2013-2014-cü illərdə Rusiyada müasir pedaqoji kadrların
hazırlanması və yenidənhazırlanması proqramının
işlənməsi planlaşdırılır. Proqramın pilot olaraq
2014-2015-ci illərdə tətbiqi nəzərdə tutulur. Bu və
digər çoxlu tədbirlər təhsilin və elmin səmərəliliyinin
yüksəldilməsinə yönəlmiş dəyişikliklərin Rusiya
Federasiyası hökumətinin sərəncamı ilə təsdiq olunmuş
"yol xəritəsi"nə daxil edilib.
"Yol xəritəsi" Rusiya Federasiyasında 2013-2020-ci
illərdə "Təhsilin İnkişafı" Dövlət Proqramının əsas
istiqamətləri nəzərə alınmaqla hazırlanıb.
Belə ki, məktəbəqədər təhsil sahəsində tədbirlər, ilk
növbədə, uşaq bağçalarında növbəliliyin aradan
qaldırılmasına yönəlib. Bunun üçün məktəbəqədər təhsil
müəssisələrində yeni yerlərin yaradılması, məktəbəqədər
təhsilin inkişafı, eləcə də onların variativ
formalarının dəstəklənməsi üzrə regional proqramların
maliyyələşdirilməsi üçün RF subyektlərinə subsidiyaların
ayrılması planlaşdırılır. Bundan əlavə, planda
məktəbəqədər təhsilin federal dövlət standartlarının
işlənib hazırlanması, tətbiqi, pedaqoqların ixtisasının
artırılması və yenidən hazırlanması nəzərdə tutulur.
Ümumi təhsil sahəsində tədbirlərin planına yeni federal
dövlət təhsil standartlarının tətbiqi, məktəblilərin
hazırlıq və sosiallaşma səviyyəsinin monitorinqi
sisteminin formalaşdırılması, Rusiyada və beynəlxalq
aləmdə aparılan tədqiqatlar nəzərə alınmaqla əsas təhsil
proqramlarının korrektəsi üzrə metodik tövsiyələrin
işlənib hazırlanması, ümumi təhsilin keyfiyyətinin
qiymətləndirilməsi sisteminin tətbiqi, mürəkkəb sosial
şəraitlərdə işləyən məktəblərin dəstəklənməsi regional
proqramların reallaşdırılması daxildir.
İlk peşə-ixtisas və orta ixtisas təhsili sistemində
regional modernləşdirmə proqramlarının həyata
keçirilməsi, çoxfunksiyalı tətbiqi ixtisas mərkəzləri
şəbəkəsinin yaradılması, xidmətlərin keyfiyyətinin
qiymətləndirilməsi sisteminin tətbiqi, dövlət
tapşırıqlarının bölüşdürülməsinin yeni prinsiplərinin
formalaşdırılması planlaşdırılır.
Ali təhsilə gəldikdə isə "yol xəritəsi" hər il təhsil
müəssisələrinin səmərəliliyinin monitorinqinin
keçirilməsini, ali məktəblərin və onların filiallarının
birləşdirilməsi də daxil olmaqla dövlət təhsil
müəssisələri şəbəkəsinin optimallaşdırılmasını, təhsil
proqramlarının lisenziyalaşdırılması və akkreditasiyası
sisteminin modernləşdirilməsini, tətbiqi bakalavriatın
həyata keçirilməsini, elmi-tədqiqat işlərində fəal
iştirak edən ali məktəblərin bazasında yeni aspirantura
modelinin yaradılmasını, aparıcı universitetlərin
dəstəklənməsini nəzərdə tutur.
Uçitelskaya qazeta"dan hazırladı: Yusif ƏLİYEV |