Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

22 Fevral 2013 - №7

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2013-cü il tarixli 21 nömrəli qərarının icrası haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2013-cü il 11 fevral tarixli 21 nömrəli qərarını elan edirəm: 

«AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ 

QƏRAR 

№ 21 

Bakı şəhəri, 11 fevral 2013-cü il 

Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin yeddinci abzasını rəhbər tutaraq, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti   

QƏRARA  ALIR: 

1. “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin  həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2014-cü il yanvarın 1-dək uzadılsın.

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılsın ki, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

4.  Bu qərar 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.             

Artur Rasi-zadə» 
Azərbaycan Respublikasının Baş naziri
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar 

ƏMR EDİRƏM: 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2013-cü il tarixli 21 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.

2. Rayon (şəhər) təhsil idarə və şöbələrinin, Nazirliyin tabeliyində olan tədris müəssisə, idarə və təşkilatların rəhbərlərinə tapşırılsın:

2.1. özlərindən asılı olmayan səbəblərə görə işləməyən, lakin orta aylıq əməkhaqqı alan məcburi köçkünlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş adlı siyahılarının qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsinlər;

2.2. təhsil müəssisələrinin fəaliyyət göstərdiyi ərazilərə yaxın yerlərdə məskunlaşmış və işləməyən məcburi köçkünlərin boş (vakant) iş yerlərinə işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini və görülmüş işlər barədə hesabatın rübdə bir dəfə Təhsil Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

3. Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə (F.Qədirov) və Kənd rayonları üzrə ümumi təhsil şöbəsinə (A.Əhmədov) tapşırılsın:

3.1. Rayon (şəhər) təhsil idarə və şöbələri, Nazirliyin tabeliyində olan tədris müəssisə, idarə və təşkilatları tərəfindən işləməyən məcburi köçkünlərin boş (vakant) iş yerlərinə işə qəbulu ilə bağlı həyata keçirilən tədbirlər barədə hesabatın rübdə bir dəfə Təhsil Nazirliyinə təqdim olunmasına nəzarət etsinlər.

3.2. Rayon (şəhər) təhsil idarə və şöbələri, Nazirliyin tabeliyində olan tədris müəssisə, idarə və təşkilatlar tərəfindən təqdim olunmuş məlumatlara əsasən təhsil müəssisələrində müvafiq boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı görülmüş işlər barədə hesabatın rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmasını təmin etsinlər.

4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) Nazirliyin tabeliyində olan mərkəzləşdirilmiş xərclərdən maliyyələşən təhsil müəssisələrində çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərə Nazirlər Kabinetinin göstərilən qərarının 1-ci bəndinə əsasən 2014-cü il yanvarın 1-dək orta aylıq əməkhaqqının ödənilməsini təmin etsin.

5. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılaraq rayon (şəhər) təhsil idarə, şöbələrinə və təhsil müəssisələrinə çatdırılmasını təmin etsin.

6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin Nazirliyin internet saytında yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.

7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri

15 fevral 2013-cü il
№ 261

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov