Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

ADU-da "Xaricdə təhsilin gənclərin həyatında rolu" layihəsi çərçivəsində görüş keçirildi

 

Yanvarın 29-da Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen ilə görüşdü.

Qonağı salamlayan rektor onu universitetdə görməkdən məmnun olduğunu bildirdi. O, ADU və Böyük Britaniya universitetləri arasındakı münasibətlərin inkişaf etdiyini vurğuladı. Esseks Universiteti ilə əlaqələrə toxunan rektor Səməd Seyidov ADU-nun 20 tələbəsinin Böyük Britaniyada təhsil aldığını qeyd etdi. Rektor Esseks Universiteti ilə ADU arasında ikili diplomların verilməsi ilə bağlı razılıq əldə olunmasına diqqət çəkərək əlaqələrin inkişafından məmnunluğunu ifadə etdi. Tələbələr və müəllimlər üçün imkanların gündən-günə genişləndiyini bildirən rektor  Səməd Seyidov ADU-nun  böyük sayda müəllim və tələbələrinin Böyük Britaniyaya getdiklərini dedi. O, ADU tələbələrinin Böyük Britaniyanın Esseks Universiteti ilə yanaşı, digər universitetlərdə də təhsil almağa maraq göstərdiklərini bildirdi. Rektor Esseks qrupunda təhsil almaq istəyən tələbələrin xüsusi testdən keçdiklərini və bu qrupa daxil olmaq üçün yüksək dil vərdişlərinin önəmli olduğunu vurğuladı. Qarşılıqlı əməkdaşlıqda ingilis dilinin tədrisi məsələlərinə həsr olunmuş birgə konfransların keçirilməsinin səmərəli olduğu bildirildi.

Səfir Piter Beytmen səmimi qəbula görə təşəkkür etdi. O, Azərbaycanda ingilis dilinin tədrisi məsələlərinə həsr olunmuş beynəlxalq konfransların keçirilməsinin vacibliyindən söz açdı. ADU-nun Böyük Britaniyanın universitetləri ilə əlaqələrini yüksək qiymətləndirən səfir Esseks Universiteti ilə əlaqələrin inkişafından məmnunluğunu dilə gətirdi.

Qeyd edək ki, həmin gün Azərbaycan Dillər Universitetində Azərbaycan Böyük Britaniya Məzunları İctimai Birliyi (AUKAA) tərəfindən Britaniya səfirliyinin dəstəyi ilə "Xaricdə təhsilin gənclərin həyatında rolu" layihəsi çərçivəsində ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri ilə görüş keçirildi.

Görüşdə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen tələbələri salamladı və bu layihənin ADU-da müzakirə edilməsindən məmnunluğunu bildirdi. Səfir ADU-nun Böyük Britaniya universitetləri ilə əlaqələrini qeyd edərək bu layihənin gənclərin həyatında mühüm rol oynadığını tələbələrin nəzərinə çatdırdı. O, görüşdə ölkələrarası təhsildə müqayisələrdən danışılacağını, bu istiqamətdə bir sıra imkanların tələbələrə təqdim olunacağını vurğuladı.

Sonra məruzəçilər xaricdə, xüsusən də Böyük Britaniyada təhsil imkanları və gələcək karyera seçimi barədə müzakirələr apardılar, xaricdə təhsilin üstünlüklərindən, fərqli cəhətlərindən bəhs etdilər. İş adamları xaricdə təhsil almaq istəyən gəncləri bu proseslə yaxından tanış etdilər, gəncləri təhsilə, elmə yiyələnməkdə fəal olmağa həvəsləndirdilər.

Daha sonra məruzəçilərin xaricdə təhsil aldıqları müddətdə Böyük Britaniya haqqında fikirlərini bölüşdükləri videoçarx təqdim olundu.

Sonda Britaniya səfirliyində siyasi və mətbuat məsələləri üzrə məsul şəxs Günel Əhmədova layihə haqqında əlavə məlumat almaq üçün elektron ünvanları və əlaqə nömrələrini qeyd etdi və broşüralar paylanıldı.   

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov