Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

1 Fevral 2013 - №04

 

Dalğa mexanikası nəzəriyyəsinin banisi

 

Ervin Rudolf Yozef Aleksandr Şredinger -  avstriyalı dahi fizik-nəzəriyyəci, 1933-cü il fizika üzrə Nobel mükafatı laureatı, Vyana, Ştutqart, Breslau,  Berlin, Oksford, Qrats, Gent universitetlərinin professoru, Dublin Ali Tədqiqatlar İnstitutunun təsisçisi və direktoru, kvant mexanikası və materiyanın dalğa nəzəriyyəsinin müəllifidir. E.Şredinger Nobel mükafatından əlavə, İtaliya Milli Elmlər Akademiyasının Matteuççi qızıl medalı, Alman Fiziki Cəmiyyətinin Maks Plank medalı, AFR hökumətinin "Xidmətlərinə görə" medalı ilə təltif olunub. O, Qenta, Dublin, Edinburq universitetlərinin fəxri üzvü, Papa Elmlər Akademiyasının, London Kral Cəmiyyətinin, Berlin Elmlər Akademiyasının, SSRİ Elmlər Akademiyasınn, Dublin Elmlər Akademiyasının, Madrid Elmlər Akademiyasının üzvü olub.  

İbtidai təhsilini evdə almış dahi   

Ervin Şredinger 1887-ci il avqustun 12-də  Vyanada Rudolf Şredinger və Georgina Emili Brendin ailəsində anadan olub.  Atası Rudolf Şredingerin Vyanada kiçik müşənbə fabriki var idi. O, rəssamlıqla məşğul olurdu,   botanika elminə də böyük marağı var idi. Anası həssas, qayğıkeş və həyatsevər qadın olub. Ervinin xoşbəxt uşaqlıq illəri xeyirxahlıq, elm və incəsənətin hökm sürdüyü bir ailədə keçib. Ervin ailənin yeganə övladı idi. Təbiət elmlərinə meyilli olan atası hərtərəfli inkişaf etmiş insan idi. Müstəsna qabiliyyətlərini çox erkən  büruzə verən oğluna qarşı xüsusi diqqət ayırmışdı. 11 yaşa qədər Ervin evdə oxuyub. Onun ilk müəllimi atası olmuşdu. Sonralar Ervin xatirələrində atasını "dost, müəllim və  həmsöhbətinin yorğunluğundan xəbərdar olmayan"  insan kimi xarakterizə etmişdi. Fizika və riyaziyyata çox erkən maraq göstərməsinə baxmayaraq, o, bütün fənlər üzrə eyni dərəcədə müvəffəqiyyət qazana bilmişdi, qədim dilləri,  klassik alman və xarici poeziyanı sevirdi və ingilis dilini çox gözəl öyrənmişdi. Onun ana tərəfdən nənəsi ingilis idi, ona görə də hələ uşaqlıqdan Ervin bu dildə sərbəst danışırdı. 

1898-ci ildə sınaq imtahanlarını uğurla verərək Akademik Gimnaziyaya daxil olub və buranı 1906-cı ildə başa vurub. Bu gimnaziya nüfuzlu təhsil ocağı hesab olunurdu və əsasən humanitar təmayüllü idi. Buraxılış imtahanlarını "əla" qiymətlərlə verən Ervin seçim qarşısında riyaziyyat və fizikanı seçib. O, sinifdə yunan, latın, klassik ədəbiyat, riyaziyyat, fizika  fənlərindən birinci şagird olub. Gimnaziya illərində Ervin teatra da maraq göstərib. Ervin keçilmiş materialı elə dərsdəcə mənimsəyirdi. Hər bir dərsdən sonra müəllim onu lövhəyə dəvət edər və mühazirə materialının şagirdi tərəfindən dolğun və aydın şərhindən heyrətlənərdi.    

 Universitet illəri

 Ervin Şredinger 1906-cı ildə Vyana Universitetinə daxil olub, bir il sonra isə Fridrix Qazenerlin fizika üzrə mühazirələrinə qatılıb.  Bu mühazirələr Ervində dərin təəssürat buraxıb. 1906-1910-cu illərdə artıq I.Losmidt, I.Stefan və L.Bolsman kimi alimlərin sayəsində nəzəri və eksperimental  fizika üzrə kifayət qədər tanınan Vyana Universitetində tam formalaşıb.   Məhz burada L.Bolsmanın tələbələri  F.Qazenerl və Frans Eksner kimi böyük alimlərin təsiri altında Şredingerin elmi dünyagörüsü formalasıb.

1910-cu ildə doktorluq dissertasiyası  müdafiə edən Ervin Vyana Universitetininin II Fizika İnstitutunda fizik-eksperimentator Frans Eksnerin assistenti olur. O, bu vəzifədə İkinci Dünya  müharibəsinə qədər çalışıb. 1913-cü ildə Ervin Şredinger radium elementinin  eksperimental  tədqiqatlarına görə Xaytinqer İmperator Akademiyasının mükafatına layiq görülüb. Müharibə zamanı Ervin Şredinger ön cəbhədən uzaqda, dağlarda yerləşən hərbi qarnizonda zabit-artilleriyaçı kimi xidmət edib. Azad vaxtlarından səmərəli istifadə etməyə çalışan Ervin Albert Eynşteynin ümumi nisbilik nəzəriyyəsi  ilə maraqlanırdı. Müharibədən sonra Vyanadakı II Fizika  İnstitutuna qayıdan Ervin ümumi nisbilik nəzəriyyəsi, statistik mexanika və rentgen şüalarının difraksiyası kimi problemlərlə məşğul olmağa başlayır. Məhz bu dövrdə Ervin Şredinger rəng və rəngin qavrayışı nəzəriyyəsi üzrə nəzəri və eksperimental araşdırmalar aparıb.   1920-ci ildə Şredinger Almaniyaya yola düşür, o, Yen Universitetində Maks Vinin assistenti olur.  4 ay sonra isə o,  Ştutqart Universitetinin adyunkt-professoru təyin olunur. Tezliklə Ervin Ştutqartı tərk edir və  Breslau (Polşanın indiki Vroslav şəhəri) Universitetində professor yerini  tutur. Daha sonra Ervin İsveçrəyə gedərək professor vəzifəsinə təyin olunur.   Sürix Universitetində  Albert Eynşteyn və  Maks fon  Lauenin varisi olur, ondan əvvəl bu kafedraya A.Eynsteyn, P.Debay və M. fon Laue başçılıq ediblər.

1921-1927-ci illər ərzində Sürixə qayıdan Ervin Şredinger termodinamika və statistik mexanikanın əsasları və onların  qazlar və bərk cismlərin təbiətinin öyrənilməsinə tətbiqi məsələləri ilə  məşğul olur. Fiziki problemlərin geniş dairəsi ilə maraqlanan Şredinger kvant nəzəriyyəsinin  uğurlarını izləyir və 1925-ci ilə qədər (Eynşteyn Lui de Broylun dalğa materiyası nəzəriyyəsinə müsbət qiymət verənə qədər) əsas diqqətini bu sahəyə yönəldir. 

  İlk addımlar  

Onun ilk müəllimləri nəzəriyyəçi fiziklər Fridrix Qazenerl və eksperimentator Frans Eksner olub. Sonralar Nobel çıxışında Şredinger Birinci Dünya müharibəsi illərində həlak olmuş Qazenerlin mühazirələrinin onda çox güclü  təəssürat buraxdığını yazmışdı.  Prussiya Elmlər Akademiyasına üzv  seçilməsi mərasimindəki çıxışında Şredinger çox böyük ehtiramla xatırlayırdı ki, Eksnerin rəhbərliyi ilə aparılan məşğələlərdən sonra o, "ölçmək nə olduğunu" anlayıb. Şredingerin çoxşaxəli istedadı hələ universitet illərində  özünü göstərib. 1910-cu ildə Şredinger universiteti fəlsəfə doktoru elmi dərəcəsi ilə bitirib. Elə həmin ildə onun "Nəm havada izolyator səthində elektrik keçiriciliyinə dair" ilk məqaləsi işıq üzü görüb.

Ervin alman elmi ierarxiyasının bütün pillələrini çox sürətlə keçib. Tez bir vaxtda Yen Universitetinin privat dosenti,  Ştutqart Universitetində ekstraordinar professor, Breslau Universitetində ordinar professor seçilib. Bu illərdə Ervin Şredingerin elmi maraqları hələlik tam müəyyənləşməyib. Bu dövrdə onun ən maraqlı elmi işlərindən 3 hissədən ibarət  "Gündüz işığında metrik rənglər nəzəriyyəsinin əsas prinsiplərinə dair" böyük həcmli məqaləsi işıq üzü görüb. Görmə rənginin özünəməxsus riyaziləşdirilməsi  problemi  Şredinger üçün uzun illər ərzində müəyyən mənada bir xobbiyə çevrilib.  O, rənglər haqqında təlimdə, onun öz sözləri ilə desək, o dövrkü atom fizikası ilə tanışlıq zamanı keçirdiyi qeyri-məmnunluqdan özünəməxsus sığınacaq tapmışdı. Onun həyatında həlledici an 1921-ci ildə Sürix Universitetinin kafedra müdiri təyin olunması ilə yetişdi. Elə o vaxtdan da Şredinger çox ciddi surətdə Albert Eynşteyn və Nils Borun elmi məqalələrində öz inkişafını tapmış istilik şüalanması və atom fizikası problemləri ilə ciddi surətdə məşğul olmağa başlayıb.  Şredingerin bu yeni elmi sahədə ilk işləri termodinamika və izotopiya hadisələrinin öyrənilməsinə həsr olunub. "İzotopiya və Gibbs paradoksu" (1921) və "Doppler prinsipi və Bor tezlik şərtləri" (1922) məqalələri dərc olunub.  Sürixdə keçən 6 il  alim üçün çox məhsuldar olub. Məhz burada Şredinger özünün  atomun epoxal dalğa mexanikasını yaradıb.

1900-cü ildə kvant nəzəriyyəsinin əsası qoyulub, Maks Plank cismlərin temperaturları və maddələrin istilik buraxması arasında nisbətə dair nəzəriyyəsini təklif edib. Bu nəticə uzun müddət digər alimlərin diqqətindən yayınıb. Lakin sonradan Eynşteyn, Bor və Rezervord bu nəzəriyyəyə əl qoyublar.   

Şredinger tənliyi 

Kvant nəzəriyyəsinin mahiyyətcə yeni özəlliyi 1924-cü ildə görkəmli fizik Lui de Broyl materiyanın dalğa xarakterinə dair radikal fərziyyə irəli sürdükdən sonra üzə çıxıb. Bu fərziyyəyə görə, elektromaqnit dalğaları, məsələn, işıq özünü bəzən hissəcik kimi aparır. Lakin elektron müəyyən şəraitlərdə özünü dalğa kimi də apara bilər. Mikrohissəciklərin dalğa nəzəriyyəsinin işlənib hazırlanması kimi çox  çətin və məsuliyyətli bir vəzifənin həllinə ilk olaraq Ervin Şredinger girişdi. Öz nəzəriyyəsinin ilkin müddəaları barədə danışan gənc alim mənbə kimi, ilk növbədə, Lu de Broylun  bu mövzuda yazmış olduğu dissertasiya işindəki dərin ideyalardan yararlandığını qeyd edirdi. Şredinger elektronların dalğa təsvirini  ilk dəfə atomun qeyri-adekvat Bor modeli ilə əlaqəsi olmayan davamlı kvant nəzəriyyəsinin qurulmasına tətbiq etməyə cəhd edib. O, sözün klassik mənasında, kvant nəzəriyyəsini klassik fizika ilə yaxınlaşdırmağa cəhd edib. Klassik fizikada dalğaların riyazi təsvirinə dair çoxlu miqdarda nümunələr toplanmışdı. Şredingerin 1925-ci ildə ilk cəhdi uğursuz alındı. Onun nəzəriyyəsində elektronların sürəti işıq sürətinə yaxın idi, bu isə Eynşteynin xüsusi nisbilik nəzəriyyəsinin tətbiqini, eləcə də  böyük sürətlərdə elektonların kütləsinin böyüməsi kimi faktın nəzərə alınmasını tələb  edirdi.  Şredingerin üzləşdiyi uğursuzluğun səbəblərindən biri onda idi ki, o, elektronların hazırda spin  adlandırılan xüsusi xassəsini nəzərə almamışdı. Spin anlayışı o vaxtlar hələ heç kimə tanış deyildi. Alim növbəti cəhdini 1926-cı ildə edib. Bu dəfə elektronların sürəti o qədər az götürülmüşdü ki, nisbilik nəzəriyyəsinin nəzərə alınmasına ehtiyac qalmamışdı. Alimin ikinci cəhdi dalğa funksiyası terminlərində materiyanın riyazi təsvirinə imkan verən dalğa tənliyinin (Şredinger  tənliyi) kəşfi ilə nəticələndi. Şredinger öz nəzəriyyəsini dalğa mexanikası adlandırdı. Dalğa tənliyinin həlli eksperimental müşahidələr  ilə tam üst-üstə düşdü  və kvant mexanikasının  sonrakı inkişafına çox böyük təsir göstərdi.  Şredinger öz elmi nəticələrini 1926-cı ilin yazında "Annalen der Physik" jurnalında dərc etdirmişdi.  

"Sizin tədqiqat işiniz əsl  dahilikdən xəbər verir" 

Ervin Şredingerin dalğa nəzəriyyəsi  o dövrün ən məşhur alimləri tərəfindən həyəcan və heyranlıqla qarşılanmışdı. Nəzəriyyəçi alim tezliklə öz pərəstişkarı dahi Albert Eynşteyndən məktub almışdı. Məktubda deyilirdi:  "Sizin tədqiqat işiniz əsl  dahilikdən xəbər verir". Şredinger dalğa mexanikası və matrik mexanikanın riyazi ekvivalent olduğunu sübut edib.  Hazırda ümumi  kvant mexanikası adı ilə tanınan iki nəzəriyyə kvant hadisələrinin çoxdan gözlənilən izahını verib. Fiziklərin çoxu dalğa mexanikasına üstünlük verirdi, çünki onun əsasında duran riyazi məzmun onlara daha çox tanış idi. Onun anlayışları daha çox fiziki mahiyyət daşıyırdı, matrik nəzəriyyə  isə daha mürəkkəb və çətin anlaşılan  idi.

1927-ci ildə Şredinger Maks Plankın dəvəti ilə Berlin Universitetinin  nəzəri fizika kafedrasında onun varisi olur. O burada aralarında  böyük yaş fərqi olmasına baxmayaraq, Eynşteyn və Plankla daha sıx münasibətdə olur. O, işdən sonra boş vaxtlarda dahi fiziklərlə saatlarla vaxt keçirirdi. 1929-cu ildə Şredinger Prussiya Elmlər Akademiyasının üzvü seçilib. Heyzenberq və Şredinger tərəfindən kvant mexanikasının işlənib hazırlanmasından sonra Pol  Dirak daha ümumi nəzəriyyə işləyib hazırladı ki, bu nəzəriyyədə xüsusi nisbilik nəzəriyyəsinin elementləri əksini tapmışdı.  1933-cü ildə nasistlərin hakimiyyət başına gəlməsindən sonra  düşüncə azadlığının boğulmasına, məsələn, küçədə mənşəcə yəhudi olan assistentlərindən birinə qarşı hücuma etiraz olaraq  Şredinger Berlin Universitetinin nəzəri fizika kafedrasını tərk edib. Alim Almaniyadan dəvət olunmuş professor qismində Oksforda yola düşüb. Oksforda çatanda Şredingerə Nobel mükafatına  layiq görülməsi xəbərini veriblər.  Şredinger atom nəzəriyyəsinin yeni produktiv formalarının kəşfinə görə ali elm mükafatına layiq görülüb. Təqdim olunma mərasimində çıxış edən İsveç Kral Akademiyasının üzvü Hans Pleyel qeyd edib ki, Şredingerin nəzəriyyəsi atom və molekulların daxilində hərəkətin təsvirini verən yeni mexanika sistemidir. Dalğa mexanikası nəinki atom fizikasında bir sıra problemlərin həllinə kömək edir, həm də atom və molekulların xassələrinin öyrənilməsi üçün sadə və uyğun metoddur və fizikanın inkişafına çox güclü stimul verib. Kvant mexanikasının yaradılması kimyanın möhkəm  nəzəri əsaslarını hazırlamağa imkan verib, onun köməyi olmadan kimyəvi rabitənin təbiətinin müasir izahı mümkün olmazdı. Kimyanın inkişafı, öz növbəsində, molekulyar biologiyanın formalaşmasına ciddi təsir edib. Məşhur alim, iki dəfə Nobel mükafatı laureatı Laynus Polinq yazırdı: "Mənim düşüncəmə görə, ədalətli söyləmək lazımdır ki, dalğa tənliyini irəli sürməklə Şredinger müasir  biologiyanın inkişafına görə əsas məsuliyyəti öz çiyinlərinə çəkib".

1936-cı ilin payızında Şredinger Avstriyaya qayıdaraq Qrats Universitetinin professoru olur. Lakin nasistlər onu burada da haqlayır. Avstriyanın faşistlər tərəfindən işğalından sonra o, arzuolunmaz şəxs kimi bütün vəzifələrdən uzaqlaşdırılıb.  Barəsində daha ağır cəza növü seçilməsini gözləməyən Şredinger İtaliya, sonra isə İsveçrədən keçməklə İngiltərəyə qaçır. Oksfordda qısamüddətli səfər zamanı  Şredinger İrlandiyanın ixtisasca riyaziyyatçı olan o vaxtkı baş nazirinin dəvətini qəbul edərək yeni yaradılmış Dublin Ali Tədqiqatlar İnstitutunda nəzəri fizika kafedrasına rəhbərlik etməyə razılıq verir.  17 il burada çalışan Şredinger dalğa mexanikası, statistika, statistik termodinamika, sahə nəzəriyyəsi və ümumi nisbilik nəzəriyyəsi üzrə tədqiqatlarını davam etdirir. 

 "Cənablar, sizin kimi mən də istərdim ki, mənə dəqiq desinlər: atom nədir?" 

Ötən əsrin 20-ci illərinin əvvəllərində Gettingendə (Almaniya) fiziklərdən Maks Born, Ceyms Frank, riyaziyyatçı David Gilbert  "materiya üzrə seminar" təşkil edirdilər. Seminarlarda o dövrün məşhur fizikləri ilə yanaşı, sonralar məşhurlaşmış gənc fiziklər də iştirak edirdilər. Hər bir seminarı   Gilbert bu sözlərlə açardı: "Beləliklə, cənablar, sizin kimi mən də istərdim ki, mənə dəqiq desinlər: atom nədir?".  Bu suallara cavab vermək xeyli çətin idi. Ciddi fiziki anlayışlar tələb olunurdu. "Elektron nədir - dalğa və ya hissəcik" sualı dönə-dönə səslənirdi. 1926-cı ildə atom fizikasında maraqlı vəziyyət yaranmışdı:  bir-birindən xəbərsiz və bir-birindən asılı olmayaraq iki kvant mexanikası meydana gəldi. Nils Bordan sonra Verner Heyzenberq yəqin etmişdi ki, elektron hissəcikdir. O özünün matrisa tənliyini bu inam əsasında yaratmışdı. 1920-ci ildə 30 yaşlı Luyi de Broyl atomun dayanıqlığı problemi üzərində işləyərkən özünün məşhur düsturunu çıxardı. Broylun bu kəşfi barədə Eynşteynin yazdığı  tərifli məqalə Şredingerə geniş imkanlar açdı. Dahi alimin məqaləsi və Broylun materiya dalğası barədə fərziyyəsi onda dərin inam yaratdı. Şredinger iddia edirdi ki, hissəciklərin hər hansı hərəkəti həmişə dalğaların yayılmasına çox oxşardır. 

Dalğa mexanikası üzrə mübahisələr saatlarla və günlərlə davam edirdi. Şredinger Albert Eynşteyn, Maks Plank, fon Lauye, Luyi de Broyl kimi kvant nəzəriyyəsinin Kopenhagen interpretasiyasını qəbul etmirdi və bu inamına  sona qədər sadiq qaldı. 1926-cı ilin sentyabrında Şredinger Kopenhagenə məşhur Nils Borun yanına gələndə qızğın mübahisələr son həddə çatmışdı. Şredinger diskussiyalardan  o qədər yorulmuşdu ki, Kopenhagenə gələn kimi xəstələndi və Borun evində bir neçə gün yatmalı oldu. Qonağın xəstə yatdığı günlərdə Bor onun yatağı yanından uzaqlaşmırdı. Bu barədə Nobel mükafatı laureatı Verner Heyzenberq öz xatirələrində yazırdı: "Hərdənbir  Nils Bor tanış bir hərəkətlə barmağını qaldıraraq təkrar-təkrar Şredingerə üz tuturdu: - "Amma Şredinger, siz hər halda razı olmalısınız".  Bir dəfə Şredinger demək olar  ki, ümidini itirmiş adamlar kimi ucadan dedi: - "Əgər bu lənətə gəlmiş kvant sıçrayışlarını saxlamaq istəyiriksə, onda mən ümumiyyətlə təəssüf edirəm ki, atom nəzəriyyəsi ilə məşğul olmuşam!"

Nils Bor isə tövrünü pozmadan ona "Onda başqaları sənə son dərəcə minnətdardır" demişdi". Tezliklə matrisa və dalğa mexanikası tərəfdarlarının  baxışları yaxınlaşdı. Şredinger onların riyazi ekvivalentliyini  sübut etdi. Elektronların difraksiyasına aid təcrübələrdən sonra de Broyl və Şredinger nəzəriyyələrinə inam artdı və fiziklər başa düşdülər ki, dalğa-hissəcik dualizmi eksperimental faktdır və bunu müzakirəsiz qəbul etmək lazımdır.  

Bütün uğurlarına  görə müəllimlərinə minnətdarlıq edirdi 

O, həyatda nail olduğu bütün nailiyyətlərə görə müəllimlərinə, xüsusən də Fris Qazenerlə minnətdarlıq edirdi. 1929-cu ildə Nobel çıxışında Şredinger demişdi: "Əgər Birinci Dünya müharibəsində Qazenerl həlak olmasaydı, o, bu gün mənim əvəzimə burada dayanacaqdı". Məhz Qazenerl Vyana Universitetinin ikinci kurs tələbəsinə  onun həyat yolunun nəzəri fizikadan keçdiyini başa düşməsində kömək edib.

Ervin Şredinger 1920-ci ildə Annamariya Bertel ilə ailə qurub. Onların uşaqları olmayıb. Əməkdaşları arasında Şredinger qapalı, bir qədər qəribə xarakterli insan kimi tanınırdı, onun həmfikirləri az  idi. Nobel mükafatı laureatı Pol Dirak Şredingerin Brüsseldə keçirilən nüfuzlu Solveyev konqresinə gəlişini  belə xatırlayırdı: "Onun bütün əşyaları belindəki səfər çantasında yerləşmişdi. O, sanki avara kimi görünürdü, mehmanxana işçisini uzun müddət dilə tutmaq lazım gəldi ki, o, Şredingerin əşyalarını mehmanxana nömrəsinə aparsın".

Nasizmə nifrətinə baxmayaraq o, heç vaxt açıq şəkildə öz hisslərini büruzə vermir, siyasətə qarışmaq istəmədiyini deyirdi. Almaniyanı tərk etməsinin səbəbini isə o, belə izah edirdi: "Məni  siyasətlə təngə gətirmələrinə dözə bilmirəm. Mən müstəqil olmaq  istəyirəm, böyük mənada ikiüzlü ola bilmərəm".  

Ervin Şredinger bir çox  keyfiyyətləri ilə müasirləri olmuş dahilərdən seçilirdi.  

"Həm elmi işlərimdə, həm də şəxsi həyatımda mən heç vaxt hansısa baş xəttə üstünlük verməmişəm, uzun müddət üçün nəzərdə tutulmuş rəhbər proqram əsasında hərəkət etməmişəm. Baxmayaraq ki, mən kollektivlə, çox təəssüflər olsun ki, eləcə də şagirdlərlə  işləməyi pis bacarıram, mənim işlərim heç vaxt tam müstəqil olmayıb, çünki mənim hər hansı məsələyə qarşı marağım həmişə başqalarının adıçəkilən məsələyə göstərdikləri maraqdan asılı olub.  Mən nadir hallarda sözü birinci deyirəm, lakin ikinci sözü həmişə deyirəm".  

 Fizik, riyaziyyatçı, filosof, şair, heykəltəraş, səyyah... 

E.Şredingerin çoxşaxəli istedadı hələ universitet illərində  özünü göstərib. O, tələbəlik illərində  səyahətə və alpinizmə həvəs  göstərib,  teatr həvəskarı idi. Musiqiyə isə kifayət qədər soyuq münasibəti ilə seçilirdi.  Şredinger elmi işlərdən kənar vaxtlarda piyada gəzintilərə, şəhərətrafına  çıxmağa,  alpinist yürüşlərinə həvəs göstərirdi. Hətta heykəltəraşlığa  da aludə olmuşdu. Bütün bunlar isə onun dərin istedad və zövqlərindən xəbər verirdi. Onun poeziyaya sevgisi daimi idi. 1945-ci ildə o, hətta AFR-də öz şeirlərindən ibarət kitabça dərc etdirmişdi. Bu kitabda alimin  ingilis dilindən tərcümələri də yer almışdı. Ümumiyyətlə, onun maraq dairəsi olduqca geniş idi. Şredinger təkcə elmlə deyil, həm də fizikanın fəlsəfi aspektləri ilə maraqlanıb. Fizikanın biologiya ilə əlaqəsinə dair düşüncələrə dalan alim "Həyat nədir? Canlı orqanizmlərin  fiziki aspektləri" ("What is Life? The Physical Aspects of a Living Cell", 1944) kitabında  genlərin öyrənilməsində molekulyar yanaşma ideyasını irəli sürüb. Bu kitab Frensis Krik və Moris Uilkins (Nobel mükafatı laureatları) kimi bioloq alimlərə güclü təsir edib.

O bu kitabında  canlı materiya və fizika arasındakı problemlərin nisbətini müzakirə edirdi. Onun yardıcılıq həvəsinin digər məhsulu - "Təbiət və qədim yunanlar" kitabı idi. Şredinger fizikanın metodoloji problemlərinə dair bir çox məqalələr yazıb. O, mütəmadi olaraq elmin populyarlaşmasına xidmət edən yazılarla çıxış edirdi. "Elmi nəzəriyyə və insan", "İndeterminizm və azad iradə", "Kainatın və materiyanın quruluşu", "Elementar hissəcik nə deməkdir?" kimi kitablar yazmışdır. Bu kitablar bu günə qədər maraqla oxunur.

İkinci Dünya müharibəsindən sonra Avstriya hökuməti Şredingeri vətənə dönməyə razılıq verməyə cəhd edib. Lakin o, hər dəfə təklifdən imtina edib. 1956-cı ildə Şredinger xüsusi olaraq onun üçün Vyana Universitetində yaradılmış nəzəri fizika kafedrasına rəhbərliyi qəbul edib. Bu onun həyatında qəbul etdiyi sonuncu vəzifə  olub. Bu illərdə onun səhhəti pisləşib. 1958-ci ildə 71 yaşında istefaya çıxıb. 1961-ci il yanvarın 4-də dalğa mexanikasının banisi uzunsürən xəstəlikdən sonra vəfat edib. Vəsiyyətinə  uyğun olaraq alim Vyana yaxınlığında çox sevdiyi kiçik Aplaçe kəndində dəfn olunub. 

Hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov