Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

"Şəhidlərin başdaşılarının üstündəki şəkilləri mən toplamışam"

 

Müsahibim  İctimai televiziyada  "Carçı" film Yaradıcılıq Birliyinin baş direktoru, yazıçı, publisist Rafiq Səməndərdir 

-  Rafiq müəllim, 1990-cı ilin  20 Yanvar gününü necə xatırlayırsınız?

- Yanvarın  əvvəlindən  başlayaraq  respublikada vəziyyət artıq nəzarətdən  çıxmışdı. Bakı  bir xaos içində idi. Ayın 19-da axşam saat 6-da işdən  çıxdım. Marşrut gözləməyə, taksi axtarmağa dəyməzdi. Piyada, yavaş-yavaş  "Gənclik"dəki  evimizə sarı gəlməyə başladım. Havadan  elə bil qəribə bir vahimə, qan qoxusu, ölüm qoxusu yağırdı. Evə çatana  qədər  bir neçə  dəfə  ara-sıra  silah  səsləri də eşitdim. Ən çox atışma səsi  Salyan kazarması tərəfdən gəlirdi.

Gəlib evə çatdım. Televizor işləmirdi. Bir-iki tanışa zəng vurdum. Öyrəndim ki, mən yolda olanda çalışdığım  Dövlət Televiziyasının enerji bloku partladılıb.

-  1990-cı  ilin 20 Yanvar gününün rəngi gözlərimizin önündən, vahimə saçan səsi- sədası  qulaqlarımızdan getməmiş "Şəhidlər" kitabını əlimizdə gördük.  20 Yanvar yaralarının ağrıları səngiməmişdi hələ onda...İndi aradan 23 il ötsə də, o acılı günlər hələ də yaddaşlarda  təzədir. İlk şəhid qapısını  necə döydünüz?

- Mən o vaxt  Az.TV-də  Ədəbi  Dram  Baş  redaksiyasının  baş redaktoru işləyirdim. Az.TV  Şəhidlər xiyabanına bitişikdi. Evimiz də, "Gənclik" tərəfdə, İnqilab  küçəsində  yerləşirdi.  O yanvar günlərində evdən işə, işdən də evə çox vaxt piyada gedib gəlirdim. Yol boyu İnqilab küçəsi başdan-başa böyük bir yas mağarını xatırladırdı. İnqilab küçəsinin  "Gənclik" metrosu  tərəfdəki başından  bu biri başına- taksimotor parkına qədər piyada gələndə, bəlkə bir qırx yerdə  mağar  sayırdım, yanvarın  20-sindən  sonrakı  günlərində...hər mağara girib başsağlığı verib çıxmaq azı 20 dəqiqə  çəkirdi. O mağarlarda oturanların hamısı dərd içində idi, hərə öz dərdini, öz faciəsini danışırdı. Orada  şahidlərin öz dilindən elə hadisələr, elə epizodlar eşidirdim ki, nəinki mən, hətta yazı yazmağı bacarmayan  adam da əlinə qələm götürmək istəyirdi. O günlərdə sanki həyat dayanmışdı. Hamı çaşqınlıq içindəydi. Küçələr tanklarla dolu, güllə səslərindən qulaq tutulur, yer-yurd, məzarlar al- qırmızı qərənfillərə bələnib... dövlət yox, hökumət yox... Yadımdadır, qırğının ilk üç-dörd günü kim başını evdən bayıra çıxarırdısa, əcəl onu yaxalayırdı. 

Təsəvvür edin, o boyda yolu, o boyda mağarları... və Şəhidlər xiyabanını  keçib çatırdım  iş yerimə. Şəhidlər xiyabanının yanından keçməyin özü elə o ağrının, acının, o fəryadların, ah-nalələrin  içindən keçmək demək idi... Keçirdim ağlaşmanın içindən, gəlirdim iş otağıma... Əlimə qələm götürüb başqa nə yaza bilərdim mən o halda? Təbii ki, ilk növbədə yol boyu  gələ-gələ  gördüklərimi, eşitdiklərimi  yazırdım və yazdıqca bir növ ürəyim boşalırdı. Ancaq bundan sonra televiziya üçün yazmalı olduğum materialları hazırlaya bilirdim. Belə-belə, bir də gördüm ki, bir xeyli faktlar yazıb toplamışam.Təbii ki, o vəziyyətdə kitab yazmaq, kitab çap etdirmək barədə düşünmürdüm.

Dövlət televiziyasında Ovçinnikov  oturmuşdu, eşitmiş olardınız, efirə gedən hər bir cümləmizi tərcümə eləyib verməliydik ona, o da baxıb icazə verəndən sonra materialımız  efirə gedə bilərdi.

Şəhidlər xiyabanından ucalan ah-nalələr, vay səsləri televiziyanın bütün otaqlarında açıq-aydın eşidilirdi. Bir yanda o səslər, bir yandan Ovçinnikovun "senzura"sı. Adam qalırdı çarəsiz, bilmirdi ki, neynəsin?!  Bu tində rus əsgəri, o tində rus əsgəri, orda güllə səsi, burda güllə səsi... Nəsə  etmək istəyirdik, amma nə edə bilərdik ki... bax mənim gücüm o günlərdə qələmə çatdı. Gördüklərimi, eşitdiklərimi  əvvəlcə  özüm üçün yazdım. Amma bir müddət  keçdi, az da olsa ara səngidi, havadan barıt qoxusu bir balaca çəkildi... Mən  "Gənclik"  nəşriyyatına əlimdə olan materiallarla bağlı müraciət etdim. Dedilər, yazdıqlarını  gətir, çap edək.

Həmin dövrdə  Azərbaycan televiziyasında yayımlanan "Dalğa" verilişi  vasitəsi ilə  Azərbaycan xalqına müraciət etdim ki, kimin əlində nə fakt var, kim hansı epizodu bilir... mənə çatdırsın. Ertəsi gündən başlayaraq, camaatın axını başladı  Az.TV-yə.  Bəzən elə olurdu ki, bir adam haqqında 10-15 fakt gətirirdilər. Şəhid olanların  bacı- qardaşı da gəlirdi, valideyni, nişanlısı da... amma ən çox  gələnlər  şahidlərdi, yəni, öldürülənlərin faciəsini son anda öz gözləri ilə görənlər...

O  günlərdə  20 Yanvar hadisələrini araşdırmaq üçün xüsusi  Dövlət komissiyası da yaradılmışdı, o komissiyanın üzvləri adətən, qurşaqdan aşağı vurulan güllələri sayırdılar, qurşaqdan yuxarı vurulan gullələr barədə danışmırdılar.

- Səbəb?

- Çünki, aşağı ətrafa  vurulan güllələr o demək idi ki, guya  üsyançılar hərbiçilərə  tabe  olmadıqlarına görə onları  güllələyiblər. Təbii ki, aşağı ətrafa  atılan güllələr xəbərdarlıq və ya qorxutmaq,  "Dayan!", "Dur!"  əmrinə tabe etdirmək  məqsədi ilə atılır. Amma əslində faktlar ayrı şeyləri sübut edirdi. Qətlə yetirilən dinc əhalinin  əksəriyyəti  5, 6, bəzən də daha çox güllə ilə başından, sinəsindən vurulanlardı. Bu güllələr məhz öldürmək məqsədi ilə atılmış güllələr idi. Bir adama güllənin 5-i qurşaqdan yuxarı, 2-si qurşaqdan aşağı dəymişdisə, komissiya sənədləşmədə  aşağıdan dəyən  iki gülləni  göstərirdi. Amma  şahidlər  hadisələri necə görmüşdülərsə, mənə necə  danışmışdılarsa, mən də olduğu kimi, təhrif  etmədən  yazırdım. Mənə fakt lazım idi. Məsələn, bir şəhidin ailə üzvü deyirdi ki, həyat yoldaşım gəldi evə, dedi bir çay dəmlə, içim. Çayı dəmlədim. O çöldən gələn hay-küyü eşidib qapıya  çıxdı və güllə  öz mənzilimizin astanasındaca  ərimi yaxaladı.

- Fəridə adlı bir qadını  evinin balkonunda yaş paltarları asarkən güllələmişdilər. Sizin kitabınızda  o qadın haqqında da yazı var.

- Mənim yazılarımdakı faktlar sübut etdi ki, şəhid olanlar heç də o vaxt Qorbaçovun  dediyi kimi, "bir qrup ekstremist"  yox, dinc sakinlər - körpələr, qocalar, qadınlar, məktəblilər, tələbələrdi... O gün evindən bayıra çıxan hər bir kəs çöldə günahsız yerə güllələrə tuş gəlib...

O günlərdən  nəinki 23 il,  yüz illər ötsə belə bu faktları heç kim, heç vaxt təkzib edə bilməz. Gecə növbəsindən çıxan vətəndaşı işdən evinə qayıdanda yolda vurublar. Otaqda  siqaret çəkmək istəməyən  adam  eyvana  çıxıb ki, siqaretini çəksin - başını  nişan alıblar. Dörd nəfər alimimiz səhər işə gedəndə tankı sürüblər onların maşınının üstünə...

Bax, bunları yazmaq vacib idi. Öldürülənlərin heç biri əlinə silah alıb tankların üstünə yeriməmişdi. Ölümündən qorxmayıb tankın qabağından qaçmayanlar da əliyalın, mülki şəxslər idi. Sadə vətəndaşları, dinc əhalini qırmaq, qanını axıtmaq  vəhşilikdi... Bunun ayrı adı yoxdu.

- 1990-cı ildə biz hələ  xalqımızı qanına qəltan edən dövlətin tərkibində idik. "Şəhidlər" kitabı həmişə  yalandan  "sülh, sülh" deyən  ikiüzlü imperiyanın iç üzünü göstərir. Bu kitab həm də müəllifin ürəyindən qələminə süzülən  vətəndaş  harayı idi.

- Onda yazdığım bədii nekroloqlar ürəyimi kinlə, nifrətlə doldurmuşdu. Mən özüm gənclik illərimdə rus ordusunda xidmət eləmişəm. Hərbi hissəmiz meşənin içində idi. Əsgərliyin  çətinliklərini də görmüşəm, bütün  dava-dalaşlardan da  keçmişəm. Evdə o guşəni ki, mən işləmək üçün düzəltmişdim, uşaqlar qorxusundan ora girə bilmirdilər. Şəhidlərin qanlı şəkillərinə  baxmağa  ürəkləri dözmürdü. Mənsə elə bil bir növ daşa dönmüş, sərtləşmişdim.

Televiziyadakı  çıxışımdan sonra rəhmətlik Bəxtiyar Vahabzadə mənə zəng vurdu,(tanıyırdı məni)  dedi ki, kitabın əlyazması  hazır olan kimi  gətirərsən mənə, ön sözü özüm  yazacam. Bəxtiyar müəllim o çətin günlərdə  bizim ən öndə gedən, ən fəal ziyalılarımızdandı...  Dövlət Televiziyasının həyətində bir dəfə  Ovçinnikovun üzünə tüpürmüşdü... O hadisədən sonra hətta Bəxtiyar müəllimi az qala güllələmək istəyirdilər.

Yanvar  ayının soyuğu adamı kəsirdi... şəhid evlərinə getdikcə az qala əlimdəki kağız-qələm də donurdu. Hər dəfə Bəxtiyar müəllimlə görüşüb, materialları  ona verəndə  Bəxtiyar müəllim  kövrəlir, bəzən də  ağlayırdı. Gətirdiyim şəkillərə isə ümumiyyətlə,  baxa  bilmirdi. Şəhidlərin başdaşılarının üstündəki şəkilləri  mən  toplamışam.

Arada bir dəfə məni Azərbaycanın  komendantı Dubinyakın yanına da apardılar. Orada  təklif etdilər ki, 20 Yanvar hadisələrində  ölən  rus hərbiçiləri  haqqında da bir şey yazım. Qəbul etmədim. Bəhanə gətirdim ki, rus  dilini bilmirəm. Məndən soruşdu ki, bəs bu yazdıqların  nədi?  Cavab verdim ki, dünyasını dəyişmiş adama sizdə nekroloqlar, elegiyalar yazılmır? Bu da  bizim  nekroloqumuzdu... Sadəcə, bunlar janrca bədii nekroloqlardı...

Orada komendanta dedim ki, mənim xalqıma  əl qaldıran  bir ordunun  həlak olmuş zabiti və ya əsgəri barədə heç nə yazmaram.

-  20 Yanvar faciəsini əks etdirən  materiallara dərsliklərdə təsadüf etmisiniz?

- Bəli. Məktəbli İlqarın hekayəsi ibtidai sinifdə tədris edilən dərsliyə  daxil olunub. Gənc nəsil  dünənki tariximizi  bilməlidir.

- 20 Yanvarla bağlı yazıları  bitirdikdən  sonra  o auradan  necə çıxa bildiniz?

- Adam hirslənəndə hirsini necə soyuda bilər? Mən o kitabdakı yazıları yazdıqca elə bil  hirsimi, qəhərimi içimdən atırdım. O kitabı yazıb son nöqtəsini qoyanda özümdə bir  təsəlli  də  tapdım ki, bu qədər ailələr şəhid verib, sarsıntı keçirib, heç olmasa mən bu kitabımla zərrə qədər də olsun onların yarasına məlhəm  ola bilərəm. 

Hazırladı: Ellada UMUDLU

 
 
 
Səhifənin başına qalx "Müsahibələr" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov