Respublikamızın
qabaqcıl idman məktəblərindən biri "Təhsil" Respublika
İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbidir.
1966-cı ildən yaradılmış məktəb respublika statuslu
müəssisə kimi öz fəaliyyətində əsas vəzifələri həyata
keçirir. Müstəqillik illərindən əvvəl də məktəbin
yetirmələrinin keçmiş SSRİ məkanında uğurlu nəticələri
olmuşdur. Həmin dövrlərdə 17 dəfə keçirilən SSRİ
Spartakiadalarında bütün idman növləri üzrə iştirak edən
Azərbaycan yığma komandalarının təşkili və təlim məşqi
məhz bu məktəb tərəfindən aparılmışdır.
Elə həmin spartakiadalarda idmanın güləş növü üzrə
sonralar bir neçə dəfə dünya və Avropa çempionları olmuş
Məhəddin Allahverdiyev II yeri, Xəzər İsayev isə III
yeri tutmuşlar. Həndbol komandası spartakiadanın gümüş,
futbol komandası isə bürünc medalına sahib olmuşdur.
Lakin məktəbin əsas inkişafı müstəqillik dövrünə təsadüf
edir. Ümummilli lider Heydər Əliyev xalqın tələbi və
dəstəyilə yenidən Azərbaycanın rəhbərliyinə gəldikdən
sonra həyatımızın digər sahələrində olduğu kimi idmanda,
xüsusən də uşaq-gənclər idmanında böyük canlanma oldu.
Həmin dövrdən başlayaraq ölkədə, eləcə də məktəbdə
komanda idman növləri üzrə bölmələrin açılması və
inkişaf etdirilməsi prosesi başlandı.
Qısa müddətdə məktəbdə voleybol, həndbol, basketbol,
futbol və badminton kimi bölmələr fəaliyyətə başladı. Bu
işin daha uğurlu olması üçün respublikanın tanınmış
məşqçi-müəllimləri məktəbə cəlb edildi və təlim-məşq
prosesində xeyli canlanma və irəliləyişlər nəzərə
çarpdı.
Belə ki, milli yığma komandalara ehtiyat qüvvələrin
hazırlanması, respublika və beynəlxalq yarışlarda
məktəbin idmançılarının uğurlu çıxışları, dərəcəli
idmançıların sayının və kütləviliyin sürətlə artması,
metodiki sahədə görülən işlər buna əyani sübutdur.
Hazırda məktəbdə 1098 nəfər məktəbli və tələbə idmanın
müxtəlif növləri ilə məşğul olur ki, onların təlim-məşq
prosesi ilə 51 yüksək ixtisaslı məşqçi-müəllim çalışır.
Əməkdar məşqçilər Gülarə Mürsəlova (voleybol),
Konstantin Ruvinski və Mansur Xametov (hər ikisi
həndbol), İsmayıl Hüseynov (futbol) məktəbin qabaqcıl
müəllimlərindən sayılır. Məktəbin üzvlərindən Orxan
Qələndərov, Səməd Qayıbov, Vüqar Əlizadə, Bəhruz
Qədirli, İbrahim Əfəndiyev, Oleq Georqiyevski, Hüseyn
Səlimov, Roman Boqatırov, Teymur Axundov, Cavid İmanov,
Pərvin İmanlı və bir çox başqaları milli yığma
komandaların tərkibində müvəffəqiyyətlə çıxış edirlər.
Məktəbin təlim-məşq prosesi əsasən təhsil sistemində
fəaliyyət göstərən ümumtəhsil məktəblərinin,
texnikumların, peşə liseylərinin idman zalları və
meydançalarında keçirilir ki, bu da kütləviliyin
artmasına, məktəblilərin asudə vaxtlarından səmərəli
istifadə olunmasına və bacarıqlı idmançıların
seçilməsinə köməklik edir.
Bu idman məktəbinin yetirmələri və komandaları bütün yaş
qrupları üzrə Bakı şəhəri və respublika birincilik və
çempionatlarında iştirak etmiş və yüksək nəticələr əldə
etmişdir.
Olimpiya oyunlarına ehtiyat qüvvələrin hazırlanmasında
və qazandığı digər uğurlara görə məktəb 2003-cü ildən
başlayaraq hər olimpiya dövrü üçün İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gəncər İdman Məktəbi statusuna
layiq görülür.
2004-cü ildən başlayaraq məktəbin komandaları artıq
respublika çempionatlarının yüksək və birinci
dəstələrində çıxış etməyə başlamışdır.
Ötən il məktəbin "Təhsil" komandası həndbol üzrə kişilər
arasında Azərbaycan çempionatının "Super liqasında" II
yeri tutaraq Avropa kuboku yarışlarına vəsiqə
qazanmışdır. İnanırıq ki, komanda ölkəmizi həmin yarışda
layiqincə təmsil edəcək.
Məktəbin futbol bölməsi 2004-cü ildən başlayaraq Bakı
şəhər klub komanda çempionatının birinci dəstəsində iki
komanda ilə, Futbol Federasiyasının keçirdiyi "Sabahın
ulduzları" yarışında isə 3 komanda ilə təmsil olunur.
Bu komandalar dəfələrlə müxtəlif yaş qruplarında
respublika birinciliklərinin qalibi olmuşdur. Ötən il
məktəbin müxtəlif yaş qruplarında 12 komandası eyni
vaxtda Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Bakı
Futbol Federasiyasının keçirdiyi yarışlarda uğurla çıxış
edib. Bu da həmin bölmədə məktəbin 300-ə qədər
idmançısının iştirakı deməkdir.
Bütün bu yarışlarda göstərdiyi yüksək nəticələrə görə
2005-2012-ci illərdə mövcud təsnifat tələblərinə uyğun
olaraq məktəbin 12 idmançısı idman ustası, 225
idmançısı idman ustalığına namizəd, 355 idmançısı isə I
dərəcə normasını yerinə yetirmişdir. Bu rəqəm məktəbdə
məşğul olan idmançıların ümumi sayının 20 faizini təşkil
edir. Məktəbdə məşğul olan idmançıların 90 faizi
təlim-məşq mərhələlərinin keçid normativlərinə uyğun
olaraq kütləvi dərəcə normalarını yerinə yetirmişlər.
Göstərdiyi yüksək nəticələrə görə məktəbin
idmançılarının bir çoxu milli yığma komandalarına cəlb
olunmuşdur. Hazırda voleybol üzrə gənclərdən ibarət
milli komandada məktəbin 10 idmançısı, futbol üzrə 15 və
17 yaşlılardan ibarət milli yığma komandalarda 8
idmançısı mübarizə aparır. Badminton və həndbol üzrə
kişi və qadınlardan ibarət Azərbaycan milli
komandalarının əsasını isə məktəbin idmançıları təşkil
edir.
Yığma komandaların heyətində idmançılarımız çox böyük
uğurlar qazanmışlar. Buna misal olaraq 2005-ci ilin
oktyabr ayında İrlandiyanın paytaxtı Dublin şəhərində
kişi həndbolçular arasında keçirilən 4-cü "Challenge
trophu" Avropa kubokunu göstərmək olar. Həmin yarışda
millimiz 2-ci yeri tutmuşdur. Məktəbin 4 idmançısı əsas
heyətdə yer almış və onlardan biri Oleq Georqiyevski
Avropa kubokunun ən yaxşı oyunçusu mükafatına layiq
görülmüşdür. 2005-ci ilin oktyabr ayında İran İslam
Respublikasında keçirilən islam ölkələri kubokunda
qadınlardan ibarət milli komandamız kubokun sahibi,
2005-ci ilin noyabr ayında Portuqaliyanın Laqoze
şəhərində Avropa çempionatının seçmə mərhələsinin
oyunlarında isə çox güclü komandaları geridə qoyaraq
4-cü nəticə göstərmişdir. Həmin oyunlarda milli
komandanın tərkibində məktəbin 4 idmançısı- Səkinat
Abbasova, Rumiyyə Xametova, Marina Tankatskaya, Yulya
Deryabina əsas heyətdə yer tutmuşlar. Məktəbin
yetirmələrinin müxtəlif idman növlərindən göstərdiyi
nəticələrə aid onlarca bu cür misallar göstərmək olar.
Ən sevindirici hal ondan ibarətdir ki, məktəbi bitirən
idmançıların tam əksəriyyəti yüksək dəstələrdə mübarizə
aparan komandalara, milli yığma komandalarına cəlb
olunur və respublikamızın idman şərəfini layiqincə
təmsil edirlər.
Göstərdiyi yüksək nəticəyə görə məktəb 2006-cı ildə
Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Məktəbi" nominasiyası üzrə müsabiqədə II yeri,
2008-ci ildə I yeri, 2009-cu ildə II, 2010-cu ildə I
yeri, 2011-ci ildə də I yeri tutaraq "İlin ən yaxşı
məktəbi" adına layiq görülmüşdür.
İbrahim MƏMMƏDOV,
Təhsil Nazirliyi "Təhsil" RİM-in
direktor müavini,
əməkdar bədən tərbiyəsi və idman xadimi
|