Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

Cahangirovlar soyunun pedaqoq oğlu, əsl xalq müəllimi

 

XX əsr Azərbaycanın qədim və çoxillik təhsil tarixinə sürətli inkişaf, tərəqqi dövrü kimi düşüb. Məhz ötən yüzillikdə ölkəmizdə geniş xalq kütlələrinin təhsilə cəlb olunması, məktəb şəbəkəsinin genişləndirilməsi, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, idarə olunmasının təkmilləşdirilməsi, icbari ibtidai, səkkizillik və orta ümumi təhsilin tətbiqi, fasiləsiz təhsilə keçilməsi və təhsilin digər pillələrinin inkişafı, təhsilin hamı üçün əlçatan olması, keyfiyyətinin yüksəldilməsi və s. istiqamətlərində çox mühüm və uğurlu addımlar atılıb. Dövlət tərəfindən böyük önəm verilən, daim xüsusi diqqət və qayğı ilə əhatə olunan və dəstəklənən, müvafiq təhsil qurumlarının təşkilatçılığı və rəhbərliyi ilə həyata keçirilən bütün bu inkişafyönümlü işlərin önündə isə həmişə Azərbaycan müəllimi gedib.  

Tarixən müəllim adının həmişə uca tutulduğu, müəllimin mənəvi ata hesab olunduğu ölkəmizdə XX əsrdə sələflərinin arzu və əməllərini, ənənələrini bir xələf borcu kimi yaşadan və davam etdirən, qazanılmış təcrübəni öz əməlləri ilə daha da zənginləşdirən, əsl xalq müəlliminə xas keyfiyyətlərə sahib, yüksək biliklərinə, savadlarına, dünyagörüşlərinə görə cəmiyyətin öncül dəstəsi kimi qəbul edilən pedaqoqlar nəsli fəaliyyət göstərib. Onlar həmişə müəllim adını, şərəfini uca tutmuş, öhdələrinə götürdükləri müqəddəs müəllimlik missiyasını ləyaqətlə yerinə yetirmiş, bütün ömürlərini balalarımızın təlim-tərbiyəsi, cəmiyyətə layiq vətəndaşlar kimi yetişdirilməsi yolunda şam kimi əritmiş, geniş əhali kütlələrinin maarifləndirilməsi naminə var qüvvələrini sərf etmiş, bununla da təhsilimizin inkişafına, yüksək intellektli cəmiyyətin formalaşmasına öz dəyərli töhfələrini vermişlər.

Belə müəllimlərimizdən biri də ötən əsrin 30-cu illərindən başlayaraq bütün həyatını bu müqəddəs peşəyə həsr etmiş, öz peşəkarlığı, halallığı, vətənə, xalqa bağlılığı ilə nəinki doğulub boya-başa çatdığı və ilk əmək fəaliyyətinə başladığı Qarabağ bölgəsində, eləcə də bütün ölkə miqyasında tanınmış və nüfuz qazanmış, anadan olmasının 100 illiyi bu günlərdə tamam olan Baxış İsmayıl bəy oğlu Cahangirov olmuşdur.

APİ-nin 1947-ci il əlaçı məzunları. Arxa sırada soldan birinci Baxış Cahangirov, Qarabağın ən məşhur soylarından olan Cahangirbəyovlar nəslinə mənsub Baxış müəllim 1913-cü il yanvarın 13-də böyük Azərbaycan ədibi Cəfər Cabbarlının "1905-ci ildə" əsəri vasitəsi ilə demək olar ki, bütün Azərbaycanda yaxşı tanınmış məşhur Tuğ kəndində dünyaya göz açmışdır. Bəy nəslindən olan Baxış müəllimin nəsil şəcərəsinin tarixi XVII əsrin əvvəllərinə gedib çıxır.

Nəinki Azərbaycanın, eləcə də keçmiş Sovetlər İttifaqının bir çox iri elm və sənaye mərkəzlərində məskən salmış Cahangirovların tarixi vətənləri Dağlıq Qarabağın Tuğ kəndidir. Soyadın yaradıcısı hesab edilən Cahangir bəy Qarabağ xanlığının müdafiəçilərindən biri olmuş, sarayda yüksək rütbəli məmur vəzifəsi tutmuş, oğlanları ilə birlikdə Qarabağ xanlığının paytaxtı Şuşanın müdafiəsində fəal iştirak etmişdir. Cahangir bəydən sonra bəylik titulu onun oğlanları vasitəsi ilə sonrakı varislərinə ötürülmüş, nəticədə bu nəsildən zadəganlıq tituluna malik geniş bir sülalə yaranmışdır. Baxış müəllim bu sülalənin 4-cü nəslinə mənsubdur. Belə ki, Cahangir bəy onun babasının (Şükür bəy) babası idi. Baxış müəllimin böyük qardaşı Haşım bəy Müsavat Partiyasının üzvü və Lənkəranda pristav olmuşdur.

İlk təhsilini Tuğ kəndində alan Baxış Cahangirov 1930-1931-ci tədris ilində Karyagin (indiki Füzuli) rayonunun Aşağı Veysəlli kəndində əmək fəaliyyətinə başlamışdır. Buradakı məktəbin müdiri işləməklə bərabər eyni zamanda Hadrut (indiki Xocavənd rayonunun ərazisinə daxildir) Rayon Təhsil Şöbəsinin metodisti olmuşdur. 1935-ci ildə Bakıdakı 2 illik Müəllimlər İnstitutuna qəbul olunan Baxış müəllim 1937-ci ildə institutu bitirərək Tuğ kənd məktəbində  Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, məktəbin tədris şöbəsinin müdiri olmuşdur.

B.Cahangirovun "İgidliyə görə" medalı ilə təltif olunması haqqında əmrin əlyazmasıB.Cahangirov 1939-cu il noyabrın 26-da hərbi xidmətə çağırılmış, təxminən 5 il davam edən ordu həyatı dövründə iki müharibədə iştirak etmişdir. Əvvəlcə fin kampaniyasına cəlb olunaraq sovet-fin cəbhəsində vuruşmuş, Böyük Vətən müharibəsinin ilk günlərindən isə döyüşən ordu tərkibində Qafqazdan Polşa torpağınadək rəşadətli döyüş yolu keçmişdir. Müharibə başladıqdan təxminən 1 ay sonra - 1941-ci il iyulun 17-də Mogilyov ətrafında gedən döyüşlərdə yaralanan Baxış müəllim tezliklə müalicə olunaraq yenidən ön cəbhəyə qayıtmış və Stalinqrad cəbhəsində gedən döyüşlərdə iştirak etmişdir. Böyük Vətən müharibəsi tarixinə ən şiddətli döyüşlərdən biri və müharibənin dönüş nöqtəsinin başlanğıcı kimi düşmüş bu vuruşda almanlar ilk dəfə ağır məğlubiyyətə uğramış və onların böyük bir ordu qrupu əsir alınmışdır. B.Cahangirov 1942-ci ildə Stalinqrad ətrafında mühasirəyə alınmış və darmadağın edilmiş alman-faşist qoşunlarının baş komandanı, general-feldmarşal Paulyusun ilkin dindirilməsində iştirak etmişdir. B.Cahangirov I Ukrayna cəbhəsinin tərkibində 1943-cü ilin iyulunda Kursk qövsü deyilən yerdə gedən döyüşlərdə, həmin ilin noyabrında Kiyevin azad olunmasında, alman-faşistlərin Korsun-Şevçenko müdafiə xəttinin yarılmasında, 1944-cü ildə Polşa sərhədinin keçilməsində, Polşanın Sandomir şəhərinin azad olunmasında da iştirak etmiş, böyük qəhrəmanlıq və rəşadət göstərmişdir.

O, tərkibində vuruşduğu polkun komsomol təşkilatının katibi olmuşdur. Polşanın Krakov şəhəri uğrunda gedən döyüşlərdə ikinci dəfə ağır yaralanan Baxış müəllim uzun müddət müalicə olunduqdan sonra 1945-ci ilin sentyabrında ordudan tərxis olunmuş, sonralar ona ikinci qrup müharibə əlili əlillik dərəcəsi verilmişdir.

B.Cahangirov özünü döyüş meydanlarında qorxmaz döyüşçü, bacarıqlı zabit, igid komandir kimi göstərərək bir sıra orden və medallarla təltif olunmuşdur. Lakin onun ən çox fəxr etdiyi mükafat Stalinqrad döyüşlərinə görə aldığı medal idi. Çünki o hesab edirdi ki, müharibənin ən dəhşətli məqamları məhz orada olub. B.Cahangirovu "İgidliyə görə" medalı ilə təltif etməsi haqqında komandir əmrinin əlyazması bu yaxınlarda Rusiya arxivindən tapılmışdır. Polkun komandiri mayor Tıkvaçın imzaladığı həmin əmrdə qeyd olunur ki, "radio rabitə bölməsinin komandiri Baxış Cahangirov döyüş vaxtı almanlar müşahidə məntəqəsi rayonunda hücuma keçərkən düşmənin şiddətli bombardmanına və artilleriya atəşlərinə baxmayaraq müşahidə məntəqəsi ilə döyüş mövqeyi arasında fasiləsiz rabitəni qoruyub saxlamış və komandaların döyüş mövqeyinə maneəsiz çatdırılmasını təmin etmiş, bununla da almanların bu rayonda hücumlarının dayandırılmasına yardım etmişdir. Alman avtomatçıları müşahidə məntəqəsi rayonuna soxulduqda isə yoldaş Cahangirov şəxsi silahı ilə onları geri oturtmuş, radiostansiyanı tam işlək vəziyyətdə yeni müşahidə məntəqəsinə çatdırmışdır".

Baxış müəllim sonralar müharibədən, keçdiyi döyüş yolundan tez-tez söz salar, müharibənin dəhşətlərindən daha çox, ondan aldığı dərslərdən, müharibənin insanı mübariz, qorxmaz etməsindən danışarmış.

1945-ci ildə ordudan tərxis olunduqdan sonra elə həmin il həm keçmiş hərbiçi kimi, həm də Müəllimlər İnstitutunu bitirdiyinə görə güzəştlə APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsinin III kursuna daxil olmuş, 1947-ci ildə institutu müvəffəqiyyətlə bitirmişdir. 1947-ci ildə Stepanakert (indiki Xankəndi) Müəllimlər İnstitutunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, 1956-cı ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Maarif Şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuşdur. Baxış müəllimin qüsursuz fəaliyyətindən həmişə razı qalan Vilayət Partiya Komitəsinin rəhbərliyi onu gələcəkdə daha yüksək vəzifəyə təyin etmək üçün Vilayət Partiya Komitəsinin Büro üzvlüyünə namizəd seçmişdir. Lakin 1964-cü ildə Baxış müəllimin bacısının ailəsində faciə baş vermiş, onun cavan oğlu dünyasını dəyişmişdir. O vaxtlar Bakıda yaşayan bacısını tək qoymamaq üçün Baxış Cahangirov ailəsi ilə Bakıya köçmək qərarını vermişdir. Vilayət Partiya Komitəsi rəhbərliyinin onun haqqında yüksək fikirdə olmasını bildirməsinə və qalmaq üçün təkid etməsinə baxmayaraq, Baxış müəllim qərarından dönməmişdir. Evini Bakıya dəyişməsi mümkün olmadığından o, Sumqayıtda məskunlaşmış, 1965-ci ildən başlayaraq 1981-ci ildə təqaüdə çıxanadək buradakı 13 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 

Müəllimlər İnstitutunda, Vilayət Xalq Maarif Şöbəsində işlədiyi 20 ilə yaxın dövr ərzində Baxış müəllim özünü bacarıqlı maarif təşkilatçısı kimi tanıtmış, vilayətdə təhsilin inkişafı istiqamətində böyük xidmətlər göstərmişdir.  Azərbaycan məktəblərinin şəbəkəsinin genişləndirilməsi, azərbaycanlı balalarının təhsilə cəlb olunması onu daha çox düşündürür, bu yolda yorulmadan çalışırdı. Dağlıq Qarabağda Azərbaycan məktəblərinə nisbətən ögey münasibət bəsləndiyini görən fədakar müəllim bu məsələni dəfələrlə yuxarı təşkilatlar, o cümlədən Maarif Nazirliyi qarşısında qaldırır, Qarabağın erməni məktəblərinə daha çox diqqət yetirildiyini, Azərbaycan məktəblərinin vəziyyətinin isə acınacaqlı halda olduğunu qeyd edirdi.

O vaxtlar ölkədə ümumi icbari  8 illik təhsil tətbiq olunurdu. Bu məsələyə çox ciddi yanaşan və öz fəaliyyətində xüsusi diqqət yetirən B.Cahangirov təhsildən kənarda qalan tərəkəmə, çoban ailələrinin uşaqlarının ümumtəhsil və internat məktəblərinə cəlb olunmasına çalışırdı. Onun üçün ən vacib məsələ bütün uşaqların, fərqi yoxdur, onlar erməni olsun, rus və ya azərbaycanlı, təhsil almaları idi.

Vilayətdə Azərbaycan dilində təhsilin inkişafına xüsusi diqqət yetirən B.Cahangirov bütün azərbaycanlılardan öz uşaqlarını Azərbaycan məktəblərinə qoymağı, Azərbaycan dilində oxutmağı tələb edirdi. O, dərs dediyi şagirdlərdə, tələbələrdə Azərbaycan dilinə dərin sevgi oyadır, dilimizi, ədəbiyyatımızı onlara dərindən öyrədirdi.

Sonralar bir çox tanınmış insanlar Baxış müəllimin bu xidmətlərini yüksək dəyərləndirmişlər. Məsələn, hazırda Azərbaycan Respublikasının daxili işlər naziri işləyən Ramil Usubov onda Azərbaycan dilinə maraq və məhəbbəti məhz Baxış müəllimin oyatdığını, Azərbaycan dili və ədəbiyyatından nə bilirsə bunun üçün Baxış müəllimə borclu olduğunu dəfələrlə qeyd etmişdir.

Baxış Cahangirov yaxşı müəllim, təhsil işçisi olmaqla bərabər, həm də özünə və ətrafındakılara yüksək tələbkarlıqla yanaşan, bütün məsələlərdə prinsipial mövqedə duran bir insan idi. Düzlük, halallıq, prinsipiallıq onun əsas həyat prinsiplərini təşkil edirdi. Məsələn, xatirələrdə qeyd olunur ki, o, Vilayət Xalq Maarif Şöbəsində işləyərkən Martuni (indiki Xocavənd) rayonunun kəndlərinin birindən azərbaycanlı direktor ona hinduşka və digər ərzaq məhsullarından ibarət pay gətirir. Özü evdə olmadığından həyat yoldaşı payı qəbul edir. Fasilədə evə gələn Baxış müəllim bunu eşidib çox hirslənir və həyat yoldaşını məcbur edir ki, direktoru tapıb payını ona qaytarsın. Həyat yoldaşı belə də edir, gedib direktoru vağzalda tapır və payını qaytarır.

Bir dəfə də icbari təhsillə bağlı Mardakert (indiki Ağdərə) rayonunu yoxlayırlarmış. Baxış müəllim yoxlama komissiyasının sədri imiş. İnspektorlar yoxlamanı başa çatdırdıqdan sonra hər şeyin qaydasında olduğunu bildirir və müsbət arayış hazırlayırlar. Arayışla tanış olandan sonra maarif şöbəsinin müdiri təklif edir ki, bəs yoxlama qurtardı, mənim də yaxşı bir quzum var, sizi bulaq başına dəvət edirəm.

Baxış müəllim də hər şeyin yaxşı olduğunu görüb razılaşır. Onlar bulaq başında olarkən təsadüfən oradan keçən bir neçə azərbaycanlı atlını görürlər. Baxış Cahangirov onlarla salamlaşıb, haradan olduqlarını, uşaqlarının məktəbə gedib-getmədiklərini soruşur. Onlar cavab verirlər ki, nə danışırsan, a kişi, nə məktəb, nə zad. Bizə heç məhəl qoyan var ki.

Bunu eşidən Baxış müəllim əlavə yoxlama aparır, arayışı alt-üst edir. Nəticədə maarif müdirinə şiddətli töhmət verilir.

Məhz yüksək peşəkarlığı ilə bərabər bu halallığına, obyektivliyinə, prinsipiallığına görə Baxış müəllim vilayətdə böyük nüfuza malik idi, hörmət-izzət qazanmışdı. O vaxtlar Azərbaycanın maarif naziri işləyən akademik Mehdi Mehdizadə Baxış müəllimə böyük hörmətlə yanaşırdı, bir neçə dəfə Baxış müəllimin evində qonaq olmuşdur.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunu "əla" qiymətlərlə bitirmiş Baxış Cahangirov Azərbaycan dili və ədəbiyyatı ilə yanaşı, erməni dilini də mükəmməl bilirdi. Mirzə Fətəli Axundovun məşhur "Müsyö Jordan və Dərviş Məstəli şah  cadugünü məşhur" əsərini ilk dəfə erməni dilinə tərcümə etmiş və əsər 1954-cü ildə Stepanakert Dram Teatrında səhnəyə qoyulmuşdur.

Azərbaycan ədəbiyyatının dərin bilicisi olan Baxış müəllim Nizaminin, Füzulinin, Sədinin, Mirzə Şəfi Vazehin, Mikayıl Müşfiqin və digər Azərbaycan şairlərinin yaradıcılığından saatlarla danışardı. Müəllim yoldaşları tez-tez onun evinə yığışar, Baxış müəllimin ədəbiyyatımızdan etdiyi söhbətlərə qulaq asardılar. B.Cahangirov onlara Nizamidən, Füzulidən şeirlər oxuyar, oxuduqlarını şərh edərdi. O, eyni zamanda fars dilini də çox yaxşı bilir, əski əlifbada yazıb-oxumağı bacarırdı. Ərəb dilində də pis danışmırdı.

Pedaqoji fəaliyyəti ilə yanaşı həm də elmi tədqiqat işləri ilə məşğul olurdu. Baxış müəllim uzun illər dahi Azərbaycan şairi M.Ə.Sabirin yaradıcılığının tədqiqatçısı olmuş və onun tədrisi metodikası istiqamətində xeyli iş görmüşdür.

Azərbaycan ziyalısının bütün xarakterik xüsusiyyətlərini özündə cəmləşdirən Baxış Cahangirov vətənpərvərliyi, əməksevərliyi, qayğıkeşliyi, millət, vətən, dil təəssübkeşliyi ilə hamının hörmətini və ehtiramını qazanmışdı. O, Azərbaycan tarixini, Qarabağ tarixini çox gözəl bilirdi. Onun Qarabağın, Tuğ kəndinin tarixi, əslən bu kənddən olan görkəmli şəxslərin həyat və fəaliyyəti haqqında olan tədqiqat işləri, tarixi araşdırmaları çoxlarına məlumdur. Lakin çox təəssüflər olsun ki, onun əlyazmaları bu günə qədər işıq üzü görməmişdir. Halbuki, bu məqalə və araşdırmaların dərc edilərək geniş oxucu kütləsinə çatdırılması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə çox kömək edərdi.

Baxış müəllim haqqındakı bu qeydlərimizdə oxucularımız üçün maraqlı olacağını nəzərə alıb bir faktı da diqqətə çatdırmaq istərdik. Bu, görkəmli Azərbaycan ədibi Cəfər Cabbarlının "1905-ci ildə" pyesində Tuğ kəndinin hadisələrin məkanı kimi seçilməsi ilə bağlıdır.

Əslində Cəfər Cabbarlı heç vaxt Tuğda olmayıb və bu kəndin adı pyesə təsadüfən düşüb. Əhvalat belə olub. C.Cabbarlı o vaxtlar Xalq Maarif Komissarlığının tərkibində olan Teatr sənəti şöbəsinin müdiri İsrafil Cahangirovun yanına gələrək erməni-azərbaycanlı münasibətlərinə dair bir pyes yazdığını bildirir, lakin hadisələrin məkanı kimi hansı kəndi seçəcəyini bilmədiyini deyir. Həmin anda Baxış müəllim də qohumu olan İ.Cahangirovun yanında imiş. Müdir ədibə deyir ki, niyə başqa yer axtarırsan, cəsarətlə ora elə bizim Tuğ kəndinin adını yaza bilərsən. Baxış müəllim də o kənddəndir.

C.Cabbarlı Baxış müəllimlə söhbət edir, B.Cahangirov ona Tuğ kəndi haqqında danışır. Beləliklə, ədib Tuğ kəndinin adını öz pyesinə daxil edir.

B.Cahangirovun təhsilimiz qarşısındakı xidmətləri həmişə yüksək qiymətləndirilmiş, o, müxtəlif vaxtlarda respublika Ali Sovetinin, Maarif Nazirliyinin, Vilayət Partiya Komitəsinin fəxri fərmanlarına, çoxlu döyüş orden və medalına layiq görülmüş, Azərbaycan müəllimlərinin 4-cü qurultayının nümayəndəsi olmuşdur.

Mahir müəllim, bacarıqlı təhsil təşkilatçısı, alovlu vətənpərvər, prinsipiallıq, düzlük, doğruluq, halallıq mücəssəməsi Baxış Cahangirov 1989-cu ildə 76 yaşında Bakıda vəfat etmişdir. Təqaüdə çıxdığı 1981-ci ildən həmişə gümrah və sağlam görünən, torpağa sıx bağlı olduğundan daim şəhər kənarındakı bağında işləyən bu fədakar ziyalını ömrünün son illərində uzun illər bir yerdə çiyin-çiyinə işlədiyi ermənilərin dönüklüyü yatağa salmışdı. O, hələ Dağlıq Qarabağda çalışdığı illərdə erməni millətçiliyi, Azərbaycana qarşı xəyanətkarlıqlarla üzləşirdi. Bir dəfə ətrafındakılardan kimdəsə azəri türklərinin qatı düşməni, qaniçən Andronikin şəklini gördükdə onu alıb nümayişkarcasına cırmışdı.  Erməni millətçiləri hələ 50-ci illərin sonlarında baş qaldırmaq istəyəndə tanıdığı, sıx münasibətdə olduğu erməni məktəb direktorları,Vilayət İcraiyyə Komitəsinin bir sıra işçiləri Baxış müəllimin mənzilinə yığışıb, onunla birlikdə bu hadisələrin qarşısını almağa çalışırdılar. Onlar erməni millətçilərinin hərəkətinə birlikdə sinə gərirdilər.

80-ci illərin sonlarında Qarabağ münaqişəsi başlayanda da Baxış müəllim tanıdığı ermənilərə məktublar yazır, qəzetlərə müraciətlər göndərir, hadisələrin dayandırılmasına çalışırdı. Lakin çox təəssüflər olsun ki, hadisələrin qarşısını almaq mümkün olmadı, nəticədə Azərbaycanın 20 faiz torpaqları, o cümlədən də Baxış müəllimin doğma yurdu Tuğ ermənilər tərəfindən işğal olundu.

Baxış müəllim haqqında xatirələrdə onun çoxlu kəlamları olduğu bildirilir və bunların gənc nəsillərin tərbiyəsi üçün faydalı olduğu qeyd edilir. Yazımızın sonunda onların bir neçəsini oxucuların diqqətinə çatdırmağı özümüzə borc bildik. Deyərmiş ki, "Mən həyatda insan axtarıram". Bu onun üçün həyat devizi imiş. Onun üçün nə var-dövlət, nə pul, nə də vəzifə var imiş. İkiüzlülüyü, yaltaqlığı qətiyyən sevməzmiş. Ona görə, ən vacibi bu imiş ki, pak insan olasan, mənəviyyatlı, əməksevər olasan. 

Deyərmiş ki:

- Axırıncı sözünü əvvəlcədən demə, buna hər vaxt imkan tapılar;

- Elə yaşa ki, heç kimin qarşısında başın aşağı olmasın;

- Həyat mübarizədir, öz həyatın naminə özünlə mübarizə apar;

- Tezdən duran heç vaxt uduzmaz;

- Səni çox tərifləyənə şübhə ilə yanaş;

- İntriqalara girmə, kiminsə barəsində fikrini başqasına yox, onun özünə de. Lakin deyəcəyini əvvəlcədən yüz ölç, bir biç.

O, özü bu prinsiplərlə yaşamışdı. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov