2012-ci
il respublikamızın bir çox təhsil işçiləri, müəllimləri
kimi, mənim üçün də uğurlu oldu. Respublika mətbuatında
iş təcrübəmdən bəhs edən, elmi-metodik məqalələrim dərc
olundu, təcrübəmi həmkarlarımla bölüşməyə çalışdım.
Təhsil Nazirliyinin təşkil etdiyi treninqlərdə,
kurslarda iştirak edib, müxtəlif dərəcəli sertifikatlara
layiq görüldüm, yeni təlim texnologiyaları,
innovasiyalarla bağlı peşə bacarıqlarımı inkişaf
etdirdim. Ən sevindirici hal isə "Ən yaxşı müəllim"
müsabiqəsində uğurla iştirak etməyim oldu. Müsabiqədə
dediyim nümunə dərsi kimya fənni üzrə ekspertlər -
respublikamızın görkəmli alimləri, tanınmış müəllimləri
tərəfindən yüksək qiymətləndirildi. Ən unudulmaz hadisə
isə Təhsil Nazirliyində öz iş təcrübəmlə bağlı
təqdimatla çıxış etməyim oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin "2011-2012-ci tədris ilində keçirilmiş "Ən
yaxşı müəllim" müsabiqəsinin qaliblərinin
mükafatlandırılması haqqında" sərəncamında öz adımı
oxuyanda sevincimin hədd-hüdudu yox idi, çünki doğma
Ağdamdan qaçqın düşmüş, Respublikamızın paytaxtında
məskunlaşmış bir müəllimin son dərəcə çətin bir
müsabiqədə qalib gəlməsi adi bir hadisə deyildi. Elə
bilirdim ki, bu mükafat mənə yox, Ağdam rayonu 32
nömrəli məktəbin bütün kollektivinə, bütün qaçqın
müəllimlərinə verilmişdir. Bu diqqət və qayğıya görə
möhtərəm Prezidentimiz İlham Əliyevə dərin
minnətdarlığımı bildirirəm. Ötən ilə nəzər salanda
həyatımdakı digər əlamətdar hadisələr, nümunəvi
məktəblər sırasında olan Xəzər Universitetinin Dünya
məktəbinə kimya müəllimi kimi dəvət olunmağım, Təhsil
Nazirliyinin kimya fənni üzrə ekspert qrupuna daxil
edilməyim, respublikamızın Tovuz, Gədəbəy, Şəmkir,
Goranboy rayonlarında fənn kurikulumlarının tətbiqi üzrə
təlim kurslarında təlimçi kimi iştirak etməyim, Ağdam
rayon müəllimlərinin sentyabr konfransında çıxışım,
həmkarlarımın ünvanıma söylədikləri xoş sözlər heç vaxt
yadımdan çıxmayacaq.
Ötən ilin ən yaddaqalan hadisələrindən biri də hörmətli
nazirimiz cənab Misir Mərdanovun "Ən yaxşı müəllim"
müsabiqəsinin qaliblərini qəbul etməsi, onların ürək
sözlərini dinləməsi və müvafiq vəsiqələri bizə təqdim
etməsi oldu. Həmin görüşdə Misir müəllimin bizə qayğıkeş
münasibəti, qarşıda duran böyük vəzifələrdən söz açması
məni, eləcə də bütün tədbir iştirakçılarını
təsirləndirdi. O vaxt ürəyimiz dolu olsa da, hamının
çıxış etmək imkanı olmadı. Odur ki, fürsətdən istifadə
edib nazirimizə, nazirliyin bütün əməkdaşlarına öz dərin
təşəkkürümü bildirir, yeni ildə daha böyük uğurlar
arzulayıram.
Aynur ZÜLFÜQAROVA,
Ağdam rayonu 32 nömrəli tam orta məktəbin kimya müəllimi,
2012-ci il "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi |