Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Jurnalistika tarixində yaşamaq hüququ qazanan insan

 

Böyük Azərbaycan şairi M.Müşfiq yazırdı: "Ah, mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim?". İbn Sina isə deyirdi: "Ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz, ən qüssəli günləriniz də sizə çox gözəl görünərdi".  Həyat çox qəribədir. Heç kəs ölüm haqqında fikirləşmək istəmir. Ölüm haqqında fikirlər ölümün özündən də qəddar və qorxuncdur. Ölüm varlı, kasıb tanımır, hamının qapısını döyür. Ölüm olmasaydı həyat bu qədər şirin olmazdı. Özümə doğma və yaxın bildiyim, böyük qardaş qədər xatirini əziz tutduğum Şamxəlil Məmmədov ailəsinin xoşbəxtliyi üçün əlləşib-vuruşanda heç ağlına da gətirməzdi ki, can atdığı xoşbəxt gələcəyin son ucunda onu ölüm gözləyir. Ölüm onu gözlədiyindən də tez yaxaladı.  Arzularının sonuna çatmamış həyatının son mənzilinə yetişdi. 62 il sadə, səmimi, təmtəraqdan uzaq, ləyaqətli ömür yaşadı. Ləyaqətlə yaşanmış həyat yolu illərlə deyil, əməllərlə ölçülür.

 Zəhməti, əziyyəti, əsəbi, qələmi, gecə-gündüz çalışmağı hesabına çox şeyə nail oldu. Xeyirxahlığı, təvazökarlığı, işgüzarlığı, gözəl ailəsi ilə başqalarına nümunə oldu. Sevincini dostları ilə bölüşdü, dərdini, kədərini, nisgilini, acısını-ağrısını içində yaşatdı. Həyat çox hallarda üzünə gülməsə də, o, gülməyi, dostlarının sevincinə sevinməyi  bacardı. İmkanları geniş idi, müxtəlif vəzifələrdə çalışan qohumları, dostları vardı. Amma heç vaxt, heç kəsə öz işi üçün ağız açmadı. Ailənin ruzisi onun qələmindən çıxırdı. Zarafat deyil, müxtəlif mətbuat orqanlarında mindən artıq məqaləsi işıq üzü görüb, 36 kitabı nəşr olunub, 20 kitabın redaktoru, 4 irihəcmli kitabın tərtibçisi olub. Bunun üçün heç də riyaziyyatçı olmaq lazım deyil ki, onun gündə neçə saat işlədiyini müəyyənləşdirəsən. Günlər həftələrə, həftələr aylara, aylar illərə qovuşacaq, fəsillər bir-birini əvəz edəcək, hər il  Şamxəlil Məmmədov müasirlərindən bir az da uzaqlaşacaq. Uzaqlaşdıqca da yaxınlaşacaq. Çünki zəngin ənənələrə malik Azərbaycan pedaqoji jurnalistikasının inkişafında onun mühüm xidmətləri var. O, öz  dəst-xətti, yaradıcılıq üslubu və texnikası ilə seçilən yazarlardan biri olmuşdur.  Yazılarımın birində onu jurnalistlər içərisində ən yaxşı pedaqoq, pedaqoqlar içərisində ən yaxşı jurnalist  adlandırmışdım. Mənim pedaqoq-alim kimi formalaşmağımda Şamxəlil müəllimin də müəyyən rolu olmuşdur. "Azərbaycan müəllimi" qəzetində nəşr etdirdiyim bütün məqalələri hazırlayan və çapa təqdim edən məhz o olmuşdur. Hələ aspirant olarkən 4 noyabr 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində nəşr olunan "Böyük oktyabr və pedaqoji elmimiz" məqaləsi də onun xeyirxahlığı nəticəsində işıq üzü görmüşdü. Əsərlərim və özüm haqqında ən çox yazanlardan biri də məhz o olmuşdur. Onun "Azərbaycan pedaqoji biblioqrafiyası" (1996), "Məhəbbət və əmək qovuşanda" (1997), "Gənc akademik" (1998), "Azərbaycan pedaqogikaşünaslığına töhfə" (1999), "Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü" (1999), "Gənc alimlər mükafatı laureatı" (2001), "Pedaqoji tədqiqatlar" (2001), "Şərqdə pedaqogika tarixi" (2003), "Pedaqogikaşünas alimin uğuru" (2004), "N.Nərimanov pedaqoji tədqiqatlarda" (2005), "Elmini əməllərdə göstərən alim" (2010), "Pedaqoji oçerklər: sələflərim və müasirlərim" (2011) adlı məqalələri həyatımın və yaradıcılığımın  ən müxtəlif məqamlarını, xoş anlarını özündə ehtiva edən dəyərli  əsərlərdir.

Yüksək əxlaq və fəzilət sahibi olan Şamxəlil Məmmədov 7 fevral 1949-cu ildə indi hüquqi-siyasi xəritəmizdən kənarda qalan qədim Azərbaycan torpağı -Dmanisi rayonunun Azərbaycan Gəyliyəni kəndində anadan olub. İlk təhsilini anası Həmayıl xanımdan alıb.1966-cı ildə orta məktəbi qurtardıqdan sonra arzularının sorağında isti yay günlərinin birində Bakıya gəlib, əmisi Mahmud müəllimin təşəbbüsü və xeyir-duası ilə respublikanın ən nüfuzlu ali pedaqoji məktəbinə - APİ-nin filologiya fakültəsinə qəbul olunub. Ali təhsilini bitirdikdən sonra bir müddət Mərdəkanda müəllimlik edib, ədəbiyyatımızı balalarımıza sevdirib. Sonra da hərbi xidmət illəri. Hərbi xidmətdən sonra əmək kitabçasına yalnız bir iş yeri yazılıb: "Azərbaycan müəllimi" qəzeti. Bu qəzetin son  40 ilinin  müxtəlif saylarında yüzlərlə elmi-pedaqoji və publisistik məqalənin, oçerkin altında məhz onun "Ş.Məmmədov", "Ş.Hətəmoğlu", "Ş.Elnur", "Şamxəlil Məmmədov" imzaları durur. Bu siyahıya "Gürcüstan", "Trialeti", "Azərbaycan pioneri", "Yeni Marneuli", "Yeni həyat" (Zəngilan), "Bakı", "Naxçıvan", "Mingəçevir işıqları", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "İki sahil" qəzetlərində, "Azərbaycan məktəbi", "Azərbaycan dili və ədəbiyyat tədrisi", "Tarix, ictimaiyyat və coğrafiya tədrisi", "İbtidai məktəb və məktəbəqədər tərbiyə", "Kimya və biologiya tədrisi", "Fizika və riyaziyyat tədrisi", "Milli folklor (Türkiyə)", "Mədəni maarif işi" jurnallarında, ali məktəblərarası konfransların materiallarının çap olunduğu elmi toplularda dərc edilmiş məqalələri də əlavə etsək, bir alim-pedaqoq, peşəkar jurnalist kimi onun çoxşaxəli fəaliyyətinin bəzi məqamları aydınlaşar.

Şamxəlil Məmmədovun qəzet səhifəsinə çıxartdığı hər bir yazı pedaqoji elmlərin ən mühüm problemlərinin, nəzəri və praktik məsələlərinin həllinə yönəlib. Onun pedaqoji yazıları elmi arqumentasiyasına, təbliği istiqamətinə, öyrədici, tərbiyəedici və inkişafetdirici funksiyasına görə seçilən, müəllimlərə nəzəri, metodik və praktik cəhətdən kömək edən dəyərli elmi nümunələrdir. Məktəblərin maddi-tədris bazasının dinamik surətdə möhkəmləndirilməsi, məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, yüksək ixtisaslı müəllim kadrlarının hazırlanması və onların peşə ustalıqlarının təkmilləşdirilməsi, qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması onun pedaqoji-publisistik yazılarında mühüm yer tutur. O, "Azərbaycan müəllimi" qəzetində tanınmış, görkəmli pedaqoq-alim, metodistlər, təhsil islahatını həyata keçirən bacarıqlı işçilərlə bağlı oçerklər, pedaqoji elmləri zənginləşdirən kitablar haqqında resenziyalar yazmış, təhsil islahatının tələbləri baxımından məktəbin yenidən qurulmasının mühüm problemlərini "dəyirmi masa"larda müzakirə etmiş, elmi diskussiyalar açmışdır. Onun yazılarında məktəb rəhbərlərinin işinin xüsusiyyətləri, sinifdənxaric tədbirlərin texnologiyası, məktəb həyatının demokratikləşdirilməsi kimi problemlər mühüm yer tutur. Həmin yazılar müasir dərsin təlim-tərbiyə prosesinin səmərəli təşkilində, yeni təlim metodlarının tətbiqində müəllimlərin ən yaxın köməkçisidir.

Bu bir həqiqətdir ki, dünya fikir bazarında ən az tapılan ideya yeni pedaqoji ideyadır. Pedaqoji aləmdə yaranan yeni ideyalar, forma və metodlar bir-biri ilə üzvü əlaqədə olan iki yolla; elmi axtarışlar və əməli təcrübə ilə yaranır. Şamxəlil müəllim uzun illər Azərbaycan folklorunun tədrisi ilə bağlı ciddi yaradıcılıq axtarışları aparıb. 1990-cı ilin 11 noyabrında namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik  dərəcəsi alıb. "Klassik ədəbiyyatla folklorun korrelyativ əlaqəsi" mövzusunda doktorluq işi yazsa da, dissertasiyanı müdafiə etmək xoşbəxtliyi ona nəsib olmadı.

O, elmi araşdırmalarını sistemli və ardıcıl aparmaq,  nəzəri müddəalarını təcrübənin məhək daşında sınaqdan keçirmək məqsədilə ali təhsil müəssisələrində uzun müddət mühazirə və seminar məşğələləri aparmışdı. Azərbaycan Dövlət Pedaqoji Universitetində, Qafqaz Universitetində, Bakı Qızlar Universitetində, Sumqayıt Dövlət Universitetində uzunmüddətli təcrübələr əsasında  apardığı tədqiqatların praktik cəhətdən də əsaslı olduğunu təsdiq etməklə yanaşı, hər şeydən əvvəl, onun bir peşəkar müəllim kimi çoxşaxəli fəaliyyətini təsdiq edir. O, bir müddət Sumqayıt Dövlət Universitetinin "Folklorşünaslıq" elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmişdir. Əslində laboratoriyanın təşkili onun adı ilə bağlı idi. Burada həm də o, "Dədə Qorqud dünyası" dərnəyi təşkil etmişdi. Onun müəllifliyi və rəhbərliyi ilə  "Folklorşünaslıq terminləri lüğəti", "Folklor müntəxəbatı" kimi kitablar hazırlanmışdır. 

Ş.Məmmədov 10 il "Pioner" (indiki "Günəş") jurnalında "Dədə Qorqud" folklor guşəsinin aparıcısı olub. 33 il Azərbaycan Teleradio Verilişləri Şirkətinin təhsil, xalq yaradıcılığı, ədəbiyyat, Güney Azərbaycanı redaksiyaları ilə əməkdaşlıq etmişdir. Güney Azərbaycanı baş redaksiyasının ən fəal yazarlarından biri olmuşdur. Onun daimi aparıcısı olduğu "Azərbaycan dünyası", "Folklorşünaslar", "Azərbaycan alimi dünya meridianlarında", "Ustad aşıqlar", "Qadın sənətçilərimiz", "Dədə Qorqud dünyası", "Yubilyarlar", "Ədəbi simalar" adlı  verilişlər dinləyicilər tərəfindən  həmişə rəğbətlə qarşılanmış, ona və redaksiyanın ünvanına saysız-hesabsız məktublar gəlmişdir. O, millətin əxlaqi-mənəvi dəyərlərini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini, mənəviyyat pasportuna çevrilən oğullarını təbliğ etmiş, xalqımızın şərəfli keçmişini efir vasitəsi ilə dünyaya yaymışdır. İnsanın ağlına, zəkasına qida və qüvvət verən folklor nümunələrini, əsrlərin qəlbindən qopub gələn bitməz -tükənməz xalq yaradıcılığını elmi-pedaqoji üslubda incələyərək xalqa çatdırmışdır. Ulularımızın kamal dünyası, müdriklik çeşməsi və milyonlarla insanların tərbiyə məktəbi olan şifahi xalq yaradıcılığının toplanmasına, araşdırılmasına, tədqiq və təbliğ olunmasına ömür sərf edən Şamxəlil müəllim kimi insanlar dünyalarını dəyişsələr də, birdəfəlik ölmürlər, tamam yox olmurlar, millətin yaddaşında, millətin tarixində, onu tanıyanların fikirlərində, xəyallarında və təsəvvürlərində yaşayırlar.

Hələ sağlığında ikən özünə mənəvi abidə ucaldan folklor bilicilərindən biri də şübhəsiz ki, Şamxəlil müəllimdir. O, xalq yaradıcılığı materiallarını oba-oba, kənd-kənd toplamaqla kifayətlənməmiş, onları elmi-nəzəri cəhətdən saf-çürük etmiş, zəruri məsələləri tədrisə gətirmişdir. Onun bakalavr təhsil pilləsi üçün "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Ədəbiyyat tədrisi metodikası", "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", "XIX əsr Azərbaycan ədəbiyyatı", "Folklor və Azərbaycan ədəbiyyatı", "Ədəbiyyatşünaslığa giriş", magistr pilləsi üçün "Azərbaycan təsəvvürü", "Azərbaycan ədəbiyyatı Şərq ədəbiyyatı kontekstində", "Ədəbiyyat nəzəriyyəsi", "Müasir dramaturgiya", "Azərbaycan mühacirət ədəbiyyatı" adlı proqramları filoloq kadrların hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Şamxəlil Məmmədovun əsərləri içərisində "Azərbaycan folkloru üzrə sinifdənxaric işlərin forma və yolları" (1983), "N.Gəncəvinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisi məsələləri" (şərikli) (1987), "Həyat işığı" (şərikli) (1988), "Dünya arzularda yaşayır" (1990), "Əllərin sehri" (1995), "Müəllim ömrü" (1997), "Qafqazda ilk pedaqoji elmlər doktoru" (1996), "Müasir elmin korifeyləri" (şərikli) (1997), "Ümid və inam olmasaydı" (1997), "Dərslərdə yaşanan həyat" (2002), "Qonağım olun" (2003), "Milli təhsilin fədailəri" ( 2004), "Tədrisin estetikası" (2005), "Azərbaycan folkloru" (2008), "Yaradan nurundan payı olanlar" (2011) və s. kitabları xüsusilə seçilir.

Şamxəlil müəllim pedaqoji jurnalistikaya gələndə elə ilk gündən elmi-pedaqoji ictimaiyyət arasında səmimiyyəti, insanlara münasibəti, zəhmətsevərliyi, yüksək intellektual səviyyəsi və geniş erudisiyası ilə böyük hörmət və ehtiram qazanmış, elmə və yazı-pozuya marağı ilə seçilmişdir. O, filoloq olsa da həmişə içində peşəkar jurnalist idealını yaşatmışdır. Onunla söhbətlərimizin birini yaxşı xatırlayıram. O, jurnalist olmağını belə xatırlayırdı: "Məndə jurnalistikaya marağı Qulu müəllim oyatmışdı. Üçüncü kursdan başlayaraq APİ-də çıxan "Gənc müəllim"də kiçik yazılar dərc etdirdim. O vaxtlar qəzetin redaktoru professor Zahid Xəlil, məsul katib Sərhəd Məmmədov idi. İlk bədii yazımı - "Bulaq olaydım" mənsur şeirimi də onlar dərc etdiriblər. Ordu sıralarından dönəndə işsiz idim. Mərdəkandakı 181 nömrəli məktəbdən hərbi xidmətə getmişdim. May ayı idi. Rəhmətlik Şahin müəllim (o vaxt "Azərbaycan müəllimi"nin redaktor əvəzi idi) qohumum Yusif  Talıbovla qonşu idilər. Söhbət zamanı mənim barəmdə soruşur. O vaxt folklorşünaslığımızın korifeyi M.H.Təhmasibin rəhbərliyi ilə dissertasiya üzərində işlədiyimi eşidib, məni redaksiyada işə kiçik ədəbi işçi vəzifəsinə dəvət etdi. Sonra elə burada qalıb əməkdaş oldum. Əlimin qələm tutmasında rəhmətlik Məhyəddin Əbdülovun, Cavad Cavadlının, Tahir Əliyevin, Pirxanım Qasımovanın əməyi olub. Beləcə illər ötdü, müxbir, xüsusi müxbir, elm və təhsil şöbəsinin müdiri oldum".

Müəllimliklə jurnalistlik Şamxəlil Məmmədov üçün qoşa qanad olub. O, ailədəki müəllimlər sülaləsinin ikinci nümayəndəsi olub. Ömrünü şam tək balalarımızın təhsil-tərbiyəsi yolunda əridən anası Həmayıl xanım Dilbazi həm də onun sinif müəllimi olub. Üç bacısı, üç qardaşı və həyat yoldaşı Maya Məmmədova da müəllimdir.

Şamxəlil müəllim həyatda çox əzab-əziyyət çəkib,  amma işıqlı sabaha ümid və inamla baxıb, ağır zəhmətdən yoğrulmuş uğurları ilə özünü təsdiq edib.  O, "Azərbaycan maarif əlaçısı" (1978), "SSRİ maarif əlaçısı" (1985) döş nişanları, Təhsil Nazirliyinin Fəxri fərmanları ilə (1994, 2003) təltif olunub, akademik Mehdi Mehdizadə və "Araz" ali ədəbi mükafatlarına layiq görülüb. 2005-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona  "Tərəqqi" medalı, 2008-ci ildə isə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı verilmişdir.

Şöhrətin uca və şərəfli məqamına yetişən Şamxəlil müəllim bu uğurları asanlıqla qazanmayıb. Onun böyük müəllimi həyatın acısı-şirini, qəmi-kədəri və nisgili olub. Dərdi dərd üstündən şələləyən dünyada "Göy üzünə daş atanlar" onun da yolunda müxtəlif maneələr yaradıb. Müstəqil yaşamağa başladığı gündən həyat ona müxtəlif sürprizlər bəxş edib. ADU-nun jurnalistika fakültəsinə daxil olmaq istəsə də, heç sənədlərini belə götürməyiblər. Həm maddi, həm də mənəvi cəhətdən sıxıntı keçirib. Birinci dəfə üzərində işlədiyi dissertasiya mövzusu yarımçıq qalıb, elmi rəhbərinin dünyasını dəyişməsi onun da həyatında dəyişiklik yaradıb. Ona qarşı edilən haqsızlıq, yersiz tələbkarlıq, psixoloji sarsıntı sağlamlığında izsiz qalmayıb. Yaxşı ki, dünyada yaxşılar varmış. Z.Qaralov, Y.Kərimov, Y.Talıbov, H.Əhmədov, A.Babayev, B.Əhmədov, Ə.Ağayev, A.Rəhimov, Ə.Əlizadə, Q.Binnətov və M.Süleymanlı kimi elm, sənət adamları onun  xeyirxahları və yol göstərənləri olub.

Uzun müddət xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq o, qələmini yerə qoymadı, ömrünün sonunadək yorulmadan yazıb-yaratdı. Qu quşu ölməzdən əvvəl oxuyur. O da ölməzdən əvvəl "Yaşıdlarım", "Kəndimizin adamları", "Yaddaşımdan boylananlar", "Ömrümdə izi qalanlar", "Çinarlı yurda həsrət nəğmələr" adlı publisistik, "İyirmi ildən sonra" adlı hekayə və povestlər kitabını yazdı.  Həyatın bütün sevincini yaratmaqda görən Şamxəlil Məmmədov yazıb-yaratmaqla ölümü öldürmək, ona qalib gəlmək arzusu ilə yaşadı. Yazdıqları son kitabların əlyazmaları onun həyatının davamıdır. Bu əsərləri və şəxsiyyəti ilə o, jurnalistika tarixində yaşamaq hüququ qazanan insanlardan biri kimi daim anılacaq, həmişə xatırlanacaq.   

Fərrux RÜSTƏMOV,
ADPU-nun pedaqoji fakültəsinin dekanı, pedaqogika
üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov