Müəllim.
Bu ülvi ad hər birimizə doğma və əzizdir. Bu böyük adla,
bu hörmətli peşə ilə bağlı çoxlu şeirlər yazılmış,
nəğmələr bəstələnmiş, dahi tarixi şəxsiyyətlər
tərəfindən müdrik kəlamlar söylənilmiş, müəllimə ictimai
qiymət verilmişdir. Nəriman Nərimanov xalq müəllimlərinə
verdiyi tövsiyələrdən birində yazırdı: "...Vətənin
xoşbəxtliyi onun cavanlarının yaxşı tərbiyəsi ilə
bağlıdır... Yaxşı tərbiyə isə insanın əqlini və əxlaqını
gözəl, pak şeylər əxz etməyi öyrətməkdən, ürəyini və
vicdanını pisliklərdən çəkindirməkdən ibarətdir".
Şərqin dahi mütəfəkkiri Nizami Gəncəvinin elmə,
təhsilə, müəllimliyə verdiyi yüksək qiymət bu
günümüzədək öz təsirini qoruyub saxlamışdır:
"Hər uca rütbədən biliniz, fəqət,
Alimin rütbəsi ucadır, əlbət".
Ulu öndərimiz Heydər Əliyev müəllim əməyini yüksək
qiymətləndirərək demişdir: "Mən yer üzündə müəllimdən
yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli
qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma
yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla
işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və
öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün
ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla
qəlbimizdə yaşadırıq".
Bəli, həyata gələn hər bir fərdin, insanın, tutduğu
vəzifəsindən asılı olmayaraq istənilən sahədə mütləq
müəllimi olur. Məhz müəllim pedaqoji prosesin uğurla
tənzimlənməsinə və nəticələnməsinə zəmin yaradır. Hər
birimizə yaxşı məlumdur ki, bütün dövrlərdə pedaqoji
prosesdə "kimi, nəyi, necə öyrətməli və kimi, nəyi,
necə öyrənməli" sualları ətrafında mülahizələr irəli
sürülüb və bu gün də irəli sürülməkdədir. Ümummilli
liderimiz Heydər Əliyevin daha bir kəlamını xatırlatmaq
istərdim. O, təhsilin strateji xəttini belə müəyyən
etmişdir: "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən
indi gənclərimizə nəyi və necə öyrətməmizdən asılı
olacaqdır".
Bir pedaqoq, ziyalı kimi məni daha çox üç sual
düşündürür:
1. Müəllim şagirdləri XXI əsr həyatına necə
hazırlamalıdır?
2. XXI əsrin müəllimi necə olmalıdır?
3. XXI əsrin məktəbi necə olmalıdır?
Biz bu gün XXI əsrin müəllimindən bəhs edirik. XXI əsrin
müəllimi, hər şeydən əvvəl, öyrənməyi öyrədən olmalıdır.
Buna görə də o, öyrənməyə maksimum şərait yaradaraq
öyrəndiklərini öz şagirdlərinə çatdırmaqla yanaşı, öz
əsas işini: öyrənməyin yollarını öyrətməlidir.
Nə üçün XXI əsrin müəllimindən yüksək nəticələr tələb
olunur? Çünki hazırda Azərbaycan Respublikasının bütün
sahələrində tərəqqi nəzərə çarpdığı kimi, təhsil
sistemində də çoxsaylı islahatlar aparılmaqdadır.
Respublikamızın hər yerində təhsil ocaqlarında dərslərin
fəal təlim metodları ilə tədris olunması, ölkəmizin
dünyanın qabaqcıl təhsil ocaqları ilə rəqabətə
qoşulması, ölkə Prezidentinin imzaladığı müəllimləri
rəğbətləndirən sərəncamlar, müəllimlər üçün aparılan
seminar və kurslar bunu tələb edir.
Qeyd etməliyik ki, bu gün bəzi müəllimlərin fəaliyətində
problemlər qalmaqdadır. Məsələn, bəzi müəllimlərin
təhsildəki yeniliklərdən, yeni, fəal təlim metodları ilə
tədrisdən bixəbər olması, dərsi müasir təhsilin
tələbləri əsasında qura bilməməsi, dərslərində müxtəlif
əyani vəsaitlərdən, başlıcası isə İKT-dən istifadə edə
bilməməsi və s. buna sübutdur.
Buna görə də biz müəllimlərin yeni, fəal təlim metodları
barəsində maarifləndirilməyə çox böyük ehtiyacımız
vardır.
XXI əsrin müəllimi iştirak etdiyi çoxsaylı kurs, seminar
və təlimlərdə yeni təlim prinsiplərini müəyyən etməyi,
motivasiya və işgüzar təlim prosesini qurmağı bacarmalı,
mövzuya uyğun forma, məqsədlərə uyğun metodlar seçmək,
qiymətləndirmədə ədalətlilik prinsipini qorumaq,
authentik tapşırıqları tətbiq etmək bacarığını nümayiş
etdirməlidir. XXI əsrin müəllimi yeni məzmun və təlim
nəticələrinə əsaslanan fənn kurikulumunu bilməlidir.
Müəllim standarta əsaslanan bilik, fəaliyyət və ondan
yaranan idraka; tədqiqat nəticəsində informasiya və
alınan informasiyanın təqdimatına; ünsiyyət prosesində
hörmət və hörmətdən yaranan dəstəyə; strategiyaların
tətbiqinə, metod və üsullara; planlaşma əsasında
məqsədlərə nail olduqdan sonra əldə olunan nəticələrə;
qiymətləndirmə prosesində dəyərləndirmə prinsiplərinə və
yaradıcı tətbiqə önəm verir. Bütün bunlar dəyər və
öhdəliklər qazanan hərtərəfli şəxsiyyətə yönəldilmiş
prinsiplərdir. Bunları hər bir yaradıcı müəllim mükəmməl
şəkildə öyrənməli və dərslərində uğurla tətbiqinə
çalışmalıdır.
Qeyd etdiklərimizdən belə bir qənaətə gəlmək olar ki, bu
gün XXI əsrin müəllimi yaradıcılıq və innovasiya,
ünsiyyət və əməkdaşlıq, məlumat bacarığına, media və
texnoloji bacarıqlara, müxtəlif resurslardan istifadə
bacarığına, liderlik və məsuliyyətə, idarəetmə və
obyektivliliyə, sosial və mədəniyyətlərarası
dünyagörüşünə, təşəbbüskarlıq və özünüidarəetməyə,
həyati və peşəkarlıq bacarıqlarına malik olmalıdır.
Dövlət daim təhsili nəzarətində saxlayır, onun daha da
inkişaf etməsi üçün yeni islahatlar həyata keçirir.
Xatırladım ki, YUNESKO-nun son sənədlərində təhsil
"xəzinəsi özündə" olan sahə hesab edilir.
Təhsil bütün dövrlərdə aktual olmuşdursa da, zaman-zaman
onun qarşısında duran məqsəd və vəzifələr dəyişilmişdir.
Məhz müəllim bu yeniliklərin ən məsul ötürücüsüdür. Yeni
təhsil qanunu müasir dövrün fəlsəfəsinə uyğun olaraq
özündə yeni ideya, yeni münasibət, yeni təhsil
texnologiyası birləşdirərək Azərbaycanın müstəqilliyinə
və iqtisadiyyatına xidmət etməlidir. Bu prosesə hər
birimiz məsuliyyət daşıyaraq ciddi yanaşmalıyıq.
Ulu öndərimiz Heydər Əliyevin bir fikrini bu məqamda
xatırlamaq yerinə düşərdi: "Əgər hər bir ölkənin
vətəndaşları öz hüquqlarını anlayarsa və qoruya bilərsə,
ən kiçik dövlətlər belə böyük məmləkətlər qədər qüdrətli
olar". Bu kəlamdan da görünür ki, ölkənin qüdrətli
olması üçün vətəndaş öz hüquqlarını anlamalı və qorumağı
bacarmalıdır. Bunun üçün ən əsas vasitə təhsilli
olmaqdır. Dövlət təhsilə ona görə vəsait ayırır ki,
gələcəkdə cəmiyyət daha varlı və rahat yaşasın.
Bu gün "təhsil - gələcəkdə qarşıya çıxa biləcək
problemləri uğurla həll etmək qabiliyyətini" gənclərə
öyrətmək məqsədi daşıyır ki, bu öhdəlik də orta
məktəblərin payına düşür.
Orta məktəblərdə təhsilin digər məqsədi - gəncləri əmək
fəaliyyətinə, məsul vətəndaş mövqeyinə, həyata
hazırlamaqdır.
Ümumilikdə təhsilin məqsədi - milli mənafeyimizi
qorumaqdır, cəmiyyəti dövrün tələbləri səviyyəsində
saxlamağı bacarmaqdır. Yaşadığımız XXI əsrdə
informasiya, kommunikasiya, kompüter texnikasının
tətbiqi təhsildə yeni cəhətlər yaranmasına səbəb
olmuşdur.
Şübhəsiz ki, XXI əsrin məktəbi həm forma, həm də məzmun
cəhətdən öz dövrünün tələblərinə tam cavab verməlidir.
Müasir məktəb binası geniş, işıqlı sinif otaqları,
müxtəlif tədbir və müzakirələr, seminar və kurslar
aparılması üçün əlverişli akt zallarının olması, fiziki
tərbiyə dərsləri üçün müasir avadanlıqlarla təchiz
olunmuş idman meydançası, həyətyanı sahəsi, bağçası,
kitabxanasının zənginliyi ilə fərqlənməli, göz
oxşamalıdır.
XXI əsrin məktəbində müntəzəm və məqsədyönlü reformalar
getməlidir. Məktəbin həm forması, həm də məzmunu daima
zənginləşməlidir. Məktəb dövrün tələbləri səviyyəsinə
yüksəlməlidir. Buna isə dövlət tərəfindən bütün imkanlar
yaradılır. Bu işdə hər birimiz öz köməyimizlə lazımi
töhfəmizi verməliyik.
XXI əsrin məktəblərinin öhdəsinə həm də tədris
fənlərinin də dövrün, zamanın, gələcək əsrin tələblərinə
uyğun olaraq seçilməsini və tərtib edilməsini tələb
etmək düşür.
Qeyd etdiklərimizi yekunlaşdırsaq, XXI əsrin məktəbi
müasir təlimin bütün tələbatlarına cavab verən müəllim
kollektivinə və daima öyrənməyi öyrənməyə can atan
şagirdlərə malik olmalıdır.
Nailə HƏSƏNOVA,
Bakıdakı 55 nömrəli tam orta məktəbin fransız dili
müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin 2010-2011-ci dərs
ilinin qalibi |