Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsindən aldığımız məlumata
görə, Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən keçirilən "1 şagird - 1 kompüter"
müsabiqəsinə iştirak üçün müraciətlərin qəbulu başa
çatıb.
Göndərilən müraciətlərdən 140 müəllimin layihəsi qəbul
edilib. Hazırda ekspert qrupu tərəfindən
qiymətləndirilmə prosesi həyata keçirilir. Təqdim
edilmiş layihələrin qiymətləndirmə meyarları layihənin
tədris məqsədləri üçün praktik əhəmiyyəti, metodiki
baxımdan işlənmə səviyyəsi, materialların
texniki-texnoloji cəhətdən rahat, aydın və anlaşıqlı
təsviridir. Meyarlara uyğun olan layihələr müsabiqənin
növbəti mərhələsinə buraxılacaqlar.
Müsabiqənin məqsədi İKT əsaslı fərdiləşmiş təhsilin
formalaşması, "1 şagird - 1 kompüter" layihəsi
çərçivəsində netbukların daha səmərəli istifadəsinə
hazır olan müəllimlərin və məktəblərin seçilməsidir.
Müsabiqə üzrə məlumatlar www.musabiqe.edu.az veb
səhifəsində yerləşdirilib.
Müsabiqə çərçivəsində qalib gəlmiş müəllimlərin bir
sinfinin şagird kollektivi netbuklarla təchiz olunacaq.
Hər bir qalib müəllim onun tədris etdiyi sinifdə
şagirdlərin sayı qədər netbuklar alacaq.
İdarədən onu da bildirmişlər ki, məktəblərə netbukların
verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın
təhsil sistemində ilk təcrübədir.
Bu format "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində
texnologiyalara daha böyük maraq göstərən təhsil
müəssisəsinə netbukların verilməsini nəzərdə tutur və
müəllimləri İKT biliklərinin tədrisdə istifadəsi üçün
motivasiyalaşdırır. "1 şagird - 1 kompüter" layihəsi
çərçivəsində verilən netbukların sayı məhdud olduğu üçün
Təhsil Nazirliyi müsabiqə formatına keçid barədə qərar
vermişdir. Təcrübə uğurlu olarsa, sayı məhdud olan digər
texnoloji avadanlıqların da müsabiqə yolu ilə məktəblərə
verilməsi istisna deyil.
İndiyədək "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində
Azərbaycanın 15 ümumtəhsil müəssisəsinə 2077 netbuk
təmənnasız olaraq verilmişdir. Şagirdlər bu netbuklardan
həm məktəbdə, həm də evdə istifadə edirlər. Netbuklar
həmçinin təhlükəsiz İnternet paketi ilə təchiz
olunmuşdur.
Yusif ƏLİYEV |