon sakini 16
yaşlı Ağamalıyev Rəsul Şakir oğlunun cərrahi
əməliyyatına vermişlər. 3 ildir ki, Dünya məktəbi
Rəsulun müalicəsinə maddi dəstək verir. Müəllimlərin,
valideynlərin və şagirdlərin xeyriyyə tədbirlərini
təşkil etməsi məktəbin cəmiyyətə inteqrasiyasının
humanist əsaslar üzərində qurulduğunu göstərir və
cəmiyyət üçün yararlı şəxsiyyətlər yetişdirdiyini bir
daha sübut edir. Bu məqsədlə məktəbdə şagird
yaradıcılığını əks etdirən satış sərgilərinin, konsert
proqramlarının təşkili də bir ənənəyə çevrilmişdir.
Hər il "Vətən naminə" adlı silsilə tədbirlərin
keçirilməsi şagirdlərin hərbi-vətənpərvərlik ruhunda
tərbiyə almasına və Azərbaycan tarixinə marağın
artırılmasına xidmət edir.
Keçən tədris ilində isə şagird və müəllimlərin birgə
səyi ilə respublikada ilk dəfə olaraq tədris filmi
çəkilmişdir. Film "Uydurma erməni soyqırımı və
erməniçilik" adlandırılaraq xalqımızın ən ağrılı
probleminə həsr edilmişdir.
Şagirdlərin ədəbiyyata, kitab oxumağa marağını
artırmaq məqsədilə Dünya məktəbi Firudin bəy Köçərli
adına uşaq kitabxanası ilə əməkdaşlıq həyata keçirərək
çox maraqlı layihələr üzərində işləyir.
Xəzər Universitetinin "Xəzər Xəbər" jurnalında Dünya
məktəbinin "Uşaq Dünyası" adlı xüsusi bölməsi vardır.
Müəllim və şagirdlərin məqalələri, şeir və hekayələri
oxucuların böyük marağına səbəb olur. Dünya məktəbinin
fəaliyyətini əks etdirən yazılar müntəzəm olaraq bəhs
etdiyimiz jurnalda dərc olunur.
Dünya məktəbinin digər layihələrindən biri də təhsil
müəssisəsinin istehsalatla əlaqəsini yaratmaqdır. Bu
məqsədlə Dünya məktəbinin şagirdləri bir sıra istehsalat
sahələrinə, o cümlədən Xəzər Enerji Mərkəzinə, "İnci"
şirkətinin dəftər və ofis ləvazimatlarının istehsalı
sexinə və s. yerlərə səfərlər etmişlər. Şagirdlərin
istehsalat sahələrinə səfərləri onların gələcəkdə düzgün
ixtisas seçimi etmələrində çox əhəmiyyətlidir.
Məktəbin uğurları
Dünya məktəbində tədris prosesinin təşkilinə yeni
münasibət, müasir metodların tətbiqi nəticəsində
şagirdlərin uğurları ilbəil artır. Yarandığı dövrdən
indiyə qədər 4 buraxılışı olan məktəbin məzunları Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul
imtahanlarında 100% -lik nəticə göstərmiş,
respublikamızın və dünyanın nüfuzlu ali təhsil
müəssisələrinə daxil olmuşlar. Məzunlardan Araz Poladov
ötən tədris ilində məktəbi qızıl medalla bitirmişdir.
Məktəbin məzunlarının səsi ABŞ-ın, İngiltərənin,
Türkiyənin və digər ölkələrin tanınmış ali təhsil
ocaqlarından gəlir.
Məktəbdə fəaliyyət göstərən dərnəklərin (rəsm, idman,
musiqi, dram, informatika və s.) yüksək səviyyədə
təşkili şagirdlərin müxtəlif müsabiqə və yarışlarda
uğurlar qazanmasında mühüm rol oynayır. Belə ki, 2010-cu
il fevralın 14-də "AZUS-Xaricdə təhsil" şirkətinin və
ABŞ-ın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə
keçirilən, 23 məktəbin iştirak etdiyi ingilis dili
festivalında şagirdlər tamaşa nominasiyası üzrə 1-ci,
mahnı nominasiyası üzrə isə 3-cü yerə layiq görülüblər.
2011-ci tədris ilində X sinif şagirdi İslam Əliyev
şahmat üzrə Bakı şəhər çempionatında I yerə, IX sinif
şagirdi Rüstəm Həsənov isə 2012- ci ilin yanvar ayında
76 kq çəki dərəcəsində gənclər arasında keçirilən boks
üzrə Bakı şəhər birinciliyinin qalibi olmuşdur.
2009-cu ilin fevral-mart aylarında Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi və İctimai Televiziyanın
təşəbbüsü ilə keçirilən 25 lisey və orta məktəb
şagirdləri arasında "Virtual Rinq" intellektual
televiktorinasının "super final" mərhələsində məktəbin
komandası qalib gələrək medal və noutbuk ilə təltif
olunmuşdu.
VII sinif şagirdi Nigar Həsənzadə Elxan qızının 2012-ci
il 30 aprel tarixində İçərişəhərdəki Bakı Rəsm
Qalereyasında "Naxışlar danışır" adlı sərgisi
keçirilmişdir.
2012-ci ildə keçirilən İnformatika Layihə Olimpiadasında
məktəbin şagirdləri Nigar Həsənova və İnci Məmmədli
animasiya nominasiyası üzrə II yeri tutmuşlar.
Məktəbin rəhbərliyi və pedaqoji kollektivi uğurlarını
daha da artırmağı, cəmiyyət üçün ləyaqətli, dəyərli
insan yetişdirmək missiyasını qarşıya məqsəd qoyur.
Niyazi RƏHİMOV |