Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

14 Dekabr 2012 - №49

 

Gənc istedadlar

Beynəlxalq müsabiqələr laureatı

 

İstedadlı gənc, gözəl skripka ifaçısı Həmidə Ağasoy haqqında ilk dəfə bu yaxınlarda - Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində keçirilən gənc ifaçıların Respublika müsabiqəsində eşitdim. Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov müsabiqənin açılış mərasimində iştirakçılara belə bir xoş xəbər çatdırdı ki, tələbələri Həmidə Ağasoy bu yaxınlarda Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş beynəlxalq müsabiqənin laureatı olub. 

Əlavə etdi ki, bu, Həmidənin  beynəlxalq arenada  qazandığı  ən böyük uğurlardan biridir. Bu məlumatdan sonra Nazim müəllim  mərasim iştirakçılarının  alqış sədaları altında  gənc skripkaçıya diplom təqdim etdi. Elə həmin gün Həmidənin  digər bir uğuruna da şahid olduq. O, böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun  90 illik yubileyinə  həsr olunmuş gənc ifaçıların Respublika  müsabiqəsinin də qalibi oldu. Müsabiqənin açılış mərasiminin konsert proqramına Həmidənin də çıxışı daxil edilmişdi və biz  böyük məmnuniyyət hissi ilə onun ifasını dinlədik. Həmin müsabiqədə ölkə üzrə  10 orta  ixtisas  musiqi təhsili müəssisəsindən 60-dək iddiaçı mübarizə aparırdı.

Həmidə ilə növbəti görüşüm də  müsabiqədən bir neçə gün sonra Musiqi Kollecində oldu. Onunla  sevib-seçdiyi sənət, iştirakçısı olduğu müsabiqə və konsertlər, gələcək arzuları barədə söhbət etdik.

Həmidə Ağasoy 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda anadan olub. Onda musiqiyə həvəsi  musiqiçi olan anası oyadıb. Böyük bacısı İlahə də həyatını musiqiyə həsr edib. Fortepianoda çalır. Hazırda Ü.Hacıbəyli adına  Bakı Musiqi Akademiyasında  təhsil alır.

Həmidə skripkanı da anasının  istəyi ilə seçib. Həssas ana  qızının bu sahədəki istedadını  öncədən duya bilib. Bir il Naxçıvanda musiqi məktəbində oxuyub. Sonra ailələri Bakıya köçdüyündən  2003-cü ildən təhsilini burada davam etdirib. 16, 15, 21, 12 nömrəli musiqi məktəblərində oxuyub. 15 nömrəli musiqi məktəbində oxuyarkən müəllimi olmuş Aida İmişovanı özünün ustadı hesab edir. Skripkanın - bu möcüzəli alətin  sirlərini  məhz ondan öyrəndiyini vurğulayır.

Həmidə Ağasoy eyni zamanda Bakıdakı 20 nömrəli məktəb-liseydə oxuyub, 229 nömrəli məktəbdə ümumi orta təhsilini başa vurub. Gənc istedad  2010-cu ildə müvəffəqiyyətlə imtahan verərək Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə daxil olub. Hazırda III kursda təhsil alır.

H.Ağasoyun böyük səhnəyə gedən yolu  II sinifdə başlayıb.  Belə ki, məhz II sinifdə oxuyarkən ilk dəfə müsabiqədə iştirak edib. 2005-ci ildə bacısı İlahə ilə birlikdə okompaniment müsabiqəsinə qatılıb və hər ikisi  diplomla təltif olunub. 2008-ci ildə musiqi məktəbləri şagirdlərinin  Respublika  ifa müsabiqəsində  iştirak edərək qaliblər sırasında olub. 2006-cı ildə Heydər Əliyev Fondunun  prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban  xanım Əliyevanın təşəbbüsü ilə ABŞ-da təşkil olunmuş konsertdə çıxış edib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Teymur Göyçayevin  rəhbərliyi altında  kamera orkestri ilə çıxışını isə Həmidə  böyük səhnədəki ilk  ciddi addımlarından sayır. Sonralar belə çıxışları çox olub. Beynəlxalq aləmdə  ilk böyük qələbəsini isə  Macarıstanın paytaxtı Budapeştdə  qazanıb. Bu il oktyabrın 25-dən 31-dək burada  keçirilmiş  "Budapeşt ulduzları" adlı XI Beynəlxalq müsabiqədə 12 ölkədən 600-dən çox  gənc musiqiçi iştirak edib.  Bu mötəbər yarışmada ölkəmizi Həmidə, bacısı İlahə və bir-iki nəfər digər ifaçı təmsil edib. Bacısı II, Həmidə isə III yeri tutub.

Bu günlərdə  isə təhsil aldığı kollecdə təşkil olunmuş Həmidənin solo konserti çox uğurla keçib.

Hazırda  müəllim Ağahüseyn  Hüseynovun  sinfində oxuyan Həmidə kollecdə gənc istedadların inkişafı üçün  yaradılan şəraitdən, kollec rəhbərliyinin tələbələrə göstərdiyi qayğı və diqqətdən  çox razıdır. Arzusu kolleci bitirdikdən sonra Musiqi Akademiyasında  oxumaq, Koreyada musiqi təhsilini davam etdirmək, məşhur italyan skripkaçısı Paqanininin konsertlərini ifa etmək, tanınmış skripkaçı olmaqdır.

Gənc istedada bu yolda  böyük uğurlar diləyirik.

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov