Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

28 Dekabr 2012 - №51

 

Dərsliklərə qərəzsiz yanaşmaq lazımdır

 

Hazırda ən aktual problemlərdən biri orta məktəb dərslikləridir.  Maraqlı və sevindirici bir haldır ki, bu gün hamı - alim də, şagird də, valideyn də, müəllim də dərslikdən danışır.  Ancaq qəribədir ki, danışanların bir qismi dərsliklərdə ancaq nöqsan və səhv axtarır.  Bu səhvi isə az qala "cinayət tərkibli nöqsan" kimi qələmə verir, məsələnin mahiyyətinə varmadan hər yerdə qınaq obyekti axtarırlar. Bu məqalə, bəlkə  də, yazılmayacaqdı.  Ancaq  dərsliklərin heç də təsadüfi deyil, hansısa bir mənbədən qaynaqlanaraq məqsədyönlü şəkildə tənqid obyektinə çevrilməsi məni bir müəllim kimi narahat etdi və öz fikirlərimi bölüşməyi məqsədəuyğun hesab etdim. 

Haqqı çatan da, çatmayan da, kurikulumu mənimsəyən də, mənimsəməyən də yeni proqramlar əsasında yazılmış  V sinif  dərslikləri haqqında yüksək tribunalarda, KİV-də, İnternet səhifələrində öz fikirlərini "süzgəcdən keçirməmiş", qərəzli şəkildə cəmiyyətin müzakirə obyektinə çevirməyə, bu yolla dərsliklər, onları qiymətləndirən ekspertlər, məsul şəxslər və təşkilatlar haqqında mənfi rəy formalaşdırmağa çalışır.

Bu gün müzakirə obyektinə çevrilən dərsliklərə misal olaraq V sinif "Azərbaycan dili" və "Ədəbiyyat" dərsliklərini göstərmək olar. Bu dərsliklər ilk dəfə olaraq yeni proqramlara əsasən tərtib edilib. Ədəbiyyat dərsliyi  variativdir.  Bu isə bəzilərinin nə üçünsə narazılığına səbəb olub. Əslində  bu, sivil cəmiyyət üçün normal bir haldır. Dünyanın bir çox ölkələrində bu qəbulediləndir: standart əsas amil, dərslik isə standartların reallaşmasında  vasitələrdən biri hesab edilir. Amma nə üçünsə bizdə buna qısqanclıqla yanaşır və dərsliklərin variativliyini tənqid edirlər.  Bu, mətbuatda, televiziyada da qabarıq şəkildə özünü büruzə verir, cəmiyyətdə dərsliklər haqqında istər-istəməz mənfi rəyin formalaşmasına gətirib çıxarır. "Variativ  dərsliklər varsa, testlər yazılanda bəs hansı kitabdan istifadə ediləcək" - ən çox rast gəlinən və səsləndirilən  sualdır. Amma bu sualı verib  cəmiyyətlə cavabdeh şəxslər arasında süni şəkildə dilemma yaradanlar unudurlar ki, orta məktəbdə  fənlərin, o cümlədən də ədəbiyyatın tədrisinin məqsədi şagirdə test yazmağı  və testə cavab verməyi öyrətmək deyil.  Ədəbiyyatın əsas məqsədi şagirdə estetik zövq aşılamaqla onda insani keyfiyyətlərin  formalaşdırılması, öyrəndiyini həyatda tətbiq etmək bacarığı, gözəl nitqlə danışmaq, özünü təqdimetmə bacarığı  və s. formalaşdırmaqdır.

Bir müəllim, eyni zamanda kurikulum təlimçisi kimi deyə bilərəm ki, standartın mahiyyətini başa düşüb onu  alqışlayan və təlim prosesində uğurla tətbiq edən müəllimlər, təlim nəticələrinə görə nailiyyət əldə edən şagirdlər, bacarıqlı, peşəkar müəllimlər tərəfindən təlim prosesinə cəlb edilən valideynlərimiz də az deyildir.

Əlbəttə ki, bu prosesin icra edilməsində, dərsliyin məzmununun düzgün qavranılmasında və cəmiyyətə təqdim edilməsində müəllimin aparıcı rolu və funksiyası danılmazdır.

Mən V  sinifdə dərs deyirəm. Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Hesab edirəm ki,  V sinif üçün nəzərdə tutulmuş "Azərbaycan dili" və "Ədəbiyyat" dərslikləri fənn kurikulumları əsasında yazılmış ilk dərslik olsa da, bu sahədə atılmış uğurlu addımlardır.

"Azərbaycan dili" dərsliyində verilən mətnlər aktualdır, didaktik xarakterlidir,  şagirdlərin marağına səbəb olur, onları düşünməyə sövq edir, tədqiqata yönəldir. Şagirdlər müstəqil fikir söyləməklə yanaşı, yoldaşlarının fikrinə münasibət bildirir, onlarda tolerantlıq, ədalətlilik kimi müsbət keyfiyyətlər formalaşır və müəllimin yönəltməsi addım-addım şagirdini təlim nəticələrinə doğru istiqamətləndirir.

Mövzu əsasında şagirdlərin yazılı və şifahi təqdimatları problemin həllinə zəmin yaradır. Problem sinifdəcə həll olunur.

Bəzən müəllimlər tərəfindən dərslikdə qrammatik qaydaların az olmasına dair iradlar eşidirəm.  Bu gün müəllimlərin əksəriyyəti şagirdlərə qayda dəftəri tutdurur, yüklənmiş dilçilik qaydalarını bütün istisnaları ilə  yazdırırlar. Ancaq həmin müəllimlərin nəzərinə çatdırmaq istərdim ki, standart dövlətin müəllim və şagird qarşısında qoyduğu tələbdir. Standart  isə şagirdin yüklənməsinin əleyhinədir. Bu gün biz məktəblərdə dilçi alimlər yox, düzgün yazmağı və oxumağı bacaran, öz fikirlərini aydın şəkildə  şərh etməyi və dinləyənə çatdırmağı bacaran şagirdlər yetişdirməliyik. Bu, dövrün tələbidir. Kurikulumun mahiyyətini bilməyən bəzi müəllimlərin standartın tələbindən kənara çıxması dərsliklərə və aparılan təhsil islahatına zərbə vura bilər.

Dərslikdə zəruri dil qaydalarını öyrətmək və tətbiq etmək üçün kifayət qədər tapşırıqlar vardır.  Əsas və vacib olan odur ki,  bu tapşırıqlar yerinə yetirilərkən məqsədyönlü iş aparılsın, şagirdlərdə yaradıcı və məntiqi təfəkkür formalaşdırılsın. Bir metodist müəllim kimi tam əminliklə deyərdim ki, dərslikdəki tapşırıqlar, araşdırma xarakterli çalışmalar bunun üçün  əlverişli zəmin yaradır.

Mən "Ədəbiyyat" dərsliklərinə də münasibət bildirmək istərdim. Bir metodist müəllim kimi hər iki "Ədəbiyyat" dərsliyi ilə tanışam və deyərdim ki, hər iki dərslik standartların reallaşması baxımından əhəmiyyətlidir. Düzdür, ilk olduğu üçün hər iki dərslikdə müəyyən çatışmazlıqlar var. Ancaq bu çatışmazlıqlar, bəzilərinin dediyi kimi, o qədər də ciddi problemlər yaratmır. Mən dərsliklərin daha çox mütərəqqi cəhətlərindən danışmaq istəyirəm.

Dərs dediyim V sinifdə "Təhsil" nəşriyyatı tərəfindən  çap olunmuş "Ədəbiyyat"dan istifadə edirəm. Bu dərsliyi yeniliklərə əsaslanan dərslik hesab etmək olar. Dərslikdə oxu və yazı paralel şəkildə öyrədilərək  bir vəhdət yaradır. Standartlar verilmiş mətnlər və tapşırıqlarda reallaşaraq şagirdlərdə nəzərdə tutulan bacarıqları formalaşdırmağa imkan verir. Şagirdlər  bu tapşırıqlar əsasında düşünür, ifadəli oxu bacarığına yiyələnir, öz fikirlərini şərh edərək mətndəki hadisələri həyatla əlaqələndirirlər. Bədii nümunələrin tədrisi zamanı müəlliflər tərəfindən təqdim olunan suallar və yaradılan problemli situasiya şagirdləri  müstəqil olaraq   öz  düşüncələrini, bir-birindən maraqlı fikirlərini söyləməyə, eyni zamanda təhlil bacarığına  təhrik edir. Bununla yanaşı, şagirdlər hadisələri fərqli sonluqla bitirməyə də can atırlar ki, bu da onlarda ibtidai siniflərdə formalaşdırılan  bir bacarıqdır. Bu bacarıq  şagirdlərdə yazılı və şifahi nitqin inkişafına təkan verən amil kimi qiymətləndirilməlidir.

Dərslikdə ədəbiyyat nəzəriyyəsindən verilən məlumatlar və bu məlumatların əməli tətbiqinə imkan verən tapşırıqlar şagirdlər tərəfindən asanlıqla mənimsənilir və onların yaradıcı işində öz müsbət həllini tapır.

Şagird təsviri xarakterli mətnlərin,  təsvir vasitələrinin nə olduğunu dərslikdəki məlumat və müəllimin düzgün istiqamətləndirməsi nəticəsində şüurlu surətdə dərk edir, bədii nümunələr üzərində iş apararaq öz fikirlərini müstəqil şərh edir. Bu da şagird nitqinin zənginləşməsinə, nitqin düzgün formalaşmasına və qurulmasına, fənn üzrə tələb olunan bacarıqların formalaşmasına xidmət edir.

Ənənəvi dərsliklərdən fərqli olaraq yeni dərsliklərlə təmasda olan şagirdlər onlara təkcə "öyrən, danış"  prinsipindən deyil, "münasibət bildir, müqayisə et, nəticə çıxar" prizmasından yanaşırlar.

Ulu öndər Heydər Əliyev demişdir: "Təhsil millətin gələcəyidir". Bu gün biz təhsil islahatına  və onun aparılmasına düzgün münasibət bəsləməklə gələcəyimizin bünövrəsinin möhkəm  olmasına xidmət etməliyik. Bu istiqamətdə görülən işləri düzgün qiymətləndirmək üçün qərəzli fikir və münasibətlərdən uzaq olmaq, xırda nöqsanları məqsədyönlü şəkildə böyüdüb təbliğat aparmaqla problemə çevirmək və onu cəmiyyətə təqdim etmək təhsildəki inkişafımıza arxadan vurulan zərbədir.

Gəlin birləşək, əgər nöqsan varsa, araşdıraq, müzakirə edək, aradan qaldıraq. İnkişafa doğru gedən yol bunu tələb edir.      

Yeganə HÜSEYNOVA,
əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov