Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

15 Fevral 2013 - №6

 

Heydər Əliyev adına liseydə görüş

 

Fevralın 8-də Bakıdakı Heydər Əliyev adına liseydə yazıçı-dramaturq, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli ilə görüş keçirilib. Tədbirdə təhsil ocağının 5-ci sinif şagirdləri ilə birgə liseyin direktoru Fikrət Xəlilov, müəllimlər və digər şəxslər iştirak edib. Tədbirdə yazıçının V sinif "Ədəbiyyat" dərsliyində yer almış "Firuzə qaşlı xəncər" hekayəsi əsas müzakirə mövzusu olub. Qeyd edək ki, hekayə Xocalı qətliamından bəhs edir. Əsərdə Zeynəb adlı bir gəlinin körpə balasını erməni qəsbkarlarından qoruması, qarlı meşələrdən keçərək öz yaxınlarına qovuşması təsvir olunur.         

Tədbirdə çıxış edən yazıçı-dramaturq Elçin Hüseynbəyli əsərin mahiyyətindən söz açıb. Bildirib ki,  Qarabağ onun ən həssas və ağrılı yeridir, ona görə də bu mövzuya tez-tez müraciət edir. Xocalı soyqırımı haqqında söhbət açan E.Hüseynbəyli bu faciənin ötən əsrin ən qanlı faciələrindən biri olduğunu iştirakçıların nəzərinə çatdırıb. 

Tədbirdə liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov çıxış edərək "Firuzə qaşlı xəncər" hekayəsinə öz münasibətini bildirib. Hekayənin dərin məzmuna malik olduğunu diqqətə çatdıran F.Xəlilov belə görüşlərin şagirdlərin həyatına müsbət təsir etdiyini və onların gələcəkdə vətənpərvər şəxsiyyət kimi böyümələrinə stimul verdiyini qeyd edib.

Tədbirdə liseyin direktor müavini İradə Əsgərova, dil-ədəbiyyat müəllimi Gülarə Həmidova, Xocalı qaçqını, dil-ədəbiyyat müəllimi Zülfüqar Qəribov çıxış edərək sözügedən hekayədən və yazıçının yaradıcılığından söhbət açıblar. Onlar əsərin rəvan təhkiyə üstündə qurulduğunu, zəngin ədəbi dilə malik olduğunu və Xocalı faciəsini tam gerçəkliyilə əks etdirdiyini deyiblər.

Sonra yazıçı-dramaturq E.Hüseynbəyli ilə şagirdlər arasında gedən dialoqda yazıçının həyat və yaradıcılığı, uşaqlıq illəri hərtərəfli işıqlandırılıb. E.Hüseynbəyli şagirdləri maraqlandıran  sualları cavablandırıb.

Sonda yazıçı şagirdlərlə xatirə şəkli çəkdirib. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov